Xalqın israrlı tələbi ilə Bakıya gələn Ulu öndər Heydər Əliyev Ali Sovetin Sədri kimi fəaliyyətə başladığı ilk aylarda atdığı müdrik addımlar sayəsində qısa müddət ərzində vətəndaş müharibəsi və ölkəmizin parçalanmaq təhlükəsinin qarşısını aldı, hakimiyyəti qeyri-qanuni ələ keçirməyə cəhd göstərən cinayətkar qüvvələr xalqın dəstəyi ilə zərərsizləşdirildi. Ümummilli liderimizin müdrikliyi, dünyada gedən proseslərə dərindən bələd olması, baş verən hadisələrin səbəblərinin təhlili zamanı əvəzolunmaz məharət və bacarığı, hadisələrin qarşısının alınması üçün qabaqlayıcı tədbirlər görmək səriştəsi öz bəhrəsini verdi və Böyük Xilaskarımızın Bakıya gəlməsindən bir neçə ay sonra vəziyyətin sabitləşməsi, daha ağır nəticələrin qarşısının alınması mümkün oldu: millət və dövlət dəhşətli bəladan qurtuldu. Bu tarixi qayıdış, sözün həqiqi mənasında, Azərbaycan dövlətçiliyinin və millətimizin qurtuluşu oldu. Heç də təsadüfi deyil ki, sonralar xalqın müxtəlif təbəqələrinin nümayəndələri Milli Məclisə müraciət edərək öz istək və arzularının nəzərə alınmasını və bu günün Azərbaycan xalqının milli qurtuluş günü elan edilməsini tələb edirdilər. Beləliklə, xalqın müxtəlif təbəqələrinin bu tələbini nəzərə alaraq 1997-ci il iyunun 27-də Milli Məclisin qərarı ilə 15 iyun – Azərbaycan xalqının milli qurtuluş günü elan olundu.
Heydər Əliyevin hakimiyyətə tarixi qayıdışından sonra ölkədəki AXC-Müsavat cütlüyündən miras qalmış xaos və anarxiya, Azərbaycanın dünya xəritəsindən silinməsi təhlükəsi xülyası qısa zamanda aradan qaldırıldı. Bir sözlə, Ulu öndərin Naxçıvanda əsasını qoyduğu milli qurtuluş savaşının əsl zəfər yürüşü başlandı. Tezliklə separatçıların respublikanı parçalamaq kimi məkrli niyyətlərinə layiqli cavablar verildi. Ordu quruculuğu sahəsində mühüm işlər görüldü. Cəbhədə atəşkəs elan olundu. Dövlət çevrilişi cəhdlərinin və terror aktlarının qarşısı alındı.
Milli qanunvericiliyin Avropa standartlarına uyğunlaşdırılması, cəmiyyətin demokratikləşdirilməsi, insan hüquq və azadlıqlarının qorunması sahəsində səmərəli tədbirlər həyata keçirildi. Ölkəmiz tezliklə vahid Avropa ailəsinə qəbul edildi. Dünyanın tanınmış neft şirkətləri ilə "Əsrin müqaviləsi" və digər kontraktlar imzalandı, bütün sahələrdə islahatlar başlandı. Azərbaycana investisiya axınının əsası qoyuldu. Müstəqil Azərbaycanın yeni Konstitusiyası qəbul edildi, yerli özünüidarəetməni həyata keçirən bələdiyyələr yarandı. Ölkəmizdə iqtisadi və siyasi islahatlar geniş vüsət aldı, azad və demokratik seçkilərin həyata keçirilməsinə başlandı.
Görkəmli dövlət xadimi, bütün Türk dünyasının ən nadir tarixi simalarından sayılan Heydər Əliyevin rəhbərliyi ilə respublikamız qədim İpək Yolunun bərpası, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft və qaz kəmərlərinin çəkilişi kimi qlobal layihələrin fəal iştirakçısına və təşəbbüskarına çevrildi. Həyatın bütün sahələrində tərəqqi və dirçəliş baş verdi.
