İslam Əməkdaşlıq Təşkilatı üzv Dövlətlərin Beyin Mərkəzlərinin III Bakı Forumu
Məlum olduğu kimi, Bakıda 2-3 mart tarixləri arasında İslam Əməkdaşlıq Təşkilatı üzv Dövlətlərin Beyin Mərkəzlərinin III Bakı Forumu keçirilmişdir. Forum yüksək təşkilatçılıqla və dünyanın müxtəlif ölkələrindən gələn siyasətçi, alim və xüsusi mütəxəssislərin iştirakı ilə yüksək şəkildə həyata keçirilmişdir. Məhz belə bir tədbirdə beyin mərkəzlərinin iştirakı ilə mövcud problemlərin işıqlandırılması son dərəcə Azərbaycan üçün əlamətdar olmuşdur. Belə bir tədbirin Bakıda keçirilməsi və xüsusilə, konfrans iştirakçılarına möhtərəm Prezident İlham Əliyevin ünvanlandığı müraciət analitik siyasət nöqteyi-nəzərindən əhəmiyyət kəsb edir. Belə ki, dövlət başçımız müraciətdə islam sivilizasiyanın humanist ideyaları təbliğ etdiyini və Azərbaycanın da bu mədəniyyət hövzəsi daxilində qiymətli töhfələr verdiyini ifadə etmişdir. Müraciətdə vurğulanan ən əsas məqamlardan biri də beyin mərkəzlərinin iştirakı ilə keçirilən belə tədbirlərin sivilizasiyaların tərəqqisində insan kapitalı və intellektin yeni keyfiyyət amili kimi qiymətləndirilmə məsələsi olmuşdur.
Qeyd olunmalıdır ki, forum müsəlman dünyasında uğurlu siyasi və iqtisadi transformasiya fonunda keçirilmişdir. Bu mənada, forumun keçirildiyi iki gün ərzində ölkələrimizin gələcəyi ilə bağlı maraqlı məsələlərə dair çox faydalı sessiyalar keçirilmişdir. Sessiyalarda çox geniş mövzuları əhatə edən məsələlər, regionda hansı dəyişikliklərin baş verdiyi və inkişaf mərhələlərində əldə olunan nailiyyətlər müzakirə edilmişdir.
Konfrans çərçivəsində Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin də ifadə etdiyi fikirlər son dərəcə əhəmiyyətlidir. Belə ki, akademik Ramiz Mehdiyev Azərbaycanın son illərdə aktual beynəlxalq problemlərin müzakirəsinə həsr edilən qlobal forumların keçirildiyi məkana çevrildiyindən, Azərbaycanın regionda və dünyada getdikcə artan əhəmiyyətindən, qarşılıqlı əməkdaşlıq və inteqrasiyaya açıq olmasından bəhs edərək, "bu gün Azərbaycan Şərqin və Qərbin dialoqu üçün hazırda kəskin ehtiyac duyulan dialoq tribunasına çevrilmişdir" fikrini əsaslandırmışdır.
Türk-Asiya Strateji Araşdırmalar Mərkəzinin sədri Süleyman Şensoyun da "bir millət, iki dövlət" deyiminin perspektivi baxımından bu tədbirin islam dünyası ilə çoxtərəfli əməkdaşlıqda mühüm əhəmiyyət daşıdığını bildirməsi və son aylarda Türkiyə-Fransa münasibətlərində yaşanan gərginlik zamanı Azərbaycanın Türkiyəyə verdiyi siyasi dəstəkdən məmnun olduqlarını deyərək, oxşar addımın İƏT-ə üzv ölkələrdən də atılmasını gözlədiklərini diqqətə çatdırmışdır.
Transformasiya və əməkdaşlıq
Müsəlman ölkələrindəki qabaqcıl ideyaların yayılmasında və mənimsənilməsində beyin mərkəzlərinin, o cümlədən, belə forumların əhəmiyyəti yüksək şəkildə qiymətləndirilməlidir. Qabaqcıl ideyaların məhz belə forumlar vasitəsilə bölüşmə imkanı əldə edilir və transformasiya prosesi çətinliklər olmadan aşılır. Forumun keçirilməsi islam ölkələri arasında əlaqələrin inkişaf etdirilməsi və beyin mərkəzlərinin qarşılıqlı fəaliyyəti ilə bağlı lazımi şəbəkənin qurulması baxımından müstəsna imkanlar yaratmışdır.
Forum çərçivəsində islamofobyianın yayılmasına mane olmaq və bu problemi aradan qaldırmaq üçün bütün müsəlman cəmiyyətlərinin düzgün seçim etməsinin, ekstremist qüvvələrin qarşısının alınmasının, gənclərlə maarifləndirmə işinin aparılmasının, islam ölkələri ilə əlaqəli şəkildə bu cür hallara qarşı birgə mübarizə yollarının təşkil olunmasının aktuallığı ön plana çıxarılmışdır.
Malayziyanın keçmiş baş nazirinin xüsusi dəvəti qəbul edərək, forumda iştirak etməsi, qiymətli məruzəsi və verilən suallara maraqlı cavablar verməsi forum çərçivəsində yadda qalan hadisələrdən olmuşdur. Belə ki, hörmətli M.Mohamad, hər bir ölkədə sənaye imkanlarının dəyərləndirilməsinin vacibliyini qeyd edərək: "Yüksək inkişafa malik olmaq yüksək təhsilli, intellektli nəslin formalaşmasından keçir" - deyə fikirlərini ifadə etmişdir.
