PDF Oxu

Əsas

  • 19

Milli Məclis Xocalı soyqırımı haqqında qərar layihəsi qəbul etdi

Milli Məclis Xocalı soyqırımı haqqında qərar layihəsi qəbul etdi

Dünən Milli Məclisin Xocalı soyqırımının 20-ci ildönümünə həsr olunmuş xüsusi iclası keçirildi. Qeyd edək ki, Xocalı soyqırımı ilə əlaqədar parlamentin binasının foyesində sərgi təşkil olunmuşdu. Deputatlar, jurnalistlər və iclasa dəvət olunmuş qonaqlar sərgidə Xocalı soyqırımının dünyada tanıdılması, bu faciəyə hüquqi-siyasi qiymətin verilməsi ilə bağlı Azərbaycan Prezidentinin imzaladığı Sərəncamlar, Milli Məclisin qəbul etdiyi qərar və bəyanatlar, Baş Prokurorluğun məlumatları, foto materiallar, eləcə də, kitab, jurnal və broşürlarla tanış oldular.

Sərgidə Azərbaycan Prezidenti Administrasiyası ilə AzərTAc-ın birgə layihəsi əsasında hazırlanmış, Azərbaycan dili ilə yanaşı, 5 dilə (ingilis, rus, fransız, alman və ərəb dilləri) tərcümə olunmuş "Xocalı. XX əsrin soyqırımı" kitabı da nümayiş etdirildi.


Sonra iclas, faciə zamanı həlak olmuş insanların xatirəsini 1 dəqiqəlik sükutla yad etməklə, öz işinə başladı.


Oqtay Əsədov: "Xocalı soyqırımı öz miqyasına görə cinayətlərin ən dəhşətlisidir"


Milli Məclisin Sədri Oqtay Əsədov bildirdi ki, Xocalı faciəsi XX əsrdə insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biridir. Onun sözlərinə görə, Xocalı faciəsi Cənubi Qafqazda və Şərqi Anadoluda həyata keçirilən qəsbkarlıq, soyqırımı və etnik təmizləmə siyasətinin yeni qanlı səhifəsi olub. Bu siyasətin 100 ildən artıq tarixinin olduğunu deyən spiker vurğuladı ki, bu hadisələrin təşkilatçıları bölgədə öz maraqlarını həyata keçirməyə çalışan bəzi kənar qüvvələr, icraçıları isə erməni millətçiləridir: "Təəssüf ki, müəyyən dövrə qədər erməni millətçiləri havadarlarının dəstəyindən istifadə edərək, öz niyyətlərinə nail ola biliblər. Ötən əsrdə 2 milyona yaxın günahsız azərbaycanlı və türk qətlə yetirilib. Qədim Azərbaycan torpaqlarında erməni dövlətinin qurulması üçün əraziləri boşaltmaq məqsədi ilə 1920-ci ilədək yarım milyona qədər azərbaycanlı bugünkü Ermənistan ərazisindəki doğma yurdlarından qovulub. Etnik təmizləmə sonrakı dövrlərdə də davam edib. 1948-1953-cü illərdə yüzminlərcə azərbaycanlı Ermənistandan deportasiya edilib. 1988-1993-cü illərdə isə 1 milyon azərbaycanlı Ermənistandan və Dağlıq Qarabağdan qovulub və didərgin salınıb. Xocalı soyqırımından əvvəl Dağlıq Qarabağda azərbaycanlıların yaşadıqları bir sıra yaşayış məntəqələrində əhalinin böyük bir hissəsi xüsusi amansızlıqla qətlə yetirilib. Xocalı soyqırımı öz miqyasına görə bu cinayətlərin ən dəhşətlisidir".


