"Azərbaycan" qəzetinin redaksiyası tərəfindən hazırlanmış ikicildlik kitab belə adlanır
Martın 29-da Beynəlxalq Mətbuat Mərkəzində "Azərbaycanlıların soyqırımı: Tarixin qanlı salnaməsi" adlı ikicildlik kitabın təqdimatı keçirilib. AzərTAc xəbər verir ki, "Azərbaycan" qəzetinin redaksiyası tərəfindən hazırlanmış bu kitab müasir müstəqil Azərbaycan dövlətinin banisi, ulu öndər Heydər Əliyevin əbədiyaşar xatirəsinə ithaf edilib. Təqdimat mərasimində dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları, tanınmış elm xadimləri və KİV təmsilçiləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Azərbaycan Dövlət Teleqraf Agentliyinin (AzərTAc-ın) baş direktoru Aslan Aslanov bildirib ki, bu gün biz bu salona tariximizin acı səhifələrindən biri olan 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ərəfəsində toplaşmışıq. Bildiyiniz kimi, ulu öndərimiz Heydər Əliyev 1998-ci il martın 26-da 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı xüsusi Fərman imzalamışdır. Həmin tarixdən başlayaraq hər il martın axırlarında ölkəmizin hər yerində, hər bir regionda, xarici ölkələrdə soyqırımı qurbanlarının xatirəsi dərin kədər hissi ilə anılır və bununla bağlı silsilə tədbirlər keçirilir. Tədbirdə soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
"Azərbaycanlıların soyqırımı: Tarixin qanlı salnaməsi" ikicildliyinin 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ərəfəsində işıq üzü görməsinin mühüm məna daşıdığını vurğulayan Aslan Aslanov deyib ki, bu kitabın erməni faşizminin mahiyyətini, xalqımızın əsrlər boyu məruz qaldığı qanlı qırğınların baiskarlarını və təşkilatçılarını, soyqırımı haqqında əsl həqiqətləri təkzibolunmaz faktlar əsasında geniş ictimaiyyətə çatdırmaq baxımından müstəsna əhəmiyyəti vardır. Şübhəsiz ki, bu dəyərli kitabı vərəqləyən hər bir kəs mənfur qonşularımızın xalqımızın başına gətirdiyi faciələrin tarixi köklərinə bir daha nəzər salacaq, erməni faşizminin xislətini və erməniliyin mahiyyətini dərindən dərk edəcək. Kitabda toxunulan məsələlərin əhatə dairəsinin çox geniş olduğunu görmək üçün birinci cilddəki yazıların bir neçəsinin sərlövhəsinə diqqət yetirmək kifayətdir: "Ermənilərin Azərbaycana köçürülməsi və məskunlaşması"; "Ermənilərin Osmanlı imperiyasında türklərə qarşı törətdikləri soyqırımı"; "1905-1920-ci il soyqırımları", "1948-1953-cü illərdə azərbaycanlıların Ermənistandan deportasiyası"; "Sonuncu deportasiyanın qanlı olayları", "Sumqayıt - erməni təxribatının yeni ünvanı"; "Qarabağ müharibəsinin qara salnaməsi"; "20 Yanvar faciəsi" və s.
Diqqətə çatdırılmışdır ki, kitabın ikinci cildində, əsasən qanlı hadisələrlə (20 Yanvar, Xocalı soyqırımı, ermənilərin Qubada törətdikləri qəddarlığı əks etdirən Quba kütləvi məzarlığı və s.) bağlı rəsmi xronika, BMT, AŞPA, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı tərəfindən qəbul edilmiş qərarlar, sənədlər, ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin mötəbər beynəlxalq təşkilatların tədbirlərində çıxışları, nitqləri yer alıb.
Bu yaxınlarda professor Əli Həsənovla birlikdə AzərTAc-ın xətti ilə altı dildə "Xocalı. XX əsrin soyqırımı" adlı kitabın nəşr edildiyini bildirən A.Aslanov deyib ki, bu kitab qısa bir vaxtda Xarici İşlər Nazirliyi və Diasporla İş üzrə Dövlət Komitəsinin xətti ilə dünyanın hər yerinə yayılıb.
