PDF Oxu

Əsas

  • 17

20 YANVAR - AZƏRBAYCAN XALQININ QƏHRƏMANLIQ SALNAMƏSİ

20 YANVAR - AZƏRBAYCAN XALQININ QƏHRƏMANLIQ SALNAMƏSİ

22 il öncə - 1990-cı il yanvarın 19-dan 20-ə keçən gecə təxminən iki yüz il davam edən imperiya zülmündən cana doymuş Azərbaycan xalqı ayağa qalxaraq azad yaşamaq haqqının olduğunu bəyan etdi. Həmin gün xalqımızın özünüdərk prosesinin zirvəsi, milli oyanışın təntənəsi oldu. Torpaqlarımızın toxunulmazlığı uğrunda başlanmış mübarizə sonda vüsətli xalq hərəkatına çevrildi. Onilliklər boyu gücünü yığan xalqın hayqıran səsi imperiyanı lərzəyə saldı və onu sarsıtdı. Mərkəzin və onların yerdəki əlaltılarının cidd-cəhdləri ilə faciələr törədilsə də, xalqın dəmir iradəsini qıra bilmədilər. Özünün həqiqi, real məziyyətlərinə görə digərlərindən üstünlüyünü anlayan Azərbaycan xalqı sovet imperiyasının "geridə qalmış xalq" sindromunu qırdı və birləşərək, azadlıq əzmini nümayiş etdirdi. Tarix bizi yenidən ağır sınaqlara çəkdi. Sovet imperiyası ilk qisasını Azərbaycandan aldı. Qanlı 20 Yanvar faciəsini törətdi...

Dünən "Səs" qəzetində 20 Yanvar faciəsinə həsr olunmuş dəyirmi masa keçirildi. Tədbirdə YAP Siyasi Şurasının üzvü, millət vəkili Aydın Mirzəzadə, YAP Siyasi Şurasının üzvü, YAP Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov, HATM-in direktoru İldırım Məmmədov, "Şərq" qəzetinin baş redaktoru Akif Aşırlı, siyasi elmlər doktoru, politoloq Cümşüd Nuriyev, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Geostrateji Araşdırmalar Mərkəzinin direktor müavini, siyasi elmlər üzrə fəlsəfə doktoru Elman Nəsirov, Vəhdət Partiyasının sədri Tahir Kərimli, Azadlıq Hərəkatçıları Birliyinin sədri Təhmasib Novruzov, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının ədəbi hissə müdiri Rafiq Rəhimli, ADPU-nun Azərbaycan tarixi kafedrasının dosenti Firudin Cümşüdlü iştirak edirdilər.


"Səs" qəzetinin əməkdaşı:


- Aydın müəllim, 1990-cı il 20 Yanvar faciəsi necə oldu ki, baş verdi və o vaxtkı ictimai-siyasi vəziyyət Moskvanın Azərbaycanı qan gölünə çevirməsinə səbəb oldu?

Aydın Mirzəzadə: "Məhz həmin ərəfədə Ulu Öndər Heydər Əliyev yanvarın 21-də Moskvada Azərbaycanın daimi nümayəndəliyinə gələrək, Qorbaçovun cinayətkar olduğunu dünyaya bəyan etdi və bununla sübut elədi ki, xalq sahibsiz deyil, Heydər Əliyev kimi rəhbəri var"

