PDF Oxu

Əsas

  • 21

Gennadi Şmal: “Prezident İlham Əliyevin üstünlüyü onun uzaqgörən olmasıdır”

Gennadi Şmal: “Prezident İlham Əliyevin üstünlüyü onun uzaqgörən olmasıdır”

Rusiya Neft-Qaz Sənayeçiləri İttifaqının prezidenti Gennadi Şmal AzərTAc-a məxsusi müsahibəsində deyib: "Mən Azərbaycanın enerji siyasətini uğurlu və savadlı siyasət kimi qiymətləndirirəm və heç şübhəsiz, Azərbaycanın bu sahədə bugünkü uğurları ilk növbədə onunla əlaqədardır ki, Prezident İlham Əliyev bu sahəni çox gözəl bilir və onun inkişafı üçün şərait yaradır".

G.Şmalın fikrincə, Azərbaycan öz dövlət müstəqilliyini bərpa edəndən sonrakı 20 il ərzində ölkədə neft-qaz sənayesi çox yaxşı inkişaf edir. O deyib: "İllik neft hasilatının 50 milyon tona yaxın olması çox yaxşı göstəricidir. Mən Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin bir fikrini tez-tez sitat gətirirəm. O deyirdi ki, Azərbaycan nadir neft və qaz ehtiyatlarına malikdir. Həmin ehtiyatlar sayəsində bu gün Azərbaycan xalqı firavan yaşayır və yəqin ki, gələcəkdə də belə olacaq. Düzdür, bu sözlər Rusiyada verilən bəzi qiymətlərdən bir qədər fərqlənir. Burada bəzən hansısa neft lənətindən, xammal asılılığından danışırlar. Şəxsən mən belə hesab edirəm ki, Azərbaycan hakimiyyətinin bu gün ölkədə neft-qaz kompleksinin inkişafı istiqamətində yeritdiyi fəaliyyət xətti olduqca qanunauyğundur və hər vasitə ilə dəstəklənməyə layiqdir".

Gennadi Şmal onu da qeyd edib ki, sənaye üsulu ilə neft hasilatının 150 ilə yaxın tarixi vardır. O deyib: "Buna görə də təsadüfi deyildir ki, Bakının adı çəkiləndə ilk növbədə neft hasilatı yada düşür. Sovet illərində ikinci Bakı, daha sonra üçüncü Bakı-Tümen neft yataqları işlənildi. Lakin Bakı həmişə birinci olub. O, etalondur. Bu gün də Azərbaycanın neft-qaz sənayesi çox uğurla inkişaf edir və yeniliklər kifayət qədər çoxdur".

Rusiyanın görkəmli neftçisi xüsusi vurğulayıb ki, Azərbaycanın bu sahədə siyasəti çox savadlı qurulub. Çünki Prezident İlham Əliyev bu sahəni gözəl bilir. O, Dövlət Neft Şirkətində işləyib. G.Şmal deyib: "Dövlətə, yaxud nazirliyə və ya iri şirkətə əsl peşəkarın rəhbərlik etməsi çox yaxşı haldır. Onda inkişaf tamam başqa yolla gedir. Təəssüf ki, bu gün bizim nazirliklərdə və idarələrdə bu çatışmır. İlham Əliyev bu problemlərə həm daxildən bələddir, həm də bu sahəni dəstəkləyir, onun inkişafına şərait yaradır, çünki ölkə iqtisadiyyatının gələcəyi, yeni texnologiyalar yaradılması, yeni yataqların işlənməsi bundan asılı olacaq. Bu baxımdan Azərbaycan hökumətinin seçdiyi yol hər cür tərifə və dəstəklənməyə layiqdir". Gennadi Şmal enerji sahəsində Rusiya-Azərbaycan əməkdaşlığının inkişaf perspektivlərini şərh edərək deyib: "Bizim qarşılıqlı əməkdaşlıq potensialımız çox yüksəkdir, lakin bir sıra səbəblər üzündən bu gün həmin potensialdan tam istifadə edilmir".

Rusiya Neft-Qaz Sənayeçiləri İttifaqının prezidenti Gennadi Şmal sonda deyib: "Əminəm ki, Azərbaycan və Rusiya Avropanı və digər ölkələri neft və qaz ilə təmin etmək üçün kifayət qədər ehtiyatlara malikdir. Mənim fikrimcə, neft-qaz layihələrini birgə inkişaf etdirmək üçün qüvvələri daha artıq birləşdirmək lazımdır".

Digər xəbərlər