Sonra "Azərbaycan" qəzetinin baş redaktoru, Milli Məclisin deputatı, kitabın buraxılışına məsul Bəxtiyar Sadıqov çıxış edərək Azərbaycanın müstəqillik illərində əldə etdiyi siyasi, iqtisadi və sosial uğurlardan danışıb. Natiq qeyd edib ki, son 8 il ərzində Prezident İlham Əliyevin yorulmaz səyləri nəticəsində Azərbaycan düşünülmüş davamlı və sürətli inkişaf konsepsiyasına uyğun olaraq öz imkanlarını artırıb: "Azərbaycanın dövlət büdcəsi bu müddətdə 1,2 milyard dollardan 22 milyard dollara çatıb. Qafqazın ən inkişaf etmiş, qüdrətli dövlətinə çevrilmiş Azərbaycanda güclü ordu yaradılmış və ölkəmiz dünyada söz sahibinə çevrilmişdir. Bütün bu uğurlar və nailiyyətlər bizim hər birimizi sevindirir və qəlbimizi sonsuz qürur hissi ilə doldurur. Əgər Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi olmasaydı, Azərbaycan daha möhtəşəm uğurlar qazanardı. Dövlətimiz münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həlli istiqamətində də mühüm işlər görmüşdür. Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin ideya rəhbərliyi ilə "Azərbaycanlıların soyqırımı: Tarixin qanlı salnaməsi" ikicildliyini hazırlamaq qərarına gəldiklərini söyləyən baş redaktor demişdir ki, bu işdə Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri, professor Əli Həsənov bizə yaxından kömək göstərmişdir. Görkəmli alimlərimiz də son dövrdə bu sahədə çox böyük tədqiqat işləri aparmışlar. Sanballı kitablar yazılaraq çap edilmişdir. Biz o kitablarda olan materiallardan istifadə etməklə ulu öndər Heydər Əliyevin əbədiyaşar xatirəsinə həsr olunmuş növbəti ikicildliyi ərsəyə gətirdik. Akademik Ramiz Mehdiyevin "Gorus-2010: absurd teatrı mövsümü" əsərinin kitaba ön söz kimi daxil edilməsi ikicildliyin həm nəzəri cəhətdən, həm də tarixilik baxımından dəyərinin artmasına səbəb olmuşdur."
Kitabın nəşrini tarix elmimiz üçün əlamətdar hadisə kimi qiymətləndirən Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) A.A.Bakıxanov adına Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı, AMEA-nın müxbir üzvi Yaqub Mahmudov belə bir mükəmməl əsəri ərsəyə gətirənləri təbrik edib. Alim vurğulayıb ki, başımıza gələn bəlaların əsas səbəblərindən biri də unutqanlığımız olub:
"Əslində vaxtilə tariximizi bizə zorla unutdurublar. Bizə uzun illər əsl tariximizlə başımıza gətirilən faciələrin səbəbləri və nəticələri ilə məşğul olmağa imkan verməyiblər. Müstəqilliyimizin bərpa edilməsi tariximizin qaranlıq səhifələrinə də işıq tutmağımıza imkan yaratmışdır. Əlbəttə, bu istiqamətdə hazırlanan kitabların xarici dillərə tərcümə olunmasının böyük əhəmiyyəti vardır. Ancaq bu mövzuda əsərlərin birinci növbədə Azərbaycan dilində nəşr edilməsini faydalı hesab edirəm. Çünki bu, bizə imkan verir ki, Azərbaycanın hər bir guşəsində, orta məktəblərimizdən tutmuş hər bir yerdə bu tarixi öyrənək və öyrədək."
