Siyasi partiyalar dövlət büdcəsindən maliyyələşdiriləcək. Bununla əlaqədar "Siyasi partiyalar haqqında" Qanuna əlavələr və dəyişikliklər olunacaqdır. Qanun layihəsi Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin aprelin 10-da keçirilmiş iclasında müzakirə olunmuşdur. Komitənin sədri Əli Hüseynli demişdir ki, hazırda qüvvədə olan "Siyasi partiyalar haqqında" Qanun 1992-ci ildə qəbul edilmişdir. Artıq bu qanun günün tələblərinə tam cavab vermir. Ona görə də ATƏT-in Bakı ofisinin, mütəxəssislərin və siyasi partiyaların nümayəndələrinin iştirakı ilə qanuna əlavələr və dəyişikliklər hazırlanmışdır.
Layihənin müzakirəsi zamanı Yeni Azərbaycan Partiyası Sədrinin müavini-İcra katibi, Milli Məclisin deputatı Əli Əhmədov demişdir ki, qanuna təklif olunan dəyişikliklər Azərbaycanda həyata keçirilən hüquqi, siyasi islahatların tərkib hissəsidir. Azərbaycan dövləti siyasi partiyalara göstərdiyi dəstək siyasətini daha da genişləndirir. Bu dəyişikliklər siyasi partiyaların fəaliyyətinin səmərəliliyinin artmasına, bəzi amillərdən asılılığın azalmasına səbəb olacaqdır.
Sonra o layihədəki bəzi maddələrlə bağlı təkliflər vermişdir. Müzakirələr zamanı bildirilmişdir ki, qanuna təklif olunan əsas dəyişikliklərdən biri partiyaların dövlət büdcəsindən maliyyələşməsi ilə bağlıdır. Layihədə deyilir ki, siyasi partiyalar dövlət büdcəsindən maliyyələşdiriləcəkdir. Lakin bu dəyişiklik bütün siyasi partiyalara şamil edilməyəcəkdir. Belə ki, siyasi partiyalar seçkilər zamanı yığdıqları səslər və deputat mandatlarının sayından asılı olaraq dövlət büdcəsindən maliyyə ala biləcəklər. Dəyişikliklərə əsasən, maliyyə vəsaitinin ümumi məbləğinin 10 faizi seçkilərdə az səs toplamış siyasi partiyalar üçün nəzərdə tutulmuşdur. Belə ki, irəli sürdüyü namizədlər Milli Məclisə keçirilən son seçkilərdə etibarlı səslərin azı 3 faizini qazanan, lakin parlamentdə təmsil olunmayan siyasi partiyalar arasında qazanılan səslərin sayına proporsional olaraq bölünəcəkdir. Büdcə vəsaitinin 40 faizi parlamentdə təmsil olunan siyasi partiyalar arasında bərabər paylanacaqdır. Qalan maliyyə vəsaitinin 50 faizi isə Milli Məclisə seçilən deputatların sayına proporsional olaraq bölüşdürüləcəkdir.
Siyasi partiyalar Milli Məslisə keçirilmiş son seçkilərdə siyasi partiyalar bloku tərkibində iştirak etdikdə, vəsait qeyd olunan qaydada hər bir siyasi partiyaya ayrıca verilir. Siyasi partiyalar hər il müvafiq icra hakimiyyəti orqanına illik maliyyə hesabatları təqdim edəcəklər. Üzvlük haqqı ödəyən partiya üzvlərinin sayı da maliyyə hesabatında göstərilməlidir. Partiyalar vəsaitdən imtina etdikdə məbləğ dövlət büdcəsinə qaytarılır.
Siyasi partiyaların ianə qəbul etmək hüququ da saxlanılır. Lakin siyasi partiyaların ayrı-ayrı dövlət, bələdiyyə orqanları, xarici dövlət və xarici hüquqi şəxs, əcnəbi və vətəndaşlığı olmayan şəxs, yetkinlik yaşına çatmayan, hərbi hissə, ictimai birlik, fond, dini qurum və hüquqi şəxs tərəfindən maliyyələşdirilməsi, ianələr qəbul etməsi qadağandır. Siyasi partiya yaratmaq üçün isə ən azı 5 min imza toplanmalıdır. Qanunvericilikdəki dəyişikliklər həmçinin, siyasi partiyalar qarşısında müəyyən vəzifələr də qoyur. Belə ki, siyasi partiyaların fəaliyyətinin formaları barədə maddədə qeyd edilir ki, partiyalar vətəndaşlar arasında maarifləndirmə işi aparmalıdırlar. Sonra parlamentdə təmsil olunan siyasi partiyaların nümayəndələri layihə ilə bağlı çıxış etmişlər.
Siyasi partiyalara maliyyə dəstəyinin göstərilməsinin bəzi ölkələrdə həyata keçirildiyini vurğulayan deputatlar Azərbaycanda da bu qaydanın tətbiqini müsbət qiymətləndirmişlər. Deputatlar bir sıra rəy və təkliflər də səsləndirmişlər. Sonra gündəlikdəki digər qanun layihələrinə baxılmış, müvafiq qərar qəbul olunmuşdur.
RƏFİQƏ