PDF Oxu

Əsas

  • 10

“Siyasi partiyalar haqqında” yeni qanun layihəsi siyasi islahatların mühüm tərkib hissəsidir

“Siyasi partiyalar haqqında” yeni qanun layihəsi siyasi islahatların mühüm tərkib hissəsidir

Artıq uzun müddətdir ki, cəmiyyətdə siyasi partiyalarla bağlı hazırlanmış "Siyasi partiyalar haqqında" yeni qanun layihəsi ətrafında müzakirələr aparılır. Səslənən fikirlərin bir çoxu qərəzli olsa da, onlar arasında mütərəqqi və yeniliyi nəzərdə tutan təkliflər də var. Əlbəttə ki, birbaşa olaraq, cəmiyyətin, ayrı-ayrı fərdlərin, sosial qrupların səfərbər edilməsində, onların müasir, innovativ dəyişikliklərə oriyentasiya və adaptasiya olunmasında mühüm rol oynayan siyasi partiyalarla bağlı bu cür ciddi qanun layihəsinin işlənməsi bu sahədə əhəmiyyətli dəyişiklikləri reallaşdıra bilər. Məlumat üçün bildirək ki, bu qanun layihəsi Venesiya Komissiyasının ekspertləri tərəfindən də dəyərləndirilib və bu layihənin Azərbaycanın siyasi partiya sistemində əhəmiyyətli dəyişikliklərə gətirib çıxaracağına əminlik ifadə edilib...


Yeni qanun lahiyəsi mütərəqqi və mükəmməl sənəddir


Heç çəkinmədən qeyd edilməlidir ki, "Siyasi partiyalar haqqında" qanuna dəyişikliklər edilməsi barədə qanun layihəsində nəzərdə tutulan əlavə və dəyişikliklər çox mütərəqqidir və dövlətin siyasi partiyalara dəstəyini özündə ifadə edir. Qanuna təklif olunan dəyişikliklərə görə, siyasi partiya dövlət qeydiyyatına alınan zaman proqramını və sonradan həmin proqrama edilən hər hansı dəyişikliyi müvafiq icra hakimiyyəti orqanına məlumat üçün təqdim edir. Həmçinin, layihədə qeyd olunub ki, siyasi partiyaların ilk təşkilatlarının, komitələrinin və digər təşkilati strukturlarının Azərbaycanın dövlət orqanlarında fəaliyyətinə yol verilmir.

Dəyişiklikdə göstərilir ki, dövlət qeydiyyatına alınmayan siyasi partiya dövlət qeydiyyatına alınmış siyasi partiya kimi çıxış edə və ya fəaliyyət göstərə bilməz. Həmçinin, qanuna təklif olunan əlavəyə görə, dövlət və yerli özünüidarəetmə orqanlarında siyasi partiyaların təşkilatlarının yerləşdirilməsinə yol verilməyəcək. Qanuna dəyişikliklər siyasi partiyalar qarşısında müəyyən vəzifələr də qoyur. Siyasi partiyanın ali rəhbər orqanı siyasi partiyanın beş ildə bir dəfədən az olmayaraq keçirilən qurultayıdır.

Layihədə daha çox diskussiya predmetinə çevrilmiş vacib məqamlardan biri siyasi partiyaların dövlət büdcəsindən maliyyələşdirilməsi ilə əlaqədar xüsusi maddənin əlavə olunmasıdır. Belə ki, maddə 17-1 bu məsələni tənzimləyir. Partiyaların dövlət büdcəsindən maliyyələşməsi aşağıdakı qaydada təklif edilir: "17-1.1. Siyasi partiyaların fəaliyyətinin maliyyələşdirilməsi üçün hər il dövlət büdcəsindən vəsait ayrılır. Həmin vəsait dövlət büdcəsində ayrıca sətirlə göstərilir.

17-1.2. Dövlət büdcəsindən ayrılmış vəsaitin 10 faizi irəli sürdüyü namizədlər Azərbaycan Respublikasının Milli Məclisinə keçirilmiş son seçkilərdə etibarlı səslərin azı 3 faizini qazanmış, lakin Azərbaycan Respublikasının Milli Məclisində təmsil olunmayan siyasi partiyalar arasında qazanılmış səslərin sayına proporsional olaraq bölünür. Vəsaitin 40 faizi Azərbaycan Respublikası Milli Məclisində təmsil olunan siyasi partiyalar arasında bərabər, 50 faizi isə seçilmiş deputatların sayına proporsional olaraq bölünür.

17-1.3. Siyasi partiyalar Azərbaycan Respublikası Milli Məclisinə keçirilmiş son seçkilərdə siyasi partiyalar bloku tərkibində iştirak etdikdə, dövlət büdcəsindən ayrılan vəsait bu Qanunun 17-1.2-ci maddəsində nəzərdə tutulmuş qaydada hər bir siyasi partiyaya ayrıca verilir". Layihəyə əsasən vəsait rüblər üzrə bərabər hissələrlə siyasi partiyaların bank hesabına köçürüləcək. Əgər hansısa partiya bu vəsaitdən imtina edərsə, onda həmin vəsait dövlət büdcəsinə qaytarılacaq.

