İyunun 13-də Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında (DİA) 15 iyun - Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilmişdir. DİA-dan AzərTAc-a bildirmişlər ki, tədbirdə bu ali məktəbin rektoru, akademik Urxan Ələkbərov Milli Qurtuluş Gününün geniş qeyd edilməsinin əhəmiyyətini vurğulamışdır.
1988-1992-ci illərdə Azərbaycanın dağılmaq, parçalanmaq təhlükəsi ilə üzləşdiyini xatırladan rektor 1993-cü ildə xalqın tələbi ilə ümummilli lider Heydər Əliyevin yenidən hakimiyyətə qaydışından sonra bu təhlükənin sovuşduğunu, respublikamızın inkişaf yoluna çıxdığını diqqətə çatdırmışdır.
Akademik U.Ələkbərov müstəqil dövlətimizin qurulmasında və möhkəmlənməsində ulu öndər Heydər Əliyevin tarixi xidmətlərindən bəhs etmişdir. Dahi rəhbər Heydər Əliyev siyasətinin Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirən rektor, eyni zamanda, ölkəmizdə qazanılan nailiyyətlərdən danışmışdır.
Dosentlər M.Quliyev, R.Əliyeva mövzu ilə bağlı məruzə etmişlər.
AzərTAc