Müxalifət nümayəndələrinin uzun zamandan bəri pafoslu çıxışlarla hazırlaşdıqları 8 aprel aksiyası uğursuzluqla başa çatdı. Növbəti dəfə uğursuzluğa düçar olan müxalifət nümayəndələri, hər zaman olduğu kimi, məğlubiyyətləri ilə barışa bilmirlər. Müxtəlif çıxışlarla məğlubiyyətlərini gülüncləşdirən radikallar bəhanələrə əl atırlar. Amma xalqın gözünün tərəzi olduğu və Azərbaycan vətəndaşlarının hansı təfəkkürə malik olduqları özünü hər dəfə büruzə verir. Dünən yaşananlara, nəticələra, əsassız bəhanələrə və bir çox digər baş verənlərə YAP İcra katibinin müavini Mübariz Qurbanlı aydınlıq gətirib.
- Ərəb baharından ruhlanan müxalifət nümayəndələri möhtəşəm aksiya keçirməyi planlaşdırırdılar. Lakin hər zamankı kimi bu dəfə də iddialar alt-üst oldu. Bundan sonra müxalifətin siyasi gündəmdə qalması nə dərəcədə realdır?
-Müxalifətin "İctimai Palata"da birləşən nümayəndələri hay-küylü bəyanatlar verir, müxtəlif iddialarla çıxış edirlər. Guya cəmiyyətdə narazıların sayının çoxaldığını söyləməklə onları ətraflarına toplayaraq, hakimiyyətə qarşı böyük aksiyalar keçirəcəklərini vəd edirlər. Lakin hər dəfə verdikləri vədə, qaldırdıqları məsələlərə, söylədikləri fikirlərə baxmayaraq, aksiyaları onları birmənalı şəkildə iflasa uğradır. Dünən "İctimai Palata" adlanan qurumun keçirdiyi aksiya tamamilə iflasa uğradı. Çünki əvvəlcədən belə fikirlər səsləndirilirdi ki, guya cəmiyyətin müxtəlif təbəqələri bu aksiyaya qatılacaq, ayrı-ayrı şəxslər adından mətbuat orqanlarında çağırışlar səsləndirir, müsahibələr işıqlandırırdılar. Lakin dünənki hadisələr göstərdi ki, Azərbaycan vətəndaşları "İctimai Palata" adlanan qurum və orada birləşən şəxsləri müdafiə etmir. Bu gün xalq ölkədə gedən ictimai-siyasi sabitliyi müdafiə edir, seçicilər ölkə Prezidentinin siyasi xəttini dəstəkləyir, xalqla hakimiyyət arasında güclü vəhdət mövcuddur. Ona görə də "İctimai Palata" adlanan qurum partiya adlanan, lakin dərnək səviyyəsindən uzağa gedə bilməyən müxtəlif dairələri özündə birləşdirsə də, onlar ictimai rəyə təsir etmək imkanına və gücünə malik deyillər. Hakimiyyət tərəfindən bu mitinqə razılıq verilməsinə və mitinqin keçirilməsinə heç bir əngəl törədilməməsinə baxmayaraq, orada təxmin 1200 iştirakçı vardı. İndi də müxalifət nümayəndələri belə iddialarla çıxış edirlər ki, guya əraziyə vətəndaşların gəlməsinə əngəl törətmək üçün hakimiyyət ictimai nəqliyyatın işinə mane olub. Əlbəttə, bunlar tamamilə ağ yalandır. Mitinqə yaxın və mitinq ərəfəsində ictimai nəqliyyatın işində heç bir əngəl törədilməyib və tam formada qrafik üzrə işləmələri üçün, hər zaman olduğu kimi, şərait yaradılıb. Maraqlı və gülməli məqam burasındadır ki, müxalifətin dediyi ağ yalanları araşdırmağa ehtiyac yoxdur. Onlar özləri öz dediklərini ortaya çıxara bilirlər. Məsələn, həm deyirlər ki, mitinqin keçirilməsinə və nəqliyyatın işinə əngəl törədilib, həm də deyirlər ki, mitinq yüksək səviyyədə keçirilib və 10 