- 20 Yanvar faciəsindən 22 il keçməsinə baxmayaraq, yenə də cəmiyyətimizi bu faciənin baş verməsi ilə bağlı suallar narahat edir və mütəmadi olaraq mövzu ətrafında müzakirələr davam edir. SSRİ-nin dağıldığı, tarixin yeni dövrünün açıldığı bir dövürdə çox təəssüf ki, Azərbaycan xalqının tarixinə belə bir səhifə yazıldı. Və bu hadisədən bir qədər əvvəl rəsmi Moskva tərəfindən dəstəklənən erməni millətçiləri Azərbaycanın tarixi ərazisi olan Dağlıq Qarabağ bölgəsini Azərbaycandan qopararaq, Ermənistana birləşdirmək məsələsini ortaya qoydular. Azərbaycan xalqı son nəfərinə kimi ayağa qalxaraq, haqsızlığa qarşı öz kəskin etirazını bildirdi. Ancaq Moskva tərəfindən dəstəklənən erməni millətçiləri bir-birinin ardınca torpaqların əvvəl mənəvi, siyasi, sonra isə təcavüzkar işğalına qədəm qoydular. Həmin dövrdə erməni millətçilərinə dəstək kimi Azərbaycan siyasi rəhbərliyinə Azərbaycan xalqı ilə bağlı olmayan şəxslərin gətirilməsi Azərbaycanın haqq səsinin susdurulması, ən əsası isə Azərbaycan milli hərəkatının yatırılması kimi qərəzli addımlar atılmağa başladı. Bütün bu təzyiqlər xalqı, cəmiyyəti susdurmaq əvəzinə, öz torpağını qorumaq fəaliyyətini daha da genişləndirməyə və qəhrəmanlığa səsləyirdi. Belə bir ərəfədə Moskva özünün son silahını Azərbaycan xalqına qarşı çevirib, dövlət səviyyəsində terrora başladı. Əgər bu ayrı-ayrı bölgələrdə kiçik qrupların, Azərbaycanın mərd oğullarının həbs edilməsi və təzyiqlərə məruz qalması idisə, 90-cı ilin 20 Yanvarında artıq xalqa qarşı geniş tərkibli genişmiqyaslı hərəkətin baş verəcəyi baradə xəbərlər dolaşırdı. 90-cı ilin yanvarında Azərbaycan rəhbərliyinin xalqın maraqlarından uzaq olması Moskvanın Azərbaycandakı erməni millətçi dairələrinin fəaliyyəti ölkədə çox gərgin vəziyyət yaratmışdı. Həmin ərəfədə xalqın gözünü qorxutmaq üçün Mixail Qorbaçovun birbaşa göstərişi ilə Azərbaycan xalqına xəbərdarlıq edilmədən gecə saat 12-də fövqəladə vəziyyət elan edildi və Bakıya SSRİ silahlı qüvvələrinin başdan-ayağa qədər silahlanmış xüsusi hərbi hissələri yeridildi. Maraqlı budur ki, xalqı qorumalı olan bu hərbi qüvvələr xalqa atəş açmağa, Bakını və digər bölgələri darmadağın etməyə və ölkədə bir xof əhval-ruhiyyəsi yaratmağa çalışdılar. Bir gecənin içərisindən 100-dən çox adam həlak oldu. Minlərlə adam yaralandı, ən əsası isə Azərbaycan bölgənin imperalistlər tərəfindən işğal edilmiş ərazisinə çevrildi.

Əlbəttə, xəbərdar edilmədən qoşun yeridilməsi, ən əsası dövlət səviyyəsində terrorun həyata keçirilməsi ilk dövrlərdə Azərbaycan xalqını təşvişə saldı. Ancaq Moskva gözlənildiyinin əksini əldə etdi. Xalqın inamını sarsıtmaq mümkün olmadı. Xalqın dəyərli oğulları Moskvanın bu siyasətinə qəti etirazını bildirdilər. Məhz 20 yanvarda Azərbaycan xalqı sovet imperiyasına qarşı, ərazi bütövlüyümüz əleyhinə yönəlmiş olan hərəkətə qarşı öz etirazlarını, öz canları bahasına bütün dünyaya nümayiş etdirə bildilər. Bu faciənin baş verməsi onu da sübut etdi ki, Azərbaycan xalqı bir qarış da torpaqlarının qoparılıb başqasına verilməsinə razı ola bilməz. 20 Yanvar hadisələrinin mühüm nəticələrindən biri də o idi ki, bu hadisə sovet imperiyasının dağılmasında ciddi rol oynadı. Məhz həmin ərəfədə Ulu Öndər Heydər Əliyev yanvarın 21-də Moskvada Azərbaycanın daimi nümayəndəliyinə gələrək, Qorbaçovun cinayətkar olduğunu dünyaya bəyan etdi və bununla sübut elədi ki, xalq sahibsiz deyil, Heydər Əliyev kimi rəhbəri var. Yəni Heydər Əliyev hansı qətiyyətə qadir olduğunu 20 yanvarda bir daha sübut etdi.

