Azərbaycan Prezidenti İlham Əliyev və Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban Əliyevanın Fransa-Qafqaz dostluq qrupunun sədr müavini, Fransa-Azərbaycan işçi qrupunun rəhbəri senator xanım Natali Qulenin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşlərdə Türkiyəyə dəstəyi qardaş ölkə mətbuatının diqqət mərkəzində olmuşdur.
"Zaman" qəzetinin "Əliyevdən Fransaya qanun layihəsi xəbərdarlığı" başlıqlı xəbərində deyilir ki, Azərbaycan Prezidenti İlham Əliyev yanlış məlumatlara əsaslanan qondarma "erməni soyqırımı"nı inkar edənlərin cəzalandırılması haqqında qanun demokratiya və fikir azadlığına zidd olduğunu söyləmişdir. Dövlət başçısı ümidvar olduğunu bildirmişdir ki, bu qanun layihəsi qüvvəyə minməyəcəkdir.
"Hürriyet", "Vatan" və "Milliyet" qəzetləri də Azərbaycan Prezidenti İlham Əliyevin Fransa Senatının üzvləri ilə görüşdə Türkiyəyə ən yüksək dəstəyini ifadə etdiyini vurğulayan xəbərlər dərc etmişlər.
"Yeni Şafak", "Akşam" və digər qəzetlər öz səhifələrində Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın Fransa senatorları ilə görüşündə qondarma "erməni soyqırımı"nı inkar edənlərin cəzalandırılmasına dair qanunun demokratiyaya zidd olduğunu bildirməsi, bu qərarın əleyhinə çıxan senatorlara təşəkkür etdiyini yazmışlar.
Anadolu agentliyinin AzərTAc-a istinadla yaydığı xəbərdə isə deyilir ki, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Fransa-Qafqaz dostluq qrupunun sədr müavini, Fransa-Azərbaycan işçi qrupunun rəhbəri senator xanım Natali Qulenin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdə qondarma "erməni soyqırımı"nın inkar edilməsinə görə cəza nəzərdə tutan qanunun qəbul edilməsinin Azərbaycan cəmiyyətində narazılıq doğurduğunu bildirmişdir. Azərbaycanın birinci xanımı bu qanunun müzakirəsi zamanı tutduqları ədalətli mövqeyə görə senatorlara təşəkkür etmiş və əmin olduğunu bildirmişdir ki, Konstitusiya Şurası demokratiyaya və söz azadlığına zidd olduğuna görə bu qanunun qüvvəyə minməsinə imkan verməyəcəkdir.
Türkiyənin digər xəbər agentlikləri və televiziya kanalları da Azərbaycan Prezidentinin və xanımının fransız senatorlar ilə görüşlərində də qardaş ölkəyə verdikləri dəstəkdən bəhs etmişlər.