Kitabın yaradıcı heyətinin çox çətin bir işin öhdəsindən uğurla gəldiyini deyən Y.Mahmudov bildirib ki, ulu öndər Heydər Əliyev bizdən həmişə Azərbaycanın XIX-XX əsrlər tarixini yenidən yazmağı tələb edirdi. Ümummilli liderimiz böyük tarixçi olaraq yaxşı bilirdi ki, XIX-XX əsrlərdə xalqımızın bütün faciələri Azərbaycanın iki yerə bölünməsinin səbəbləri qəsdən gizlədilib. Odur ki, ulu öndər Heydər Əliyev siyasi hakimiyyətə yenidən qayıdandan sonra elmi qüvvələri bu istiqamətdə geniş araşdırma işlərinə cəlb etdi. Ümummilli liderin "Azərbaycanlıların soyqırımı haqqında" 1998-ci il 26 mart tarixli Fərmanı bu məsələlərlə əlaqədar tarix elmimizdə yeni bir dönüş yaratdı.
Bu Fərmanda çox incə məqamların olduğunu söyləyən Yaqub Mahmudov həmin tarixi sənədin kitaba daxil edilməsini yüksək qiymətləndirərək deyib ki, ikicildlikdə XIX əsrin əvvəllərindən başlayaraq günümüzə qədər bütün tarixi hadisələr bir yerdə cəmləşdirilib. Yəni, oxucu üçün bu materialların hamısının bir əsər halında nəzərdən keçirməsi olduqca məqbuldur. Ermənilərin iki əsr boyu həyata keçirdiyi bütün terror aktlarının hamısı tarixi ardıcıllıqla kitabda verilib. İşğal olunan torpaqlarımızda məhv edilmiş maddi mədəniyyət abidələrimizin hamısı bu əsərdə çox mükəmməl şəkildə əks olunub. Ona görə də bu, həqiqətən qiymətlidir. Akademik Ramiz Mehdiyevin "Gorus-2010: absurd teatrı mövsümü" əsərinin kitaba daxil edilməsi onun əhəmiyyətini daha da artırmışdır. Kitabın ərsəyə gəlməsində professor Əli Həsənovun əməyini xüsusi qeyd edən Yaqub Mahmudov demişdir ki, bu kitab vətəndaşlıq mövqeyinin göstəricisidir.
Tədbirdə çıxış edən Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib ki, biz bu günümüz və sabahımız üçün çox əhəmiyyətli bir kitabın təqdimat mərasimində iştirak edirik. Çünki kitab, ilk növbədə artıq əsrlərdir ki, bizim hər birimizi düşündürən bir suala cavab verir. Nə üçün vaxtaşırı Azərbaycan xalqına qarşı soyqırımları təşkil edilir, nəyə görə Azərbaycan xalqına daim layiq olduğu yeri tutmağa maneçilik törədilir? Kitabdakı yazılar, sənədlər və eyni zamanda, araşdırmalar bu suala çox dəqiq cavab verir. Azərbaycan xalqı öz tarixi torpağında vaxtaşırı etnik təmizləmələrə və soyqırımlarına məruz qalıbdır. Bu gün biz soyqırımı dedikdə təkcə XX əsr tariximizi araşdırmağımız düzgün deyildir. Əslində bu soyqırımı əsrlərdir davam edir. XIX əsrdə Türkmənçay və Gülüstan müqavilələrindən sonra Azərbaycan xalqına qarşı bu soyqırımı daha da güclənib.
Xalqımızın 200 illik tarixinə həsr edilmiş "Azərbaycanlıların soyqırımı: Tarixin qanlı salnaməsi"nin məziyyətlərindən söz açan Milli Məclisin deputatı, tarix elmləri doktoru, professor Fəzail İbrahimli bildirib ki, ümummilli lider Heydər Əliyevin əbədiyaşar xatirəsinə həsr edilmiş bu nəşrin ilk səhifəsində kitabın qayəsi, ideyası öz əksini tapıb. Kitabda Heydər Əliyevin belə bir fikri xüsusi vurğulanıb: "Azərbaycan xalqına qarşı törədilmiş soyqırımın ifşa edilməsi sahəsində Azərbaycan xalqı çox iş görüb". Lakin dövlətimizin, xalqımızın, eləcə də xaricdə yaşayan Azərbaycan icmasının qarşısında daha ciddi vəzifələr durur. Soyqırımının təşkilatçılarını və ideoloqlarını ifşa etmək Azərbaycan xalqının, onun hər bir vətəndaşının ən vacib vəzifələrindən biridir. Məhz bu vəzifələrin həyata keçirilməsi müstəvisində baxsaq, kitabın böyük əhəmiyyət daşıdığını görərik. Akademik Ramiz Mehdiyevin ideya rəhbərliyi və professor Əli Həsənovun redaktorluğu altında böyük bir kollektivin gördüyü iş öz bəhrəsini vermişdir. Bu gün biz bu bəhrədən danışırıq.