Ümumilikdə götürdükdə, 20 yanvarı faciə kimi qiymətləndirilə biləriksə, digər tərəfdən bu qəhrəmanlıq səhifəsidir. 20 Yanvar həmin dövr də olan vəziyyətin əgər xarakteristikası idisə, bu faciə eyni zamanda, yaranmaqda olan yeni siyasi situasiyanın, yeni şəraitin cizgiləri ilə heç də təsadüfi deyildi ki, 20 Yanvar faciəsi Azərbaycan xalqının milli faciəsi olmaqdan kənara çıxaraq, artıq dünyanın ən dəhşətli faciələri sırasında yer alıbdır. 20 Yanvar faciəsi, həmçinin, artıq Azərbaycandan kənarda ayrı-ayrı ölkələrdə də qeyd olunur. Fürsətdən istifadə edib həmin faciə zamanı həlak olanlara Allahdan rəhmət diləyirəm. Onların xatirəsi bundan sonra da, hər bir azərbaycanlının qəlbində əbədi yer tutacaqdır.


"Səs" qəzetinin əməkdaşı:

- Aydın müəllim, 20 Yanvar faciəsinin səhərisi günü Ulu Öndər Heydər Əliyevin Moskvadakı Azərbaycan nümayəndəliyinə gedərək, imperiyanın qəsbkar siyasətinə, kütləvi insan qırğınlarına səbəb olan cinayət əməllərinə kəskin etirazını bildirmişdi. Ulu Öndər Heydər Əliyevin bu sərt mövqeyi Azərbaycanın üzləşdiyi informasiya blokadasının aradan qaldırılması ilə yanaşı, Azərbaycan xalqının öldürülməsinə yönəldilən milli ruhunun yüksəlməsinə təkan olduğunu söyləmək olarmı?


Aydın Hüseynov: Ulu Öndər Heydər Əliyevin Moskvadakı Azərbaycan nümayəndəliyində verdiyi tarixi bəyanatı Azərbaycanın informasiya blokadasından çıxmasına təkan verməklə bərabər, eləcə də, ölkədə gedən proseslərə münasibət bildirməklə yanaşı, digər baş verən hadisələrin də qarşısını qətiyyətlə aldı"

- 20 Yanvar faciəsindən əvvəl Moskva və Ermənistan tərəfindən ardıcıl olaraq, təbliğat işləri görülürdü. Belə ki, Azərbaycanda gedən prosesləri ekstremist hərəkat kimi dəyərləndirirdilər. Ölkədə gedən hadisələr siyasi proses kimi yox, onlara sərf edən şəkildə dünya ictimaiyyətinə çatdırılırdı. Hələ 20 yanvar faciəsinin baş verən günün səhəri M.Qorbaçovun hansısa bir radioya verdiyi müsahibəsində bildirmişdi ki, "Bakıda baş verən hadisələrin səbəbi azərbaycanlılıarın bir az əsəbiləşməsidir". Azərbaycan xalqına böyük hörmətimiz var. Həmin vaxtlarda Azərbaycan, demək olardı ki, həm siyasi, həm də informasiya blokadasında idi. Ulu Öndərimiz Heydər Əliyev 20 Yanvar faciəsinə, faciə baş verən anda Moskvada olan Azərbaycanın daimi nümayəndəliyinə gedərək öz münasibətini bildirmişdir. Ulu Öndərin qətiyyətli addımı Moskvada olan eyni zamanda, bütün dünyada olan siyasətçilərə bir mesaj idi ki, Azərbaycanın siyasi lideri hər bir haqsızlığa qarşı öz münasibətini bildirməyə qadirdir. Həmin dövrdə Qorbaçovun birbaşa adını çəkməklə bir daha bu liderin nəyə qadir olduğunu təsdiqlədi. Ulu Öndər Heydər Əliyevin bu bəyanatı Azərbaycanın informasiya blokadasından çıxmağa təkan verməklə yanaşı, eyni zamanda, Azərbaycanda gedən proseslərə təkan verməklə, digər baş verən hadisələrin də qarşısını aldı. Yəni o dövrdə bildiyiniz kimi, Azərbaycanın digər rayonlarında da ciddi hadisələr baş verirdi. Bu bəyanatdan sonra, həmin hadisələrin də geniş vüsət almasının qarşısı alındı. Həmin dövrdə Əbdürrəhman Vəzirov hakimiyyətdə olduğu vaxtda çox ciddi siyasi hadisələr baş verirdi. Ümumiyyətlə, Ulu Öndər Heydər Əliyevin həmin tarixi bəyanatı hər bir cəhətdən ölkədə baş verən siyasi proseslərin genişlənməsinin qarşısını almağa böyük təsir göstərdi.


