PDF Oxu

Əsas

  • 20

HEYDƏR ƏLİYEV VƏ AZƏRBAYCANIN 20 İLLİK  MİLLİ İNKİŞAF STRATEGİYASI: XARAKTERİSTİKASI, ƏSAS VƏZİFƏLƏRİ VƏ TƏLƏBLƏRİ

HEYDƏR ƏLİYEV VƏ AZƏRBAYCANIN 20 İLLİK MİLLİ İNKİŞAF STRATEGİYASI: XARAKTERİSTİKASI, ƏSAS VƏZİFƏLƏRİ VƏ TƏLƏBLƏRİ

Hər bir dövlətin daxili və xarici vəziyyətini, milli maraq dairələrini və onların təminatını, beynəlxalq aləm və region ölkələri ilə münasibətlərinin taktikasını, vəzifələrini, yollarını, vasitələrini və ehtiyatlarını, onu əhatə edən geosiyasi subyektlərin hərəkətlərini və buna müvafiq olaraq geosiyasi davranışını müəyyən edən Milli İnkişaf Strategiyası olur. Bu strategiya ölkənin həyata keçirdiyi praktiki daxili və xarici siyasətin, ölkədaxili ictimai-siyasi, milli-etnik, sosial-dini sabitliyin, yaxın və uzaq ölkələrlə geosiyasi münasibətlərin davamlı, təhlükəsiz inkişafını təmin edən əsas vasitədir.

Milli İnkişaf Strategiyası bir-biri ilə eyni statusda və dəyərdə olan milli inkişaf və milli təhlükəsizliyin (daxili və xarici) əsas ölçüləri və tələblərini əks etdirir, hər iki sahə üzrə ayrıca konsepsiyanın yaradılması və həyata keçirilməsini bir vəzifə kimi qarşıya qoyur. Azərbaycanın müstəqillik yolu, milli inkişafı və dövlət quruculuğu prosesi bir sıra mühüm daxili və xarici amillərlə şərtlənir. Xalqımız özünün siyasi, iqtisadi, mədəni-intellektual potensialından və SSRİ-nin dağılması ilə əlaqədar yaranan əlverişli tarixi şəraitdən istifadə edərək 1991-ci ildə öz milli iradəsini ortaya qoydu, yenidən istiqlal haqqına qovuşaraq müstəqil dövlətini bərpa etdi və BMT üzvü olan müstəqil dövlətlər sırasına qoşuldu. Bu hadisə Azərbaycan xalqının indiyə qədər malik olduğu ən böyük tarixi nailiyyət idi. Müasir dünyada 5000-dən artıq xalq və millət mövcud olsa da, BMT iqamətgahında bayrağı dalğalanan müstəqil dövlətlərin sayı 200 dən çox deyil.

Müstəqillik tarixinin araşdırılması ümummilli lider Heydər Əliyevin belə bir əsaslı fikrini təsdiq edir ki, müstəqilliyin əldə olunması nə qədər çətindirsə, onun qorunub saxlanılması, yaşadılması, daimi və əbədi edilməsi bundan da çətindir. Heydər Əliyev 1993-cü ildəki müraciətlərindən birində qeyd edirdi ki, "Azərbaycan xalqının əsrlər boyu qəlbində yaşatdığı, həsrətini çəkdiyi günlər gəlib çatmışdır. Müstəqilliyi qazanmaq, dövlətin tam müstəqil olmasına nail olmaq üçün xalqımız çətin yollardan keçmişdir. Ancaq müstəqilliyi qorumaq, əldə saxlamaq, möhkəmləndirmək, dövlətin tam müstəqilliyinə nail olmaq, vətəndaşlara müstəqil dövlət şəraitində layiqli həyat şəraiti təmin etmək daha çətindir". ( Bax: Əliyev H.Ə. Müstəqilliyimiz əbədidir. Elektron külliyyat, httr://heydaraliyev.rreslib.az).

Müstəqilliyə qovuşması ilə Azərbaycanın milli inkişaf və təhlükəsizlik siyasəti birdən-birə yaranmamış və bir neçə mərhələdən keçərək tədricən formalaşmışdır. Siyasi ədəbiyyatda bəzi xarakterik xüsusiyyətlərinə görə Azərbaycanın müstəqil dövlət quruculuğu və milli inkişafını bir neçə mərhələyə bölürlər.

Birinci mərhələyə Azərbaycanın müstəqillik haqqında Konstitusiya Aktını qəbul etməsindən 1993-cü ilə - Heydər Əliyevin hakimiyyətə gəlməsinə qədər dövrü aid edirlər.

