Bakıda keçirilən "Eurovision-2012" musiqi yarışması 50-dən çox ölkəni əhatə edən 150 milyonluq tamaşaçı auditoriyasını fəth etdiyi bir vaxtda müəyyən dairələr öz məkrli niyyətlərini davam etdirməyə, "qara piar" vasitəsilə bu nüfuzlu tədbirin uğurlu gedişinə kölgə salmağa çalışırlar. Bu dəfə müvafiq cəhdlərin "Eurovision-2012"-nin iştirakçılarından biri İsveçin təmsilçisi Lorinin vasitəsilə gerçəkləşdirilməsinə səy göstərilir. Adi ifaçı olan, indiyədək heç vaxt siyasətlə məşğul olmayan xanım Lorinin birdən-birə musiqi yarışmasının iştirakçısı kimi, qonaq olduğu bir ölkədə "insan haqlarının müdafiəsi zərurəti"ndən danışması, tanımadığı, bilmədiyi, barəsində məlumatlı olmadığı bir sıra qurumların təmsilçiləri ilə ardıcıl görüşlər keçirməsi buna əyani misaldır.
Niyə məhz Lorin?
Əslində, xanım Lorinin bu kimi məsələlərdə bir qədər səriştəsiz olduğu, müəyyən dairələr, konkret olaraq, İsveçin Azərbaycandakı səfirliyi tərəfindən yönləndirildiyi aydın görünür. Bəlli olan odur ki, gənc müğənni İsveç səfiri Mikael Erikssonun onun şərəfinə təşkil etdiyi ziyafətdən sonra "Eurovision-2012" müsabiqəsinin iştirakçısından daha çox "insan hüquqlarının müdafiəçisi" kimi davranmağa başlayıb. Sözügedən tədbirin uğurla gerçəkləşdiyi bir vaxtda müsabiqənin gedişini siyasiləşdirməyə yönələn belə cəhdlər, xüsusən, Lorinin müsabiqə səhnəsindən Azərbaycanla bağlı siyasi bəyanat səsləndirməsi üçün göstərilən səylər, faktiki olaraq, müəyyən qüvvələrin qərəzli münasibətinin göstəricisidir. Bunu Almaniya mətbuatında Azərbaycana qarşı başladılan, indi qismən səngiyən "qara piar"ın tərkib hissəsi kimi də qiymətləndirmək olar.
"Eurovision-2012"-nin keçirilməsinə qarşı təxribat xarakterli aksiyalar keçirən Müsavat və AXCP-nin təmsilçilərinin xanım Lorinin şərəfinə təşkil edilən ziyafətə dəvət olunması da deyilənlərə əyani misaldır. Bir sıra Avropa ölkələri səfirlərinin bir-birinin ardınca müvafiq musiqi yarışması ərəfəsində bu iki siyasi qurumun təmsilçiləri ilə görüşlərinin intensivləşməsi, prosesin müsabiqənin gedişi zamanı belə davam etməsi anti-Azərbaycan qüvvələrinin yeni hiyləyə əl atdığını göstərir. Söhbət ondan gedir ki, bu dəfə ortada "Eurovision-2012" iştirakçılarından birini ələ almaq, Azərbaycan əleyhinə kökləmək təşəbbüsü var və bu cəhd, təbii ki, heç də təsadüfən meydana çıxmayıb. İstisna deyil ki, Lorinin təlimatlandırılması müsabiqədən xeyli əvvəl başlayıb və sonda bu "missiya"nı baş çatdırmaq məhz İsveç səfirinə həvalə edilib. Yəni, baş verənlər, əslində, yeni bir şey deyil, əksinə, məqsədli "qara piar" ssenarisinin davamıdır.
Lorinə nə vəd edilib?
Sözsüz ki, gənc müğənnini ələ almaq və Azərbaycanda "insan haqlarının vəziyyəti" ilə bağlı müəyyən fikirlər səsləndirməyə vadar etmək heç də asan, havayı başa gəlməyib. Deyilənə görə, Lorinə buna görə, kifayət qədər bahalı hədiyyələr, böyük məbləğdə pul, imtiyazlar vəd olunub. Onun xüsusi təmtəraqla qarşılanması, digər səfirlərə, Azərbaycan müxalifətinin təmsilçilərinə ayrıca təqdim olunması da məhz bununla əlaqədardır. Nəticəsindən asılı olmayaraq, bu prosesdə müsabiqədə İsveçi təmsil edən gənc müğənni Lorinin iştirakı təəssüf doğurur. İstisna deyil ki, bununla ona daha geniş auditoriyanın dəstəyini qazana biləcəyi də vəd edilib. Eyni zamanda, Lorinin bu üsulla müəyyən populyarlıq qazanmağa, diqqəti cəlb etməyə çalışması da aydın görünür.
