PDF Oxu

Əsas

  • 73

15 iyun - Azərbaycan dövlətinin xilası tarixidir (I hissə)

15 iyun - Azərbaycan dövlətinin xilası tarixidir (I hissə)

Azərbaycan xalqının və Azərbaycan Respublikasının tarixinə Milli Qurtuluş Günü kimi daxil olmuş 1993-cü ilin 15 iyun günü onu qiymətləndirənlər, dərindən dərk edənlər üçün çox əzizdir. Vətənini, xalqını sevən həmin çətin, ağrılı günlərin dəhşətlərini yaşayan, hadisələri gözləri ilə görən insanlar üçün 15 iyun əsl qurtuluş tarixi, Azərbaycanda ölüm-dirim mübarizəsinin tarixidir. Bu tarixi yaradan isə yenə də Azərbaycanın inkişafında, müstəqilliyində, gələcəyində müstəsna rol oynayan, daim xalqına arxalanan və xalqa arxa olan bir insandır - Heydər Əliyev.

Ulu öndər Heydər Əliyev elə nadir tarixi şəxsiyyətlərdəndir ki, hələ sağlığında xalqının qəlbində özünə möhtəşəm bir abidə ucaldaraq canlı əfsanəyə çevrilmişdir. Bu, hər kəsə nəsib olmayan yenilməz siyasi iradənin, xalqına, Vətəninə olan sonsuz məhəbbətin bariz nümunəsi idi.

Tale elə gətirmişdir ki, 1992-1993-cü illər, müstəqilliyimizin ilk illərinə təsadüf etsə də, ölkəmizin müasir tarixinə hərc-mərclik, özbaşınalıq, avantürist eksperimentlər dövrü kimi daxil olmuşdur. Bütün bunlar isə həmin dövrlərdə yeni yaradılmış suveren dövlətə liderlik xüsusiyyətlərinə malik olmayan, siyasi hadisələrə qiymət vermək, gələcəyi görmək imkanlarından məhrum olan, adi vəziyyətdən belə çıxış yolu tapmağa qadir olmayan şəxslərin rəhbərlik etməsi ilə əlaqədar baş verirdi. O dövrkü iqtidarın səbatsızlığı ucbatından xalqın milli arzuları puça çıxmaq təhlükəsi ilə üz-üzə qalmışdı. Həmin dövrdə bütün ölkə vətəndaşlarının nəzəri Azərbaycanın dövlət müstəqilliyi üçün böyük xidmətlər göstərmiş Naxçıvana yönəlmişdi. Hamı Heydər Əliyevin Naxçıvanda başladığı milli qurtuluş savaşının zəfər yürüşünü səbrsizliklə gözləyirdi.

Bu illərdə Naxçıvan Ulu öndər Heydər Əliyevin rəhbərliyi altında Azərbaycanın müstəqilliyə doğru irəliləməsində bayraqdar rolunu öz üzərinə götürərək bu vəzifənin öhdəsindən ləyaqətlə gəlirdi. İttifaq rəhbərliyindən uzaqlaşdırıldıqdan sonra Naxçıvana qayıtmış Heydər Əliyev xalqının bu ağır günündə onunla birlikdə olduğunu, onun yolunda bütün məhrumiyyətlərə hazır olduğunu bir daha sübut etdi.

Belə bir vaxtda 1990-cı il noyabrın 17-də Muxtar Respublikanın Ali qanunvericilik orqanında Onun təşəbbüsü ilə doğma Azərbaycanımızın üçrəngli bayrağı qaldırıldı. Elə o vaxtdan müstəqilliyimizin ikinci dəfə əsası qoyuldu. Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Muxtar Respublikanın adından "Sovet Sosialist" sözləri çıxarıldı. Sərhəd məftillərinin söküldüyü gün – dekabrın 31-i - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan edildi. Blokada şəraitində olan Naxçıvanın müdafiəsini təmin etmək məqsədilə Müdafiə Komitəsi yaradıldı. Erməni hücumlarına tutarlı cavablar verildi. Respublikada ilk dəfə olaraq Sovet ordu hissələri Naxçıvanda bütün əmlaklarını qoyaraq Muxtar Respublikanın ərazisini tərk etdilər. Qonşu Türkiyə və İranla münasibətlər normallaşdırıldı, əlaqələr genişləndirildi, Sədərəkdə "Ümid körpüsü" adlı həyati əhəmiyyətli körpü salındı. İranla sərhəddə keçid və ticarət məntəqələri yaradıldı.


Zaman Heydər Əliyevi haqlı çıxardı


O vaxtlar Ali Sovetə deputat seçilən Heydər Əliyev Milli Məclisdəki çıxışlarında Dağlıq Qarabağ problemi ilə əlaqədar Azərbaycan rəsmilərinin yeritdiyi siyasəti və Moskvanın mövqeyini tənqid edərək SSRİ-nin tezliklə dağılacağını dəfələrlə bəyan etsə də, səbatsız iqtidar bu fikirlərə məhəl qoymurdu.

