Berlində Avropa Azərbaycanlıları Konqresinin IV Qurultayı keçirilib. Qurultayda Avropa Azərbaycanlıları Konqresinə üzv təşkilatların rəhbərləri, Azərbaycanın dövlət və hökumət nümayəndələri, millət vəkilləri, xarici ölkə deputatları, AAK-yə üzv olmayan Azərbaycan cəmiyyət və birliklərinin, həmçinin, digər xalqların diaspor təşkilatlarının təmsilçiləri iştirak ediblər.
Qurultayda ilk olaraq Azərbaycan Respublikasının dövlət himni səsləndirilib. Sonra dünyada Azərbaycanın diaspor quruculuğundan bəhs edən "Gücümüz birliyimizdədir" sənədli filmi nümayiş etdirilib. Filmin nümayişindən və qurultayın rəyasət heyəti seçildikdən sonra AAK prezidenti Başar Kömür hesabat məruzəsi ilə çıxış edib. O, Azərbaycan dövlətinə və Prezident İlham Əliyevə Azərbaycan diasporuna və onun işinə verdiyi dəstəyə görə minnətdarlığını ifadə edib. B.Kömür AAK-nin yarandığı gündən həm sıralarının, həm də təsir imkanlarının genişləndirildiyini diqqətə çatdırıb. Xüsusilə erməni lobbisinin anti-Azərbaycan fəaliyyətinin neytrallaşdırılmasında Avropa Azərbaycanlıları Konqresinin ciddi işlər gördüyünü, Azərbaycan həqiqətlərinin, o cümlədən, Qarabağla bağlı gerçəkliklərin dünyaya çatdırılmasında da əhəmiyyətli addımlar atdığını söyləyib.
B.Kömür Avropa ölkələrində yaşayan azərbaycanlı gənclərin milli-mənəvi dəyərlərimizə sədaqətinin qorunub saxlanılmasının, ölkəmizin maraqlarının qorunmasında fəal iştirakının təmin edilməsinin dövlət gənclər siyasətinin prioritet istiqamətlərindən olduğunu qeyd edib. Diaspor quruculuğu və Azərbaycan lobbisinin yaradılmasında gənclərin fəal iştirakının daha ciddi nailiyyətlər qazanmağa imkan yaratdığını qeyd edən B.Kömür bu mühüm amilin nəzərə alınmasının zəruriliyini və onun real həyatda öz təsdiqini tapmasına stimul yaradılması məqsədilə ötən dövrdə bir sıra əhəmiyyətli tədbirlərin həyata keçirildiyini vurğulayıb. AAK-nin gündəliyində yarandığı gündən bir vacib məsələ var və bu məsələ həll olunana qədər bu gündəlikdən çıxarılmayacaq. Bu, işğal olunmuş torpaqların azad edilməsi məsələsidir. "Bu məsələnin həllinə çalışmaq hər birimizin Vətən qarşısında müqəddəs borcudur", - deyə B.Kömür çıxışını bitirib.
Qurultayda çıxış edən Azərbaycan Respublikası Prezident Administrasiyasının İctimai-Siyasi şöbəsinin müdiri Əli Həsənov Azərbaycan dövlətinin AAK-nin fəaliyyətini yaxından izlədiyini, təşkilatın yarandığı 2004-cü ildən bəri 4 dəfə qurultayının keçirdiyini, bu illər ərzində təşkilatın 3 prezidentinin seçildiyini və onların müvəffəqiyyətlə fəaliyyət göstərdiklərini vurğulayıb. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 1993-ci ildən başlayaraq, diaspor quruculuğu işinə Azərbaycançılıq ideologiyasını əsas məqsəd elan edərək, başladığına diqqət çəkən Prezident Administrasiyasının şöbə müdiri hazırda o illərlə müqayisəsədə hədəflərimzin daha da böyüdüyünü vurğulayıb. O, diaspor təşkilatlarımıza, o cümlədən, AAK-yə işlərində nailiyyətlər arzulayıb. Əli Həsənov Azərbaycan Prezidenti İlham Əliyevin bütün dünyada yaşayan azərbaycanlılara həm güvəndiyini, həm də onların dayağı olduğunu vurğulayıb. O, son illərdə ölkəmizin artan qüdrətinin, qazandığı beynəlxalq əhəmiyyətli nailiyyətlərin Azərbaycan dövlətinin düşmənlərini qıcıqlandırdığını, həmin qüvvələri anti-Azərbaycan fəaliyyətinə sövq etdiyini bildirib. Azərbaycanın BMT Təhlükəsizlik Şurasını qeyri-daimi üzvü və həmin quruma sədrlik etdiyini xatırladan Əli Həsənov həmin qüvvələrin, o cümlədən, bəzi mətbu orqanlarının anti-Azərbaycan fəaliyyətini neytrallaşdırmaq, ölkəmiz barədə həqiqətlərin olduğu kimi dünya və Avropa ictimaiyyətinə çatdırılmasında diaspor təşkilatlarımızın üzərinə böyük məsuliyyət düşdüyünü söyləyib.
Qurultayda çıxış edən Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov AAK-nin 8 illik mövcudluğu dövründə çox önəmli işlər gördüyünü bildirib. Komitə sədri bu illərdə AAK-nin tam mənası ilə diaspor təşkilatı kimi formalaşdığını diqqətə çatdırıb. Seçiləcək yeni rəhbər heyətə Dövlət Komitəsinin dəstəyini davam etdirəcəyini bildirib.
Ölkəmizin Almaniyadakı səfiri Pərviz Şahbazov, Belarus Azərbaycanlıları Konqresinin prezidenti Natiq Bağırov, Almaniya Azərbaycanlılarının Koordinasiya Mərkəzinin rəhbəri Samirə Patzer-İsmayılova, Gürcüstan Azərbaycanlıları Mədəniyyət Mərkəzinin sədri Fazil Həsənov, Beni-Lüks Azərbaycanlıları Konqresinin prezdenti Sahil Qasımov, TADEF sədri Bilal Dündar, Azərbaycan Milli Məclisinin deputatı, Dünya Azərbaycanlıları Konqresinin həmsədri Sabir Rüstəmxanlı və başqaları çıxışlar edərək, AAK-nin bundan sonrakı hədəflərindən bəhs edərək, Azərbaycan naminə fəaliyyət istiqamətində daha peşəkar və konsolidə olunmuş şəraitdə iş görməyin vacibliyini vurğulayıblar. Çıxışlarda Azərbaycan diaspor təşkilatlarının Avropa ölkələrində siyasi çəkisinin də artmasının sevindirici fakt olduğu bildirilib. Qurultay çərçivəsində Avropada fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları arasında əməkdaşlığın inkişafı sahəsində qarşıda duran vəzifələr, xalqımızın tarixi və müasir həyatı ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasının yeni metod və texnologiyaları barədə müzakirələr aparılıb.
Avropa Azərbaycanlıları Konqresinin Qətnaməsi, Avropa Azərbaycanlıları Konqresi IV Qurultayının nümayəndələrinin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə Müraciəti və digər sənədlər qəbul edilib.
AAK-nin İcraiyyə Komitəsi və Nəzarət-Təftiş Komissiyasının tərkibi seçildikdən sonra AAK-nin I vitse-prezidentləri və vitse- prezidentləri seçilib.
Almaniya Azərbaycanlıları Koordinasiya Mərkəzinin rəhbəri Samirə Patzer-İsmayılova Avropa Azərbaycanlıları Konqresinin prezidenti seçilib.
Nəzakət ƏLƏDDİNQIZI