PDF Oxu

Əsas

  • 10

20 Yanvar: Xalqımızın azadlıq mübarizəsinin qəhrəmanlıq səhifəsi

20 Yanvar: Xalqımızın azadlıq mübarizəsinin qəhrəmanlıq səhifəsi

Xalqımızın azadlıq mübarizəsinin qəhrəmanlıq səhifəsi olan 1990-cı il 20 yanvar hadisələrindən 22 il ötür. Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin sərəncamı ilə "20 Yanvar faciəsinin iyirmi ikinci ildönümünün keçirilməsi ilə bağlı tədbirlər planı" təsdiq edilmişdir.

Sənəddə respublikanın bütün şəhər və rayonlarında, o cümlədən müəssisə, idarə və təşkilatlarda 20 Yanvar hadisələri ilə bağlı konfrans, dəyirmi masa və mühazirələrin təşkil olunması, bu tədbirlərin mətbuatda ətraflı işıqlandırılması, faciənin beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması məqsədi ilə Azərbaycanın xarici ölkələrdəki səfirlikləri, diplomatik nümayəndəlikləri və Azərbaycan icmaları vasitəsilə müvafiq tədbirlərin keçirilməsi, dünyanın aparıcı kütləvi informasiya vasitələrində, eləcə də televiziya kanallarında və internet şəbəkələrində Yanvar faciəsi barədə materialların verilməsi nəzərdə tutulmuşdur. Tədbirlər planına uyğun olaraq 20 Yanvar hadisələri zamanı şəhid olanların ailələrinə humanitar yardım veriləcək, Şəhidlər xiyabanı ərazisində təmizlik-abadlıq işləri aparılacaq, bütün tədris müəssisələrində yanvarın 19-da faciəyə həsr olunmuş xüsusi dərs keçiləcək, Azərbaycanda təmsil olunan əsas dini konfessiya və qurumlar tərəfindən faciə qurbanlarının xatirəsinə xüsusi dini mərasimlər təşkil olunacaq. Bundan başqa, sənəddə paytaxt ictimaiyyətinin Şəhidlər xiyabanına ziyarətinin təşkili, saat 12.00-da bütün ölkə ərazisində şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi, ardınca isə gəmilər, avtomobillər və qatarlar vasitəsilə səs siqnallarının verilməsi, respublikanın şəhər və rayonlarında, kənd və qəsəbələrində matəm əlaməti olaraq və faciə qurbanlarının xatirəsini yad etmək məqsədi ilə dövlət bayraqlarının endirilməsi və digər tədbirlər nəzərdə tutulmuşdur.

Məqsəd təbii ki, 20 Yanvar faciəsinin əsil mahiyyətinin bir daha dünya ictimaiyyətinə çatdırılmasıdır. Ulu öndər Heydər Əliyev bildirmişdir: "Bir şey həqiqətdir ki, 1990-cı il 20 yanvarı Azərbaycan xalqının həyatında dönüş mərhələsi, dönüş nöqtəsi olmuşdur. Biz 20 yanvar hadisələrinə indiyə qədər bir faciə kimi qiymət veririk. Həmin gün tariximizə qara gün kimi daxil olmuşdur. Şübhəsiz ki, bunda həqiqət var. Ancaq hadisə hansısa səbəbdən baş verir, beləcə durduğu yerdə baş vermir, bu, ola bilər təbii fəlakət olsun. Amma cəmiyyətdə baş verən hadisənin şəbhəsiz ki, səbəbi olur. Ona görə də bu hadisələrə geniş mənada yanaşmaq lazımdır. Getdikcə bu hadisələrin daha geniş mənasını dərk edirik." Bu fikir də hər zamaq önə çəkilir ki, 20 yanvar hadisəsi ayrı-ayrı insanların deyil, bütöv bir xalqın taleyidir.

20 yanvar faciəsini nə qədər böyük ağrı hissi ilə xatırlasaq da, xalqımızın azadlıq uğurunda mübarizə əzmini sındırmağın mümkünsüzülüyünü görəndə bundan böyük qürur hissi keçiririk. Uzun illər imperiya əsarəti altında yaşayan xalqımız azadlığa qovuşmaq üçün canından belə keçməyə hazır olduğunu dünyaya nümayiş etirdi. İmperiya qüvvələri tərəfindən həyata keçirilmiş 20 Yanvar hadisələri Azərbaycanda demokratik proseslərə qəsd, dəqiq düşünülmüş hərbi təcavüz, respublikanın suveren hüquqlarını, ümumiyyətlə insan hüquqlarını pozan hərəkət idi.