Zaman Heydər Əliyevin haqlı olduğunu bir daha sübut etdi. Azərbaycan tezliklə öz dövlət müstəqilliyinə qovuşdu. Təəssüflər olsun ki, nə Mütəllibov hakimiyyəti, nə AXC-Müsavat cütlüyü üzərlərinə düşən vəzifənin öhdəsindən layiqincə gələ bilmədilər. Bəzilər ölkənin müstəqillik əldə etməsini özlərinin niyyəti kimi qələmə verməyə çalışır, bəziləri isə fikirləşirdilər ki, "müstəqil olaq ya yox."

Heydər Əliyev 28 May-Respublika Günü münasibəti ilə 2001-ci il mayın 26-da keçirilmiş tədbirdə bu barədə belə demişdir: "1991-ci ildə müstəqilliyi elan etmək çətin bir məsələ deyildi. Çünki bu, tarixi zərurətdən irəli gəlmiş bir hadisə idi. SSRİ dağılırdı, istəsən də istəməsən də sən öz respublikanın aqibətini müəyyən etməli idin. Burada da müstəqillikdən savayı başqa yol yox idi. Amma bu müstəqilliyi qoruyub saxlamaq o müstəqilliyi əldə etməkdən qat-qat çətin bir vəzifə idi".

Müstəqillik yoluna qədəm qoymuş respublikamızın qarşısında yeni mərhələdə tarixi vəzifələr dururdu. Tarix bu vəzifələrin yerinə yetirilməsi üçün ölkənin intellektual, sosial-iqtisadi potensialından, ictimai-siyasi qüvvələrindən səmərəli istifadə olunmasını tələb edirdi.

Heydər Əliyevin 2001-ci il 20 mart tarixli Fərmanında bu barədə belə deyilir: "Təəssüf ki, 1991-1993-cü illərdə bu istiqamətdə bu barədə heç bir iş aparılmadı. Müstəqil Azərbaycan dövlətinin keçdiyi yeni mərhələdə ölkənin iqtisadi, siyasi maraqları, təhlükəsizliyi, ərazi bütövlüyünün təmin olunması ilə bir araya sığmayan daxili və xarici siyasəti müstəqil dövlətçiliyə, onun sonrakı taleyinə ağır zərbələr vurdu. Azərbaycanda Ermənistanın təcavüzü ilə yanaşı, daxili ictimai sabitlik də pozulmuş, müxtəlif qanunsuz silahlı dəstələr yaradılmış və ölkənin daxilində qızğın hakimiyyət çəkişməsi başlanmışdı".


Naxçıvandan başlayan xilas yolu...


Belə bir mürəkkəb şəraitdə Naxçıvanda yaşayan Heydər Əliyev 1991-ci il sentyabrın 3-də Muxtar Respublikanın Ali Məclisinə Sədr seçildi. Ulu öndər Heydər Əliyevin nüfuzu nəinki Naxçıvanda, bütün Azərbaycanda günbəgün artırdı. Bundan qorxuya düşən AXC-Müsavat hakimiyyətinin silahlı qüvvələri 1992-ci il oktyabrın 24-də Naxçıvanda çevriliş etməyə, Heydər Əliyevi tutduğu vəzifədən devirməyə cəhd göstərdilər. Lakin xalq öz böyük oğlunu müdafiə etdi, onunla birlikdə olduğunu bir daha sübuta yetirdi. İlk dövlət çevrilişinə cəhdin qarşısı alındı.

O dövrdə Bakıda hökumət böhranının, iqtisadi və siyasi böhranın baş alıb getməsi, Azərbaycan ərazilərinin dalbadal işğalı, getdikcə gərginləşən siyasi vəziyyət, əhalinin günbəgün ağırlaşan sosial durumu ölkəni bu bəlalardan xilas edərək xalqı öz ardınca aparmağa qadir bir siyasi qüvvənin yaranmasını tələb edirdi. Belə bir şəraitdə baş verən hadisələri və siyasi prosesləri diqqətlə izləyən, xalqın gələcək taleyinə biganə qala bilməyən insanlar 1992-ci il noyabrın 21-də Naxçıvanda Yeni Azərbaycan Partiyasının təsis konfransını keçirdilər. Müdrik, uzaqgörən xalqımız möhtərəm Heydər Əliyevin ətrafında sıx birləşməklə öz gələcək taleyini özü həll etmək niyyətində idi. O dövrdə YAP-ın yaranması tarixi zərurət idi və Azərbaycanın dünyada tanınmış, dövlətçilik təcrübəsi olan liderə ehtiyacı vardı. Bu lider Heydər Əliyev idi və hamı bu həqiqəti bütün varlığı ilə dərk edirdi. Ona görə də, Heydər Əliyevin Sədrlik etdiyi bu partiya böyük təzyiqlərə, təqiblərə və təxribatlara baxmayaraq, tezliklə Azərbaycanın bütün bölgələrində böyük sürətlə yaranaraq təşkilatlandı və respublikanın siyasi həyatında öz dəst-xətti, yeri olan qüdrətli bir siyasi qüvvəyə çevrildi.