"Səs" qəzetinin əməkdaşı:


- İldırım müəllim, bir hərbi ekspert kimi, Moskvanın eyni ölkə vətəndaşlarınva qarşı bir neçə istiqamətdə - havadan, yerdən, dənizdən Bakıya hücum edilməsi hansı dərəcədə hərbçiyə və hərbi anda, eləcə də, xalqına düşmən kəsilməyəcəyi barədə konstitusiyaya and içən ölkə rəhbərliyinə nə dərəcədə yaraşan haldır?


İldırım Məmmədov: "20 Yanvar faciəsi zamanı əliyalın xalqı küçəyə çıxarmaq istəyənlərin müəyyən şəxsi məqsədləri var idi"

- İlk öncə, bir neçə siyasi faktı qeyd etmək istərdim. Belə ki, qeyd edəcəyim faktlar həmin hadisələrin ardıcıllığı idi. Belə ki, 1986-cı ildə Qazaxıstan MK-sinin rəhbəri D.Kunayevin yerinə Ulyanov vilayətinin birinci katibi Kolbinin aparılması vaxtı Almatıda olan çatışmazlıqlar, Özbəkistanın Fərqanə vadisində özbək qardaşlarımızı məhsəti türkü olan qardaşlarımıza qarşı istiqamətləndirib, onların qırılmasına şərait yaratmaq, türkdilli xalqların içərisində o vaxtkı düşünən ziyalıların xalq cəbhəsi deyilən formatda oxşar milli hərəkatların yaranması və s. bu kimi proseslər baş verirdi. Qeyd edim ki, hələ Birinci Pyotrun dövründə Azərbaycan istismar ərazisi kimi nəzərdə tutulmuşdu.

Eləcə də, Cənubi Qafqazda yerləşən ordu hissələrinin Azərbaycanda yerləşməsi o vaxtkı SSRİ hərbi-siyasi rəhbərliyinin hərbi doktrinaya uyğun olan işğal planlarının hərəkətləri idi. Bütün bunlar, hamısı üst-üstə gələrək, Azərbaycanın müstəqilliyinə ağır olan təkanlar idi. 20 Yanvar faciəsi zamanı əliyalın xalqı küçəyə çıxarmaq istəyənlərin müəyyən şəxsi məqsədləri var idi.


"Səs" qəzetinin əməkdaşı:


- Təhmasib müəllim, Dubinyakın tapşırıqlarını yerinə yetirən cəbhə fəallarının olması barədə siz də dəfələrlə fikirlər qeyd etmisiniz? Doğrudanmı milli azadlıq mücaidəsində xalqına üz çevirən insanlar olub?