Bu hadisələri faciələrimiz kimi təhlil edərkən, eyni zamanda onların sonrakı proseslərin inkişafında nə kimi təsir göstərdiyini də yaddan çıxarmamalıyıq. Ulu öndər Heydər Əliyevin qeyd etdiyi kimi, Vətən, torpaq uğrunda həlak olanlar şəhidlik zirvəsinə ucalırlar. 20 Yanvar hadisələri zamanı şəhid olan oğul və qızlarımız vətənin azadlığı, suverenliyi uğurunda göstərdikləri şücaətlə bugünkü gənclərmizə örnək oldular. Aforizmə çevrilən "Torpaq uğrunda ölən varsa, Vətəndir" fikri də deyilənlərin təsdiqidir. Bu gün hər bir azərbayanlının and yerinə çevrilmiş Şəhidlər xiyabanında uyuyan oğul və qızlarımızın ruhu o zaman şad olar ki, ağrılı problemimiz olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi öz ədalətli həllini tapsın, soydaşlarımız doğma yurd-yuvalarına qayıtsın, Azərbaycanın ərazi bütövlüyü bərpa olunsun.

Ötən ilin mühüm hadisələrindən biri olan dövlət müstəqilliyimizin bərpa olunmasının 20-ci ildönümünün dövlət səviyyəsində qeyd olunması Azərbaycanın 20 illik müstəqillik tarixində keçdiyi yolun təhlili baxımından xüsusi əhəmiyyət kəsb etdi. "İyirmi il həm böyük, həm də çox da böyük olmayan müddətdir. İyirmi il ərzində çox iş görmək olar, heç nə görməmək də olar. Azərbaycanda son 17 ildə, müstəqilliyimizin birinci iki ilini çıxmaq şərti ilə, doğrudan da tarixi nailiyyətlər əldə edilmişdir. Bu gün danışdığımız bütün uğurlar bu müstəqilliyin nəticəsidir" söyləyən dövlət başçısı İlham Əliyev bildirir ki, müstəqillik bizim üçün ən böyük sərvətdir, ən böyük dəyərdir. Müstəqillikdən qiymətli heç bir şey ola bilməz.

Hər bir inkişafın, tərəqqinin əsasında azadlıq, müstəqillik dayanır. Ümummilli lider Heydər Əliyev müstəqilliyi xalqların xoşbəxtliyi üçün başlıca amil hesab edərək bildirmişdir ki, azadlıq və istiqlaliyyət hər bir xalqın milli sərvətidir. Eyni zamanda diqqətə çatdırırdı ki, Azərbaycan xalqı öz dövlətini dəstəkləyir, müdafiə edir və bu da xalqımızın əbədi müstəqilliyinin təminatıdır. Bu da həqiqətdir ki, müstəqillik, azadlıq yolu qədər çətin yol yoxdur. 1990-cı ilin 19-20 yanvar tarixlərində baş verən hadisələr bir daha bu gerçəkliyi ortaya qoydu. Azərbaycan xalqı göstərdiyi qətiyyətlə bir daha nümayiş etdirdi ki, heç bir qüvvə onların milli azadlıq uğrunda mübarizə əzmini qıra bilməz. Həmin tarixlərdə Bakını işğal edərək qırğın törədən, əsasən ermənilərdən ibarət sovet ordusunun xüsusi təyinatlı cəza dəstələri, hərbi dəniz donanmasının və daxili qoşunların bölmələri dinc əhaliyə qarşı görünməmiş vəhşiliklər törətdi, günahsız insanlar qətlə yetirildi, yaralandı, əlil oldu, itkin düşdü. Həmin vaxtlarda Bakıda 82 nəfər amansızcasına qətlə yetirilmiş, 20 nəfər ölümcül yaralanmışdır. Fövqəladə vəziyyət elan edildikdən sonra da Bakı şəhərində daha 21 nəfər öldürülmüş, paytaxtdan kənar rayonlarda - Neftçala və Lənkəranda daha 8 nəfər qətlə yetirilmişdir. Beləliklə, sovet ordusu qoşunlarının hərbi əməliyyatları nəticəsində Bakıda və rayonlarda 131 nəfər öldürülmüş, 744 nəfər yararlanmış, 841 nəfər qanunsuz həbs olunmuşdur. Hərbi qulluqçular tərəfindən 200 ev və mənzil, 80 avtomaşın, o cümlədən təcili yardım maşınları, yandırıcı güllələrin törətdiyi yanğın nəticəsində dövlət əmlakı və şəxsi əmlak məhv edilmişdir. Həlak olanların arasında qadınlar, uşaqlar və qocalar, həmçinin, təcili yardım işçiləri və milis nəfərləri olmuşdur. Bütün dünya isə bu faciəyə göz yumdu.