Tale elə gətirmişdi ki, 1918-1920-ci illərdə müstəqilliyimizi qoruyub saxlamaq mümkün olmamışdı, lakin XX əsrin sonunda xalqımız bu müqəddəs neməti Heydər Əliyev dühası ilə öz əlində möhkəm saxlamağa, şanlı tariximizin misilsiz bir səhifəsini yazmağa qadir olduğunu bütün dünyaya nümayiş etdirdi.
1993-cü ilin 15 iyun günü xalqımızın mübarizələrlə dolu yeni tarixinə yeni eranın başlanğıcı kimi daxil oldu. Ulu öndər Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə qayıdışı ilə qoca Qafqazın bu bölgəsində yeni bir siyasi dövr, yeni təfəkkür mərhələsi başlandı. Məhz bu yeni dövr Azərbaycanın XXI əsrə hüquqi, demokratik dövlət kimi daxil olmasına əsaslı təminat yaratdı.
Ümummilli liderimiz Heydər Əliyevin xalqımızın və tariximizin qarşısında ən böyük xidmətləri kəskin geosiyasi ziddiyyətlərin mövcud olduğu bir şəraitdə Azərbaycan dövlətçiliyini xilas etməsində, Azərbaycan varlığını parçalanıb yox olmaq təhlükəsindən qurtarmasında idi. Dövlətimizin qorunub saxlanılması isə azadlığımızın, müstəqilliyimizin qorunub saxlanması deməkdir, qurtuluş deməkdir! Azərbaycan dövlətçiliyi ona qarşı yönəlmiş qəsdlərdən uğurla çıxdı. Ümummilli liderin qətiyyəti xalqa ruh yüksəkliyi gətirdi, inamımızı özümüzə qaytardı, sabitlik və əmin-amanlıq yaratdı. Ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə milli-mənəvi dəyərlərimiz bərpa edilmiş, Onun qətiyyəti, apardığı uğurlu daxili və xarici siyasət sayəsində ölkəmiz xaosdan xilas olmuş, sivil demokratik inkişaf yolu ilə inamla irəliləyərək böyük nailiyyətlər qazanmışdır. Heydər Əliyev öz gücünə, təcrübəsinə güvənən dahi siyasətçi kimi dəfələrlə söylədiyi məşhur kəlamına sadiq qaldığını sübut etdi ki, "Azərbaycanın dövlət müstəqilliyi əbədidir, sarsılmazdır, dönməzdir".
Müstəqilliyimizdən ötən müddət ərzində Azərbaycan Respublikasının keçdiyi inkişaf yolunun təhlili göstərmişdir ki, artıq Azərbaycanın sosial-iqtisadi inkişafında yeni mərhələnin təməli qoyulmuş, yüksək iqtisadi artım üçün əsaslı zəmin yaradılmışdır. Azərbaycan Respublikasının demokratik inkişaf yolu ilə inamla irəliləməsi üçün ölkəmizdə zəruri olan təsisatlar və hüquqi baza formalaşmışdır. Azərbaycanın Silahlı Qüvvələri qüdrətli bir orduya çevrilmişdir. Sosial iqtisadi və dövlət quruculuğu sahələrində, insan hüquqları və azadlıqlarının təmin edilməsi yolunda qazanılmış uğurlarla yanaşı, digər mühüm nailiyyətlər də ölkəmizdə müstəqilliyin möhkəmləndirilməsinə xidmət edir. Azərbaycan dövlətçiliyi möhkəmlənməkdə, gündən-günə güclənməkdədir. Azərbaycanda demokratik, hüquqi, dünyəvi dövlət artıq qurulmuşdur. Ölkəmiz intensiv inkişaf dövrünü yaşayır.