Forumda vurğulanan ən əsas fikirlərdən biri də Azərbaycanın Şərq və Qərbin ortaq dəyərlərini birləşdirən nadir multikulturalist modelə malik olması istiqamətində idi. Bu mənada, Azərbaycan sivilizasiyalararası dialoqa həm tarixdə, həm də müasir dövrdə öz töhfələrini verməyə davam edir.
İslam ölkələri və vacib strateji siyasətin bəzi məqamları
İƏT üzv ölkələrin beyin mərkəzlərinin III Bakı Forumu həm regional, həm də qlobal inteqrasiya baxımından bir çox əhəmiyyətli mövzuların müzakirə olunmasına zəmin yaratmışdır. Məhz belə forumlar nəticəsində müştərək dəyərlərə malik islam ölkələri arasında əməkdaşlıq formaları və müəyyən problemlərə qarşı adekvat strateji siyasətin formalaşması istiqamətində nailiyyətlər əldə edilməkdədir.
Forum çərçivəsində əhəmiyyətli şəkildə müzakirə olunan mövzulardan biri də islami dəyərlərin sosial sahədə nə dərəcədə ortaya çıxması idi. Misir və Tunis, bu mənada, lider ölkələrdəndir. Məhz ən yeni tarixdə islam dünyasında baş verən "Ərəb baharı" adlı üsyanlarda daxili və xarici faktorların nəzərə alınaraq, təhlil olunmasının vacibliyi vurğulanmışdır. Bu mənada, islam ölkələrində mövcud siyasi görüşlərin bu və ya digər cəhətdən islamla əlaqəsi və onların hal-hazırda islam ölkələrindəki vəziyyəti barəsində elmi müzakirələr aparıldı. Burada iki əsas məqam ortaya çıxmaqdadır. Birincisi, islami siyasətin daxili dinamiklərə istinad edilərək, həyata keçirilməsidir. İkincisi isə, ərəb dünyasında baş verən üsyanlar da nəzərə alınaraq, bu üsyanların yaranmasında fəaliyyət göstərən xarici qüvvələrin də nəzərdən qaçırılmamasıdır. Məhz strateji xətt olaraq islam ölkələrində demokratiya, modernləşmə və s. müasir dövrün tələblərinə cavab verəcək konseptual layihələrin hazırlanmasının vacibliyi vurğulanmışdır. Belə ki, Malayziyanın keçmiş baş naziri M.Mohamad da islam ölkələrinin inkişafının və qlobal inteqrasiya prosesində layiqli yer almalarının əsas göstəricisinin bu ölkələrdə etik konsesulara istinad edən demokratik dəyərlərin inkişaf etdirilməsi olduğunu diqqətə çatdırmışdır. Bu mənada, demokratik sistem digər sistemlər yanında ən əlverişli sistemə malikdir.
Forum çərçivəsində son zamanlarda islam dünyasında baş verən təlatümlərin bir neçə səbəbinin olduğunun vurğulanması da əldə olunan nəticələr baxımından əlamətdar bir qiymətləndirmədir. Məhz bu ölkələrdəki məzhəb təəssübkeşliyi, ictimai-iqtisadi problemlər və ən əsası xarici qüvvələrin dəstəyi ilə vəziyyətin daha da gərginləşdirilməsi mövzunun təhlil olunmasında əsaslı arqumentləri özündə cəmləşdirir.
Bütün bu problemlərin həll olunması üçün isə demokratik dəyərlərə malik olmaqla, islam mədəniyyətindəki intellektual-mədəni "damarların" siyasi-strateji xətt istiqamətində canlandırılmasıdır. Məhz belə bir strateji xətt sayəsində problemlər yerində həll oluna bilər və xarici qüvvələrin baş verən hadisələrə müdaxiləsinin qarşısı alına bilər. Nəticədə, islam ölkələri arasında qurulan bu əlaqələr beyin mərkəzlərinin fəaliyyətləri nəticəsində gündən-günə daha da inkişaf edərək, öz funksional rolunu daha da möhkəmləndirəcəkdir. Azərbaycanın belə bir foruma ev sahibliyi etməsi qlobal inteqrasiya və müştərək islami dəyərlərin anlaşılması baxımından da əhəmiyyət kəsb edir. Məhz forum çərçivəsində də vurğulandığı kimi, Azərbaycan həm coğrafi, həm də geopolotik cəhətdən Şərqlə Qərbin kəsişmə nöqtəsində yerləşməkdədir. Bu mənada, bizlər tariximizə nəzər saldıqda Şərqlə Qərbin sintezinin Azərbaycanın həm intellektual, həm də siyasi tarixində mövcud olduğunu görürük. Təsadüfi deyildir ki, Azərbaycan islam sivilizasiyası ilə yanaşı, Qərb sivilizasiya dəyərlərini də şüurlu şəkildə təhlil edərək qəbul etməkdədir.
Rəşad İlyasov,
fəlsəfə doktoru