Müzakirəsi keçirilən kitabı bugünkü ictimai, siyasi, fəlsəfi fikrimizin ən vacib təzahürü kimi dəyərləndirən Bakı Slavyan Universitetinin rektoru, AMEA-nın müxbir üzvi Kamal Abdullayev bildirib ki, əsərlə ilk tanışlıq belə qənaətə gəlməyə imkan verir. Kitabın birinci və ikinci hissələri nəzəri və praktiki cəhətdən bir-biri ilə son dərəcədə ciddi şəkildə uyğunlaşdırılmışdır ki, bu da onun dəyərini artıran amildir. Bundan başqa bu kitabın əsl ideyası ondan ibarətdir ki, akademik Ramiz Mehdiyevin yazdığı kimi, Gorusdakı absurd teatrı faktiki olaraq bu kitabı səhifələdikcə təkcə Gorusun deyil, bütün Ermənistanın bu gün dünyanın gözü qarşısında absurd bir teatra çevrildiyini təsdiq edir. Zənnimcə, bu, kitabın oxucuya çatdırmaq istədiyi çox incə və həssas bir məqamdır.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov yeni kitabın çapdan çıxması münasibətilə təbriklərini çatdıraraq deyib ki, Prezident İlham Əliyev Xocalı soyqırımının 20 illiyi ilə bağlı Azərbaycan xalqına müraciətində cəmiyyətimiz, dövlətimiz, xalqımız qarşısında bir neçə mühüm siyasi vəzifə qoyub. Bu vəzifələrdən də biri ondan ibarətdir ki, Xocalı soyqırımının yaddaşlarda yaşaması yetərli deyildir. Xocalı soyqırımının dünya ictimaiyyətinə çatdırılması, tanıdılması, müvafiq hüquqi qiymət verilməsinə nail olunması təkcə dövlətin deyil, bütün xalqın, Azərbaycanda və xarici ölkələrdə yaşayan azərbaycanlıların işidir. Bu sahədə kim nə bacarırsa etməlidir.
Bu baxımdan "Azərbaycan" qəzetinin mühüm bir iş gördüyünü vurğulayan şöbə müdiri deyib ki, Milli Məclisin deputatı, baş redaktor Bəxtiyar Sadıqovun rəhbərliyi ilə bu kollektiv son illərdə bu qəbildən 11-ci kitabını oxuculara təqdim edir:
"Əlbəttə, "Azərbaycan" qəzetinin əməkdaşları tarixçi deyillər. Onlar tarixçi alimlərin, ictimai xadimlərin, siyasətçilərin "Azərbaycan"ın səhifələrində getmiş yazılarını diqqətlə, qayğıkeşliklə, peşəkarlıqla toplamış, tərtib etmiş və nəticədə sanballı bir əsər yaratmağa nail olmuşlar. Azərbaycanlıların soyqırımının araşdırılması və tarixiləşdirilməsi ilə bağlı prioritetlərin ümummilli liderimiz Heydər Əliyevin 1998-ci il 26 mart tarixli Fərmanında aydın şəkildə göstərildiyini bildirən Prezident Administrasiyasının rəsmisi diqqətə çatdırmışdır ki, bu vəzifələrin yerinə yetirilməsində tarixçi alimlərimiz çox iş görüblər. Bu sahədə mətbuatın da üzərinə mühüm vəzifələr düşür. Bu baxımdan "Azərbaycan" qəzetinin fəaliyyəti digər aparıcı mətbu orqanlarımız üçün də örnək olmalıdır."
