Azərbaycan dünyanın diqqət mərkəzindədir. "Eurovision" mahnı yarışması ərəfəsində Avropa Yayımları Birliyi bu musiqi bayramının təşkili və hazırlıq işlərinə diqqət və məsuliyyəti daha da artırıb.
Azərbaycan artıq yarışmada qazandığı qələbədən sonra hazırlıq işlərinə start verildi. On ayın nə vaxt ötməsi belə sezilmədi. Dünya ölkələrindən Azərbaycana gələcək qonaqları qarşılamaq və ölkənin milli dəyərlərini, tarixini lazımi səviyyədə tanıtmaq kimi ağır məsuliyyətin öhdəsindən gəlmək üzərimizə düşdü. Müsabiqədə ötənilki qalibiyyətdən sonra Azərbaycanın həmişə yüksəkdə olduğunu dünya ölkələrinə göstərmək məqsədi ilə ardıcıl işlər görülməkdədir.
Təbii ki, 42 ölkəni təmsil edəcək iştirakçılar, qonaqlar, tamaşaçılar milli dəyərlərimiz, kimliyimizlə yaxından tanış olmaq imkanı əldə edəcəklər. Qərb və Şərqi birləşdirən sivilizasiyaların qovuşuğu olan Azərbaycan mədəniyyəti, qonaqpərvərliyi və s. keyfiyyətləri ilə çoxsaylı insanların qarşısına çıxacaq.
Aparılan abadlıq-quruculuq işləri Azərbaycanın simasının dəyişilməsi, paytaxtda yeni mehmanxanaların inşası, avtomobil magistrallarının yaxşılaşdırılması üzrə aparılan işlər, yeni salınan parklar və s. ölkəmiz haqqından dolğun fikir formalaşdıracaq. Qonaqlar tarixən "Odlar Yurdu" kimi tanınan Azərbaycanın isti nəfəsini duyub, onun qaynar həyatının fövqündə insanlıq dəyərləri ilə tanış olacaqlar. "Məşəlini alovlandır" sözlərinin müsabiqəyə deviz olmasının da təsadüfi olmadığını anlayacaqlar.
Bakıda şounun keçirilməsi üçün inşa olunan "Bakı Kristal Zalı"da şəhərimizin avropalılara təqdimi baxımından da əhəmiyyətlidir. Dövlət Bayrağı Meydanının yaxınlığında yerləşən "Bakı Kristal Zalı"ndan şəhərin möhtəşəm mənzərəsi açılır. "Eurovision-2012" Mahnı Müsabiqəsinin Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyeva bu günlərdə mətbuata verdiyi müsahibəsində bu arenanı yüksək qiymətləndirərək, kompleksin Cənubi Qafqazda ən böyük idman-konsert arenası olacağını söyləyib: "Onun arxitekturası Şərqlə Qərb arasında körpüdür. Bu binanın divarlarına çoxsaylı kristallar bərkidiləcək və onlarda işığın rəqsi tamamilə təəccüblü vizual effektlər yaradacaq."
Yerli və xarici mütəxəssislərin səyləri ilə inşa olunan möhtəşəm arenanın tikintisi vaxtında başa çatdırılacaq. Kompleksin yanında bu müsabiqəni işıqlandırmaq istəyən jurnalistlər üçün mətbuat mərkəzi yerləşəcək. Şəhərin müxtəlif yerlərində böyük teleekranlar quraşdırılacaq və bu teleekranlar vasitəsilə müsabiqəni izləmək mümkün olacaq. "Eurovision" ilə eyni vaxtda digər mədəni tədbirlər də keçiriləcək.
Azərbaycanda möhtəşəm şouya hazırlıq işlərinin aparılmasını və dünyanın ölkəmizə nəzərlərinin cəlb olunmasını, uğur və müvəffəqiyyətləri ermənilər həzm etməkdə çətinlik çəkirlər. Ermənilərin şouda iştirakdan imtina etmə qərarı anlaşılmazlıq yaradıb. Avropa Yayımları Birliyi və Azərbaycan hakimiyyəti dəfələrlə təsdiq ediblər ki, Ermənistan daxil olmaqla, bütün ölkələrin müsabiqə təmsilçilərinin və qonaqların təhlükəsizliyinə zəmanət verilir.
Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyevanın sözlərinə görə, Ermənistanın rəsmi nümayəndə heyətləri beynəlxalq görüşlərdə, konfranslarda, forumlarda və idman yarışlarında iştirak etmək üçün bir neçə dəfə Azərbaycana gəliblər və Azərbaycan hakimiyyəti bu ölkənin nümayəndə heyəti üzvlərinin təhlükəsizliyini həmişə təmin edib: "Eurovision" Mahnı Müsabiqəsində ermənistanlı qonaqlar və iştirakçıların təhlükəsizliyi həmişə olduğu kimi tam təmin ediləcəkdi. Lakin Yerevanda əvvəlcə vəd verdilər ki, müsabiqədə iştirak edəcəklər, təhlükəsizlik zəmanəti tələb etdilər, bu zəmanəti aldılar, lakin sonradan bəyan etdilər ki, "Eurovision"da iştirak etməyəcəklər". Təbii ki, bu, həm müsabiqə iştirakçılarına, həm də Ermənistanın müsabiqədə təhlükəsiz iştirakı üçün çox səy göstərən Avropa Yayımları Birliyinə hörmətsizlikdir. Şübhəsiz ki, Avropa Yayımları Birliyinin üzvü olan hər bir ölkənin müsabiqədə iştirakdan imtina etməsinə görə səbəbləri ola bilər. Mehriban xanım Əliyeva təəccüb və təəssüf doğuran amil kimi, Yerevanda "Eurovision"da iştirakdan imtinanı Azərbaycanın ünvanına heç bir əsası olmayan çoxsaylı ittihamlarla müşayiət etməyə cəhd göstərdiklərini bildirib: "Deyirlər ki, həyatda qələbəyə can atmaq lazımdır, lakin bəzən məğlub olmağı bacarmaq da lazımdır. Bəzən öz uğursuzluğunu yaşamaq özgə qələbələrə tabe olmaqdan daha asandır".
Sözsüz ki, Ermənistanın iştirakdan imtina etməsi heç bir əsasa söykənmir. Bütün bunlar onun siyasi mövqeyinin nümayşidir. Müxtəlif bəhanələrə əl atsalar da həqiqət birmənalı olaraq reallıqlara söykənir. Ümumavropa ictimaiyyətində müxtəlif münasibələr formalaşdırmağa çalışan ermənilər əslində, bir daha çirkaba bulaşmış əməllərini, "öz milli dəyərlərini" ortaya qoyurlar.
Nəzakət ƏLƏDDİNQIZI