1980-ci illərin sonu, 1990-cı illərin əvvəlində SSRİ-nin süqutunun qarşısıalınmaz prosesə çevrilməsi, beynəlxalq aləmdə yaranan əlverişli tarixi şərait, bölgədə cərəyan edən mərkəzdənqaçma meyllərinin vüsət alması, Ermənistan-Azərbaycan münaqişəsi və Dağlıq Qarabağ probleminin həllində o zamankı sovet rəhbərliyinin ermənipərəst mövqeyi, ermənilərin yaranmış boşluqdan bəhrələnərək Azərbaycan torpaqlarını bir-birinin ardınca işğal etməsi və s. hadisələr Azərbaycanda əvvəlcə kortəbii xalq hərəkatına, 1990-cı ildən sonra isə məqsədləri aydın olan milli-azadlıq hərəkatına rəvac verdi. Həmin vaxt ölkənin müstəqilliyinin elan olunması və müstəqil dövlət qurulması üçün tələb olunan ilk iki şərt tam yetişmişdi.

Bəhs olunan dövrdə SSRİ-nin ali siyasi rəhbərliyində yaranan böhranlı vəziyyət və Moskvada yaşanan siyasi qarşıdurmadan istifadə edən bir çox keçmiş müttəfiq respublikalar, o cümlədən Azərbaycan öz müstəqilliyini elan etdi. 1991-ci il oktyabrın 18-də respublikanın Ali Sovetində müstəqillik haqqında Konstitusiya Aktı qəbul edildi. Lakin həmin dövrdə həm ölkəni, həm də xalq hərəkatını idarə edənlərin, dövlət qurumlarının aydın milli inkişaf konsepsiyasının olmaması, Ermənistanın təcavüzü nəticəsində Azərbaycan torpaqlarının işğal edilməsi və yerli əhalinin qaçqın-köçkünə çevrilməsi, iqtisadi, siyasi, sosial-mənəvi böhranın getdikcə dərinləşməsi, respublikaya rəhbərlik edən şəxslərin müstəqillik və milli dövlət iradəsinin zəifliyi, qeyri-prinsipial və səriştəsiz iqtisadi, ictimai-siyasi və mənəvi siyasət yürütməsi, ölkədə sabitliyi və qanunçuluğu bərpa edə bilməmələri, siyasi mübarizənin milli-vətəndaş qarşıdurması müstəvisinə keçməsi və s. Azərbaycanı ciddi təhlükə ilə üz-üzə qoydu, əhalinin gələcəyə, müstəqil dövlətçiliyə inamını sarsıtdı.

Heydər Əliyevin müstəqil Azərbaycan dövlətinin milli inkişafı ilə bağlı praktiki addımları - ictimai-siyasi, sosial-iqtisadi, mədəni-mənəvi inkişafının məqsəd və vəzifələrinin müəyyən edilməsi, ölkə həyatının bütün sahələrində keçmiş sosialist normalarından imtina edilməsi və yeni prinsiplərə söykənən dövlət quruculuğu proseslərini həyata keçirməsi, milli dövlətin əsas atributlarının yaradılması və s. də SSRİ-nin dağılmasından bir qədər əvvəl, 1991-ci ilin sentyabr ayında Naxçıvan MR Ali Məclisinə sədr seçilməsi ilə başlamış və 1993-cü ildən isə Azərbaycan Respublikasının Prezidenti kimi davam etdirilmişdir.

Müstəqil Azərbaycan dövlətinin sükanı arxasına keçəndən sonra Heydər Əliyev ölkənin milli ruhlu, qlobal düşüncəli və dövlət təfəkkürlü vətəndaşlarını, bütün sağlam qüvvələri öz ətrafına toplayaraq dövlətin gələcək iqtisadi, ictimai-siyasi və sosial-mənəvi inkişafının prinsiplərini, məqsəd və vəzifələrini müəyyənləşdirdi, onun keçmiş sosialist ictimai-siyasi və iqtisadi sistemindən yeni hüquqi dövlət quruluşuna, azad bazar iqtisadiyyatı və çoxmülkiyyətli iqtisadiyyata, demokratik normalara və siyasi plüralizmə əsaslanan vətəndaş cəmiyyəti modelinə keçidinin konseptual əsaslarını yaratdı və 1995-ci ildə qəbul olunmuş ölkə Konstitusiyasına daxil etdi.