Professor Əli Həsənov deyib ki, ümummilli liderimiz Heydər Əliyevin, dövlətimizin başçısı İlham Əliyevin fəaliyyəti haqqında kitablar yazılması ilə bağlı Prezident Administrasiyasına tez-tez müraciətlər olunur:
"Biz həmin müəlliflərin yazdıqlarını oxuyuruq, təhlil edirik və əksər hallarda həmin kitabların buraxılmasına razılıq vermirik. Çünki belə kitabların fəlsəfi, siyasi, politoloji çəkisi olmur. Təəssüf ki, bəzən bu müəlliflər arasında çox hörmətli adamlarımız da olur. Demək istəyirəm ki, dövlətimizin siyasəti, ümummilli liderimizin, Prezidentimizin fəaliyyəti barədə kitablar bu gün müzakirəsinə toplaşdığımız əsər kimi hazırlanmalıdır. Bir qədər əvvəl akademiyanın Tarix İnstitutunun direktoru Yaqub Mahmudov bu tribunadan çıxış etdi. Bu tanınmış alim təvazökarlıq edərək rəhbəri olduğu institutun Azərbaycan tarixi ilə bağlı həyata keçirdiyi fundamental layihələrdən qısa danışdı. Bu institut son illər çox dəyərli əsərlər ortaya qoymuşdur. Bu əsərlərdən bir neçəsinin ərsəyə gəlməsində gənc bir iş adamının - Tale Heydərovun xidmətlərini qeyd etmək istəyirəm. Tariximizlə bağlı bir çox qiymətli sənədlər onun dəstəyi ilə dünyanın bir sıra arxivlərindən toplanaraq Azərbaycana gətirilmiş və dərc olunmuşdur. Əsl vətəndaş təəssübkeşliyi belə olmalıdır. Ümummilli liderimizin xatirəsinə ithaf olunan əsərlər bu cür yazılmalıdır. Bəli, məhz belə kitabları yazmaq lazımdır."
Milli yaddaş, bu amilin millətin və cəmiyyətin formalaşmasında rolu məsələsinə toxunan professor Əli Həsənov xatırladıb ki, başımıza gətirilən bir çox faciələrin səbəblərindən biri də unutqanlığımızdır: "Faciələrimizdən, tariximizin qara səhifələrindən dünyanın bixəbər qalmasının səbəblərindən biri də qan yaddaşımızla bağlı məsələlərlə vaxtında məşğul olmamağımızdır. Tarixdə dövlətləri, torpaqları, vətənləri olmayan ermənilər tariximizi oğurlayıb özlərinə tarix, torpaqlarımızı ələ keçirib dövlət yaratmış, mədəniyyət incilərimizi özününküləşdirərək saxta dəyərlər formalaşdırmışlar. Biz isə bunlara vaxtında əhəmiyyət verməmiş, müqavimət göstərməmişik.
Artıq müstəqil Azərbaycan dövləti bu istiqamətdə mühüm səylər göstərir. Bu işdə vəzifəsindən, ictimai mövqeyindən, siyasi baxışlarından asılı olmayaraq, hər bir azərbaycanlı dövlətimizə kömək etməli, buna hamılıqla dəstək verməlidir. Dünyanın aparıcı beyin mərkəzlərində, informasiya qurumlarında, siyasi dairələrində Azərbaycan həqiqətlərini obyektiv faktlar, tarixi dəlillər əsasında təbliğ etmək hər bir azərbaycanlının müqəddəs vətəndaşlıq borcu olmalıdır. Əmin ola bilərsiniz ki, Azərbaycan dövləti bu istiqamətdə bütün layihələri dəstəkləyib və bundan sonra da dəstəkləyəcəkdir."