Respublikada isə vəziyyət getdikcə gərginləşirdi. Hadisələri düzgün qiymətləndirə bilməyən o vaxtkı iqtidar, əhali arasında günbəgün öz nüfuzunu itirir, baş vermiş proseslərdən düzgün nəticə çıxara bilmirdi. 1993-cü il may ayının 25-də Prezident Aparatında hüquq-mühafizə orqanları işçilərinin müşavirəsində Əbülfəz Əliyev hakimiyyətin ölkədə yaranmış vəziyyətə nəzarət etməkdə gücsüzlüyünü etiraf edərək deyirdi: "Xalq deyir: - "kaş canımız bu Xalq Cəbhəsinin əlindən qurtaraydı" – prokurorluqdan, məhkəmədən xahiş edirəm buna cavab versinlər. Bu gün respublika niyə dağılır?"


Gəncə qiyamı dövlət müstəqilliyinə qarşı


Bu dönəmdə AXC-Müsavat iqtidarının fərsizliyi ucbatından Gəncədə qardaş qanı töküldü. O günlərdə Gəncədə ardı-arası kəsilməyən mitinqlər keçirilir, hadisələrə siyasi qiymət verilməsi tələb edilirdi. Belə bir gündə, iyunun 5-də Heydər Əliyevin rəhbərlik etdiyi Naxçıvan Ali Məclisi hadisə ilə əlaqədar bəyanat verdi. Bəyanatda gəncəlilərə müraciət edilərək onların imperiya nökərlərinə layiqli cavab verəcəklərinə, müstəqilliyimizi və gənc Azərbaycan dövlətini qoruyub saxlayacaqlarına böyük inam ifadə olunurdu.

Hadisələrin bu fonunda xarici havadarları tərəfindən himayə olunan separatçı qüvvələr cənubda "Talış-Muğan Respublikası" elan etməyə səy göstərirdilər. Şimalda da bu cür qüvvələrin fəallığına təkan verilirdi.

Ölkədə vətəndaş müharibəsinin başlanması və respublikanın parçalanması təhlükəsinin artması xalqın və müstəqil Azərbaycan dövlətinin gələcəyini sual altına qoymuşdu. Bu çıxılmaz vəziyyətdə Azərbaycan xalqının gözü Naxçıvana, yeganə ümid yeri olan Heydər Əliyevə dikilmişdi. Ölkənin hər yerində izdihamlı mitinqlər keçirilir, Heydər Əliyevin təcili olaraq Azərbaycan Respublikasında rəhbərliyə gətirilməsi tələb olunurdu.

1991-1992-ci illərdə, habelə 1993-cü ilin birinci yarısında ölkəmizdə yaranmış vəziyyət, müstəqillikdən çox anarxiyanı xatırladırdı. Bir-birini sürətlə əvəz edən hakimiyyət rəhbərləri xalqın ürəyində həmişə yaşatdığı və həsrətində olduğu müstəqilliyi qoruyub saxlamaq, habelə möhkəmləndirmək üçün zəruri tədbirlər görmək, ölkənin iqtisadi gücündən və potensialından səmərəli istifadə etmək əvəzinə, milli maraqları şəxsi mənafeyə qurban verərək, cinayətkarcasına səhlənkarlıq nümayiş etdirərək, fəaliyyətdə və inkişafda olan hər bir şeyi dağıtdılar. Anarxiya və hər cür qanunsuzluqlar dövrü hesab edilən 1991-1993-cü illər ərzində Azərbaycan dövlətçiliyi ciddi təhlükələrə məruz qaldı. Öz xalqına qarşı ağır cinayətlər törətmiş Vəzirov və Mütəllibovun xəyanətkar əməlləri, özbaşınalığa rəvac vermiş AXC-Müsavat hakimiyyətinin naşı və səriştəsiz fəaliyyəti nəticəsində, əvvəllər yaradılmış qüdrətli iqtisadi potensial, demək olar ki, tam dağıdıldı, milli sərvətlərimiz talan edildi. Həmin dövrdə qanunsuz silahlı dəstələrin yaradılmasına rəvac verildi ki, bu da separatizm meyillərinin güclənməsinə əlverişli şərait yaradırdı. Cəmiyyətdə cəzasızlıq şəraitində cinayətkarlıq görünməmiş bir həddə çatdı: vətəndaşlar öz adicə hüquqlarını qoruya bilmirdilər. Hakimiyyət uğrunda gedən çəkişmələr ona gətirib çıxartdı ki, torpaqlarımızın böyük bir hissəsi, demək olar ki, ermənilərə müharibəsiz təhvil verildi. Bir milyondan artıq soydaşlarımız öz doğma yurdlarından didərgin düşdü. Nəticədə, Azərbaycanın yenicə əldə edilmiş dövlət müstəqilliyi, ökəmizin ərazi bütövlüyü böyük təhlükə ilə üzləşdi.

