PDF Oxu

Əsas

  • 11

Sərhədlərimiz qadınlarımızın gözü ilə

Sərhədlərimiz qadınlarımızın gözü ilə

Dünən Yeni Azərbaycan Partiyasının Qadınlar Şurasının təşkilatçılığı ilə bir qrup fəal qadınlar cəbhə bölgəsinə səfər ediblər. YAP Qadınlar Şurasının sədri Nurlana Əliyevanın təşəbbüsü ilə reallaşan tədbirdə Milli Məclis Sədrinin müavini Bahar Muradova, millət vəkili Rəbiyyət Aslanova, Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova və YAP üzvü olan bir qrup fəal qadın Beyləqan və Füzuli rayonundakı cəbhə xəttində olublar. Səfər zamanı xanımlar yenicə ordu sıralarına qoşulan və düşmənin bir neçə metrliyində, səngərdə təhlükə ilə üz-üzə olan döyüşçülərlə, həmçinin, YAP Füzuli rayon təşkilatının qadınları ilə görüşlər keçirib, Horadizdəki Heydər Əliyev Parkında Ulu Öndərin abidəsi önünə çiçəklər düzüblər.


BAKIDAN QARABAĞA APARAN YOL


Aprelin 26-sı səhər saat 6-da bir qrup fəal qadın Füzuli istiqamətində yola çıxanda bu yolun bir səngərdə bitəcəyi nəzərdə tutulurdu. Əvvəlcədən tutulan plana görə, hərbi hissədə əsgərlərimizi görəcək, onların hisslərini bölüşəcək, problemlərini öyrənəcək, vətənə döyüşçü yetişdirən analarla görüşəcək, cəbhə bölgəsində yaşayan qadınların problemləri ilə tanış olacaqdılar. Ancaq orada məlum oldu ki, YAP Qadınlar Şurasının fəallarını - partiyanın İdarə Heyətinin üzvü, Milli Məclisə Füzuli rayonundan seçilən millət vəkili Bahar Muradovanı, partiyanın Siyasi Şurasının üzvü, milət vəkili Rəbiyyət Aslanovanı, Qadınlar Şurasının sədri Nurlana Əliyevanı səngərdə də gözələyirlər...


SALAM, BEYLƏQAN!


Qadınların ilk dayanacağı Beyləqandakı N saylı hərbi hissə oldu. Burada yüksək səviyyədə qarşılanan xanımlar hərbi hissənin texniki imkanları, əsgər və zabitlər üçün yaradılan şəraitlə tanış oldular. Qonaqlara hərbi hissənin yetişdirdiyi döyüşçülərin bacarıqlarını, texniki təchizatını nümayiş etdirən video-rolik təqdim olundu. "Qonaq kitabı"na ürək sözlərini yazan YAP-ın fəal olan xanımları Azərbaycan Ordusunun gücünə heyran qaldıqlarını söylədilər. Hərbi hissədə əsgərlərlə görüşdən əvvəl səngərə getmək təklifi isə xanımları daha çox sevindirdi.

Qadınlarımız Füzulinin Ermənistanla 87 kilometr uzunluğunda olan sərhədində qurulan işğal olunmuş Azərbaycan əraziləri istiqamətindəki müşahidə məntəqələrinə baş çəkdilər. Burada düşməni izləmək üçün quraşdırılan texnologiya ilə tanış olan YAP fəalları hərbçilərin köməyi ilə düşmən mövqelərini izlədi. O tayda olan Azərbaycan kəndlərinə ürək ağrısı ilə baxdılar. Məntəqələrə hərəkətin düşmən tərəfindən müşahidə olunduğu hissədən keçməklə gedən YAP-çı qadınlar oradakı əsgərlərlə də görüşərək, onların qəhrəmanlıqlarını yüksək qiymətləndirdilər. Əsgər Şəmsi Əfəndizadə qonaqları əmin etdi ki, dövlətçiliyimizin, təhlükəsizliyimizin keşiyində möhkəm dayanıblar: "Nə qədər ki, biz burdayıq, siz rahat yaşaya, işləyə bilərsiniz".