Faciənin səhəri günü Moskvadakı Azərbaycan nümayəndəliyinə gələrək Bakıya hərbi müdaxiləni respublikanın süverenliyinə qarşı terror kimi qiymətləndirən ümummilli lider Heydər Əliyev belə ağır məqamda xalqla birlikdə olduğunu bildirdi, qanlı faciələri pislədi, günahsız, silahsız adamların axıdılan qanlarını insanlığa qarşı törədilmiş xəyanət adlandırdı və Bakıya yuxarıda qeyd olunan Azərbaycan xalqı ilə birliyini əks etdirən teleqram yolladı. Təbii ki, o vaxt xalqın Heydər Əliyevə olan etimad və inamından qorxuya düşən Azərbaycanın hakimiyyətdə olan rəhbərliyi bu teleqram barədə xalqı məlumatlandırmadı. Yanvar hadisələrinə siyasi qiymət verilmədi, qırğınların törədilməsinin səbəbkarlarının, günahkarlarının adları belə xalqa açıqlanmadı. Xəyanətin davamı olan, hadisələrə siyasi qiymət verilməsi üçün yanvar ayının 22 -nə təyin edilən respublika Ali Sovetinin sessiyası belə təxirə salındı. O, ağır dövrdə min bir çətinliklə Azərbaycana qayıdan, ancaq respublika rəhbərliyi tərəfindən təzyiqlərə məruz qaldığı üçün doğulduğu Naxçıvana gələn ümummilli lider Heydər Əliyev bu sahədə də qətiyyətini əsirgəmədi. Naxçıvan MR Ali Məclisinin sıravi deputatı Heydər Əliyevin təşəbbüsü ilə hazırlanan "1990-cı ilin yanvar ayında törədilmiş Bakı hadisələrinə siyasi qiymət verilməsi haqqında" qərar layihəsi müzakirəyə çıxarıldı. Heydər Əliyevin nüfuzu sayəsində 21 noyabr 1992-ci il tarixdə qəbul olunmuş bu qərar 20 Yanvar hadisələrinə verilən ilk siyasi, hüquqi qiymət oldu. Həmin tarixi əhəmiyyətli sənəddə qeyd olunurdu ki, 1990-cı il yanvar ayında Bakıda törədilən qanlı hadisələr Azərbaycan SSR-in suveren hüquqlarına, respublikada gedən demokratik proseslərə qəsd kimi qiymətləndirilsin. Dinc əhalinin qətlə yetirilməsi, göstərilən zorakılıq Azərbaycan xalqına açıq təcavüz kimi ittiham edilsin. Respublikanın ali hakimiyyət orqanları tərəfindən Bakı faciələrinə siyasi qiymət verilməməsi, bununla əlaqədar yaradılmış xüsusi deputat komissiyasının işinin qeyri-müəyyən səbəblərdən başa çatdırılmaması, günahkarların aşkara çıxarılıb məsuliyyətə cəlb olunmaması etirazla qarşılansın.

13 yanvar 1992-ci ildə Naxçıvan MR Ali Məclisinin sədri Heydər Əliyevin imzası ilə qəbul olunmuş bəyanatı bu istiqamətdə həyata keçirilən tədbirlərin davamı kimi qiymətləndirmək olar. Bəyanatda deyilirdi ki, hadisələr imperiya qüvvələri ilə xalqa xəyanət yolunu tutmuş Azərbaycanın kommunist rəhbərliyi tərəfindən birgə həyata keçirilmişdir. Hakimlik missiyasını qoruyub saxlamaq üçün xalqına qarşı çoxminli silahlı qüvvələrin təcavüzünü təşkil edən respublika rəhbərliyi heç bir hüquqi əsası olmadan Bakıda fövqəladə vəziyyət rejiminin tətbiqindən belə çəkinməmişdir.

Yanvar hadisələrinə geniş mənada əsl hüquqi, siyasi qiymət ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra mümkün oldu. Uğurlu daxili və xarici siyasəti ilə Azərbaycanın dövlət müstəqliyinin əbədiliyini, dönməzliyini təmin edən dahi şəxsiyyət Heydər Əliyev respublikaya rəhbərliyə başladığı ilk gündən ölkənin iflic vəziyyətə düşən iqtisadiyyatını bərpa etmək istiqamətində geniş miqyaslı islahatlar aparmaqla, ölkə iqtisadiyyatının inkişafında yeni mərhələnin əsasını qoyan "Əsrin müqaviləsi" kimi önəmli müqaviləni imzalamaqla Azərbaycanın iqtisadi və siyasi mövqeyinin möhkmləndirilməsinə nail oldu. Dahi şəxsiyyət Heydər Əliyev 20 yanvar faciəsinin səbəblərinin, günahkarlarının aşkarlanması üçün yaradılan komissiyanın işini bərpa etməklə əsil həqiqəti üzə çıxardı, xalqla birliyini bir daha təsdiqlədi. Bildirildi ki, Bakı faciələrinin geniş miqyas almasında, kütləvi insan tələfatı ilə nəticələnməsində o dövrdə iqtidarda olanlar qədər günahkar idilər. Silahsız insanları qırğından çəkindirmək əvəzinə tankların qabağına yollayan AXC-Musavat rəhbərləri 1994 və 1995-ci illərdə ölkədə baş verən, xarici qüvvələrin planlaşdırdıqları dövlət çevrilişlərində iştirak etməklə əvvəlki xəyanətlərini təkrarlamaqdan belə çəkinmədilər.

"İki sahil"in Analitik Qrupu

Digər xəbərlər