Vətənə, xalqa məhəbbətin mahiyyəti aldadıcı təsəvvürdən başqa bir şey olmayan, bütün proseslərə, o cümlədən, xalq üçün ən qiymətli nemət olan dövlət müstəqilliyinin qorunmasına şəxsi mənfəət prizmasından baxan AXC-Müsavat cütlüyünün hakimiyyəti ələ keçirmiş vəzifəli şəxsləri həm iqtisadi-siyasi, həm də sosial-mədəni sahələrdə respublikanı tənəzzülə uğratmışdılar: ölkədəki vəziyyətə nəzarət edə bilməyən səlahiyyətli şəxslərin fəaliyyətsizliyi ucbatından kriminogen durum günü-gündən pisləşir, cinayətkarlıq baş alıb gedirdi; qanunun tələbləri, səlahiyyətli vəzifəli şəxslərin əmr və sərəncamları, göstərişləri icra olunmur, hər kəs öz bildiyini edirdi; xalqın iqtisadi vəziyyəti getdikcə ağırlaşırdı; ərzaq məhsullarının qiyməti, demək olar ki, hər gün bahalaşırdı, çörək isə qıtlaşmışdı – adambaşına verilən normanı almaq üçün gecədən növbə tutulmalı idi; idarəçilik qurumları arasında qarşılıqlı əlaqə qeyri-normal vəziyyətdə idi; vəzifədə olanlar özləri üçün silahlı dəstələr saxlayırdılar; istehsal dayanmış, ölkəni iqtisadi böhran bürümüşdü; siyasi qurumlar arasında hakimiyyət uğrunda gərgin mübarizə gedirdi, milli maraqlara xəyanət etmiş Mütəllibov rejimi, ondan səriştəsizlik estafetini qamarlamış AXC-Müsavat cütlüyü müstəqilliyimizi süquta sürükləyirdi. İctimai-siyasi proseslər nəzarətdən çıxmış, dövlətçilik üçün real təhlükə yaradan qanunsuz silahlı dəstələrin törətdiyi özbaşınalıqların həddi-hüdudu yox idi. Dövlət müstəqilliyi şəxsi ambisiyalara qurban verilir, dövlət, millət və xalq faktiki olaraq parçalanır, vətəndaş müharibəsi reallığa çevrilirdi.

Bütün bu proseslərin Ermənistanın hərbi təcavüzü, ərazi bütövlüyümüzün pozulması, torpaqlarımızın işğal olunması, rayonların düşmən tərəfə könüllü, döyüşsüz təhvil verilməsi ilə müşayiət olunduğunu, bir tərəfdən Surət Hüseynovun, digər tərəfdən, Əlikram Hümbətovun dəstələrinin baş qaldırdığını nəzərə alsaq, yaranmış vəziyyətin ciddiliyi, müstəqilliyin itirilməsinin reallığı məlum olar.

Xaricdən erməni işğalçıları və onları dəstəkləyən qüvvələr, daxildən isə idarəçilik təcrübəsi olmayan, tabelikdə olanlarla davranmağı bacarmayan səriştəsiz AXC rəhbərlərinin ölkədə yaranmasına səbəb olduqları qarşıdurma, anarxiya Azərbaycan Respublikasının bir dövlət kimi xəritədən silinməsini şərtləndirirdi.

Belə bir vaxtda Ulu öndər Heydər Əliyevin Bakıya gəlişi respublika əhalisində gələcəyə böyük ümidlər yaratdı. Hər şeyi yerli-yataqlı öyrəndikdən sonra Milli Məclisin növbəti iclasında Gəncə hadisələri barədə öz qəti sözünü dedi: "Hadisələr dəhşətlidir, qan tökülüb, cinayət edilib. Bunlar araşdırılmalıdır və bütün qanunu pozmuş adamlar, cinayətdə iştirak etmiş, cinayəti təşkil etmiş adamlar hansı tərəfdən asılı olmasına baxmayaraq, qanun qarşısında məsuliyyət daşımalıdır".

Tezliklə Milli Məclisdə Gəncə hadisələrinə hüquqi-siyasi qiymət verildi. Qardaş qırğınına meydan açanlar öz layiqli cəzalarını aldılar.


"Yeni Azərbaycan"ın Analitik Qrupu

Digər xəbərlər