Ulu öndər Heydər Əliyevin rəhbərliyi və fəal iştirakı ilə görülən işlər, əldə olunan nəticələr müstəqilliyimizin dönməz, sarsılmaz və əbədi olacağına dəlalət edir. Bu, Azərbaycan xalqının ən müqəddəs arzusudur.
Böyük yolun uğurlu davamı
Vətənimizin hər bir sakininə, ölkəmizin hüdudlarından kənarda isə, çoxlarına məlumdur ki, Azərbaycanın mövcudluğu tarixində xalqımızın birləşməsi, dövlətçiliyimizin möhkəmləndirilməsi, ərazi toxunulmazlığımızın təmin edilməsi, insanların rifahının yaxşılaşdırılması uğrunda ardıcıl, məqsədyönlü mübarizə aparan və uğurlu, dayanıqlı nəticələrə nail olan Azərbaycanın milli qürurunu özünə qaytaran, dövlətimizi öz tükənməz sərvətlərinin sahibi edən ən müdrik və ən cəsarətli rəhbər Ümummilli liderimiz Heydər Əliyev olmuşdur. Möhtərəm Prezidentimiz cənab İlham Əliyev isə, Azərbaycan xalqının müdriklik, mərdlik və cəsarət simvolu Heydər Əliyev kursunun layiqli davamçısı olmaqla, respublikamızın siyasi hakimiyyətinə rəhbər seçilməyi ilə xalqı gələcəyə inamlı etdi; müstəqilliyimizin əbədiliyinin, dövlətçiliyimizin inkişaf səviyyəsinin və beynəlxalq nüfuzunun daim artmasının, xalqın rifah halının durmadan yaxşılaşmasının təminatlarını daha da möhkəmləndirdi. Müstəqil Azərbaycan dövlətinin Qurucusu, Böyük Xilaskar Heydər Əliyevin dahiyanəlik və uzaqgörənliklə işləyib hazırladığı inkişaf xəttinin ən böyük uğuru Prezident İlham Əliyevin başladığı hər hansı işi, həcmindən, mahiyyətindən asılı olmayaraq, həmişə ən yüksək nəticə ilə sona yetirmək iqtidarında olduğunu tam şəffaf prosedurlarla təzahür etdirdi və xalqımıza bir daha bəlli oldu ki, müstəqilliyin möhkəmləndirilməsi, dövlətçiliyin inkişafı, əhalinin rifahının yaxşılaşdırılması sahəsində Heydər Əliyev siyasətinin müvəffəqiyyətlə həyata keçirilməsinin təminatı etibarlı əllərdədir.
Bu günün fövqündən baxanda Azərbaycanın gələcəyi işıqlı və firavan görünür. Çünki müstəqil Azərbaycanın idarəçilik sükanı Ulu öndər Heydər Əliyevin siyasi varisi cənab İlham Əliyevin əlindədir. Prezident İlham Əliyevin rəhbərliyi dövründə Azərbaycan Respublikası misli görünməmiş sosial-iqtisadi inkişafa nail olmuş, regionda lider ölkə statusunu qazanmışdır. Azərbaycan hazırda Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində özünəməxsus xüsusi yeri olan önəmli bir ölkədir. Ölkəmizdə çox uğurla həyata keçirilən iqtisadi siyasətin nəticəsidir ki, dünyada tüğyan edən qlobal böhran Azərbaycana təsir göstərə bilmir və başqa ölkələrdən fərqli olaraq respublikamızda dinamik artım davam edir, böyük maliyyə tutumlu layihələr həyata keçirilir, investisiya qoyuluşu genişlənir, əhalinin sosial rifah halı yaxşılaşır. Və bu gün bütün dünya Heydər Əliyev ideyaları işığında müstəqil Azərbaycanın Prezident İlham Əliyevlə daha yüksək zirvələri fəth etdiyini görür və bu inkişaf prosesi dönməz xarakter almışdır.
"Yeni Azərbaycan"ın Analitik Qrupu