Aprelin 6-dan 8-nə kimi Budapeştdə "Mən gənc səfirəm" ASAİF Forumu çərçivəsində Azərbaycanın müxtəlif ölkələrindəki səfirləri ilə xaricdə təhsil alan və məzun olmuş azərbaycanlı gənclər arasında görüş olub. Görüşün iştirakçısı Azərbaycan Dövlət İdman Akademiyasının gənclərlə iş üzrə prorektoru, YAP Nərimanov rayon təşkilatının gənclər birliyinin sədri Yusif Babanlı "Səs" qəzetinə görüşlə bağlı təəssüratlarını bölüşdü:
- ASAİF-in "Mən gənc səfirəm" adlı 3 gün davam edən Budapeşt forum çərçivəsində Azərbaycanın müxtəlif ölkələrindəki səfirləri ilə gənclər arasında görüş keçirildi. Görüşdə Azərbaycanın Macarıstandakı səfiri Vilayət Quliyev, Almaniyadakı səfiri Pərviz Şahbazov, Litvadakı səfiri Həsən Məmmədzadə, Avstriyadakı səfiri Qalib İsrafilov , İtaliyadakı səfiri Vaqif Sadıxov, Böyük Britaniyadakı səfiri Fəxrəddin Qurbanov, Polşadakı səfiri Həsən Həsənov və Ukraynadakı səfiri Eynulla Mədətli iştirak etdilər. Qeyd edim ki, görüş çərçivəsində geniş və yaddaqalan tədbirlər keçirildi. Forumda iştirak edən səfirlər çıxış edərək, belə görüşlərin keçirilməsinin böyük əhəmiyyət kəsb etdiyini vurğuladılar. Qeyd etdilər ki, gənclərimiz intellektual, geniş dünyagörüşünə malik, təhsil aldıqları sahənin dərinliklərinə yiyələnməklə vətənimiz Azərbaycan naminə yorulmadan çalışmalıdırlar. Həmçinin, aktiv gənclərin Azərbaycanın gələcəyinə yönəlmiş böyük potensial olduğunu da diqqətə çatdıran səfirlər onu da vurğuladılar ki, hansı ölkədə təhsil almalarından asılı olmayaraq mənsub olduqları ölkə haqda dərin biliklər, geniş dünyagörüşü olan gənclərə gələcək diplomat kimi yetişməkdə yardımçı olacaq. Bir məsələni də vurğulayım ki, forum zamanı bir daha aydın oldu ki, bu gün Ukraynada üç min, Böyük Britaniyada mindən artıq tələbə təhsil alır. Biz gənclər bu məlumatdan çox sevindik və qürur duyduq. Çünki belə tələbələrin sayının getdikcə artması Azərbaycanımızın gələcəyinə xüsusi bir töhfədir. Məhz bu gənclər vətənə döndükdən sonra yeni ideyaları, müxtəlif layihələri və əldə etdikləri bilikləri ilə ölkəmiz üçün yeniliklər etmiş olacaqlar. Gənclər onları maraqlandıran suallar verdilər, diaspora işinin yüksək səviyyədə qurulması üçün görülən işlər barədə diplomatlarımızdan tövsiyələr aldılar. Qeyd edim ki, forum çərçivəsində təhsil sahəsində əməkdaşlığın perspektivləri ilə bağlı görüş keçirildi. Görüşdə çıxış edən təhsil naziri Misir Mərdanov Azərbaycanda təhsil sahəsinə göstərilən dövlət qayğısından danışdı. Nazir bildirdi ki, Azərbaycanda gənclər siyasəti, gənclərə dövlət qayğısı, gənclərin inkişafı, gənclərin sağlam həyat tərzinin təşkili daim dövlətin diqqət mərkəzində olub. Ümummilli Lider Heydər Əliyev gənclərin vətənpərvərlik hisslərinin inkişafı, onların vətənpərvərlik ruhunda tərbiyələnməsi və ümumiyyətlə, dünya gəncliyinin proqressiv hissəsinə çevrilməsi üçün mühüm işlər görüb. Məhz Ümummilli Liderin təşəbbüsü ilə Azərbaycanda ilk dəfə Gənclər Günü qeyd edilib və "Gənclər siyasəti haqqında" qanun qəbul olunub. Forum iştirakçılarına bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla və ardıcıl şəkildə davam etdirildiyi və gənclərin inkişafı üçün genişmiqyaslı layihələrin həyata keçirildiyi vurğulandı. Qeyd olundu ki, ölkəmizin təhsil sistemində əldə etdiyi uğurların nəticəsidir ki, bu gün gənclərimiz xaricdə təhsil alır. Həmçinin, görüşdə Macarıstanın müxtəlif ali təhsil ocaqları barədə də məlumat verildi.
Görüşdə Gənclər və İdman Nazirliyi tərəfindən Macarıstanın ali məktəb tələbələri arasında müstəqilliyimizin 20-ci ildönümü münasibəti ilə keçirilmiş "Mən Azərbaycan haqqında nə bilirəm" esse müsabiqəsinə təqdim edilmiş materiallardan hazırlanan "Azərbaycan macar gənclərinin gözü ilə" kitabının təqdimatı da oldu.
Səfirlər, gənclərə ənənələrini, dillərini, tarixlərini unutmamalarını tövsiyə etdilər. Sonda forum iştirakçıları və səfirlər bu gün təhsil alan hər bir gəncin sabahın Azərbaycanı üçün potensialı olduğunu qeyd edərək, bunu vacib amil kimi dəyərləndirdilər.
R.KAMALQIZI