PDF Oxu

Əsas

  • 18

İstanbulda “Hər birimiz azərbaycanlıyıq”, “Hər birimiz xocalılıyıq” şüarları eşidiləcək

İstanbulda “Hər birimiz azərbaycanlıyıq”, “Hər birimiz xocalılıyıq” şüarları eşidiləcək

Dünən Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzində (SAM) "Azərbaycan-Türkiyə əlaqələri son 20 ildə: uğurlar və imkanlar" adlı məqalələr toplusunun təqdimat mərasimi keçirilib. Trend-in məlumatına görə, kitab SAM və Azərbaycan-Türkiyə İş Adamları Birlyinin (ATİB) birgə təşəbbüsü ilə işıq üzü görüb.


Strateji Araşdırmalar Mərkəzinin direktor müavini Gülşən Paşayeva təqdimat mərasimində bildirib ki, Fransa Senatında "erməni soyqırımı"nın inkarına görə cəza nəzərdə tutan qanun layihəsinin qəbul olunması Azərbaycan və Türkiyənin bir yerdə olmasının vacibliyini bir daha ortaya çıxarıb. O, kitabda dərc olunan məqalələrdə Azərbaycanla Türkiyə arasında olan əlaqələrə geniş şərh verildiyini qeyd edib.

Tədbirdə ATİB rəhbəri Fatimə Aslan kitabın Azərbaycan-Türkiyə əlaqələrinin inkişafına yönələn nəşr olduğunu deyib. O, vurğulayıb ki, Azərbaycanın və Türkiyənin oxşar siyasi maraqlarından əlavə, eyni kökü, tarixi, mədəniyyəti var. "Kitabda dərin şəkildə siyasi, mədəni, hərbi, humanitar sahələrin son 20 ildəki inkişafı araşdırılıb", - o deyib.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov tədbirdə deyib ki, Azərbaycan Türkiyə ilə dost deyil, qardaşlıq münasibətində olduğunu bir daha sübut edərək Fransa Senatının qanunu qəbul etməsindən dərhal sonra Türkiyə ilə bir yerdə olduğunu bəyan edib. "İstənilən qüvvə bilməlidir ki, Azərbaycan və Türkiyə hər zaman gücü bir yerə vuracaq", - o deyib.

Elnur Aslanov qeyd edib ki, Türkiyə Azərbaycan torpaqlarının işğalına etiraz olaraq Ermənistanla sərhədi bağlayıb. Onun sözlərinə görə, bu, dünyada birliyə bir örnəkdir. PA rəsmisi bildirib ki, qardaşlıq nümunəsi olaraq Xocalı faciəsinin 20 illiyi münasibəti ilə "Hər birimiz azərbaycanlıyıq", "Hər birimiz xocalılıyıq" şüarları İstanbulda eşidiləcək.

Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıç tədbirdə bildirib ki, Fransa Senatı məlum qanunu qəul etməklə türk millətinə ləkə vurmaq niyyətindədir. Onun sözlərinə görə, qəbul olunan qanun bölgədə nifrətin yaranmasına səbəb olacaq. Kılıç qeyd edib ki, hazırkı problem Türkiyə və Azərbaycanın qardaşlığını bir daha sübut etdi. "Əsl qardaşlıq, dostluq çətin gündə görünər", - o deyib.

Digər xəbərlər