Azərbaycanlıların soyqırımının tanıdılması, erməni faşizminin cinayətkar əməllərinin ifşa edilməsi ilə bağlı ümummilli liderimiz Heydər Əliyevin, Prezident İlham Əliyevin həyata keçirdikləri tədbirlərin, qəbul etdikləri qərarların tarixi əhəmiyyətindən danışan Əli Həsənov bildirmişdir ki, bu müstəvidə görülən işlər artıq bəhrəsini verməkdədir. Dünya birliyi, beynəlxalq qurumlar Azərbaycanın ərazi bütövlüyünü pozulduğunu, ermənilərin deyil, xalqımızın təcavüzə, soyqırımına məruz qaldığını etiraf edir. Artıq bir sıra dost ölkələrin parlamentləri, beynəlxalq qurumlar Xocalı faciəsini soyqırımı kimi tanıyırlar. Strateji tərəfdaşlarımız olan ölkələr Azərbaycanın sülhsevər dövlət olduğunu deyir, bölgənin inkişafına layiqli töhfələr verdiyini söyləyirlər. Bu, Azərbaycan dövlətinin yürütdüyü uğurlu xarici siyasətin nəticəsidir.
Azərbaycanın bölgədə və dünyada nüfuzunun artdığını, təcavüzkar Ermənistanın isə hər bir sahədə iflasa uğradığını qeyd edən Əli Həsənov demişdir ki, mənfur qonşularımız çirkin əməllərindən nə qədər tez əl çəksələr, bu, onların özlərinin xeyrinədir. Azərbaycan öz torpaqlarında ikinci erməni dövlətinin qurulmasına heç zaman imkan verməyəcəkdir. Biz bütün qonşularla sülh şəraitində yaşamaq istəyirik. Azərbaycanın haqq işi qalib gələcəkdir.
Çıxışının sonunda bir daha "Azərbaycan" qəzeti redaksiyası kollektivinin hazırladığı növbəti kitabın əhəmiyyətindən danışan professor Əli Həsənov bu əsərin ərsəyə gəlməsində layihənin ideya müəllifi akademik Ramiz Mehdiyevin xidmətlərini xüsusi vurğulamışdır. Şöbə müdiri demişdir ki, müasir, müstəqil Azərbaycanda ictimai fikrin formalaşmasında, ümummilli liderimiz Heydər Əliyevin dövlətçilik ənənələrinin, Prezident İlham Əliyevin genişmiqyaslı quruculuq fəaliyyətinin, demokratik vətəndaş cəmiyyəti quruculuğu prosesinin elmi-fəlsəfi istiqamətlərinin təhlili və təbliği sahəsində akademik Ramiz Mehdiyevin böyük xidmətləri vardır. Məhz onun təşəbbüsü və tövsiyəsi ilə bir sıra mühüm məsələlər ictimai fikrin müzakirəsinə çıxarılır və qiymətli nəticələr əldə edilir.
Əminəm ki, bu gün bu mərasimdə səslənən dəyərli fikirlər, irəli sürülən təşəbbüslər, qaldırılan məsələlər reallığa çevriləcək və biz yenə də belə faydalı tədbirlərin iştirakçıları olacağıq.
AzərTAc-ın materiallarından da istifadə edilərək hazırlanmış "Azərbaycanlıların soyqırımı: Tarixin qanlı salnaməsi" kitabının təqdimatına həsr olunmuş tədbirə yekun vuran Aslan Aslanov demişdir: "Hörmətli mərasim iştirakçıları, hesab edirəm ki, çıxış edənlər kitaba həqiqətən layiq olduğu qiyməti verdilər, erməni faşizminin xalqımıza qarşı apardığı soyqırımı siyasəti, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində dövlətimizin başçısının yürütdüyü məqsədyönlü siyasət barədə dəyərli fikirlər söylədilər. İcazə verin öz adımdan və sizin adınızdan belə bir uğurlu layihənin həyata keçirilməsində böyük zəhməti olan insanların hər birini təbrik edim, onlara yeni yaradıcılıq uğurları arzulayım".