Əsgərin sözlərindən təsirləndiyini bildirən millət vəkili Bahar Muradova geniş maddi-texniki bazaya malik Azərbaycan Ordusunun qəhrəman əsgərləri ilə bir arada olduğundan qürur duyduğunu söylədi: "Burada əsgər təhlükə ilə qarşı-qarşıya dayanıb. Biz bu gün bir daha bunun şahidi olduq ki, Azərbaycan əsgəri təhlükəyə gözünü qırpmadan baxır. Əsgərlərimizə Ali Baş Komandanın döyüş tapşırığını müvəffəqiyyətlə yerinə yetirməyi arzu edirəm".

Əsgərlər qarşısında çıxış edən B.Muradova onu da bildirdi ki, Ali Baş Komandan, Prezident İlham Əliyev bir əsgərinin belə burnunun qanamadan ölkəmizin ərazi bütövlüyünə nail olmağa çalışır: "Əsgərlərimizin döyüş ruhunu görmək, bu barədə ictimaiyyətə məlumat vermək, səngərdə gecə-gündüz növbə çəkən döyüşçülərimizi qələbəyə həvəsləndirmək, ürəyimizin onlarla bir yerdə olduğunu göstərmək baxımından səfər çox əhəmiyyətlidir. Gördüklərimiz bizi çox sevindirdi. Ordumuzun güclü maddi-texniki bazasının olduğunu, əsgərlərimizdə yüksək döyüş ruhunu görmək çox qürurvericidir. Səngərdə, ümumiyyətlə, cəbhə bölgəsində bir daha şahid olduq ki, Azərbaycanın nəinki güclü ordusu, həm də hərbi sənayesi var. Hərbçilərimiz indi ayrı-ayrı ölkələrin istehsalı olan silahlardan deyil, həm də Azərbaycan istehsalı olan silahlardan istifadə edir. Ordu öz üzərinə düşən vəzifəni yerinə yetirir. Biz də öz üzərimizə düşən işləri vaxtında icra etməliyik. YAP-ın rəhbərləri, fəal üzvləri tez-tez cəbhə bölgəsində olur, əsgərlərimizin problemləri ilə maraqlanır. Biz cəmiyyəti də buna çağırırıq".

YAP Qadınlar Şurasının sədri Nurlanə Əliyeva da əsgərlərə, onların hərbi bacarıqlarına, Azərbaycan Ordusuna böyük ümidlə baxdığını, qələbənin yaxın olduğuna əminliyini ifadə etdi: "Azərbaycan dövləti torpaqlarını sülh yolu ilə geri qaytarmağa çalışır. Lakin Ermənistan, nəinki danışıqlarda əldə olunan razılaşmalara əməl edir, üstəlik, əldə olunan atəşkəsi pozmağa çalışır. Onlar istər diplomatik, istərsə də, hərbi müstəvidə bütün cəhdlərinin boşa çıxacağını bilir. Çünki onun qaşısında Azərbaycan dövləti, Azərbaycan əsgəri var".

YAP Qadınlar Şurasının sədri belə görüşlərin onun üçün olduğu qədər cəmiyyət üçün də vacibliyini bildirdi: "Düşmənlə göz-gözə dayanan əsgərlərin döyüş ruhunu görmək, onlara dəstək olduğumuzu göstərmək səfərin qarşısına qoyduğu məqsədə çatması deməkdir. Bu, indiki məqamda hər birimizin üzərinə düşən əsas vəzifələrdəndir. Cəbhə bölgəsində düşmənlə qarşı-qarşıya dayanan döyüşçülərimiz hər an onların yanında olduğumuzu hiss etməlidirlər. Onlar bunu hiss etməlidirlər ki, biz öz torpaqlarımızda gəzə bilək. Bura gələndə təsəvvür etmirdim ki, düşmən mövqelərinə binoklla baxa biləcəm. Əslində, "düşmən mövqeləri" dediyimiz həmin mövqelər Azərbaycan torpaqları üzərində qurulub. Bir gün o torpaqlara hər hansı cihazın köməyi ilə baxmağımıza ehtiyac qalmayacaq ".

Görüşdən sonra əsgərlərə YAP Qadınlar Şurasının hədiyyələri təqdim olundu.


