"Rusiya prezidentinin təşəbbüsü ilə Soçidə Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün baş tutmasının özü müsbət haldır. Çünki istər-istəməz Dağlıq Qarabağ probleminin həlli danışıqlar prosesindən keçir. Azərbaycan Prezidenti də Nazirlər Kabinetinin iclasında çıxışı zamanı ölkəmizin danışıqlar prosesinə sadiq olduğunu birmənalı şəkildə ifadə edib". Bu fikirləri yap.org.az saytına YAP İcra katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlı deyib.
M.Qurbanlı bildirib ki, görüşlərin istənilən nəticəni verməməsinə baxmayaraq, hər bir görüş nəticə etibarilə hansısa formada tərəflərin bu və digər məsələ ilə bağlı mövqelərinin yaxınlaşmasına müəyyən təsir göstərir. Onun sözlərinə görə, bu gün Ermənistanda "Daşnaksutyun" partiyası istisna olmaqla, əksər siyasi qüvvələr Dağlıq Qarabağ ətrafında işğal olunmuş ərazilərin qaytarılması ilə əlaqədar ümumi razılıq mövqeyini hansısa formada ifadə edir. Yəni Ermənistan hakimiyyəti də ətraf rayonların qaytarılmasının danışıqlar prosesinin irəli getməsi üçün vacib şərt olduğunu bilir. YAP İcra katibinin müavini qeyd edib ki, Dağlıq Qarabağın statusunun müəyyənləşməsində mövqelər fərqlidir.
"Təbii ki, münaqişənin həllində supergüclərin öz maraqları var. Ona görə də, münaqişənin həllində irəliləyiş yoxdur. Ermənistanda da bu münaqişənin həllinin uzanmasının erməni xalqına hansı fəlakətlərin gətirdiyini anlayan şəxslər var. Soçi görüşünə gəlincə, Rusiya Prezidenti Dmitri Medvedev bu məsələdə səmimi təşəbbüslər göstərib. Lakin təəssüf ki, münaqişənin həllinə mane olan qüvvələr də var. Eyni zamanda, Ermənistanın indiki rəhbərliyi məsələnin həllində qeyri-konstruktivlik nümayiş etdirir. Onlar Dağlıq Qarabağın statusunun öncə həlli edilməsini istəyir. Azərbaycan isə məsələnin mərhələli yolla həllinin tərəfdarıdır. Fikrimcə, Soçi görüşündə münaqişənin həlli ilə bağlı hansısa siyasi qərarın qəbul olunması gözlənilən deyil. Amma hər halda Soçidə əvvəlki görüşlə müqayisədə irəliyə doğru addım atılacağını düşünürəm"- deyə M.Qurbanlı vurğulayıb.