PDF Oxu

Əsas

  • 18

ARAVURANLARA VERİLMİŞ SƏRT CAVAB

ARAVURANLARA VERİLMİŞ SƏRT CAVAB

Son günlər Fransa Senatının qondarma "erməni soyqırımı" ilə bağlı qəbul etdiyi qərəzli qərarından sui-istifadə etmək istəyən bəzi daxili və xarici qüvvələr həmin istiqamətdə fəallıq göstərməyə cəhdlər göstərsələr də, onların bu mənfur əməlləri reallaşmadı. Belə ki, həmin qüvvələrin bütövlükdə türk dünyasına qarşı hesablanmış addımlarının arxasında bir sıra məqamların dayanmış olmasına rəğmən, bütövlükdə, Azərbaycan-Türkiyə sarsılmaz qardaşlığı onların bu kimi "ideyalarını" tamamilə alt-üst etdi. Eyni zamanda, xaricdə fəaliyyət göstərən erməni lobbisinin, onlara dəstək göstərən anti-türk qüvvələrin Azərbaycanla Türkiyə arasında bütün sahələrdə - siyasi, iqtisadi, mədəni, strateji tərəfdaşlıq əlaqələrinin güclənməsindən narahat olaraq iki qardaş xalq arasında münasibətləri zəiflətmək cəhdləri növbəti dəfə iflasa uğradı.


REALLAŞMAYAN MƏKR


Şübhəsiz ki, qardaş Türkiyədə "Həpimiz erməniyiz, həpimiz Hrantız" adı altında səsləndirilən (xatırladaq ki, vaxtilə Türkiyədə erməni dilində nəşr edilən qəzetə rəhbərlik edən Hrant Dink soyğunçuluq məqsədilə törədilmiş cinayət nəticəsində həyatını itirmişdi. Lakin bəzi qüvvələr bunu siyasiləşdirərməyə cəhd göstərmişdi. Bu günlərdə cinayətin siyasi məqsədlərlə baş verməməsi məhkəmə tərəfindən də sübuta yetirilmişdir) şüarların arxasında da məkrli siyasət dayanmışdır. Bu istiqamətdə nümayişlərin təşkil olunması, qardaş ölkənin mətbuatında Azərbaycana qarşı əsassız ittihamların yer alması, bu zərərli xəttin Azərbaycanda bəzi siyasi qüvvələr (radikal müxalifət partiyaları və onların mətbuat səhifələri) və media mənsubları tərəfindən dəstəklənməsi bir anti-türk mərkəzi tərəfindən təşkil olunmuş və idarə edilən proses idi. Yəni əsas məqsəd, əsas məkr iki qardaş dövlət - Azərbaycanla Türkiyəni vahid siyasi xətdən yayındırmaq, onların arasında fikir ayrılığı yaratmaq, imkan daxilində ziddiyyətlərə, narazılıqlara yol açmaq, həmçinin, ermənilərin maraqlarına uyğun olaraq yenidən Türkiyə ilə Ermənistan arasında sərhədlərin açılması və bu kimi diplomatik əlaqələrin qurulması məsələsini gündəmə gətirmək olmuşdur. Amma bütün çabalara, səy və cəhdlərə baxmayaraq, onların bu məkrli planları da reallaşmadı.


"BİZƏ QARDAŞ AZƏRBAYCANIN DƏSTƏYİ VAR!"


Lakin istər erməni lobbisinin, istərsə də təcavüzkar Ermənistanın havadarlarının, müxtəlif anti-Türkiyə və anti-Azərbaycan dairələrin göstərdikləri ciddi-cəhdlərinə baxmayaraq, Azərbaycan-Türkiyə qardaşlığını, strateji müttəfiqliyini heç bir qüvvə sarsıda bilmədi və bilməyəcək də.

Bu ərəfədə Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın sözügedən məsələdən hiddətlənməsi və aravuranlara sərt cavab verməsi, əslində, xarici qüvvələrlə yanaşı, daxilimizdə də fəaliyyət göstərən anti-dövlətçi və anti-azərbaycançı qüvvələrə verilmiş sərt cavab kimi dəyərləndirilir. Belə ki, Türkiyənin Baş naziri bu məsələ ilə bağlı bildirib: "Son günlər bəzi qəzetlərdən oxuyuram ki, Azərbaycan Türkiyəyə dəstək vermir. Bəsdir, yetər. Bizə qardaş Azərbaycanın dəstəyi lazımdır və bu dəstək var! İncidici ifadələr işlətməkdənsə, birləşmək lazımdır. Azərbaycan və Türkiyənin millət vəkilləri çalışacaqlar ki, Xocalı soyqırımı dünyada tanınsın. Düşmənlərimiz həmişə yetərincə olub. Azərbaycan bizim qardaşımızdır və qardaş çiyni həmişə bizimlədir!"

Eyni zamanda, vurğulamaq lazımdır ki, bəzi qüvvələrin irəli sürdükləri qondarma iddialarına Azərbaycan tərəfindən də, rəsmi cavablar verilmişdir. Belə ki, Milli Məclisinin sədri Oqtay Əsədov fevralın 1-də parlamentin iclasında vurğulayıb ki, qondarma "erməni soyqırımı"nı inkar edənlərin cəzalandırılması ilə bağlı qanunun ləğvi həm də Azərbaycan üçün prinsipial məsələdir. Azərbaycan dövləti bu məsələ ilə bağlı səmimi şəkildə mövqe nümayiş etdirib: "Bilirsiniz ki, Fransa parlamentində sözügedən qanunun ləğv olunması üçün 77 senator Konstitusiya Məhkəməsinə müraciət edib və onun nəticəsini gözləməliyik. Azərbaycan rəhbərliyi, Milli Məclis öz imkanları daxilində bu qanunun qəbul olunmaması üçün bütün vasitələrə əl atıb".

Və bir daha söyləmək yerinə düşərdi ki, bütün bunlar, yəni həm Türkiyə, həm də Azərbaycan rəsmiləri tərəfindən verilən iki qardaş dövlət arasında münasibətlərə xələl gətirməyi qarşısına məqsəd qoymuş mənfur qüvvələrə verilmiş sərt və layiqli cavablardır. Bütün dövrlərdə olduğu kimi, anti-Türkiyə, anti-Azərbaycan qüvvələrin budəfəki cəhdləri də iflasa uğradı. Bütün dünyaya sübut olundu ki, Türkiyə-Azərbaycan qardaşlığı əbədi və əzəlidir!

RÖVŞƏN NURƏDDİNOĞLU

Digər xəbərlər