"Muğam Evi"ndə görüş


Horadiz qəsəbəsindəki "Muğam Evi"ndə YAP Qadınlar Şurası üzvlərinin partiyanın Füzuli rayon şöbəsinin qadın üzvləri ilə görüşünün ruhu əsgərlərlə görüşdə müşahidə olunan ab-havadan fərqlənmirdi. Tədbiri Füzuli rayon təşkilatının sədri Almaz Həşimova açaraq partiya üzvləri ilə bağlı məlumat verdi. Bildirdi ki, təşkilatın 5000-dən artıq üzvü var və onların 1830-u qadındır. Təşkilatda təmsil olunan qadınların sayının ildən-ilə artdığını vurğulayan təşkilat rəhbəri rayonda partiyaya böyük etimaddan bəhs etdi.

Füzuli rayon icra hakimiyyətinin başçısı Alı Alıyev ərazisinin böyük bir hissəsinin işğal altında olduğunu və rayonunun əhalisinin ölkənin 58 rayonunda məskunlaşdığını bildirdi. Artıq 60 mindən artıq Füzuli sakininin öz torpaqlarına qayıtdığını vurğulayan icra başçısı işğaldan azad olunan kəndlərdə həyata keçirilən genişmiqyaslı işlərdən danışdı.

YAP Qadınlar Şurasının sədri N.Əliyeva əsgərlərlə görüşlərdən aldığı təəssüratı qadınlarla bölüşdü: "Azərbaycan Ordusunun gücünə, dövlətinin gələcəyinə olan ümidlərin bünövrəsi Ümummilli Liderimiz Heydər Əliyevin sayəsində möhkəmlənib. Dahi şəxsiyyətin istər dövlətçiliyimizin, istər iqtisadiyyatımızın güclənməsi istiqamətində başladığı işlər Prezident İlham Əliyev tərəfindən davam etdirilir. Məhz bu işlərin nəticəsidir ki, ölkəmiz durmadan inkişaf edir. Odur ki, mən hər kəsi Heydər Əliyevin yaratdığı bu partiyanın sıralarında birləşməyə çağırıram".

Milli Məclisin İnsan Hüquqları Komitəsinin sədri Rəbiyyət Aslanova yalnız Füzulinin deyil, bütün dünyanın qaçqın probleminə toxundu: "Dünyada 30 milyondan artıq qaçqın və məcburi köçkün var və onun bir milyonu Azərbaycanın payına düşüb. II Dünya müharibəsindən 5 il sonra yaranan BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının bir neçə il sonra fəaliyyətini dayandıracağını düşünürdülər. Lakin 60 il keçib və hələ də bu qurumun fəaliyyətinə ehtiyac var".

Vitse-spiker B.Muradova isə qeyd etdi ki, YAP-a yarandığı ilk gündən bu partiyaya etimad var və bunun səbəbi Ulu Öndərimiz Heydər Əliyevin adı ilə bağlıdır: "Qadına münasibətin düzgün müəyyənləşdirildiyi, balansın gözlənildiyi yerdə müvəffəqiyyət olur. YAP-da bu tarazlıq həmişə qorunub. Bu siyasətin əsasını da məhz Ümummilli Liderimiz qoyub. Ulu Öndər Heydər Əliyev qadına, ailəyə böyük önəm verib. Odur ki, Azərbaycan qadını partiyamız yarandığı gündən özünü məhz bu təşkilatın sıralarında görüb. Ulu Öndərimiz Heydər Əliyevin adı ilə bağlı olan bu etimadı Prezident İlham Əliyev doğruldub. Odur ki, qadınlarımızın təmsil olunduğu əsas partiyanın bundan sonra da Yeni Azərbaycan Partiyası olacağına əminəm".


NÖVBƏTİ GÖRÜŞLƏRƏDƏK


Azərbaycanın Ermənistanla müvəqqəti sərhədinin yerləşdiyi rayondan - Füzulidən ayrılırıq. Bakıdan təqribən 6 saatlıq məsafədə olan bu "sərhəd"dən sonra da Azərbaycan torpaqları gəlir. Ölkəmizin beynəlxalq sənədlərdə əksini tapan rəsmi sərhədlərinə çatmaq üçün əlavə vaxt tələb olunur. Həmin məsafəni aşmağımız üçün bundan sonra neçə il gözləməli olduğumuzu bilməsək də, bir şeydən əminik: Azərbaycan əsgəri öz torpaqlarını qaytarmağa qadirdir! Darıxmayın, əziz əsgərlərimiz! Növbəti görüşlərədək torpaqlarımız sizə əmanət!


RƏFİQƏ KAMALQIZI

Digər xəbərlər