PDF Oxu

Əsas

  • 9

“Eurovision-2012”  Mahnı Müsabiqəsi

“Eurovision-2012” Mahnı Müsabiqəsi

"Səs" qəzetinin ölkənin ictimai-siyasi, mədəni həyatında baş verən proseslər, mühüm hadisələrlə bağlı təşkil etdiyi dəyirmi masalar artıq ənənəvi hal alıb. Dünən təşkil olunan dəyirmi masa "Eurovision-2012" Mahnı Müsabiqəsinə həsr olunmuşdur. Dəyirmi masada Azəri-Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı, Beynəlxalq Diaspora Mərkəzinin sədri İsmayıl Ağayev, "Hüquq Elmləri və Təhsil" jurnalının baş redaktoru, hüquq elmləri doktoru Cavanşir Süleymanov, Azərbaycan Jurnalist Qadınlar Assosiasiyasının sədri Sevil Yusifova, Qaçqın və Məcburi Köçkünlərə Hüquqi Yardım Mərkəzinin sədri, "Bakinski Raboçi" qəzetinin siyasi icmalçısı Tatyana Civadze, Milli QHT Forumunun İdarə Heyətinin üzvü, "Zəngin Azərbaycan Uğrunda Maarifləndirmə" İctimai Birliyinin sədri İradə Əliyeva, Milli QHT Forumu İdarə Heyətinin üzvü Əkbər Qoşalı, Yeni Yazarlar və Sənətçilər Qurumunun sədri Aydın Xan, Azərbaycanın əməkdar artisti Firuzə İbadova və dramaturq, Milli Mədəniyyətin Təbliği Mərkəzinin sədri Arif Mədətov iştirak edirdilər.

(Əvvəli ötən sayımızda)

CAVANŞİR SÜLEYMANOV:

- Xarici mətbuatda anti-təbliğat işlərini gücləndirməklə dövlətimizə qarşı iradələrini ortaya qoymağa çalışsalar da, buna nail ola bilmirlər. Müxtəlif təxribatların törədilməsi heç də Azərbaycan dövlətinin ənənələrinə, onun siyasətinə güc gələ bilməz.

"Səs"qəzetinin əməkdaşı:

- Bu gün "Eurovision-2012" Mahnı Müsabiqəsinə müxtəlif aspektlərdən nəzər salınır. Sizcə, yarışmanın siyasiləşdirilməsi nə dərəcədə doğrudur?


TÜRK DÜNYASINA DÜŞMƏN KƏSİLƏNLƏR ÜÇÜN BU MÜSABİQƏ SİYASİ İSTİFADƏ METODUNA ÇEVRİLƏ BİLƏR


İRADƏ ƏLİYEVA:

- Təbii ki, "Eurovision-2012" Mahnı Müsabiqəsi beynəlxalq mahiyyət kəsb edən bir məsələdir. Bu, təkcə Azərbaycan və azərbaycanlılar üçün deyil, bütün türk dünyası üçün əhəmiyyətlidir. Türk dünyasına düşmən kəsilənlər üçün bu müsabiqə siyasi istifadə metoduna çevrilə bilər. Onu da etiraf edək ki, yarışma mədəni hadisə olmuş olsa da, siyasi tərəfləri də mövcuddur. Belə ki, Azərbaycanın tanınması, dövlətin dünya məkanında öz potensialını, inkişafını nümayiş etdirmək üçün geniş imkanlar açılıb. Azərbaycan və Azərbaycan millətinin varlığı və necəliyi beynəlxalq yarışmadan sonra daha aydın şəkildə bəlli olacaqdır. Bu baxımdan, deyə bilərik ki, mahiyyətcə siyasi xarakter daşıyır. Bu gün daha çox "Eurovision-2012" Mahnı Müsabiqəsi ərəfəsində və yarışma çərçivəsində daha çox təxribatın törədiləcəyi ilə bağlı müxtəlif səpkili fikirlər yaranıb və bu istiqamətdə söz-söhbət mövcuddur. Bunun qarşısını necə almaq mümkündür? Mən bir təşkilatın sədri kimi deyim ki, biz sırf maarifləndirmə işi ilə məşğuluq. Belə ki, demokratik dəyərlərin təbliği və s. istiqamətdə işlər görülməkdədir. Hər kəsə bəllidir ki, dövlətimiz böyük potensiala, gücə, enerjiyə malikdir. Azərbaycan iştirakçı xarici vətəndaşların tam təhlükəsizliyinin təminatına bütün qüvvələrini səfərbər edəcək. Bu, faktdır. Kütləvi informasiya vasitələrindən və digər mənbələrdən xəbərsiz olan bir qisim təbəqələr var ki, onlar yaradılan bu şayiənin baş verəcəyinə belə inanırlar. Əhali arasında yaradılan anlaşılmazlıq bəzi hallarda vahimə, qorxu belə yaradır. Bu təhlükəsizliyin ölkəmizdə tam təmin olunması məqsədilə mütəmadi olaraq maarifləndirici verilişlərin olması düşünürəm ki, mütləqdir. Təbii ki, bu böyük bir tədbirdir və dövlətimiz, xalqımız üçün başucalığı gətirəcək, qürur mənbəyimizə çevriləcəkdir.


