Dünən YAP Suraxanı rayon təşkilatında 15 İyun Milli Qurtuluş Günü və 26 İyun Milli Ordunun Yaranması Günü münasibətilə tədbir keçirildi. Tədbirdə YAP fəalları, rayon rəhbərliyi, QHT nümayəndələri, təhsil və səhiyyə işçiləri, şəhid ailələri, eləcə də, Qarabağ müharibəsi iştirakçısı, "Azərbaycan Bayrağı" ordenli, kəşfiyyatçı İbad Hüseynovun döyüş yoldaşları iştirak edirdilər.
Tədbirdə ilk olaraq, Dövlət Himni səsləndirildi. Sonra bir dəqiqəlik sükutla şəhid olunmuş vətən övladlarının xatirəsi yad olundu.
Tədbiri giriş sözü ilə açan YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov Azərbaycanın milli iftixar tarixi olan Qurtuluş Günü və Milli Ordunun yaranma günü ərəfəsində İbad Hüseynovla təşkil olunmuş görüşün mahiyyətinə nəzər saldı. O, qeyd etdi ki, Azərbaycanın torpaqlarının erməni işğalçılarından müdafiə olunmasında, müstəqilliyimizin əldə edilməsində oğul və qızlarımız mərdliklə müharibə aparmış və öz canlarını vətən uğrunda qurban vermişlər.
Təşkilatın sədri belə bir ərəfədə Azərbaycanın milli qəhrəmanlarını, müxtəlif orden və medallarla təltif olunan yüzlərlə qorxmaz, cəsarətli döyüşçüləri, şəhid bacı və qardaşlarımızı xatırlamağın vacibliyini bildirdi. Təşkilat sədri Heydər Əliyevin xilaskar olaraq ölkədəki hərc-mərcliyin qarşısının alınmasında, siyasi böhrandan ölkəni xilasından danışmaqla yanaşı, vətən oğullarının torpaq uğrundakı mübarizəsinə də nəzər saldı. Belə oğullardan biri də İbad Hüseynovdur. O, iştirakçıları İ.Hüseynova həsr olunmuş "Kəşfiyyatçı" filminə baxmağa dəvət etdi. Filmdə arxiv materiallarından istifadə edilmişdir. İ.Hüseynovun döyüş yolunu əks etdirən film Azərbaycan torpaqları uğrunda gedən vuruşu əks etdirirdi.
Filmdə göstərilir ki, İbad 1993-cü il 12 iyun tarixində dünya miqyasında tanınmış erməni terrorçusu Monte Melkonyanı Ağdamda öldürməsiylə məşhurlaşır. Avo ləqəbli məşhur erməni komandiri M.Melkonyan Avropada bir sıra terror aktlarının təşkilatçısı olub. Həmçinin, məlum idi ki, Qarabağ müharibəsinin ən qanlı səhifələrindən biri olan Qaradağlı qırğını, Xocalı soyqırımı və digər yaşayış məntəqələrində Avo birbaşa olaraq, qətliamda iştirak edib, erməni birləşmələrinə rəhbərlik edib. İbad azərbaycanlıların tökülmüş qanı üçün qisas almağı özünə söz verir və erməni komandiri Avonun bütün hərəkət və əməliyyatları haqda məlumat yığmağa başlayır. Məhz onun tərəfindən döyüşçülərə xüsusi əmr verilmişdir: "Əgər haradasa Avonu görsəniz atəş açmayın, mənə deyin". O, Avo ilə şəxsən üz-üzə gəlmək istəyirdi. İbad ilə Monte kənd məktəbinin həyətində üz-üzə gəlirlər və iki dəfə Avoya atəş açdıqdan sonra erməni komandiri yıxılır və türkcə Hüseynovdan onu öldürməməsini yalvarışla xahiş edir. Elə buradaca ermənilər arasında məşhur və az qala əfsanavi erməni komandirinin sonu yetişir.
Döyüşdə belə qəhrəmanlıq göstərən İbad 1994-cü ilin 9 oktyabr tarixində Ümummilli Liderin Sərəncamı ilə Azərbaycan bayrağı ordeninə layiq görülür. Filmdə göstərilir ki, Heydər Əliyev onu diqqətdə saxlayıb. 12 noyabr 1999-cu ildə Ümummilli Lider onun ən gözəl günündə - toy günü İbad Hüseynova telefonla zəng edib, eyni zamanda, təbrik məktubu göndərmişdir. Film iştirakçılarda döyüş yolu keçmiş qəhrəman haqqında yüksək fikirlər oyatdı. Tədbirdə çıxış edən İbad Hüseynovun döyüş yoldaşı Ədalət Abbasov, onun komandiri, istefada olan polkovnik Qədir Məmmədov, döyüş komandiri Məmməd Rəhimov və başqaları çıxış edərək, qəhrəmanın keçdiyi döyüş yolunu yüksək qiymətləndirdilər. İbad Hüseynov isə belə bir məkanda Suraxanı YAP rayon təşkilatında təşkil olunan tədbirə görə minnətdarlığını bildirib, ona göstərilən diqqət və qayğıya səmimi məhəbbətini ifadə etdi. O, qeyd etdi ki, Azərbaycanın oğulları heç bir təmənna ummadan belə vətən torpaqları uğrunda hər zaman döyüşə hazır olmuş və bu gün də hazır vəziyyətdədirlər. Ermənilərin döyşükən xalq olmadığını qeyd edən İbad Hüseynov o illərdə mövcud olan hərc-mərcliyi, ordudakı intizamsızlığı dilə gətirdi. Azərbaycanın işğal altında olan torpaqlarının hərc-mərcliyin qurbanı olduğunu vurğuladı. Torpaqların Ali Baş Komandanın sülh yolu ilə azad olması istiqamətindəki, ardıcıl olaraq, apardığı fəaliyyətinə nəzər salıb, hər kəsin Azərbaycan torpaqları uğrunda məsuliyyətli olduğunu bildirdi.
NƏZAKƏT