Dünən Kürdəmir rayonunda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 89-cu ildönümünə həsr olunmuş silsilə tədbirlərin davamı olaraq mayın 10-da Rayon İcra Hakimiyyətinin və YAP rayon təşkilatının birgə tədbiri keçirilmişdir. Tədbirdə Rayon İcra Hakimiyyətinin Başçısı İrşad Əliyev və aparat işçiləri, YAP Kürdəmir rayon təşkilatının idarə heyəti və şura üzvləri, hüquq- mühafizə orqanlarının işçiləri, rayon ictimaiyyətinin nümayəndələri, idarə, müəssisə rəhbərləri iştirak etmişlər.
Tədbir iştirakçıları əvvəlcə Heydər Əliyev parkında Ulu Öndərin abidəsi önünə əklillər qoymuş və tər çiçəklər düzmüş, əziz xatirəsini ehtiramla yad etmişlər. Bunun ardınca tədbir iştirakçıları Ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümünə həsr olunmuş Gül Bayramında iştirak etmiş, məktəblilərin, ayrı-ayrı kollektivlərin yaratdıqları kompozisiyalara tamaşa etmişlər. Sonra tədbir iştirakçıları Heydər Əliyev Mərkəzində dəyirmi masa ətrafında toplaşmışlar. Dəyirmi masanı YAP rayon təşkilatının sədri Ağali Kərimli giriş sözü ilə açmışdır. Ağali Kərimli bildirmişdir ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adı xalqımızın tarixinə qızıl hərflərlə yazılıb. Bu gün biz bu əvəzolunmaz insanın - dahi şəxsiyyətin anadan olmasının 89-cu ildönümünü qeyd edirik. Bir daha ötən dövrlərə nəzər salarkən Heydər Əliyev fenomeninin, böyüklüyünün, onun Azərbaycan dövləti və xalqı qarşısında misilsiz xidmətlərinin dəyərini daha dərindən dərk etməyə başlayırıq. Ulu Öndər Heydər Əliyev müasir Azərbaycan dövlətinin memarı və qurucusudur, Azərbaycan xalqının son min illik tarixi ərzində yetirdiyi ən böyük tarixi şəxsiyyətlərdən biridir. Ulu Öndər Heydər Əliyev sözün əsl mənasında vətənin böyük oğlu, ümummilli lider, bənzərsiz dövlət xadimi idi. Sağlığında millət atası olmağı bacardı, ən yüksək zirvəyə ucaldı, xalqın sevgisini qazandı. Güclü, qüdrətli, müasir Azərbaycanı qurdu.
Dəyirmi masada "Heydər Əliyev mədəni irsimizin xilaskarıdır" mövzusunda rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri Vaqif Alıyev, "Heydər Əliyev və Azərbaycanda dövlət qadın siyasəti" mövzusunda YAP rayon təşkilatı Qadınlar Şurasının sədri Elmira Şıxəliyeva, "Dahi şəxsiyyət, müdrik insan, əbədi lider" mövzusunda Əməkdar Müəllim Rəfail Məmmədov, "Azərbaycan gəncliyinin böyük dostu və himəyədarı" mövzusunda YAP rayon təşkilatının gənclərlə iş üzrə təlimatçısı Məhəmməd Heydərli, "Heydər Əliyev və milli -mənəvi dəyərlərimiz" mövzusunda Heydər Əliyev Mərkəzinin direktoru Dürriyə Seyidova çıxış etmiş, rayon Ağsaqqallar Şurasının sədr müavini Vaqif Hacıyev və YAP rayon təşkilatının şura üzvü Mehrab Abdurahmanov ümummilli lider Heydər Əliyevə həsr etdikləri şeirləri söyləmişlər.