MÜSABİQƏ MƏDƏNİYYƏT AKTINDAN DAHA ÇOX ÖLKƏNİN HƏQİQƏTLƏRİNİ YAYMAQ İMKANINA MALİK OLAN HADİSƏDİR

ƏKBƏR QOŞALI:

- Məlum olduğu kimi, Azərbaycan ərazisi işğalda olan ölkədir. Azərbaycan xaricdə təşkilatlanmış çox güclü erməni diaspor və lobbi qrupları ilə üz-üzə qalıb. Hesab edirəm ki, "Eurovision-2012" Mahnı Müsabiqəsi zamanı mövcud olan yanlış məlumatların anlamı mahiyyət etibarilə daha çox açılmış olacaq. "Eurovision-2012" Mahnı Müsabiqəsi böyük əhəmiyyətə malik olan müsabiqədir. Bu mədəniyyət aktından daha çox ölkənin həqiqətlərini yaymaq imkanına malik olan hadisədir. Dövlətimizə səfər edəcək xarici ölkələrin təmsilçiləri bir daha Azərbaycanın qonaqpərvərliyinin, onun inkişafının əyani şahidinə çevriləcəklər. Azərbaycanın malik olduğu qədim tarixi mədəniyyəti, onun sivilizasiyası diqqətdən kənarda qalmayacaq. Hər kəs bu həqiqətləri görüb onları etiraf etməlidir. Belə ki, irəliyə doğru addımlayıb, çox qısa bir zaman çərçivəsində bir ay müddətində vətəndaşlıq mövqeyindən çıxış edib, ölkəmizə gələn qonaqları lazımi səviyyədə qarşılayıb yola salmaq imkanımızı birləşdirməliyik.


BU YARIŞMA DÜNYA MƏTBUATINDA AZƏRBAYCANLA BAĞLI ANTİ-TƏBLİĞAT KAMPANİYALARININ QARŞISINI ALMAQ ÜÇÜN GÖZƏL MƏQAMDIR

SEVİL YUSİFOVA:

- Təbii ki, "Eurovision-2012" Mahnı Müsabiqəsində iştirak edən nümayəndələr bizim dəyərli ziyalılarımızla sənət xadimləri və digər insanlarla görüşüb ünsiyyət quracaqlar. Azərbaycanın tarixinin, buradakı hadisələri gözləri ilə görəcəklər. Dünyanın müxtəlif ölkələrindən gələn kütləvi informasiya vasitələrinin nümayəndələrinin diqqətindən Azərbaycan həqiqətləri kənarda qalmayacaq. Bu yarışma dünya mətbuatında Azərbaycanla bağlı anti-təbliğat kampaniyalarının qarşısını almaq üçün gözəl məqamdır. Azərbaycan əleyhinə yazan jurnalistləri ölkəmizə dəvət edib, həqiqətlərlə onları üz-üzə qoymalıyıq. Onların hansı mənbədən qidalandıqlarını öyrənməyə çalışmalıyıq ki, müzakirələr zamanı həqiqətlər bəlli olsun. Azərbaycanın necə məmləkət olmasını, onun inkişafını görməmək artıq kor olmaq deməkdir.