Heydər Əliyevin milli inkişaf siyasətində bütün milli resursların, maddi və mənəvi sərvətlərin səfərbər edilməsi və ölkənin iqtisadi inkişafına yönəldilməsi taktikası mühüm yer tuturdu. Bu məqsədlə, o, 1994-cü ildə dünyanın aparıcı ölkələrini təmsil edən transmilli neft şirkətləri ilə Xəzər dənizinin Azərbaycan sektorundakı neft və qaz resurslarının birgə işlənməsi və sərbəst yollarla dünya bazarlarına ixrac edilməsini hədəfləyən "Əsrin müqaviləsi"ni imzalamağa nail oldu. Bu müqavilə Azərbaycanın yeni neft strategiyasının əsasında dayanaraq, bir tərəfdən, ölkənin milli inkişafı üçün lazımi maddi resursların əldə edilməsi və istifadəsi yollarını müəyyənləşdirdi, digər tərəfdənsə onun beynəlxalq aləm üçün geosiyasi və geoiqtisadi əhəmiyyətini artıraraq, dünyaya inteqrasiyasını şərtləndirdi.


"Əsrin müqaviləsi"ndən başlayaraq, Azərbaycan transmilli dünyanın və qlobal dünya iqtisadiyyatının bir hissəsinə çevrildi, ölkənin inkişaf etdirilməsi, bazar iqtisadiyyatı mexanizmlərinin formalaşdırılması, sahibkarlığın və özəl sektorun yaranması, fəal sosial siyasətin yürüdülməsi üçün həm daxildə, həm də xaricdə əlverişli şərait yarandı. Azərbaycan dövləti və vətəndaşları, ictimai-siyasi və iqtisadi institutlar dünya ölkələrinin iqtisadi, maliyyə və texnoloji imkanlarından istifadə etmək imkanı qazandılar.

Heydər Əliyevin milli inkişaf siyasətinin əsasında hüquqi dövlət, demokratik inkişaf və siyasi plüralizmə əsaslanan cəmiyyətin yaradılması dayanırdı. Bu istiqamətdə 1993-cü ildən həyata keçirilən tədbirlər, atılan ən mühüm addımlar - milli qanunvericiliyin Avropa standartlarına uyğunlaşdırılması, azad, plüralist cəmiyyət quruculuğu, qeyri-hökumət strukturlarının və müstəqil mətbuatın yaradılması ilə bağlı görülən çoxsaylı işlər, 1995-ci ildə demokratik normaları özündə əks etdirən yeni Konstitusiyanın qəbulu, çoxpartiyalı sistemin bərqərar olması, onun əsasında ilk parlament seçkilərinin keçirilməsi və demokratik parlamentin yaradılması, mətbuat və informasiya üzərindən bütün dövlət tənzimləyici mexanizmlərinin yığışdırılması və senzuranın ləğvi və s. həm milli inkişafı sürətləndirdi, həm də ölkənin dünyadakı demokratik imicini formalaşdıraraq, beynəlxalq ictimaiyyəti onunla daha geniş əməkdaşlığa ruhlandırdı. Bir neçə il ərzində hüquqi dövlət quruculuğu istiqamətində reallaşdırılan məqsədyönlü siyasət ölkənin ictimai-siyasi, iqtisadi, mənəvi-ideoloji və sosial həyatını kökündən dəyişdi, vətəndaş cəmiyyəti institutlarının yaradılması və inkişafına təkan verdi, ölkədaxili münasibətləri Avropa standartlarına uyğunlaşdırdı ki, bu da 2001-ci ildə Azərbaycanın Avropa Şurasına daxil olması, Avropa Birliyi ilə tərəfdaşlıq münasibətləri yaratması, dünyanın demokratik təsisatlarına inteqrasiyası və s. ilə nəticələndi.