min nəfər iştirak edib. Bu məqamda ortaya belə bir sual çıxır ki, əgər nəqliyyatın hərəkəti dayandırılıbsa, 10 min nəfər ora uçaraqmı gedib? Elə bu sual da hər şeyi aydın görməyə kifayət edir. Onlar istədikləri sayda vətəndaşın gəlmədiyini gördüklərindən müxtəlif bəhanələrlə sığortalanmağa çalışırlar. Ancaq onların təfəkkür süzgəci o qədər zəif işləyir ki, öz danışdıqları ilə yalanlarını ifşa edirlər. Digər tərəfdən də 10 min nəfərin iştirak etdiyini deməklə, əslində, müşahidəçi jurnalistlərə hörmətsizlik etmiş olurlar. Mən özüm yolüstü mitinqi müşahidə etmə imkanı qazandım. Orada jurnalistlər və polislərlə birgə ən çox 1200 nəfər olardı. Bütün bunları bir daha göz önünə gətirərək, tam surətdə dünənki mitinqin iflasa uğradığını deyə bilərik. Bu da "İctimai Palata" adlanan qurumun ətrafına heç bir qrup yığa biləcək iqtidarda olmadığını növbəti dəfə göstərdi. Bütün bunlarla yanaşı, müxalifətin nəyə görə icazəli mitinqlərdən qaçdığını da anlamaq çətin deyil. Çünki onlar icazəli getdikləri yerlərdə biabır olacaqlarını bilirlər. Onların mitinq taktikasında mitinq keçirmək deyil, mitinq adı altında imitasiya yaradaraq özlərinin mövcudluqlarını göstərməyə çalışırlar.
-Müxalifət nümayəndələri Bakıda keçiriləcək "Eurovision-2012" Mahnı Müsabiqəsi ərəfəsində xarici dairələrin diqqətini çəkməyə çalışırlar. Bu mənada, demək olarmı ki, erməni lobbisi ilə radikal müxalifətin Azərbaycan əleyhinə iş birliyində maraqaları üst-üstə düşür?
-Bilirsiniz, Azərbaycan bölgədə lider dövlətdir və sürətlə inkişaf etməkdədir. Bu inkişafdan da ən böyük narahatçılıq keçirən ölkə Ermənistandır. Çünki Ermənistan üçün Azərbaycanın inkişafı təhlükədir. Təbii ki, bölgədə bəzi dairələr var ki, onlar da Azərbaycanın sürətli inkişafına əngəl olmaq istəyirlər. Dünyada erməniləri bu və ya digər məqsədlər üçün dəstəkləyənlər var və bu dövlətlər səviyyəsində olmasa da, ayrı-ayrı qurumlar və dairələr səviyyəsində özünü büruzə verir. Bu da erməni lobbisinin dünyada ayrı-ayrı siyasətçilərlə bağlı olması ilə izah edilə bilər. Lakin Azərbaycanın inkişafını dünyada heç kim dayandıra və ya bu prosesə əngəl ola bilməz. Avronest Parlament Assambleyasının Azərbaycanda keçirilən iclasında çıxış edən dövlət başçısı İlham Əliyev də, bütövlükdə, Azərbaycanın beynəlxalq aləmdəki vəziyyətini, Ermənistan istisna olmaqla, dünya ölkələri ilə qarşılıqlı əlaqələri ictimaiyyətin diqqətinə çatdırdı. Əlbəttə, "Eurovision" Mahnı Müsabiqəsinin Azərbaycanda keçirilməsi Ermənistana siyasi-ideoloji cəhətdən ağır zərbədir. Ümumən, Azərbaycanın ev sahibliyi etdiyi bütün beynəlxalq tədbirlər Ermənistan diplomatiyasına siyasi zərbə endirir. Ona görə də erməni və ermənipərəst qüvvələr çalışırlar ki, Azərbaycanın beynəlxalq nüfuzunun artmasına mane olsunlar. Lakin unutmaq lazım deyil ki, bu müsabiqəyə heç kəs mane ola bilməz. Bu müsabiqə Bakıda keçiriləcək və hazırlıqlar yüksək səviyyədə başa çatdırılmaq üzrədir. Təəssüf