Bəlli olduğu kimi, "Kütləvi informasiya vasitələri haqqında" qanuna Milli Məclis tərəfindən bir sıra mühüm əlavə və dəyişikliklərin edilməsi gözlənilir. Bu dəyişikliklər, ilk növbədə, media fəaliyyətinin daha səmərəli qurulmasına, söz, fikir azadlığının daha da möhkəmləndirilməsinə, eyni zamanda, şəxsiyyət azadlığının, toxunulmazlığının ciddi şəkildə qorunmasına yönəlib. Bununla yanaşı, müxalifət yönümlü media bu pozitiv dəyişikliklərə, ənənəvi qaydada - pessimist mövqedən yanaşır.
Diqqəti çəkən odur ki, qanunda jurnalistlərin sosial məsuliyyətinin öz əksini tapması təklifi, xüsusən, qanunun 60-cı maddəsinə təklif olunan dəyişikliklər xüsusi müzakirə obyektidir. Əslində, bu maddəyə təklif olunan əlavə və dəyişikliklər Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsində bilavasitə təsbit olunan şərəf və ləyaqətin qorunması hüququnun KİV-ə birbaşa tətbiqi zərurətindən irəli gəlir. Heç kəsə sirr deyil ki, informasiya və məlumat azadlığından sui-istifadə hallarının sayı kifayət qədərdir. Belə hallar bir çox ləyaqətli insanın nüfuzuna, şəxsiyyətinə kölgə gətirən məlumatların, qərəzli yazıların yayılmasına səbəb olur ki, bu da əksər hallarda məlumat və informasiya azadlığı anlayışlarının düzgün başa düşülməməsi səbəbindən baş verir. Digər tərəfdən, konstitusiyanın 47-ci maddəsi bilavasitə söz və fikir, 50 və 51-ci maddələri isə məlumat və yaradıcılıq azadlığına zəmin yaradır. Digər tərəfdən, KİV-də çalışmaq heç kəsi vətəndaşlıq borcundan, cəmiyyət, dövlət, bəşəriyyət qarşısında sosial məsuliyyətdən azad etmir. Əksinə, bu insanlar bu və ya digər şəkildə ictimai rəyə açıq, birbaşa təsir imkanlarına malik olduqlarından vətəndaş məsuliyyətini, obyektivlik hissini, tərəfsizliyi, qərəzsizliyi, bununla yanaşı, dövlətçilik maraqlarını ciddi qoruyub saxlamağa, müdafiə etməyə borcludurlar.
Bütün bunlar, müvafiq iddiaların əksinə olaraq, heç də söz, fikir, məlumat və yaradıcılıq azadlığını qətiyyən məhdudlaşdırmır. Əksinə, media təmsilçilərini daha məsuliyyətli olmağa, cəmiyyətin, dövlətin, sadə insanların maraqlarına xidmət edən mütərəqqi fəaliyyət göstərməyə səsləyir. Bütün bunların müqabilində müxalif medianın qanunun yeni variantını gözdən salmaq cəhdləri qeyri-ciddi, qeyri-real, olduqca absurd görünür.
Burada ən çox müzakirə obyektinə çevrilən məqamlardan biri də KİV haqqında qanunun 14-cü maddəsinə təklif olunan dəyişikliklərdir. Bu maddəyə təklif olunan dəyişiklik, əslində, hər bir vətəndaşa, müstəqil idarə və müəssisəyə azad KİV təsis etməyə, müvafiq konstitusion hüquqlardan, medianın imkanlarından geniş şəkildə yararlanmağa əlverişli zəmin yaradır. Hazırda Azərbaycanda müxtəlif təyinatlı KİV-lərin təsis edilməsi üçün hər hansı məhdudiyyət yoxdur. Əksinə, medianın çoxşaxəli fəaliyyəti və inkişafı həm dövlət, həm də cəmiyyət səviyyəsində ciddi şəkildə stimullaşdırılır. Əgər bir insan haqqında real səbəb, əsas olmadan hər hansı qərəzli, əsassız məlumatın, informasiyanın yayılmasına yol verilirsə, bunun özü, ən azı, mənəvi məsuliyyət yaradır və jurnalistlər bu məsələdə, şübhəsiz ki, mümkün qədər həssas, diqqətli davranmağa borcludurlar.
Digər iddialar KİV-in təsis olunması üçün təklif olunan məbləğlə bağlıdır. Burada, sadəcə, onu qeyd etmək yetərlidir ki, müasir dövrdə media çoxfunksiyalı xarakter daşıyır və müəyyən mənada işgüzar biznes fəaliyyətinin, sosial təqdimatın və reklamın atributu kimi çıxış edir. Bu mənada, hər hansı KİV-i təsis edən şəxs həm də müasir sahibkarlıq təfəkkürünə, menecment biliklərinə yiyələnməlidir, həm maddi, həm mənəvi həyatda özünü işgüzar, cəmiyyət üçün faydalı şəxs kimi təsdiqləməyi bacarmalıdır. Digər tərəfdən, kollektiv təsisçilik halında müvafiq məbləğin elə də çox olmadığı, əksinə, ictimai fəallığı və təşəbbüskarlığı stimullaşdırdığı bəlli olur.
Beləliklə, KİV haqqında qanuna təklif olunan əlavə və dəyişiklərin pozitiv, mütərəqqi xarakter daşıdığı aydın görünür. Tam əminliklə söyləmək mümkündür ki, müvafiq əlavə və dəyişikliklər söz, fikir, məlumat azadlığı daha da möhkəmləndirəcək.
NAİB