Təhmasib Novruzov: "Həmin vaxtlarda Moskva tərəfindən müəyyən təxribatların keçirilməsi ilə bağlı plan əlimizə keçdi və bu planı mən İsa Qəmbərova verərkən, bildirdim ki, bu, çox əhəmiyyətli sənəddir, o isə ciddi əhəmiyyət vermədən həmin sənədi öz çantasına atdı və bu günə kimi də mən İsa Qəmbərova sübut edə bilmirəm ki, həmin sənədi ona vermişəm".

- 1989-cu ilin sentyabrında Azərbaycan Xalq Cəbhəsi hərəkatının təzyiqi ilə Əbdürrəhman Vəzirov suverenlik haqqında konstitusiya aktının qəbul edilməsinə məcbur edildi. Keçmiş SSRİ-nin tərkibində olan respublikalar içərisində bu, ilk addım idi. Hətta Pribaltika respublikalarının siyasi rəhbərlərinin verdiyi müsahibələrdə də bu addım ilk addım kimi dəyərləndirilmişdi. 1989-cu ildə mən Ağdam rayonunda AXC qrupunun əlaqələndiricisi idim. Ölkədə müəyyən təxribatların qarşısını almaq üçün 15 nəfərdən ibarət Xankəndi-Bakı qatarında qrup-qrup nəzarət işi aparırdıq. Bu işi ona görə aparırdıq ki, ölkənin hər yerində müəyyən siyasi təxribatlara qarşı mübarizə aparmaq idi. Həmin vaxtlarda Moskva tərəfindən müəyyən təxribatların keçirilməsi ilə bağlı plan əlimizə keçdi. Həmin planı mən İsa Qəmbərova verərkən, bildirdim ki, bu, çox əhəmiyyətli sənəddir. O isə ciddi əhəmiyyət vermədən həmin sənədi öz çantasına atdı. Bu günə kimi də mən İsa Qəmbərova sübut edə bilmirəm ki, həmin sənəd sənə verilib. Görünür, bu sənədin üzə çıxması İsa Qəmbərov və onun kimi bir çoxlarına xeyir gətirən fakt deyil. Ümumiyyətlə, həmin dövrlərdə xırda bir siyasi hadisə törədilərək, Azərbaycanın milli imicinə zərbə vurmaq üçün müxtəlif fikirlər səslənirdi. Bizim də məqsədimiz həmin böhtanlı fikirlərə son qoymaq idi.


Aydın Hüseynov: "İ.Qəmbərov, istərsə də Nemət Pənahlı və digərləri bu faciənin yaranmasının səbəbkarlarından deyildimi? Necə olur ki, həmin hadisədə AXC-nin üzvlərinin heç birinin nə yaxınlarının, nə də özlərinin burnu belə qanamadı?"

- Əgər siz deyən kimi idisə, o zaman yanvar ayının 19-dan 20-nə keçən gecə İsa Qəmbərov gedib gizlənmişdi. Eyni zamanda, Azərbaycan Xalq Cəbhəsinin üzvlərini qəhrəman kimi qələmə verdiniz. Halbuki həmin adamlar, yəni istər İ.Qəmbərov, istərsə də Nemət Pənahlı və digərləri bu faciənin yaranmasının səbəbkarlarından deyildimi? Necə olur ki, həmin hadisədə AXC-nin üzvlərinin heç birinin nə yaxınlarının, nə də özlərinin burnu belə qanamadı? Həmin adamlar bu gün ciddi məsuliyyət daşıyır və onlar yaxın zamanlarda öz cəzalarını almalıdırlar!


Təhmasib Novruzov: "Qeyd edim ki, İ.Qəmbərov da DTK əli ilə AXC-nin tərkibinə daxil olmuşdur, başqaları da onun kimi..."

- Siz deyənlərlə mən də razıyam. Doğrudur, həmin dövrlərdə AXC-nin müəyyən üzvləri hadisələr zamanı gizlənmişlər. Qeyd edim ki, İ.Qəmbərov da DTK-nın əli ilə AXC-nin tərkibinə daxil olmuşdur, başqaları da onun kimi.


"Səs" qəzetinin əməkdaşı:


- Akif müəllim, həmin dövrlərdə baş verən faciə dövri mətbuatlarda işıqlandırıla bilirdimi?


