PDF Oxu

Əsas

  • 15

Zəngin dövlətçilik irsinin uğurlu strategiyası

Zəngin dövlətçilik irsinin uğurlu strategiyası

Ümummilli Lider Heydər Əliyevin Azərbaycan rəhbərliyinə qayıdışının başlıca qayəsi müstəqillik, azərbaycançılıq, dövlətçilik, ədalətlilik, demokratiya, milli tərəqqi, dünyəvilik kimi ümumbəşəri dəyərlər təşkil edən yeni bir ideologiyanın əsası qoyuldu. Ulu Öndər Heydər Əliyevin apardığı daxili siyasət Azərbaycanın hər bir vətəndaşına azad, sərbəst yaşamaq hüquqlarını təmin etmək və öz rifahını yaxşılaşdırmaq imkanları yaratmaqdan ibarət idi.

Əbədiyaşar Lider Heydər Əliyevin fəaliyyətində iqtisadi islahatlar, bazar iqtisadiyyatının bərqərar olması, iqtisadi inkişafın təmin edilməsi, Azərbaycanın dünya iqtisadiyyatına inteqrasiyası, özəlləşdirmə proqramının, aqrar islahatların həyata keçirilməsi ardıcıl prioritet sahələr olmuşdur.

Bu barədə Prezident Administrasiyasının xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov Ulu Öndər Heydər Əliyevin demokratik, hüquqi dövlət quruculuğu istiqamətində davamlı siyasət yeritdiyini, ölkədə insan hüquq və azadlıqlarının başlıca prinsiplərinin bərqərar olması üçün əsaslı zəmin yaradıldığını bildirib: "Müasir Azərbaycanla dövlət quruculuğunun, iqtisadi dirçəlişin, siyasi şüurun, siyasi həyatın yarıməsrlik dövrünü əhatə edən zaman kəsiyi Ümummilli Lider Heydər Əliyevin adı, əməli fəaliyyəti ilə, gerçəkləşdirdiyi konkret işlərlə qırılmaz tellərlə bağlıdır".

Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi altında Azərbaycan dövlətinin xarici siyasəti, dünyanın aparıcı dövlətləri və beynəlxalq təşkilatları ilə əlaqələri milli maraqlara və uzaqgörən siyasi perspektivlərə əsaslanan xətlə inkişaf etməyə başlamışdır. Ulu Öndər Heydər Əliyevin xarici siyasət məsələlərinə müstəsna əhəmiyyət verməsi, beynəlxalq miqyasda etiraf olunan uğurlu və cəsarətli addımlar atması, milli məqsədlər naminə ən nüfuzlu tribunalardan bacarıq və məharətlə istifadə etməsi Azərbaycan dövlətçiliyinin bu günü və gələcəyi baxımından son dərəcə əhəmiyyətli olmuşdur.


"Ulu Öndər yeni Azərbaycanın bugünkü gerçəkliklərini yaratmış və gələcəyə aparılan yolları

müəyyən etmişdir"


Dahi Şəxsiyyət Heydər Əliyevin sülhsevər xarici siyasətinin əsasının geniş və əhatəli olduğunu söyləyən Novruz Məmmədov bildirib ki, milli müstəqilliyimizin möhkəmləndirilməsi, dövlətlərin hüquqlarına hörmətlə yanaşılması, bütün mübahisəli məsələlərin sülh və danışıqlar yolu ilə həll edilməsi, qarşılıqlı surətdə faydalı iqtisadi, elmi və mədəni əməkdaşlıq yaradılması, dövlətlərarası əlaqələrə mane olan hər cür məhdudiyyətlərin aradan qaldırılması prinsipləri dayanırdı. Prezident Administrasiyasının xarici əlaqələr şöbəsinin müdiri N.Məmmədov Azərbaycanda müstəqil xarici siyasət konsepsiyasının formalaşdığını söyləmişdir: "Heydər Əliyev öz parlaq siyasi zəkası və istedadı səviyyəsində yeni Azərbaycanı, onun bugünkü gerçəkliklərini yaratmış və gələcəyə aparılan yolları müəyyən etmişdir".


"Heydər Əliyevin müasir beynəlxalq münasibətlərdəki uğuru müstəqil xarici siyasət konsepsiyasını formalaşdırmışdır"


Dünya təcrübəsinin bütün nailiyyətlərini, sivil beynəlxalq normaları özündə tam əks etdirdiyini deyən Novruz Məmmədov Ümummilli Lider Heydər Əliyevin fəal diplomatiyası nəticəsində Azərbaycan dünyanın demokratik dövlətlərinin və aparıcı ictimai təşkilatlarının ölkəmizə, onun zorla cəlb olunduğu silahlı münaqişəyə münasibətinin əsaslı surətdə dəyişməsinə nail olduğunu vurğulamışdır: "Heydər Əliyevin müasir beynəlxalq münasibətlərdə mövcud çağırış və təhdidlərə adekvat reaksiya nümayiş etdirərək, özünü doğruldan, ölkənin milli və dövlətçilik maraqlarının təmin olunmasına uğurla xidmət edən və bu gün də uğurla reallaşdıran çoxvektorlu müstəqil xarici siyasət konsepsiyasını formalaşdırmışdır".

Bütün mənalı həyatını öz xalqına bəxş etmiş Ulu Öndər Heydər Əliyevin siyasi və dövlət xadimi kimi zəngin fəaliyyəti Azərbaycan xalqının tarixində dərin iz buraxaraq, əsil dövlət idarəçiliyi məktəbinə çevrilmişdir. Azərbaycan xalqının hələ neçə-neçə nəsli bu böyük məktəbdən, Ümummilli Liderimiz Heydər Əliyevin zəngin siyasi irsindən ölkəmizin inkişafı, xalqımızın rifahı naminə faydalanacaqdır.


RƏFİQƏ KAMALQIZI

Digər xəbərlər