HƏQİQƏTİN İZİ İLƏ REALLIQLARIN QƏLƏBƏSİNƏ NAİL OLMALIYIQ

TƏNZİLƏ RÜSTƏMXANLI:

- Müzakirələrdə iştirak etmək lazımdır. İstər bizim ziyanımıza olmuş hadisə olsun, istərsə də xeyrimizə. Biz hadisələrə aydınlıq gətirmək üçün müzakirə iştirakçısı olmalıyıq. Azərbaycan öz yolu ilə getməlidir, bütün hallarda müzakirələrdə öz mövqeyini üzə çıxarmalıdır. Dünya miqyasında ermənilərin işğalçı dövlət olması bəlli bir faktdır. Həqiqətin izi ilə reallıqların qələbəsinə nail olmalıyıq. Bunun üçün bizim dəlillərimiz, tarixi sənədlərimiz var ki, bu faktlara söykənək.


ARTIQ DÜNYA BELƏ İRİMİQYASLI TƏDBİRLƏRİN AZƏRBAYCANDA KEÇİRİLMƏSİNƏ HAZIRDIR

AYDIN XAN:

- Mənim fikrimə görə, "Eurovision-2012" Mahnı Müsabiqəsi ilə bağlı bizim kəskin problemlərimiz mövcud deyil. Azərbaycan bu günə qədər daha çox Qarabağ problemi və nefti ilə tanınıb. "Eurovision-2011" Mahnı Müsabiqəsində yer qazandığımıza görə, artıq bu miqyas daha da genişləndi. Mövcud olan əhəmiyyətli vəziyyətdən maksimum yararlanmağa cəhd göstərməyə çalışmalıyıq. Etiraf edək ki, bu gün şəhərimizə gələcək qonaqları bizim problemlərimiz bir o qədər də maraqlandırmır. Bu pop musiqisinin yarışmasıdır. Təbii ki, burada təmsilçilər gənc nəslin nümayəndələridir.

"Eurovision-2012" Mahnı Müsabiqəsi bizim üçün turizm potensialını ortaya qoymaq üçün də çox əlverişli məqamdır. "Eurovision-2012" Mahnı Müsabiqəsinin bizə nə verəcəyini və mədəniyyətimizi necə təbliğ edəcəyimizi düşünməliyik. Eyni zamanda, Bakı 2020-ci ilin olimpiya oyunlarına hazırlaşır. Bu müsabiqə bizim üçün məşqdir. Bu müsabiqə dünyanın diqqətinin Azərbaycana cəlb olunmasına yönələcək. Dünya artıq belə irimiqyaslı tədbirlərin Azərbaycanda keçirilməsinə hazırdır. Belə ki, Azərbaycan Şərq ilə Qərbi birləşdirən bir məkandır. Bütün dünyanın marağı məhz bizim ölkəmizdədir. Bu, nə qədər mədəni hadisə olmuş olsa da, siyasi hadisə olmağını da unutmamalıyıq. Müsabiqənin ölkəmizdə keçirilməsi bizim milli-mənəvi dəyərlərimizin nümayişi ilə yanaşı, çağdaş mədəniyyət və incəsənətimizin dünyaya inteqrasiyası deməkdir. Biz maksimum çalışmalıyıq ki, müsabiqənin bütün şərtlərinə əməl edək və beynəlxalq tədbir yüksək səviyyədə keçsin. Dövlətimizə məhəbbətlə yanaşmalıyıq. Müsabiqə zamanı öz qonaqpərvərliyimizi, mədəni bir dövlət olmağımızı tam şəkildə təqdim etməliyik. Bizim təşkilat "Eurovision-2012" Mahnı Müsabiqəsi ilə bağlı bir layihə həyata keçirib. Belə ki, Azərbaycan ədəbiyyatı kitabının ingilis və digər dillərdə elektron variantını hazırlayıb. Onları ebooka köçürüb gələn qonaqlara təqdim edəcəyik. Sözsüz ki, gələn qonaq kitabları deyil, məhz belə çəkisi az olan nümunələri özü ilə aparıb istifadə edəcək.


TATYANA CİVADZE:

- Bu diskussiyada müsabiqə ətrafında kifayət qədər fikirlər söylənildi, müxtəlif tərəflərdən yarışmanın mahiyyətinə nəzər salındı. "Eurovision-2012" Mahnı Müsabiqəsi ərəfəsində müxtəlif fikirlər səslənilir. Mən deyərdim ki, şəhərimizə gələcək xarici qonaqlar, ölkə təmsilçiləri Odlar Yurdunun ecazkarlığına valeh olacaqlar. Sovet məkanında uzun illər yaşayan bir ölkədəki inkişaf onların diqqətindən kənarda qalmayacaq. Nə qədər gözügötürməyən qüvvələr bu yarışma ətrafında müxtəlif fikirlər söyləsələr də, görülən işlər, təşkilati məsələlər göz qarşısındadır.


