PDF Oxu

Əsas

  • 13

YAP nümayəndə heyətinin Kanadaya səfəri uğurlu olub

YAP nümayəndə heyətinin Kanadaya səfəri uğurlu olub
Yeni Azərbaycan Partiyasının beynəlxalq əlaqələri getdikcə genişlənməkdədir. Bu gün YAP bir çox ölkələrin siyasi partiyaları ilə ikitərəfli əlaqələrə malikdir. Eyni zamanda, YAP siyasi partiyaları birləşdirən beynəlxalq qurumlarda da təmsil olunur. Belə ki, Azərbaycan hakim partiyasının Avropa Xalqları Partiyası və Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransı (İCAPP) ilə münasibətləri inkişaf edir. YAP-ın İCAPP-ın Daimi Komitəsində təmsil olunması və digər faktlar partiyanın geniş beynəlxalq əlaqələrinin əyani göstəriciləridir.
Qeyd edək ki, beynəlxalq əlaqələrin daha bir nümunəsi olaraq 14-17 may tarixlərində YAP-ın nümayəndə heyəti Kanadanın siyasi pariyalarının dəvəti ilə bu ölkədə səfərdə olmuşdur. Belə ki, YAP İcra katibinin müavini Mübariz Qurbanlı və partiyanın beynəlxalq əlaqələr şöbəsinin müdiri Asəf Hacıyevin daxil olduğu nümayəndə heyəti Kanadada bir sıra səmərəli görüşlər keçirmişdir. Səfərin yekunları haqqında yap.org.az saytına məlumat verən YAP İcra katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlı Kanada ilə Azərbaycan arasında ikitərəfli əlaqələrin yüksələn xətlə inkişaf etdiyini bildirmişdir. Onun sözlərinə görə, dövlətlər arasında siyasi, iqtisadi, sosial və mədəni sahələrdə əməkdaşlıq genişlənməkdədir.
M.Qurbanlı qeyd etmişdir ki, Yeni Azərbaycan Partiyası da ikitərəfli əlaqələrini genişləndirmək istiqamətində Kanada ilə münasibətlərə xüsusi diqqət yetirir. İcra katibinin müavini səfər gedişində nümayəndə heyətinin bir sıra tədbirlərə qatıldığını və görüşlər keçirdiyini diqqətə çatdırmışdır. "YAP-ın nümayəndə heyəti səfər çərçivəsində 28 May Respublika Gününə həsr olunmuş tədbirdə iştirak etmişdir. Ölkəmizin Kanadadakı səfirliyi bu tədbiri yüksək səviyyədə təşkil etmişdi. Səfirimiz Fərid Şəfiyev çevik, peşəkar diplomat kimi öz vəzifəsini layiqincə yerinə yetirir. Eləcə də, səfirliyin əməkdaşları da bu tədbiri bütövlükdə Azərbaycanın təşviqatına çevirən tədbir kimi təşkil etmişdilər. Respublika Günü münasibətilə səfirliyin yaydığı məlumatlar Azərbaycanın əldə etdiyi uğurların təşviqi baxımından olduqca əhəmiyyətlidir. Həmin tədbirdə Kanadanın siyasi elitasının nümayəndələri ilə söhbətlər apardıq, ikitərəfli əlaqələrin inkişafı ilə fikir mübadiləsi etdik. Bundan əlavə, bir sıra ikitərəfli görüşlər keçirdik.
Kanadanın Liberallar Partiyasının müdafiə məsələləri üzrə tənqidçisi, millət vəkili Con Makkey ilə görüşdük. Onunla görüşümüzdə Azərbaycan- Kanada əlaqələri ilə yanaşı partiyalararası əməkdaşlıq mövzusuna geniş yer verildi. Eyni zamanda, Kanadanın Yeni Demokratik Partiyasının xarici işlər üzrə tənqidçisi, millət vəkili Pol Düarla görüşümüz oldu" - deyə YAP İcra katibinin müavini vurğulamışdır.
Səfər çərçivəsində YAP-ın nümayəndə heyətinin üzvləri Kanada-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri, Kanada parlamentinin hakim Mühafizəkarlar Partiyasından olan üzvü c Barri Devolin və qrupun digər üzvləri ilə də görüşmüşdür. M.Qurbanlı Barri Devolinin Azərbaycan haqqında kifayət qədər məlumatlı şəxs olduğunu bildirmişdir. Onun sözlərinə görə, bu şəxs həmçinin, Ermənistanın Azərbaycana qarşı təcavüzü ilə bağlı geniş məlumatlara malikdir.
"Barri Devolin Kanada Parlamentində vitse-spiker vəzifəsini yeriən yetirən şəxslərdən biridir. B.Devolin dostluq qrupunun sədri kimi Azərbaycanla bağlı ətraflı məlumata malik olmaqla bərabər ölkəmizin haqq səsinin Kanada ictimai rəyinə çatdırılmasında çox əhəmiyyətli rol oynayır. Qeyd edim ki, biz Kanadanın Mühafizəkar Partiyasının digər üzvləri ilə də görüşdük. YAP məhz bu partiya ilə geniş əlaqələr qurmuşdur. Bu partiya hakim partiyadır, hökumətdə aparıcı yer tutur. Səfər çərçivəsində Kanada parlamenti ilə də tanışlığımız oldu. Daha sonra Kanada xarici işlər nazirnin parlament katibi Dipak Obrayla, Mühafizəkar Partiyasının nümayəndəsi, Kanada parlamentinin Dövlət hesabları üzrə daimi komitəsinin sədr müavini dəril Krəmplə görüş keçirdik. Bu görüşlərdə YAP-la Kanadanın Mühafizəkarlar Partiyası arasında əlaqələr haqqında ciddi razılaşmalar əldə etdik. Bu ilin payızında Mühafizəkarlar Partiyasının nümayəndələrinin Azərbaycan səfəri nəzərdə tutulur. Bu səfər zamanı partiyalar arasında əlaqələrin daha da genişləndirilməsi istiqamətində addımlar atılacaq.
Ümumiyyətlə, Kanadaya səfərimiz uğurlu oldu. Keçirilən görüşlərdə biz Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində ölkəmizin qazandığı uğurlar, Ermənistanın Azərbaycana qarşı işğalçı siyasətinin nəticələri, bölgədə Azərbaycanın yeri və rolu, həyata keçirilən enerji siyasəti və s. məsələlər barədə fikirlərimizi çatdırdıq. Hesab edirəm ki, YAP-ın Kanadanın siyasi partiyaları ilə əlaqələri bundan sonra da uğurla inkişaf edəcək. Bütün bunlar onu göstərir ki, partiyamızın beynəlxalq əlaqələri daim genişlənir"- deyə YAP İcra katibinin müavini vurğulamışdır.

Digər xəbərlər