Ziyafət Əsgərov: "Faciənin üstündən 20 il keçsə də, onun vurduğu yaralar bu gün də sızlayır"


Milli Məclis Sədrinin birinci müavini Ziyafət Əsgərov Xocalı soyqırımı haqqında məruzə ilə çıxış etdi. Z.Əsgərov bildirdi ki, Azərbaycanın müasir tarixinin ən kədərli və faciəli səhifələrindən biri kimi 26 fevral gününü hər il xalqımız dərin hüznlə qeyd edir. Faciənin üstündən 20 il keçsə də, onun vurduğu yaralar bu gün də sızlayır və heç zaman unudulmayacaq. Onun sözlərinə görə, dinc əhalinin vəhşicəsinə kütləvi qırğını insanlığa qarşı ən ağır cinayətlərdən biri olmaqla, XX əsrin Xatın, Lidiçe, Babi Yar kimi dəhşətli faciələri ilə bir sırada dayanır: "Xocalı soyqırımı Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsini zəbt etmək məqsədi ilə Ermənistan Respublikasının apardığı işğalçılıq müharibəsinin gedişində dinc azərbaycanlı əhaliyə qarşı törədilmiş soyqırımı cinayətlərinin ən dəhşətlisidir. Bundan əvvəl azərbaycanlılar yaşayan İmarət Qərvənd, Tuğ, Səlakətin, Axullu, Xocavənd, Cəmilli, Nəbilər, Meşəli, Həsənabad, Kərkicahan, Qaybalı, Malıbəyli, Yuxarı və Aşağı Quşçular, Qaradağlı kəndlərinin işğalı zamanı həmin yaşayış məntəqələrinin əhalisinin bir hissəsi qabaqcadan hazırlanmış plan əsasında xüsusi amansızlıqla qətlə yetirilib. Xocalı şəhərinə hücum əməliyyatına 366-cı alayın ikinci taqımının komandiri Seyran Ohanyan, üçüncü taqımının komandiri Yevgeni Nabokix, birinci taqımının qərargah rəisi Valeri Çitçyan rəhbərlik ediblər. Əməliyyata alayın 90-dan çox tankı, piyada döyüş maşını və digər hərbi texnikası cəlb edilib. Dinc əhaliyə qarşı soyqırımı cinayətlərində alayın hərbi qulluqçularından Slavik Arutyunyan, Andrey İşxanyan, Sergey Beqlaryan, Movses Akopyan, Qriqori Kisebekyan, Vaçik Mirzoyan, Vaçaqan Ayriyan, Aleksandr Ayrapetyan və başqaları, erməni silahlı birləşmələrinin üzvlərindən Karo Petrosyan, Vitali Balasanyan, Seyran Tumasyan, Valerik Qriqoryan və digərləri fəal iştirak ediblər. Dinc əhaliyə qəddarcasına divan tutanlar arasında Xankəndi şəhər daxili işlər şöbəsinin rəisi işləmiş Armo Abramyanın, Əsgəran rayon daxili işlər şöbəsinin rəisi işləmiş Mavrik Qukasyanın, onun müavini Şaqen Barseqyanın, Dağlıq Qarabağda erməni xalq cəbhəsinin sədri olmuş Vitali Balasanyanın, Xankəndi şəhər həbsxanasının rəisi işləmiş Serjik Köçəryanın və başqa şəxslərin də olduğu müəyyən edilib. Bu gün cinayətkarlardan 30 nəfərinin adları Azərbaycanın istintaq orqanlarına məlumdur. Xocalı şəhərində hərbi əməliyyatdan sonra 366-cı alayın cinayətdə iştirakının izlərini itirmək üçün alay tələm-tələsik Dağlıq Qarabağdan çıxarılıb Gürcüstana aparılıb, bu zaman hərbi texnikanın böyük bir hissəsi, yəni 9 tank, 4 zirehli transportyor, 70 piyada döyüş maşını, 4 "Strela-10" raket qurğusu, 8 top, 57 minaatan və digər silah-sursat erməni birləşmələrinə təhvil verilib və azərbaycanlı əhaliyə qarşı sonrakı cinayət əməllərində istifadə edilib".

Vitse-spiker bildirdi ki, Xocalı soyqırımının dünya miqyasında tanıdılması üçün görülən işlərin artıq ilkin nəticələri var. Belə ki, İslam Əməkdaşlıq Təşkilatı Parlament Birliyinin, Meksika və Pakistan parlamentlərinin müvafiq qərarlarında Xocalıda törədilmiş kütləvi qətllərin soyqırımı aktı olduğu təsdiq edilib. Birinci vitse-spiker qeyd edib ki, Xocalı şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi üçün dövlət tərəfindən bir sıra tədbirlər görülüb.