ƏGƏR DÜNYA ÖLKƏLƏRİ ARASINDA MUSİQİ MÜHARİBƏSİ OLSAYDI, MƏHZ QƏLƏBƏNİ AZƏRBAYCAN QAZANMIŞ OLARDI

FİRUZƏ İBADOVA:

- Belə bir müsabiqənin Azərbaycanda təşkil edilməsindən böyük qürur hissi keçirirəm. Azərbaycan mədəniyyəti dünyada layiqli yerini qazanıb. Azərbaycan musiqi sənəti sovet məkanında yaşadığımız illərdə belə dünya ölkələrinə yol açıb. Mən dünya şöhrətli müğənni Rəşid Behbudovla qastrol səfərlərində olmuşam. O, səhnəyə çıxarkən, ilk olaraq "Azərbaycan" mahnısını təqdim edirdi. Mahnı ifa olunduqdan sonra bütün iştirakçılar ayaq üstə dayanıb onu alqışlayırdılar. Bu mahnıdan sonra dövlətimiz haqqında xarici vətəndaşlarda böyük bir maraq oyanırdı. Demək, sənətkar gözəl mahnısını ifa etməklə bərabər, həm də dövlətini təmsil etmək gücündədir. Azərbaycan milli musiqisi o qədər güclüdür ki, deyərdim ki, əgər dünya ölkələri arasında musiqi müharibəsi olmuş olsaydı, məhz qələbəni Azərbaycan qazanmış olardı. İstənilən dövlətin musiqisi ilə müqayisədə Azərbaycan musiqisi üstündür. Dünyanın hansı bir ölkəsində oluruqsa olaq, yalnız bizim milli musiqimizə böyük diqqət yaranır. Milli musiqimiz tarixi kökləri, zənginliyi ilə dünyanı fəth edir. "Eurovision-2012" Mahnı Müsabiqəsinin də ölkəmizdə keçirilməsi təsadüfi bir hal deyil. Bu qalibiyyətin ölkəmizdə yaşanılmasının kökü məhz milli dəyərlərimizə, sənətimizə olan diqqətdən, qayğıdan irəli gəlmişdir.

İSTƏR ÖLKƏNİN ZƏNGİN MƏDƏNİ İRSİNİN NÜMUNƏLƏRİ, İSTƏRSƏ DƏ, ONUN POTENSİALININ ZƏNGİNLİYİ BELƏ MÜSABİQƏNİN KEÇİRİLMƏSİNƏ ŞƏRAİT YARADIB

ARİF MƏDƏTOV:

- "Eurovision-2012" Mahnı Müsabiqəsi bu gün gündəmdə olan məsələdir. Bu müsabiqə zamanı dünyanın 42 ölkəsini təmsil edən xarici nümayəndələr Azərbaycana gələcəklər. Azərbaycan tam hazır bir vəziyyətdə onları qarşılayacaq. Bu günlərdə "Bakı Kristall" zalının istifadəyə verilməsi və digər görülən işlər buna misaldır. Mən uzun illər bu sahə ilə məşğul olan insan kimi deyərdim ki, Azərbaycan musiqisinə, ziyalılarına qarşı təbliğat hər zaman olmuş, bu gün də mövcuddur. Hələ 1978-ci ildə Moskvada Yazıçıların İstirahət Evində görüş keçirilərkən, o zaman 40 dəqiqə məhz xalq şairi Səməd Vurğunun yaradıcılığına həsr olundu. Bu zaman bir nəfər salonu tərk etdi. Sonra öyrəndik ki, həmin şəxs erməni ziyalısıdır. Demək, erməni lobbisi hər zaman olmuş, bu gün də mövcuddur.

Bu müsabiqənin ölkəmizdə keçirilməsinin maddi və mənəvi tərəfləri var ki, hər iki cəhətdən Azərbaycan buna hazır vəziyyətdədir. İstər ölkənin zəngin mədəni irsinin nümunələri, istərsə də, onun potensialının zənginliyi belə müsabiqənin keçirilməsinə şərait yaradıb. Mən inanıram ki, Azərbaycan bu müsabiqədə də öz uğurunu sənət tariximizə yazacaqdır.


Zümrüd BAYRAMOVA,

Nəzakət ƏLƏDDİNQIZI

Digər xəbərlər