Maraqlı məqamlardan biri də budur ki, İsveç səfirliyi fakta aydınlıq gətirmək əvəzinə, sükuta üstünlük verir, bu və ya digər vasitələrlə müvafiq sorğulardan yayınmağa səy göstərir. Fakt və reallıq isə ortadadır. Görünən və bəlli olan odur ki, Lorinin şərəfinə verilən ziyafətdə ona siyasi bəyanatla çıxış etməyin təklif olunması, Azərbaycanda insan haqlarının vəziyyəti ilə bağlı reallığı əks etdirməyən fikirlərin səsləndirilməsi heç də birmənalı qarşılanmayıb, haqlı ictimai qınağa səbəb olub.
Müsabiqəni siyasiləşdirmək cəhdi pislənilir
Xatırladaq ki, məsələyə artıq dövlət səviyyəsində - Prezident Administrasiyasının İctimai-siyasi şöbəsinin müdiri Əli Həsənov tərəfindən münasibət bildirilib. Əli Həsənov qeyd edib ki, belə nüfuzlu musiqi yarışmasını siyasiləşdirmək cəhdləri qətiyyən doğru deyil və bu kimi hallar birmənalı şəkildə pislənilir: "Təəssüf olsun ki, burada da müəyyən siyasiləşmə cəhdləri var". O, eyni zamanda, vurğulayıb ki, nüfuzlu bir musiqi yarışmasını siyasiləşdirmək cəhdləri yolverilməzdir: "İstər diplomatik nümayəndələrlə bağlı olsun, istər onların ətrafındakı siyasi qruplar olsun, musiqi yarışmasını siyasiləşdirmək olmaz". Prezident Administrasiyasının rəsmisi belə faktlara münasibətin hər zaman birmənalı olduğunu söyləyib: "Bu və ya digər partiya nümayəndələri ilə musiqi yarışması arasındakı ünsiyyətləri quraraq, belə beynəlxalq nüfuzlu tədbirlərə xələl gətirmək cəhdi həmişə pislənilib, bundan sonra da pisləniləcək".
Əli Həsənov onu da vurğulayıb ki, Lorinin şərəfinə keçirilən ziyafətə Azərbaycanın müxalifət təmsilçilərinin məqsədli şəkildə dəvət olunması istisna edilmir: "Mən bu məsələnin mahiyyəti barədə dəqiq məlumatlı deyiləm. Hər halda, mətbuatdakı xəbərlərdə görünən budur ki, siyasi partiya nümayəndələri ilə, xüsusən, bu günlərdə aktiv anti-Azərbaycan fəaliyyəti nümayiş etdirənlərlə "Eurovision" yarışmasına qatılan ölkələrin təmsilçiləri arasında belə ünsiyyətin yaradılması, buna vasitəçilik etməsi bəlli məqsədlərlə edilə bilər. Əlbəttə, bu, siyasiləşmə məqsədilə edilirsə, biz bunu pisləyirik".
Ziyafətin şübhəli və müəmmalı qonaqları... İsa Qəmbərlə Əli Kərimli Lorindən nə xahiş edib?
İsveçin Azərbaycandakı səfirliyi bu ölkənin "Eurovision - 2012" təmsilçisi Lorinin şərəfinə verilən ziyafətdə müxalifət təmsilçilərinin iştirak etməsi də bir sıra maraqlı suallar doğurur. Diqqəti çəkən odur ki, ziyafətə dəvət alan və orada iştirak edən Əli Kərimli ilə İsa Qəmbər özlərini daha çox mühafizəkar qüvvələrin təmsilçisi kimi təqdim edirlər və bu baxımdan, onların belə bir ziyafətdə peyda olması kifayət qədər müəmmalı və şübhəli görünür. Bəlli olan odur ki, nə İ.Qəmbər, nə də Ə.Kərimli Avropa musiqisinin pərəstişkarı deyil, bu mənada, İsveç musiqisi barədə məlumatları da "yox" səviyyəsindədir. Bütün bunların fonunda aydın görünür ki, AXCP və Müsavat mənsubları həmin ziyafətdə heç də musiqiyə qulaq asmaq və ya sadəcə, ziyafət xatirinə iştirakçı olmayıblar. Əksinə, iştirak etməkdə məqsədləri öncədən razılaşdırıldığı kimi, Lorini müəyyən destruktiv dairələrlə görüşə vadar etmək olub.