Siyavuş Novruzov: "Bu qətliamı törədənlərlə bağlı Azərbaycan məhkəmələri hökm çıxarmalıdır"


YAP İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzovun sözlərinə görə, Xocalı faciəsi bir etnosa qarşı yönəldilmiş soyqırımıdır: "Xocalı faciəsinin qurbanları məhz azərbaycanlı, müsəlman olduğuna görə öldürülüblər. Bu qətliamı törədənlərlə bağlı Azərbaycan məhkəmələri hökm çıxarmalıdır. Bu qərar ona görə lazımdır ki, beynəlxalq təşkilatlara, dövlətlərə müraciət edərək, cinayətkarların Azərbaycana verilməsinə nail olaq. Ümumiyyətlə, Xocalı soyqırımının dünyada tanınması üçün dövlətimiz lazımi tədbirlər görür. Artıq bir çox dövlətlərdə bu istiqamətdə tədbirlər keçirilir. Mən xüsusilə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə "Xocalıya ədalət" kampaniyanın əhəmiyyətini vurğulamaq istəyirəm. Bu kampaniya çərçivəsində dünyada mühüm tədbirlər həyata keçirilir".


Aydın Mirzəzadə: "Ermənilər dinc insanları amansızlıqla qətlə yetirməklə iç simalarını nümayiş etdirdilər"

Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin sədr müavini Aydın Mirzəzadə bildirdi ki, Xocalı qətliamı Ermənistanın vizit kartı oldu. Onun sözlərinə görə, ermənilər dinc insanları amansızlıqla qətlə yetirməklə iç simalarını nümayiş etdirdilər. Prezident İlham Əliyev həyata keçirdiyi siyasət nəticəsində Azərbaycanın qüdrətli dövlətə çevrildiyini deyən millət vəkili Xocalı qətliamını törədənlərin cəzasını alacaqlarını bildirib.

A.Mirzəzadə onu da vurğuladı ki, Xocalı soyqırımının 20-ci ildönümü ilə bağlı Azərbaycan Prezidentinin xalqımıza müraciətində bu faciənin törədilməsi və onu törədənlərin cəzalandırılmasının zəruriliyi məsələləri aydın şəkildə öz əksini tapıb: "Müraciətdə, ilk dəfə olaraq, ermənilərin törətdiyi bu hadisələr faşist əməli kimi qeyd olunub".

Millət vəkili Əli Məsimli isə qeyd etdi ki, Xocalıda uşaq qatili, ana qatili olanlar cəzalarına çatmalıdır. O, Xocalı soyqırımı ilə bağlı beynəlxalq konfransın təşkilinə ehtiyac olduğunu da söylədi.

Mübariz Qurbanlı: "Soyqırımının dünyada tanıdılması ilə bağlı çoxlu işlər görülüb və bundan sonra da görülməlidir"

YAP İcra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı da öz çıxışı zamanı bildirdi ki, Xocalı qətliamı erməniçiliyin zirvəsi, erməni ideologiyasının göstəricisi idi: "Əlbəttə, Xocalıya qədər də qətliamlar törədiblər. Bütün bunlar ermənilərin vəhşilik xislətindən irəli gəlir. Xocalıda törədilən cinayəti törədənlər öz cəzasını alacaq. "Soyqırımının dünyada tanıdılması ilə bağlı çoxlu işlər görülüb və bundan sonra da görülməlidir. Əminəm ki, gördüyümüz işlər erməni diplomatiyasını seytnot vəziyyətinə salıb. Çünki hər dəfə Xocalı faciəsinin ildönümü ərəfəsində Azərbaycan tərəfinin, hakimiyyətin, ictimai-siyasi qurumların, o cümlədən, Heydər Əliyev Fondunun Xocalı faciəsinin miqyası ilə bağlı yaydığı materiallardan sonra erməni mətbuatında böyük təşvişi görürük. Ermənilər törətdikləri bu hadisəyə bəraət qazandırmaq üçün öz havadarlarından istifadə edirlər. Biz müharibə vəziyyətindəyik. Belə olan şəraitdə, işğalçı dövlət özünü müdafiə üçün müxtəlif vasitələrə əl atır. Bu məsələ bizim milli məsələ olduğundan, işğalçılara qarşı birgə mübarizəmizi gücləndirməliyik".