Göründüyü kimi, əlavə və dəyişikliklər Prezident İlham Əliyevin rəhbərliyilə ölkədə həyata keçirilən siyasi islahatların mühüm tərkib hissəsidir. Əlavə və dəyişiklikləri nəzərdə tutan "Siyasi partiyalar haqqında" yeni qanun layihəsi partiyalar arasında sağlam rəqabəti daha da gücləndirəcək, onların ictimai faydalılıq əmsalını yüksəldəcək və siyasi partiya sisteminin modernizasiyasına gətirib çıxaracaq.


Siyasi partiyalar ənənəvi libasını təzələməlidir...


Yeni qanun layihəsinə əsasən, Azərbaycan palitrasında yer almış siyasi partiyalar cəmiyyətin həyatındakı rolunu daha da artırmalı olacaq. Çünki klassik tərifinə uyğun olaraq, ətrafında eyni əqidəni, ideyanı və məqsədi mənimsəmiş insanları birləşdirən birlik kimi siyasi partiyalar dərnək, klub və s. çərçivəsindən çıxaraq, ümumrespublika təsirli təşkilatlara çevrilməlidirlər. Bəzi hallarda siyasi partiyalara sadəcə bir qurum kimi yanaşanlar, əslində, ən böyük yanlış düşüncələrini ortaya qoyurlar. Çünki siyasi partiyalar yerinə yetirdikləri funksiyalara görə, cəmiyyətin digər sosial-ictimai institutlarından fərqli olaraq, daha məsuliyyətli, effektli və geniş fəaliyyət sərgiləyirlər. Onlar nizamnamələrinə uyğun olaraq, ictimai rəyin formalaşmasına, dövlətin qanunvericilik və icra hakimiyyəti orqanlarının fəaliyyətinə, siyasi və sosial proqramlar hazırlamaq yolu ilə ölkənin daxili və xarici siyasətinin formalaşmasına təsir göstərə, öz üzvlərinin siyasi fəallığına rəvac verə, vətəndaşları öz sıralarından seçkili dövlət orqanlarına irəli sürə bilərlər və s.

Partiya yalnız seçkilərdən seçkilərə işləmək və ya 15-20 nəfərlə aksiyalar, piketlər təşkil etmək üçün formalaşdırılmır. Bu cür birlikləri, əlbəttə ki, siyasi partiya adlandırmaq da olmaz. Çox təəssüflər olsun ki, Azərbaycanda fəaliyyət göstərən bu cür partiyalar mövcuddur və onlar ölkədə sağlam rəqabətin oturuşmasına, vətəndaş cəmiyyətinin əsaslarının tam şəkildə bərqərar olmasına, siyasi sistemin daha mükəmməl mexanizm kimi formalaşmasına mane olurlar. Hazırlanmış yeni qanun layihəsinin qanun qüvvəsi almasından sonra bu cür siyasi təşkilatlar artıq ənənəvi "libasını" əsil siyasi partiya imicilə əvəzləməlidirlər. Bundan sonra siyasi partiyalar cəmiyyətin siyasi fəallığını, ayrı-ayrı fərdlərin, sosial qrup və təbəqələrin siyasi düşüncə səviyyəsini yüksəldən, müxtəlif ictimai-siyasi hadisələrə adekvat reaksiya verən toplumu formalaşdıran təşkilat xarakteri almalıdırlar. Yeni qanun layihəsinə əsasən isə, qarşıya qoyulmuş bu cür məqsədlərə çatmaq üçün siyasi partiyaların qarşısında mövcud olan maneələr aradan qaldırılacaq.


Dövlətin məqsədi plüralist siyasi partiya sistemi formalaşdırmaqdır


Bəzi hallarda müxtəlif təzyiq qruplarının maraqlarına uyğun olaraq, KİV-də əsası olmayan, subyektiv və qərəzli fikirlər də səsləndirilir. İddia edilir ki, guya Azərbaycan hakimiyyəti bununla ölkədə siyasi partiyaların fəaliyyətinə mane olmaq, məhdudiyyətlər yaratmaq niyyətindədir. Lakin yeni qanun layihəsinin müddəalarını təhlil edərkən, bir daha aydın olur ki, hakimiyyət plüralist siyasi partiya sistemi formalaşdırmaqda maraqlıdır. Hətta yuxarıda söylənilən funksiyaları effektli və sərbəst şəkildə həyata keçirməsi üçün siyasi partiyaların maliyyələşmə məsələsini də həll etməyi üzərinə götürür. Bununla Azərbaycan dövləti partiya sisteminin fəaliyyətinin daha da təkmilləşdirilməsini və onların cəmiyyətin həyatında oynadığı rolunun əhəmiyyətinin artırılmasını istəyir.