Məlumata görə, ziyafəti təşkil edən İsveçin Azərbaycandakı səfiri Mikael Eriksso Lorindən "Eurovision" səhnəsindəki çıxışı zamanı siyasi bəyanatlar səsləndirməsini, Azərbaycanla bağlı çağırışlar etməsini xahiş edib. Eyni xahişə müxalifət liderləri də qoşulublar. Müxalifət təmsilçiləri ziyafətdə iştirak etdiklərini təsdiqləsələr də, Müsavat başqanı İsa Qəmbər "bizim yanımızda belə söhbət olmayıb" deməklə kifayətlənib.
Lorinin müvafiq ziyafətdən sonra bir sıra müxalif, anti-Azərbaycan mövqeli yerli qurumların təmsilçiləri ilə görüşməsi öz destruktiv mövqeyi ilə seçilən, "Avroviziya" musiqi yarışmasını boykot etmək, pozmaqla bağlı müxtəlif çağırışlar edən iki müxalif partiyanın təmsilçisinin İsveç səfirliyinin təşkil etdiyi ziyafətə heç də təsadüfən dəvət olunmadığını təsdiqləyir. Bu, onu göstərir ki, həmin şəxslər İsveç səfirinin vasitəsi ilə müğənni Lorinlə təmas qurublar və onu müəyyən hərəkətlərə, görüşlərə təhrik edə biliblər. İsveçi təmsil edən müğənni Lorin bu görüşləri öz təşəbbüsü ilə keçirdiyini söyləsə də, fakt faktlığında qalır, çünki belə görüşlər məhz həmin ziyafətdən sonra keçirilib.
Lorini yanlışlığa təhrik edənlər... Onlar böyük ictimai qınaq obyektidir
Burada Lorinlə yanaşı, onu bu hərəkətə çəkənlər, haqlı olaraq, daha böyük ictimai qınaq obyektidir. Çünki onlar uzun müddətdir ki, "Eurovision-2012" əleyhinə aparılan "qara piar"ın iştirakçısıdırlar. Əgər o, Azərbaycanda insan haqlarının durumu ilə bağlı məhz "Demokratiya naminə musiqi" (Sing for Democracy) kampaniyası xətti ilə, "Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu"nun sədri Emin Hüseynov, "İnsan Haqları Klubu"nun rəhbəri Rəsul Cəfərov və Norveç İnsan Haqları Evinin koordinatoru Şəhla İsmayılova vasitəsilə məlumat almaq, "maariflənmək" istəyirsə, onda əlavə şərhə ehtiyac qalmır. Çünki onların sayəsində Lorin o qədər "dolğun, rəngarəng informasiya" (daha doğrusu, dezinformasiya) əldə edəcək ki, Bakıya nə səbəbdən, hansı məqsədlə gəldiyini belə unudacaq, layiqli ifası ilə ölkəsini təmsil etmək əvəzinə, deyəsən, bəyanat verməyi öyrənəcək.
Tədbirin RATİ-nin mətbuat mərkəzində gerçəkləşdiyini, İsveçin "Civil Rights Defenders" təşkilatının və Norveç İnsan Haqları Evinin dəstəyi ilə keçirildiyini nəzərə alsaq, onda hər şey aydın görünür. Sadəcə, Lorin bir həqiqəti anlamalıdır ki, o, Azərbaycana heç də insan hüquqlarının müdafiəçisi kimi deyil, İsveçi mötəbər musiqi yarışmasında təmsil edən müğənni, ifaçı kimi gəlib. Nüfuzlu bir yarışmanın iştirakçısı olduğu halda, həmin müsabiqəyə qarşı "qara piar" aparanlara qoşulmaq isə qətiyyən bir ifaçıya yaraşan hərəkət deyil. Bu, ona gənc, istedadlı müğənni, nə "Eurovision-2012"-nin iddialı iştirakçısı, nə də "insan hüquqlarının müdafiəçisi" olmaq iddiası ilə çıxış edən bir şəxs kimi, qətiyyən başucalığı gətirmir.
"Səs" Analitik Qrupu