Akif Aşırlı: Həmin vaxtlar fəaliyyət göstərən mətbuat nümayəndlərinin çiyinlərində çox böyük məsuliyyət var idi və onlar bu məsuliyyətin öhdəsindən layiqincə gəlməyi bacardılar"


- Bildiyiniz kimi, SSRİ-nin dağılması prosesi baş verən ərəfədə, digər respublikalarda olduğu kimi, Azərbaycanda da yalnız bir partiya var idi. 1988-ci ildə Azadlıq Hərəkatı başlandıqdan sonra alternativ informasiya mənbələri qeyri-leqal şəkildə fəaliyyətə başladı. Həmin dövrlərdə "Azərbaycan" və "Azadlıq" qəzetləri fəaliyyət göstərirdilər. Bu qəzetlər xalqı düzgün və dolğun məlumatlarla təmin edirdi. 1990-cı il 20 Yanvar faciəsi zamanı isə Azərbaycan xalqı informasiya cəhətdən müəyyən problemlərlə üzləşdi. Həmin hadisələr zamanı Azərbaycan Televiziyasının enerji blokunun partladılması xalqın dəqiq informasiya almaq imkanını məhdudlaşdırdı. Aydın məsələ idi ki, mərkəzi mətbuat orqanları Azərbaycanda baş verən hadisələri birmənalı şəkildə panislamizm, pantürkizm, millətçilik və milli münaqişələrə gətirib çıxaran tonda verirdi. O vaxt rəsmi orqanlarda çox istedadlı və qeyrətli mətbuat nümayəndələri çalışırdılar. Həmin jurnalistlər Dağlıq Qarabağla bağlı mütəmadi olaraq yazılar verirdilər. Lakin müəyyən sərhəd çərçivəsində. Mən həmin dövrlərdə fəaliyyət göstərən Azərbaycan jurnalistlərinə çox yüksək dəyər verirəm və fəaliyyətlərini yüksək qiymətləndirirəm. Həmin dövrlərdə çıxan "Axın", "İstiqlal", "Fövqalədə" və digər qəzetlərdə faciə ilə bağlı gedən materiallarda bizim bilmədiyimiz çox böyük faktlar var idi. Buna görə də, bu qəzetlər araşdırılmalı, daha düzgün və dəqiq məlumatları bu dediyim leqal qəzetlərdə əldə etmək olar. Hesab edirəm ki, Azərbaycan jurnalistləri həmişə Azərbaycan xalqının maraq və mənafelərini öndə tutublar. Çünki o vaxt fəaliyyət göstərən mətbuat nümayəndələri çiyinlərində çox böyük məsuliyyət yükü daşıyıblar. Xüsusilə, burada həmkarım mərhum Elmira Əmrahqızının ruhunu yad etmək istərdim. İlk dəfə olaraq, o, həmin hadisə zamanı baş verən hadisələri "Azadlıq" radiosu ilə dünyaya çatdırırdı. Ümumiyyətlə, 20 Yanvar faciəsi zamanı Ulu Öndər Heydər Əliyevin Moskvadakı Azərbaycanın daimi nümayəndəliyinə gəlməsi ən böyük siyasi addım idi və bu, Azərbaycan xalqının ümidinə nur çilədi. Ulu Öndərin nümayəndəlikdə Qorbaçova qarşı sərt fikri və onu ittiham etməsi bir daha Azərbaycan xalqına öz azadlığı uğrunda cəsarətli addım atmağa ruh verdi. Mən son vaxtlar apardığım araşdırmalarda bir daha gördüm ki, 20 Yanvarla bağlı nə ciddi bədii əsərlərimiz mövcuddur, nə də bir-ikisindən başqa hər hansı digər şeirimiz var. Bu barədə də düşünməyin zamanıdır.


(Ardı var)


RƏFİQƏ KAMALQIZI,

RÖVŞƏN NURƏDDİNOĞLU=

Digər xəbərlər