Eyni zamanda, dövlət

- siyasi partiyaların xarici qərəzli dairələrin təsiri altına düşməsinin;

- xalqa və dövlətə qarşı hansısa maraqlı dairələrin planlarının reallaşdırılmasında siyasi partiyaların alət rolunu almasının;

- partiyaların xarici maliyyə mənbələrindən asılılığının və s. qarşısını almaq niyyətindədir.


Hakimiyyət hansısa partiyaya hegemonluq vermir


Bəzi müxalifət partiyaları tərəfindən irəli sürülən qeyri-obyektiv fikirlərdən biri də guya bu sənəd Azərbaycanda hansısa bir partiyaya hədsiz üstünlük verəcək. Tamamilə yanlış olan bu cür iddialar heç bir təhlil aparılmadan inkar edilməlidir. Çünki dövlət Azərbaycanın siyasi palitrasında hansısa partiyaya hegemonluq vermir və verməyəcək də. Ona görə ki, Azərbaycan hakimiyyəti dəfələrlə ölkədə möhkəm təməli olan vətəndaş cəmiyyəti formalaşdırılmasında maraqlıdır. Bu istiqamətdə dövlət üzərinə düşən bütün siyasi, hüquqi və sosial-iqtisadi islahatları paralel şəkildə aparır. Elə bu cür sənədin də ortaya qoyulması dövlətin eyni iradəyə əsaslandığını sübut edir.

Təbii ki, bəzi partiyaların nümayəndələri, eləcə də, müxalifət qəzetləri "Siyasi partiyalar haqqında" yeni qanun layihəsinin qanun qüvvəsi almasından sonra Yeni Azərbaycan Partiyasının dövlətin ayıracağı maliyyənin böyük əksəriyyətinə sahib olacaq, digərləri isə bu ayırmalardan cüzi faydalanacaq. Əslində isə, reallıq ondan ibarətdir ki, "Siyasi partiyalar haqqında" yeni qanun layihəsində nəzərdə tutulmuş maliyyələşmə məsələsi heç YAP-ın da maraqlarına uyğun deyil. Bunu partiyanın Sədr müavini-İcra katibi, millət vəkili Əli Əhmədov da söyləyir: "Bu mexanizmin YAP-ın təmsilçisi kimi bizim maraqlarımıza müəyyən qədər uyğun olmadığını bildirmək istəyirəm. Məsələn, 10 faiz, 40 faiz, 50 faiz mexanizmi nəticə etibarilə YAP-ın parlamentdə təmsilçilik dərəcəsinə uyğun şəkildə maliyyə dəstəyi almasına imkan vermir. Bildiyiniz kimi, parlamentdə 125 nəfər deputat təmsil olunur ki, onların da 84-ü parlamentdə təmsilçilik hüququ əldə etmiş partiyaların nümayəndələridir. Həmin 84 nəfərin 71-i YAP-ın, 13-si isə parlamentdə təmsil olunan digər 11 partiyanın üzvləridir. Bütövlükdə Milli Məclisin deputatlarının 56,8 faizini YAP üzvləri təşkil edir. Amma siyasi mənsubiyyəti olan parlament üzvlərinin içərisində YAP-ın təmsilçilik dərəcəsi 84,5 faizdir. Əslində, bütün dünyada mövcud praktika nəzərə alınsaydı, onda YAP-ın maliyyələşmə baxımından dövlət dəstəyinə bəslədiyi ümid təxminən 80-84 faiz civarında olmalıydı. Qanuna təklif olunan varianta əsasən isə dövlət büdcəsindən partiyalara ayrılan maliyyə vəsaitinin 46,5 faizi YAP-ın payına düşəcək. Prinsip etibarilə konsensus variantının qəbul olunmasının tərəfdarıyam, amma bu, həddən artıq fərqli gerçəkliyə gətirib çıxaranda, burada müəyyən qədər dəyişiklik etməyə ehtiyac yaranır. Mən bu fikirləri deməklə, partiyaların dövlət büdcəsindən maliyyələşdirilməsinin əleyhinə deyiləm. Hesab edirəm ki, bu prosesin mexanizmi reallığı əks etdirməlidir. Bu maliyyələşdirmə mexanizmi nəticə etibarilə YAP-ın maraqlarının daha çox qurban verilməsinə gətirib çıxarmamalıdır".

Göründüyü kimi, "Siyasi partiyalar haqqında" yeni qanun layihəsi ölkənin siyasi palitrasında yer almış partiyaların fəaliyyətinin təkmilləşdirilməsinə, onların cəmiyyətin həyatında oynadığı rolun artırılmasına, vətəndaş cəmiyyətinin əsaslarının möhkəmləndirilməsinə və s. yol açacaq.


"Səs" Analitik qrupu

Digər xəbərlər