Dünən Milli Məclisin növbəti plenar iclası keçirildi. İclasın gündəliyinə salınmış, ümumilikdə 24 məsələnin böyük əksəriyyəti müxtəlif qanunlara əlavə və dəyişikliklər edilməsi layihələridir. "İnformasiya əldə etmək haqqında", "Qiymətləndirmə fəaliyyəti haqqında", "Torpaq icarəsi haqqında", "Torpaq bazarı haqqında", "Su təchizatı və tullantı suları haqqında" qanunlara, həmçinin, Mülki Prosessual Məcəlləyə, Meşə Məcəlləsinə, Torpaq Məcəlləsinə, Mülki Məcəlləyə, İnzibati Xətalar Məcəlləsinə, Vergi Məcəlləsinə, Mənzil Məcəlləsinə və s. qanunvericilik aktlarına əlavə və dəyişikliklər təklif olunur.
Millət vəkilləri tərəfindən gündəlik təsdiq edildikdən sonra cari məsələlərin müzakirəsi oldu. Müzakirələr zamanı millət vəkilləri "İctimai Palata"nın 2 aprel 2011-ci il tarixli aksiyasında tutulmuş şəxslər və "Eurovision-2012" Mahnı Müsabiqəsi ilə bağlı fikirlərini bildirdilər.
Siyavuş Novruzov: " Əli Kərimli həftə səkkiz, mən doqquz Almaniya qəzetlərinə müsahibə verir, Azərbaycanın əleyhinə iş aparır, danışır. Bir dəfə də olsun Dağlıq Qarabağın işğalından danışmır"
YAP İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov isə qeyd etdi ki, Azərbaycanda beynəlxalq səviyyəli tədbirlərin keçirilməsi müəyyən qüvvələrə sərf etmir. Millət vəkilinin sözlərinə görə, bu qüvvələr yalan təbliğat aparmaqla məşğuldurlar və ictimai-siyasi sabitliyi pozmağa çalışırlar: "Bəziləri deyir ki, "Eurovision"da həbsdə olan müxalifətçilərin şəkilləri olan köynəkləri geyinəcəyik. Nəyə görə, indiyə kimi onlar 20 Yanvar, Xocalı faciəsi zamanı qətlə yetirilənlərin, torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə şəhid olan insanların şəkillərini beynəlxalq təşkilatların, səfirliklərin qarşısında qaldırmayıblar? Axı bu insanlar Azərbaycanın müstəqilliyi uğrunda şəhid olublar. Bu, həmin qüvvələrə sərf etmir. Bəzi şəxslər bu gün mətbuat təşkilatı yaradıb beynəlxalq qurumlara yalan informasiya verirlər. Əli Kərimli Almaniya KİV-lərində çıxış edərək, Azərbaycan əleyhinə daşınır. O bir dəfə də olsun, ölkəmizin ərazi bütövlüyü məsələsinə, Dağlıq Qarabağ münaqişəsinə toxunmayıb. Bu, artıq onların kimlər tərəfindən idarə olunduğunu, hansı tapşırıqları yerinə yetirdiklərini göstərir".
S.Novruzov, həmçinin, onu da vurğuladı ki, dünyada "vicdan məhbusu" anlayışı yoxdur: "Həmin adamlar konkret cinayət törədiblər. Onlar islah olunmadıqları təqdirdə, vaxtından əvvəl azadlığa çıxmamalıdır. Bunun üçünsə lazımi yerlərə müraciətlər etməlidirlər. Yəni qanun qarşısında hamı bərabərdir və hər kəs törətdiyi cəzaya görə cəzasını çəkməlidir. Əfv olunmaq istəyənlər isə dövlət başçısına müraciət etməlidirlər". Azərbaycanda ölüm hökmünün 1998-ci ildə Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən ləğv olunduğunu deyən millət vəkilinin sözlərinə görə, bu, çox mütərəqqi addımdır. İsa Qəmbər isə prezident səlahiyyətlərini icra edən zaman Azərbaycanın daha ciddi problemləri olduğu halda, 6 nəfərin güllələnməsi haqqında sərəncam verdi. Bu gün isə belə problem yoxdur. Ölüm cəzası ömürlük həbs cəzası ilə əvəz olunub".
Oqtay Əsədov: ""Eurovision" Mahnı Müsabiqəsi çox uğurla keçəcək, istəməyənlərin arzuları gözündə qalacaq"
MM Sədri Oqtay Əsədov da millət vəkili Siyavuş Novruzovun fikirlərini dəstəklədiyini bildirdi: "Eurovision" Mahnı Müsabiqəsi Azərbaycanda çox uğurla keçəcək. Ulu Öndərin sözü ilə desək, "istəməyənlərin də arzuları gözündə qalacaq".