doğuran, sadəcə, bizim içimizdən olan bəzi qruplaşmaların "Bu ölkə üçün nə qədər pis olsa, bizim üçün o qədər yaxşıdır" prinsipi ilə fəaliyyət göstərmələridir. Yəni Azərbaycan hakimiyyətinə ziyan vurmaq və uğurları gözdən salmaq üçün qısqanclıqla yanaşır və düşmənlə sinxron şəkildə fəaliyyət göstərirlər. Biz dəfələrlə radikal müxalifət nümayəndələrinin xarici təşkilat rəhbərləri ilə görüşlər zamanı ölkəmizin maraqlarına zidd bəyanatlar verdiklərinin şahidi olmuşuq. Lakin bütün bunlar faydasız və nəticəsizdir. Hər şey göz qabağındadır. Xalq tərəfindən qəbul olunmayan fikirlər də öz əksini tapır. Radikal müxalifətin Azərbaycanın inkişaf sürətini dayandırmaq yox, heç mane olmağa belə kifayət edəcək gücləri yoxdur. Ümumiyyətlə, milli maraq hamımızın marağıdır və bu, hər bir Azərbaycan vətəndaşı üçün əhəmiyyətli olmalıdır. Lakin təəssüf ki, biz çox vaxt radikal müxalifət nümayəndələrində bu marağa uyğun olmayan davranışların şahidi oluruq.
-Almaniyanın ölkəmizdəki səfirinin, eləcə də, Xarici İşlər Nazirliyinin rəsmisinin radikal müxalifətlə işbirliyinə getməsi və Almaniya hökumətinin Azərbaycanla insan haqlarına dair dialoqa başlamaq kimi qıcıqlandırıcı təklif irəli sürməsi nə ilə bağlıdır?
-Ümumiyyətlə, Azərbaycanda ayrı-ayrı ölkələrin səfirlikləri fəaliyyət göstərir. Bu səfirliklərin fəaliyyətləri isə beynəlxalq konvensiyalarla tənzimlənir. Həmin beynəlxalq konvensiyalara Azərbaycan da daxil olmaqla bir çox dünya ölkələri qoşulublar. Hər bir ölkədə xarici ölkələrin qurumları, səfirlikləri, təşkilatları təmsil olunduqları ölkənin qayda-qanunlarına əməl etməli və beynəlxalq hüquq normalarına riayət etməlidirlər. Hər bir ölkədə olduğu kimi, eləcə də, Azərbaycanda fəaliyyət göstərən bütün ölkələrin səfirlikləri və xarici təşkilatları ölkə vətəndaşları, qeyri- hökumət təşkilatları ilə görüşə bilər. Lakin burada bir məqam var ki, təmsil olunduqları ölkədə keçiriləcək istənilən tədbirlərlə bağlı məlumat verilməlidir. Biz o zaman irad tutub fikir bildiririk ki, görüşlər qapalı keçirilir və məlumat verilmir. Çünki görüşlər açıq və ictimaiyyətin məlumatı çərçivəsində keçirilməlidir. Almaniya ilə Azərbaycan arasında siyasi-iqtisadi əlaqələr yüksək səviyyədədir. Almaniya mətbuatında yayılan bəzi məlumatlara gəldikdə isə, ilk olaraq qeyd edim ki, Almaniya çox böyük dövlətdir və burada müxtəlif dövlətlərin maraqlarını əhatə edən mətbuat qruplaşmaları mövcuddur. Ona görə də biz Almaniya mətbuatında yazılan hər məlumatı Almaniya hökumətinin mövqeyi hesab etmirik. Biz düşünürük ki, Almaniyada Azərbaycan əleyhinə yayılan bütün qərəzli məlumatlar bu ölkədə olan bəzi qrupların məhdud eqoist maraqlarının nəticəsidir. Bütövlükdə, Almaniya səviyyəsində Azərbaycanın radikal müxalifətinin müdafiə olunması ehtimalı isə sıfıra bərabərdir. Bizimlə münasibət quran heç bir ölkə daxili işlərimizə müdaxilə etmir və edərsə, Azərbaycan buna adekvat cavab verər.
GÜNAY MƏMMƏDOVA