Fransa Senatında "erməni soyqırımı"nı inkar edənlərin cəzalandırılmasına dair qanun layihəsinin qəbulu Azərbaycan ictimaiyyəti tərəfindən hiddətlə qarşılanmışdır. Ayrı-ayrı dövlət qurumları, siyasi partiyaları, QHT-lər tərəfindən verilən etiraz bəyanatları xüsusi qeyd olunur. Milli Məclisdə də bu haqda müzakirələr aparılır. Millət vəkilləri Fransa Senatının qəbul etdiyi qərəzli qanun layihəsinə sərt mövqelərini bildiriblər. Millət vəkili Vahid Əhmədov "Səs" qəzetinə verdiyi açıqlamasında bildirib ki, Fransa Senatında "erməni soyqırımı"nı inkar edənlərin cəzalandırılmasına dair qanun layihəsinin qəbuluna etiraz əlaməti olaraq Azərbaycan bu ölkənin Minsk Qrupunun həmsədrliyindən uzaqlaşdırılmasına çalışmalıdır. Biz Milli Məclis səviyyəsində Fransanın həmsədrlikdən kənarlaşdırılması məsələsini gündəmə gətirməliyik. Həmçinin, Fransa istehsalı olan malların boykot edilməsi üçün addımlar atılmalıdır".
Millət vəkilinin sözlərinə görə, Fransa prezidenti Nikolya Sarkozi və onun parlamentdəki dəstəkçiləri başa düşməlidirlər ki, Türkiyəyə qarşı edilən bu haqsızlıq həm də birbaşa Azərbaycana yönəlib: "Türkiyə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində həm qardaş ölkə, həm də ATƏT-in Minsk Qrupunun üzvü kimi həmişə Azərbaycanın maraqlarının müdafiəçisi kimi çıxış edib. Eyni zamanda, Fransa Minsk Qrupunun həmsədrlərindən biridir. Qondarma "erməni soyqırımı" ilə bağlı belə haqsız qərar qəbul edən Fransa bundan sonra Qarabağ probleminin Azərbaycanın, ümumiyyətlə, türk dünyasının maraqlarına uyğun həllinə maraqlı ola bilərmi? Təbii ki, yox."
Tahir Süleymanov: "Fransa Senatının qəbul etdiyi məlum qərar prezident Nikolya Sarkozinin şəxsi ambisiyalarından irəli gəlir"
Milli Məclisin deputatı Tahir Süleymanov Fransa Senatında qondarma "erməni soyqırımı"nın inkarına görə cinayət məsuliyyətini nəzərdə tutan qanunun qəbul edilməsinin demokratiyaya, insan hüquqlarına və azad düşüncəyə zidd olduğunu bəyan edib: "Fransa parlamentinin yanvarın 23-də qondarma "erməni soyqırımı"nın inkarına görə cinayət məsuliyyəti nəzərdə tutan qanunu qəbul etməsi bir tərəfdən, söz və düşüncə azadlığına böyük zərbədirsə, ikinci tərəfdən, erməni təəssübkeşliyini göstərən faktdır. Eyni zamanda, bu qərar prezident Nikolya Sarkozinin şəxsi ambisiyalarından və bu ölkənin məlum siyasi dairələrinin qondarma "erməni soyqırımı" ilə bağlı mövqeyindən irəli gəlir".
Arif Rəhimzadə: "Senatın bu qərarı Fransaya başucalığı gətirməyəcək"
YAP İdarə Heyətinin üzvü, Milli Məclisin Regional Komitəsinin sədri Arif Rəhimzadə isə Senatın "erməni soyqırımı"nın inkarına görə cəza nəzərdə tutan qanunun qəbulunun Fransaya başucalıq gətirməyəcəyini bildirib: "Fransa Senatının qəbul etdiyi qərar tamamilə əsassızdır. Bu, çox tendensiyalı bir qərardır. Mənim yadımdadır ki, vaxtilə bu məsələ ermənilər tərəfindən gündəmə gətiriləndə müxtəlif rəqəmlər səsləndirilirdi. Əvvəl 500 min, sonra 600 min, sonda isə 1 milyon 500 min erməninin öldürüldüyü iddia edilirdi. Amma o zaman Türkiyədə o qədər erməni yaşamayıb. Ermənilərin iddia etdiyi hadisələrin üstündən sonra 100 il keçib və heç bir sənəd yoxdur. Ona görə də, Fransa Senatı ağılsız, əsassız qərar qəbul edib. Dünya tarixində ilk dəfədir ki, belə ağılsız, əsassız qərar qəbul edilib. Fransa Senatı bu qərarı hansısa bir xırda məqsədə nail olmaq üçün qəbul edib".
Rasim Musabəyov: "Fransa Senatının qərarı işləməyəcək"
Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov isə hesab edir ki, Fransa Senatının qəbul etdiyi qondarma "erməni soyqırımı"nın inkarına görə cinayət məsuliyyətini nəzərdə tutan qanun bu ölkədə vətəndaş qarşıdurmasına gətirib çıxaracaq: "Sənəd yeganə nəticəsi Türkiyə-Fransa münasibətlərinə gərginlik gətirəcək. Həm də bu qanun Ermənistanda millətçilik xülyası ilə yaşayan insanların Türkiyə və Azərbaycana qarşı düşmənçilik hisslərinin davam etdirilməsinə səbəb olacaq. Bu isə nəticədə Ermənistanın uduzmasına xidmət edəcək".
RƏFİQƏ