Ziyafət Əsgərov: "Dünyanın heç bir ölkəsinin qanunvericiliyində "vicdan məhbusu" anlayışı yoxdur"
Milli Məclisin vitse-spikeri Ziyafət Əsgərov "İctimai Palata"nın 2 aprel 2011-ci ildə həbs olunmuş üzvlərinin həbsinə münasibət bildirərkən hüquqda olmayan anlayışdan istifadə olunmasını düzgün saymadığını söylədi: "Siyasi məhbus", "vicdan məhbusu"nun hüquqi anlayışını heç kim verə bilməz. Çünki beynəlxalq hüquqda belə bir anlayış yoxdur. Bunlar hamısı uydurmadır və Azərbaycanın artan inkişafına təzyiqdir. Ölkəmizə başqa yolla təsir edə bilmədikləri üçün belə vasitələrə əl atırlar. Venesiya Komissiyasında, digər beynəlxalq təşkilatlarda hüquqşünaslarla bu barədə söhbətlərimiz olub. Biz konkret sənədlərlə, beynəlxalq hüququn işlətdiyi normativ hüquqi sənədlərlə danışmalıyıq. Xaricilərlə söhbətlərimiz zamanı onlar deyirlər ki, bu, Avropa Şurasının hüquqşünaslarının subyektiv fikirləridir. Biz də onda Azərbaycanın hüquqşünasları kimi başqa ölkələr haqqında da belə fikir deyə bilərik. Bütövlükdə isə, belə söhbətlərə hüquqşünasların da qoşulması təəssüf doğurur".
Birinci vitse-spiker Z.Əsgərov, həmçinin, bildirdi ki, "Eurovision" Mahnı Müsabiqəsi ilə yerli və xarici mətbuatda spekulyasiyalar çoxdur. Azərbaycanın bölgələrinin, o cümlədən, şəhərlərinin sosial-iqtisadi inkişafı ilə bağlı proqramların həyata keçirildiyini deyən Z.Əsgərovun sözlərinə görə, bu işlərin "Eurovision" Mahnı Müsabiqəsi ilə heç bir əlaqəsi yoxdur: "Bu işlər həmin tədbirdən sonra da davam edəcək. Amma bəzi qüvvələrin hərəkətləri bu mədəniyyət hadisəsinə kölgə salmaqdır. Bu nüfuzlu mahnı yarışmasının gənc müstəqil dövlətimizdə keçirilməsi Azərbaycan tarixində unikal hadisədir. Bundan istifadə edib ölkəmizi dünyada təbliğ etmək əvəzinə ölkəmiz haqqında mənfi imic yaratmamalıyıq. Hesab edirəm ki, vicdanı olan hər bir vətəndaş öz dövlətinin quruculuğunda daim iştirak etməlidir".
Mübariz Qurbanlı: "Ölkədəki bəzi dairələr xaricdəki müəyyən qüvvələrə qoşularaq, Azərbaycan əleyhinə fəaliyyət göstərir"
YAP İcra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı isə çıxışında Bakıda keçiriləcək "Eurovison" mahnı yarışmasının sayca 57-ci olduğunu xatırlatdı: "Biz araşdırma aparmışıq və məlum olub ki, bu tədbirin indiyə kimi keçirildiyi 56 ölkənin heç birində musiqi yarışması ərəfəsində Azərbaycanda olduğu qədər ajiotaj yaradılmayıb. Bunun səbəbi ilə bağlı Prezident İlham Əliyev çox dəqiq fikirlər söyləyib. Dövlət başçısı vurğulayıb ki, bu, Azərbaycana qarşı informasiya müharibəsinin aparılmasıdır. Çox təəssüf ki, ölkə daxilində bəzi dairələr sinxron şəkildə Azərbaycanın milli maraqlarına zidd olan qüvvələrlə birlikdə fəaliyyət göstərir. Milli maraq ən böyük anlayışdır. Bunu hər kəs bilməlidir. Musiqi yarışması da milli maraq baxımından çox böyük əhəmiyyət kəsb edir. Bu ideololoji, işğalçı Ermənistan üzərində mənəvi üstünlüyümüzü göstərən hadisədir. Bundan hər bir azərbaycanlı qürur duymalıdır".
Sonda hər üç məcəlləyə dair dəyişikliklər səsə qoyularaq qəbul edildi.