Heydər Əliyevin milli inkişaf siyasətində ədalətli cəmiyyət və sosialyönümlü dövlət, ölkə vətəndaşlarının sosial-iqtisadi və mənəvi tələblərinin dolğun təminatı, sosial rifahının yaxşılaşdırılması, mövcud maddi resursların ölkə daxilində insan potensialının inkişafına yönəldilməsi vəzifəsi mühüm yer tuturdu. Sosialyönümlülük, ümumiyyətlə, onun həyatı boyu yürütdüyü siyasətdə daim prioritet vəzifə sayılmış, rəhbərlik etdiyi dövlətin imkanları əhalinin rifah halının yaxşılaşdırılmasına xidmət etmişdir. Bununla bağlı, Heydər Əliyev daim vurğulayırdı ki, "xalq dövlət üçün yox, dövlət xalq üçün olmalıdır" ( Bax: Əliyev H.Ə. Müstəqilliyimiz əbədidir. Elektron külliyyat http://heydaraliyev.preslib.az). Heydər Əliyevin milli inkişaf siyasəti həm də uzun illər öz dövlətçiliyindən və milli-mənəvi köklərindən ayrı salınmış, milli və dövlətçilik maraqları tapdanmış Azərbaycan xalqının özünəqayıdış və özünütəsdiqində mühüm, səfərbəredici funksiya yerinə yetirmiş, dövlət strukturlarının rəsmi və praktiki fəaliyyətinin, həyata keçirilən iqtisadi-siyasi, hüquqi və sosial-mənəvi proqramların əsasında dayanmışdır. Çünki Azərbaycana rəhbərlik etdiyi dövrdə, o, təkcə müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsi, onun müstəqilliyinin dönməzliyinin təmin olunması və dövlətçilik atributlarının formalaşdırılması ilə deyil, mütəxəssislərin fikrinə görə, həm də Azərbaycan xalqının dövlətçilik ənənələrinin qədim köklərinin üzə çıxarılması və müasir tarixi dəyərlərlə birləşdirilərək milli şüurun bərpa olunması sahəsində əvəzsiz rol oynamışdır ( Bax:Səlahəddin Xəlilov. Heydər Əliyevin dövlət quruculuğu fəlsəfəsi. Heydər Əliyev və Azərbaycan. Bakı, 2008.s.571). Heydər Əliyev yeni şəraitdə birləşdirici azərbaycançılıq ideyasının - etnik mənsubiyyəti xüsusi qabartmadan Azərbaycana mənsubluq, Vətənə bağlılıq, ümumvətəndaşlıq, Azərbaycan dilinə və mədəniyyətinə sevgi, dövlətin sevinci və kədəri, dəyərləri və problemləri qarşısında ümumi və bərabər məsuliyyət hissi daşımaq kimi yeni konfiqurasiyanın - Azərbaycanın müstəqil dövlətçiliyi üzərində qurulmuş milli inkişaf siyasətinin ideoloji əsaslarını ortaya qoydu. Həm də xüsusi qeyd olunmalıdır ki, Heydər Əliyev daxili siyasətində vətəndaşların vahid amal və məqsəd ətrafında birləşdirilməsi istiqamətində addımlarını etnik-milli müstəvidən dövlətçilik və vətənpərvərlik müstəvisinə ustalıqla və mükəmməl formada keçirərək, respublikanın əsas vətəndaşları olan türk kökənli çoxluqla digər milli azlıqların, etnik qrupların birliyinə nail ola bilmişdir. Bu baxımdan, tədqiqatçı alim Səlahəddin Xəlilovun fikri ilə razılaşmamaq mümkün deyil ki, Heydər Əliyev milli ideologiyamızın əsasını müəyyənləşdirməklə bərabər, bilavasitə onun həyata keçirilməsini də təmin edirdi ki, bu da onun dövlət başçısı olmasından əlavə, həm də milli lider kimi üzərinə götürdüyü missiyaya necə böyük məsuliyyətlə yanaşmasına dəlalət edir ( Bax:Səlahəddin Xəlilov. Lider. Dövlət. Cəmiyyət. Bakı, 2001, s. 87). Heydər Əliyevin milli inkişaf sahəsində atdığı addımların, həyata keçirdiyi tədbirlərin əvvəlcədən elmi-siyasi təhlili, onun müsbət və mənfi tərəflərinin ölçülüb-biçilməsi, nəticələrinin proqnozlaşdırılması, ardıcıl və məqsədyönlü olması da siyasətşünasların diqqətini cəlb etmişdir. Bu xüsusiyyət özünü, xüsusən, Azərbaycanın daxili və xarici siyasətinin, milli təhlükəsizliyinin, hərbi quruculuğunun proqramlaşdırılması və yerinə yetirilməsində, iqtisadi-siyasi və sosial proqramların qəbulunda göstərmişdir. Heydər Əliyev müstəqillik dövrünün 1993-2003-cü illəri əhatə edən keçid mərhələsində Azərbaycanın milli inkişaf siyasətinin həm nəzəri əsasını qoydu, həm də onu praktiki şəkildə reallaşdıraraq dövlət müstəqilliyinin dönməzliyini təmin etdi.

