PDF Oxu

Əsas

  • 75

Xalqın xilaskarlıq tarixi

Xalqın xilaskarlıq tarixi

Dünən Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının təşəbbüsü ilə "Baku Steel Company" MMC-də 15 İyun Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə çıxış edən YAP Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyev Milli Qurtuluş Günü ilə bağlı fikirlərini bildirib. Müstəqilliyimizin ilk illərində xalqımızın üzləşdiyini problemlərdən danışan T.Tağıyev o zamankı hakimiyyətin səriştəsizliyi nəticəsində ölkəmizin dərin böhrana düçar olduğunu, vətəndaş müharibəsi təhlükəsi ilə üz-üzə qaldığını xatırladıb: "Artıq dövlətin qorunması üçün heç bir şey edə bilməyən, səriştəsizliyi ilə Azərbaycan dövlətçiliyini və milləti uçurumun kənarına sürükləyən AXC-Müsavat hakimiyyəti vəziyyəti kritik vəziyyətə gətirib çıxarmışdı. Zor gücü ilə hakimiyyətə gəlmiş bu komanda yarıtmaz, səriştəsiz fəaliyyəti ilə ölkəni parçalanıb məhv olmaq təhlükəsinə məhkum etmişdi".

Təşkilat sədri qeyd edib ki, xalqımızın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev xalqımızı düçar olduğu təhlükələrdən xilas etdi. Onun fikrincə, məhz Ulu Öndərimizin xilaskarlıq missiyası nəticəsində Azərbaycanın müstəqilliyinin dönməzliyi təmin olundu. Bu qayıdışla müstəqil dövlətimizin məhv olmaq təhlükəsindən qurtulduğunu deyən T.Tağıyev bildirib ki, Ümummilli Liderimiz qısa müdət ərzində ölkədə ictimai-siyasi sabitliyi təmin etdi, Azərbaycanı inkişaf yoluna çıxardı: "Bu gün Azərbaycan məhz Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi startegiya əsasında inkişaf edir. Prezident İlham Əliyev Heydər Əliyev siyasətini uğurla davam etdirir və bunun nəticəsində də ölkəmiz böyük nailiyyətlər qazanmaqdadır".

Tədbirdə "Baku Steel Company" MMC-nin mətbuat katibi Namiq Əhmədov çıxış edərək, Azərbaycanda Heydər Əliyev siyasətinin alternativi olmadığını deyib. N.Əhmədov bildirib ki, Azərbaycan xalqı Heydər Əliyev kimi oğlunun olmasına görə xoşbəxtdir.

Toplantıda "Baku Steel Company" MMC-nin istehsalat direktoru Ramin Kərimov çıxış edərək, 15 İyun Milli Qurtuluş bayramının xalqımız üçün böyük əhəmiyyət kəsb etdiyini bildirib. O, qeyd edib ki, məhz qurtuluşdan başlanan tarix Azərbaycanın müstəqilliyinin daimiliyini təmin edib: "Ümummilli Lider Heydər Əliyev ikinci dəfə hakimiyyətə qayıtmaqla müstəqil dövlətimizi məhv olmaqdan xilas edib. Buna görə də, Heydər Əliyevin adı müstəqil Azərbaycanın qurucusu kimi tariximizə qızıl hərflərlə yazılıb. Ötən il biz müstəqilliyimizin 20 illiyini qeyd etdik və şübhə yoxdur ki, gələcək nəsillər 200 illiyin təntənəsini yaşayacaqlar. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dünyada sürətlə inkişaf edən dövlətlərdən biridir".

Sonda müəssisənin YAP sıralarına qoşulmuş bir qrup gənc işçisinə partiya vəsiqələri təqdim olunub.


R.HÜSEYNOVA

Digər xəbərlər