Bahar Muradova: "İstənilən beynəlxalq təşkilatın qəbul etdiyi sənədlərdə Dağlıq Qarabağla bağlı həqiqətlərin öz əksini tapmasının çox böyük əhəmiyyəti var"
Milli Məclisin Sədr müavini Bahar Muradova Avropa Parlamentinin Strasburqdakı sessiyasında Azərbaycanla Avropa Birliyi arasında assosiativ saziş üzrə danışıqların gedişi məsələsinə toxunaraq qəbul olunan qətnaməni çox əhəmiyyətli sayıb: "İstənilən beynəlxalq təşkilatın qəbul etdiyi sənədlərdə Dağlıq Qarabağla bağlı həqiqətlərin öz əksini tapmasının çox böyük əhəmiyyəti var. Bunlar Azərbaycanın diplomatik sahədə uğur əldə etməsi üçün bünövrə yaradır. Bu baxımdan Avropa Parlamentinin Strasburqdakı sessiyasında Azərbaycanla Avropa Birliyi arasında assosiativ saziş üzrə danışıqların gedişinə dair qəbul olunan qətnamənin çox böyük əhəmiyyəti var". O bildirib ki, qətnamə bütövlükdə Dağlıq Qarabağ münaqişəsinin həlli üçün kifayət etmir, amma onun həllində müəyyən cığırların yaranmasına şərait yaradır: "Nə qədər çox belə sənədlər qəbul olunarsa və nə qədər çox münaqişə ilə bağlı həqiqətləri özündə əks etdirən sənədlər ortada olarsa, gələcəkdə bizim imkanlarımız daha da genişlənər".
"Siyasi partiyalar haqqında" qanun layihəsi qəbul olundu
"Siyasi partiyalar haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə danışan Parlamentin Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsinin sədri Əli Hüseynli bildirdi ki, hazırda qüvvədə olan "Siyasi partiyalar haqqında" Qanun 1992-ci ildə qəbul edilmişdir. Lakin indi bu qanun günün tələblərinə tam cavab vermir. Ona görə də qanuna bir sıra əlavələr və dəyişikliklər edilməlidir. Qanuna təklif olunan əsas dəyişikliklərdə deyilir ki, siyasi partiyalar dövlət büdcəsindən maliyyələşəcəklər. Lakin bu dəyişiklik bütün siyasi partiyalara şamil edilməyəcəkdir. Siyasi partiyalar seçkilər zamanı yığdıqları səslərin və qazandıqları deputat mandatlarının sayına görə dövlət büdcəsindən maliyyə ala biləcəklər. Dəyişikliklərə əsasən, maliyyə vəsaitinin ümumi həcminin 10 faizi seçkilərdə az səs toplamış siyasi partiyalar üçün nəzərdə tutulmuşdur. Belə ki, bu vəsait irəli sürdüyü namizədlər Milli Məclisə keçirilən son seçkilərdə etibarlı səslərin azı 3 faizini qazanan, lakin Milli Məclisdə təmsil olunmayan siyasi partiyalar arasında qazanılan səslərin sayına proporsional olaraq bölünəcəkdir. Büdcə vəsaitinin 40 faizi parlamentdə təmsil olunan siyasi partiyalar arasında bərabər paylanacaqdır. Qalan maliyyə vəsaitinin 50 faizi isə Milli Məclisə seçilən deputatların sayına proporsional olaraq bölüşdürüləcəkdir. Siyasi partiyalar Milli Məclisə keçirilmiş son seçkilərdə siyasi partiyalar bloku tərkibində iştirak etdikdə, vəsait qeyd olunan qaydada hər bir siyasi partiyaya ayrıca veriləcəkdir. Siyasi partiyalar hər il müvafiq icra hakimiyyəti orqanına illik maliyyə hesabatları təqdim edəcəklər. Üzvlük haqqı ödəyən partiya üzvlərinin sayı da maliyyə hesabatında göstəriləcəkdir. Partiyalar vəsaitdən imtina etdikdə məbləğ dövlət büdcəsinə qaytarılacaqdır. Bununla belə, siyasi partiyaların ianə qəbul etmək hüququ da saxlanılır. Lakin siyasi partiyaların ayrı-ayrı dövlət, bələdiyyə orqanları, xarici dövlət və xarici hüquqi şəxs, əcnəbi və vətəndaşlığı olmayan şəxs, yetkinlik yaşına çatmayan, hərbi hissə, ictimai birlik, fond, dini qurum və hüquqi şəxs tərəfindən maliyyələşdirilməsi, ianələr qəbul etməsi bu qanunla qadağan edilir. Siyasi partiya yaratmaq üçün isə ən azı 5000 imza toplanmalıdır.
Qanunvericilikdəki dəyişikliklər, həmçinin, siyasi partiyalar qarşısında müəyyən vəzifələr də qoyur. Belə ki, siyasi partiyaların fəaliyyətinin formaları barədə maddədə qeyd edilir ki, partiyalar vətəndaşlar arasında maarifləndirmə işi aparmalıdırlar.
Müzakirələr zamanı deputatların fikirləri dinlənildikdən sonra qanun layihəsinə təklif olunan dəyişikliklər səsə qoyularaq təsdiq edildi.
Bununla da Milli Məclisin iclası başa çatdı.
RƏFİQƏ KAMALQIZI