PDF Oxu

Əsas

  • 15

YAP Siyəzən rayon təşkilatı hesabat verdi

YAP Siyəzən rayon təşkilatı hesabat verdi

Dünən Yeni Azərbaycan Partiyası Siyəzən rayon təşkilatının VI konfransı keçirilib. Konfrans iştirakçıları əvvəlcə rayonun mərkəzində ucaldılan Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzmüşlər.

Daha sonra konfrans öz işini rayon icra hakimyyətinin akt zalında davam etdirib. Tədbir dövlət himninin səslənməsilə öz işinə başlayıb. Konfransın gündəliyi təsdiq olunduqdan sonra YAP Siyəzən rayon təşkilatının sədri Etibar Heydərov hesabat məruzəsi ilə çıxış edib. E.Heydərovun hesabat məruzəsində təşkilatın əvvəlki konfransdan keçən dövr ərzindəki fəaliyyəti ətraflı təhlil edilib, təşkilat üzvlərinin rayonun ictimai-siyasi həyatındakı fəal mövqeyindən bəhs olunub, qarşıda duran vəzifələrə toxunulub.

E.Heydərov bildirib ki, Yeni Azərbaycan Partiyası Ümummilli Liderimiz Heydər Əliyevin əbədiyaşar əsəridir: "Müstəqil Azərbaycanın memarı və qurucusu, Ümummilli Liderimiz Heydər Əliyevin rəhbərliyi ilə 19 il bundan əvvəl yaradılmış YAP şərəfli yol keçib, milli ideyalara sadiqliyini daim sübuta yetirib. Ulu Öndər Heydər Əliyevin ideyaları, Onun zəngin siyasi irsi, inkişaf konsepsiyası dönməz və əbədi olan müstəqilliyimizin yollarını daim işıqlandırır".

Rayon təşkilatının sədri onu da vurğuladı ki, hazırda YAP Siyəzən rayon təşkilatının 40 ərazi ilk partiya təşkilatında 2973 nəfər partiya üzvü uçotdadır. Onlardan 1334 nəfəri qadın, 834 nəfəri gənclərdir. Hesabat dövrü ərzində rayon təşkilatına 1295 nəfər partiya üzvlüyünə qəbul edilmişdir ki, onların əksəriyyətini gənclər təşkil edir. O, bildirdi ki, partiyaya qəbul könüllülük prinsipləri əsasında aparılmaqla bütün prosedur qaydalar gözlənilib. Bütün uçot və hesabatlar vaxtında Mərkəzi Aparata təqdim edilib.

Konfransda nəzarət-təftiş qrupunun hesabatı dinlənildi. Sonra hesabat ətrafında çıxışlar oldu. Millət vəkilləri Aydın Mirzəzadə, Tahir Süleymanov, ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev çıxış edərək, YAP-ın yaranma tarixindən və ötən dövrdə partiyanın əldə etdiyi böyük nailiyyətlərdən bəhs edərək, bildirdilər ki, partiyanın yaranması, həqiqətən də, çətin və ağır dövrlərə təsadüf edirdi. Məhz həmin illərdə Ulu Öndər Heydər Əliyev Azərbaycanı və xalqımızı çətin problemlərdən xilas etdi. Bütün bu uğurların təməli Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş və hazırda bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Konfrans nümayəndələrindən Qələmşah Babayev, İxtiyar İsayev, Əsbə İmanova, Samir Baxşıyev çıxış etdilər və təşkilatın hesabat dövrü ərzindəki fəaliyyətini qənaətbəxş qiymətləndirdilər.

Konfransın işində Siyəzən rayon icra hakimiyyətinin başçısı Arif Qasımov çıxış edərək, partiyanın rayon təşkilatının fəaliyyətini yüksək qiymətləndirib. A.Qasımov Azərbaycanın sürətlə inkişaf etdiyini vurğulayaraq, ölkə Prezidenti İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində böyük uğurların qazanıldığını bildirib və partiya üzvlərinə gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Konfransda təşkilati məsələlərə baxıldı. Qətnamə layihəsi oxundu, Etibar Heydərov yekdilliklə yenidən rayon təşkilatının sədri seçildi. Həmçinin, təşkilatın 25 nəfərdən ibarət şurası və 5 nəfərdən ibarət nəzarət-təftiş qrupu seçildi. Tədbirdə YAP Mərkəzi Aparatının məsul işçisi Həsən Daşdəmirov iştirak edirdi. Sonda konfrans iştirakçıları adından Yeni Azərbaycan Partiyasının Sədri, ölkə Prezidenti İlham Əliyevə müraciət qəbul olunub.


A.Səmədova

Digər xəbərlər