"Azərbaycan xalqı tarix boyu başına gətirilən bir çox faciələri və onların səbəblərini tez unudur. Faciələrindən, tarixin qara səhifələrindən dünyanın bixəbər qalmasının səbəblərindən biri də qan yaddaşımızla bağlı məsələlərlə vaxtında məşğul olmamağımızdır". SİA-nın xəbərinə görə, bu fikirləri Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib.
O bildirib ki, tarixdə dövlətləri, torpaqları, vətənləri olmayan ermənilər Azərbaycan tarixini oğurlayaraq özlərinə tarix, torpaqları ələ keçirərək dövlət yaradıb, mədəniyyət incilərini isə özününküləşdirərək saxta dəyərlər formalaşdırıblar. Onun sözlərinə görə, bunlara vaxtında əhəmiyyət vermədiyindən, müqavimət göstərmədiyindən 200 illik tarixə malik olan ermənilər azərbaycancalılara qarşı 5 dəfə və hər biri tarixə milli faciə kimi yazılmalı olan soyqırımılar törədib.
"Bu gün bizim üçün azərbaycanlıların soyqırımı dünya tarixində heç bir cizgisi ilə yaşamır, dünya ensiklopediyalarında olmayıb. Məşhur kitabxanalarda bununla bağlı hansısa salnamə yoxdur. Yalnız qəlbimizi göynədir, amma yaddaşımıza da həkk olunmayıb. Əgər qəlbi göynədən tarix xalqın yaddaşına həkk olunmursa, o yaddaş milli iradə, fəaliyyət stimullaşdırmırsa, onun nəticəsi olaraq dünya kitabxanalarına bu hadisələr həkk olunmursa, deməli bu xalq zəif xalqdır. Ermənilər olmayan hadisələri bütün dünyanın bəlli informasiya, siyasi mərkəzlərinə yerləşdirə biliblər. Ona görə də soyqırımı ilə bağlı nəşrlərin yazılmasını, dünya ictimaiyyətinə çatdırılmasını dəstəkləməliyik", - deyə Ə.Həsənov qeyd edib.
Artıq müstəqil Azərbaycan dövlətinin bu istiqamətdə mühüm səylər göstərdiyini deyən PA-nın rəsmisi vurğulayıb ki, bu işlərə vəzifəsindən, ictimai mövqeyindən, siyasi baxışlarından asılı olmayaraq, hər bir azərbaycanlı kömək etməli və buna dəstək verməlidir. Onun fikrincə, dünyanın aparıcı beyin mərkəzlərində, informasiya qurumlarında, siyasi dairələrində Azərbaycan həqiqətlərini obyektiv faktlar, tarixi dəlillər əsasında təbliğ etmək hər bir azərbaycanlının müqəddəs vətəndaşlıq borcu olmalıdır: "Azərbaycan dövləti bu istiqamətdə bütün layihələri dəstəkləyib və bundan sonra da dəstəkləyəcək. Azərbaycanlıların soyqırımının tanıdılması, erməni faşizminin cinayətkar əməllərinin ifşa edilməsi ilə bağlı ümummilli liderimiz Heydər Əliyevin, Prezident İlham Əliyevin həyata keçirdikləri tədbirlərin, qəbul etdikləri qərarların tarixi əhəmiyyəti var. Bu müstəvidə görülən işlər artıq öz bəhrəsini verməkdədir. Bütün bunlar isə Azərbaycan dövlətinin yürütdüyü uğurlu xarici siyasətin nəticəsidir. Mənfur qonşularımız olan ermənilər çirkin əməllərindən nə qədər tez əl çəksələr, bu, onların özlərinin xeyrinədir. Azərbaycan öz torpaqlarında ikinci erməni dövlətinin qurulmasına heç zaman imkan verməyəcək. Biz bütün qonşularla sülh şəraitində yaşamaq istəyirik. Azərbaycanın haqq işi qalib gələcək".