Heydər Əliyevin milli inkişaf təlimi Azərbaycandakı bütün sonrakı proseslərin təməlində dayanır və bundan sonra da dayanacaqdır. Onun Azərbaycan xalqının dövlətçilik ənənələrinə söykənərək 1993-cü ildə müəyyənləşdirdiyi siyasi kurs, əsasını qoyduğu demokratik və hüquqi dövlət idarəçiliyi forması 1995-ci ildə qəbul olunmuş yeni Konstitusiyaya daxil edilmiş və 2003-cü ilə qədər ulu öndərin özü tərəfindən həyata keçirilmişdir. Təsadüfi deyil ki, 2003-cü ildə Azərbaycan Respublikasının Prezidenti seçilən İlham Əliyev Heydər Əliyevin müəyyənləşdirdiyi və 1993-2003-cü illərdə həyata keçirdiyi milli inkişaf siyasətinin heç bir alternativi olmadığını, bu strateji inkişaf kursunun bundan sonra da dönmədən davam etdiriləcəyini birmənalı şəkildə bəyan etmişdir ( Bax: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqləri, çıxışları, müsahibələri və bəyanatları http://files.preslib.az/site/ialiyev/2003).

Göründüyü kimi, Heydər Əliyevin dövlətçilik kursu və milli inkişaf siyasəti, xüsusən onun təməl prinsipləri, nəzəri-siyasi məsələləri bütün keçid dövrü üçün Azərbaycanın əsas inkişaf strategiyası olmuş, 2003-2011-ci illərdə dövrün, zamanın və respublikanın müasir inkişafının yeni tələbləri də əlavə olunaraq, Prezident İlham Əliyev tərəfindən dönmədən həyata keçirilmişdir.

Hazırda Azərbaycan Respublikası bir çox sahələrdə, xüsusən iqtisadi həyatda keçid dövrünü başa vurmuşdur. Respublikanın sonrakı onilliyini hədəfə alan yeni inkişaf konsepsiyasının yaradılmasına ciddi ehtiyac yaranmışdır. Heç kimdə şübhə yoxdur ki, yeni inkişaf konsepsiyası da Azərbaycanın milli inkişafının Heydər Əliyev tərəfindən müəyyən olunmuş əsas təməl prinsiplərini mütləq şəkildə nəzərə alacaq və davam etdirəcəkdir. Azərbaycanın gələcək milli inkişaf siyasətinin əsas və uzunmüddətli perspektivləri ilə bağlı vahid konsepsiyanın hazırlanması, strateji inkişafın gələcək istiqamətlərinin, prinsip və vəzifələrinin müəyyənləşdirilməsi müasir Azərbaycan dövlətinin qarşısında dayanan əsas vəzifələrdən biri hesab olunur. 29 noyabr 2011-ci ildə "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasının hazırlanması barədə Azərbaycan Respublikası Prezidentinin xüsusi sərəncamı məhz bu məsələni qarşıya vəzifə kimi qoyur. Sərəncamda qeyd olunur ki, son dövrdə Azərbaycan Respublikasında milli dövlət quruculuğu istiqamətində həyata keçirilən islahatlar, reallaşdırılan çoxsaylı xüsusi dövlət proqramları və s. ölkə həyatının bütün sahələrində müsbət nəticələrin əldə olunmasına şərait yaratmışdır. Bu illər ərzində, xüsusilə son onillikdə Azərbaycanda makroiqtisadi sabitliyə, dinamik iqtisadi artıma nail olunmuş, yoxsulluğun azaldılmasında və əhalinin sosial rifahının yüksəldilməsində ciddi uğurlar qazanılmışdır. Ölkə Prezidenti bu sərəncamda Azərbaycanın perspektiv inkişafının əsas hədəf və istiqamətlərinin müəyyən edilməsi məqsədi ilə müvafiq dövlət orqanlarının, elmi təşkilatların və yüksək ixtisaslı mütəxəssislərin iştirakı ilə, 2020-ci ilədək dövrü əhatə edən "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasının hazırlanmasını Administrasiyası qarşısında mühüm bir vəzifə kimi qoymuşdur. Sərəncamda həmçinin yeni İnkişaf Konsepsiyasının yaradılması sahəsində qabaqcıl dünya təcrübəsindən yararlanmaq, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı və digər beynəlxalq təşkilatlarla səmərəli əməkdaşlıq etmək kimi tapşırıqlar verilmiş, bu işdə vətəndaş cəmiyyəti təsisatlarının iştirakının, habelə layihənin açıq müzakirəyə çıxarılması üçün müvafiq tədbirlərin görülməsinin vacibliyi qeyd edilmişdir ("Azərbaycan" qəzeti, 30 noyabr, 2011. N 264, s. 1).

Beləliklə, bu gün Azərbaycanda ümummilli lider Heydər Əliyevin irsi, müəyyən etdiyi milli inkişaf siyasəti yaşayır və ardıcıl olaraq, yaradıcı surətdə, müasir dövrün tələbləri, reallıqları nəzərə alınmaqla uğurla davam etdirilir.

Digər xəbərlər