Dünən Yeni Azərbaycan Partiyasının Nizami rayon təşkilatının qərargahında "Çernobıl" hadisələrinin ildönümü ilə əlaqədar tədbir keçirilib. Tədbirdə YAP Nizami rayon təşkilatının sədri, Milli Məclisin üzvü Sədaqət Vəliyeva, Nizami rayon icra hakimiyyətinin başçısı Tahir Budaqov, millət vəkilləri Rasim Musabəyov, Etibar Hüseynov, millət vəkili Rövnəq Abdullayevin adından köməkçisi Sabit Mahmudov, habelə, Respublika Çernobıl Əlilləri Cəmiyyətinin sədri Mirhəsən Həsənov, Nizami rayon Çernobıl Əlilləri Cəmiyyətinin sədri Azər Səfərov iştirak etdilər.
Əsrin böyük fəlakətlərindən olan "Çernobıl" hadisəsində azərbaycanlıların da böyük əzab-əziyyətlərə düçar olduğunu söyləyən YAP Nizami rayon təşkilatının sədri, millət vəkili Sədaqət Vəliyeva həmvətənlərimizin bu faciədə əsil insanlıq nümayiş etdirdiyini tədbir iştirakçılarının diqqətinə çatdırdı. Qeyd etdi ki, bəşəriyyət və insanlıq üçün böyük fəlakətlərə səbəb olan bu cür hadisələrdən böyük nəticə çıxarmalıdır. "Çünki bu cür fəaliyyət istiqamətləri sonluqda insanlığın faciəsi, nəsillərin bədbəxtçiliyi ilə nəticələnir" deyən S.Vəliyeva, çox təəssüflər olsun ki, belə halların hələ də, təkrarlanmasının real təhlükə mənbəyi olduğunu bildirdi. O, hazırda işğalçı Ermənistan ərazisində olan təhlükəli vəziyyətdəki atom-elektrik stansiyasının bütün Qafqaz ölkələri, regionla yanaşı, insanlıq üçün əsil fəlakət mənbəyinə çevrilmək ərəfəsində olduğu bildirdi. Bütün hallarda bu cür faktların dünya birliyi tərəfindən, eyni zamanda, Azərbaycan ictimaiyyəti tərəfindən böyük qınaq obyektinə səbəb olduğunu söyləyən S.Vəliyeva ölkəmizdə də belə faciələrin qurbanlarına, onların ailə üzvlərinə həmişə yüksək diqqət və qayğının olduğunu söylədi. Millət vəkili dövlətimizin bütün qəbildən olan insanlara, o cümlədən də, "Çernobıl" faciəsində iştirak edən ailələrinin üzvlərinə, iştirakçılarına həmişə birmənalı şəkildə qayğının göstərildiyini, ölkə Prezidenti İlham Əliyevin həmişə humanizm prinsiplərini uca tutaraq, onlara xüsusi diqqət göstərdiyini də tədbir iştirakçılarının diqqətinə çatdırdı. "Çernobıl" İctimai Birliyinin Nizami rayon şöbəsinin sədri Azər Səfərov da çıxışında ölkəmizdə, bir sıra faciələrin qurbanları olmuş insanlara yüksək diqqətin olduğunu, onların sosial problemlərinin, digər qayğılarının həlli istiqamətində vacib addımların atıldığını söylədi. Bildirdi ki, Azərbaycan cəmiyyətində "Çernobıl" hadisəsi qurbanlarına həmişə yüksək qayğı olub və bu gün də dövlət səviyyəsində belə humanizm prinsipləri davam etdirilir. Tədbirin digər çıxışçıları da, ölkəmizdə bütün qəbildən olan insanlara dövlətin diqqətindən, onlara göstərilən yüksək səviyyəli köməkliklərdən bəhs etdi.
"Çernobıl" İctimai Birliyinin üzvləri adından millət vəkili Rövnəq Abdullayevə fəxri diplomun təqdim edilməsi elan edilərək, onun nümayəndəsinə verildi. Daha sonra "Çernobıl" əlillərinə xüsusi hədiyyələr verildi.
R.KAMALQIZI