Son vaxtlar informasiyanın əldə edilməsi, ötürülməsi, yayılması və digər məsələlərlə bağlı münasibətlərdə yüksək inkişaf tendensiyası müşahidə olunur. Bu məsələ bir tərəfdən informasiya əsri olması ilə yanaşı, ölkəmizdə gedən sürətli inkişafla da sıx bağlıdır. Belə ki, Azərbaycanda "İnformasiya əldə etmək haqqında" qanuna ediləcək əlavə və dəyişikliklər beynəlxalq təcrübəyə əsaslanmaqla, insan hüquq və azadlıqlarının qorunmasına yönəlmiş bir addımdır. Ümumilikdə, qanuna təklif olunan əlavədə qeyd olunur ki, informasiyanın əldə olunmasına, o şərtlə icazə verilir ki, bu Azərbaycanın siyasi, iqtisadi və hərbi sahələrdə milli maraqlarının, maliyyə-kredit və valyuta siyasəti sahələrində mənafelərin qorunması, ictimai qaydanın, sağlamlığın və mənəviyyatın qorunması, digər şəxslərin hüquq və azadlıqlarının, kommersiya və digər iqtisadi maraqlarının qorunması, məhkəmənin nüfuzunun və qərəzsizliyinin təmin edilməsi məqsədlərinə zidd olmasın. Bir sıra müddəaların yeni fundamental formada işlənilib-hazırlanması dövlətin və cəmiyyətin ümumi maraqlarına xidmət edəcək. Məsələ ilə bağlı "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu və "Kaspi"nin baş redaktoru Natiq Məmmədli ilə söhbətləşdik.
"Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu:
- Düşünürəm ki, "İnformasiya əldə etmək haqqında" qanuna ediləcək əlavə və dəyişikliklər beynəlxalq təcrübəyə əsaslanır. Bu məsələdə biz insan hüquq və azadlıqlarına kompleks yanaşmalıyıq. "İnformasiya əldə etmək haqqında" Qanuna edələcək əlavə və düzəlişlərin, əslində, söz və mətbuat azadlığının məhdudlaşdırılması kimi deyil, insan hüquq və azadlıqlarının qorunmasının təntənəsi kimi qəbul olunması daha yaxşı olardı. Çünki burda insanların maliyyə-kredit fəaliyyətləri, kommersiya faəliyyətlərindən söhbət gedir. Eyni zamanda, burda insanların şəxsi həyatları, sağlamlıqları və ümümilikdə, mənəviyyatı ilə bağlı olan məsələlər insan hüquq və azadlıqları kontekstində qiymətləndirilir. Bu təcrübə tək Azərbaycanda deyil, bir sıra xarici ölkələrdə mövcuddur. Məsələn, Qərb ölkələrində, Rusiyada, Türkiyədə məsələlərə bu şəkildə kompleks yanaşılır. Yəni insan hüquq və azadlıqları ilə mətbuat və söz azadlığı birlikdə, vahid tamın ayrı-ayrı komponentləri nəzərdən keçirilir. Ona görə də həm KİV tərəfindən, həm də vətəndaşlar tərəfindən obyektiv qəbul edilir. Hesab edirəm ki, sözügedən qanuna edilən əlavə və düzəlişlər insan hüquq və azadlıqlarını məhdudlaşdırmır. Əksinə, insan hüquq və azadlıqlarının daha da etibarlı qorunmasını təmin edir.
"Kaspi" qəzetinin baş redaktoru Natiq Məmmədli:
- Bu, təkcə bir qanuna olan düzəliş deyil, eyni zamanda, bir sıra qanunlara da əlavə və düzəlişlər ediləcək. Bununla bağlı müəyyən ajiotaj yaradılıb ki, guya bu azad sözə və mətbuata təsir edəcək, informasiya əldə etməyə problem yaradacaq. Amma bu deyilənlərlə mən razılaşmıram. Bu əlavə və dəyişikliklər Milli Məclisin müzakirələrində aydınlaşacaq və konkretləşəcək. Hesab edirəm ki, nəinki bu qanunun, ümumiyyətlə, jurnalistlərin informasiya əldə edilməsi sahəsindəki işləri getdikcə daha da təkmilləşir. Bu yaxınlarda da İnformasiya Ombusmanı formalaşıb. Hansı ki, informasiya əldə edilməsində problem olduqda dərhal jurnalistlərin maraqlarından çıxış edən bir təşkilat kimi fəaliyyət göstərəcək. Artıq bununla bağlı məsləhətləşmələr, demək olar ki, yekunlaşıb. Belə bir ərəfədə qanunvericiliyə dəyişikliklər edilirsə, bunu mən hər hansı təhdid hesab etmirəm. Bizim qanunlar dəfələrlə təkmilləşib. Ona görə təkmilləşir ki, ictimai münasibətlər inkişaf elədikcə, qanunların dəyişilməsinə tələbat yaranır. Qanunverici orqan da bu aspektdən çıxış edərək, qanunlara müəyyən əlavə və dəyişiklik edir. Bu əlavə və düzəlişlər də cəmiyyətin xeyirinədi, ümumi proseslərin xeyirinədi. Ancaq bunun ətrafında belə ajiotajın yaradılması və bunun təsir kimi qiymətləndirilməsi düzgün yanaşma deyil. Parlamentin müzakirələrini gözləmək lazımdır. Bəzən də deyilir ki, bu mediaya təzyiq vasitəsi olacaq. Amma mən bunun əksini düşünürəm. Və hesab edirəm ki, bu prosedura dəyişikliyidi. Bunun da jurnalistlərin fəaliyyətinə təsiri olmayacaqdır.
Babək Hacıyev