Məlahət İbrahimqızı: "Bakıda Xocalı soyqırımına həsr olunmuş film festivalı keçirilsin"

YAP Siyasi Şurasının üzvü, millət vəkili Məlahət İbrahimqızı Xocalı soyqırımının dünyada tanınması istiqamətində Heydər Əliyev Fondunun fəaliyyətini xüsusi vurğuladı. Onun sözlərinə görə, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərliyi ilə həyata keçirilən "Xocalıya ədalət" kampaniyası nəticəsində İƏT Parlament İttifaqı Xocalı faciəsi insanlığa qarşı cinayət kimi qəbul olunub. Bunun məntiqi davamı kimi Meksika və Pakistan parlamentləri də Xocalı soyqırımını tanıyıblar. Millət vəkili onu da vurğuladı ki, dünya ictimaiyyəti siyasətdən daha çox mədəniyyətin, incəsənətin səsini eşidir. M.İbrahimqızı təklif etdi ki, Bakıda Xocalı soyqırımına həsr olunmuş film festivalı keçirilsin. Onun fikrincə, bu addım faciənin dünyada tanınmasında mühüm rol oynaya bilər.


Əli Əhmədov: "Azərbaycan hökuməti, Milli Məclis Xocalı soyqırımı ilə bağlı qərarlar qəbul edib və hadisəyə qiymət verilib"

Parlamentin iclası günün ikinci yarısında da davam etdirildi. İclasda çıxış edən YAP Sədrinin müavini-İcra katibi, millət vəkili Əli Əhmədov dedi ki, Xocalıda törədilmiş qətliam erməni vəhşiliyinin növbəti bir göstəricisidir. Onun sözlərinə görə, Azərbaycan xalqına qarşı çevrilmiş bu qətliam, əslində, müasir tariximizin ən böyük cinayətlərindən biridir. YAP Sədrinin müavini qeyd etdi ki, ötən müddət ərzində Xocalı soyqırımının qiymətləndirilməsi və dünyada tanıdılması istiqamətində müəyyən addımlar atılıb. Onun sözlərinə görə, Azərbaycan hökuməti, Milli Məclis Xocalı soyqırımı ilə bağlı qərarlar qəbul edib və hadisəyə qiymət verilib. Belə ki, Xocalı soyqırımının ayrı-ayrı ölkə parlamentləri tərəfindən bu faciənin soyqırımı kimi qəbul olunması ilə əlaqədar ardıcıl səylər göstərilib. Əli Əhmədov soyqırımının dünyada tanıdılması işi ilə bağlı bir sıra təkliflərlə çıxış etdi. O, təklif etdi ki, Beynəlxalq Xocalı Fondu yaradılsın: "Xocalı soyqırımını ATƏT-in Minsk Qrupu da tanımalıdır. Çünki Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə məşğul olan bir qurumun bu addımı atması problemin ədalətli həlli baxımından vacibdir". YAP Sədrinin müavini faciə ilə bağlı bədii əsərlərin təkcə azərbaycanlı yaradıcı insanlar tərəfindən deyil, xarici ölkələrin yazarları tərəfindən də qələmə alınmasının zəruriliyini vurğuladı. Onun fikrincə, bu, Xocalı faciəsi haqqında dünya ictimaiyyətində daha aydın təsəvvürlər yaratmaq baxımından əhəmiyyətlidir. İclasda, həmçinin, millət vəkilləri Elmira Axundova, Asəf Hacıyev, Gülər Əhmədova, Vahid Əhmədov, Qüdrət Həsənquliyev və başqaları çıxış etdilər.

İclasın sonunda Milli Məclis Xocalı soyqırımı haqqında qərar layihəsi qəbul etdi.


RƏFİQƏ KAMALQIZI

Digər xəbərlər