Tariximizə Milli Qurtuluş Günü kimi daxil olmuş 1993-cü ilin 15 iyun günü onu qiymətləndirənlər, dərindən dərk edənlər üçün çox əzizdir. Bu günü bizə bəxş edən Ulu Öndərimiz Heydər Əliyev dövlətimizin adını müstəqillik tarixinə qızıl hərflərlə yazıb. Nə qədər Azərbaycan xalqı və dövləti var, Ulu Öndərimiz Heydər Əliyev də yaşayacaq.
"Səs" qəzeti ənənəvi olaraq, keçirdiyi dəyirmi masanın mövzusunu da məhz Dahi Öndərimizin xalqımıza və dövlətimizə bəxş etdiyi 15 İyun Milli Qurtuluş Gününə həsr etmişdir. Dəyirmi masada Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü Kərim Kərimov, YAP İdarə Heyətinin üzvü, Səbail rayon təşkilatının sədri Zahid Qaralov, siyasi elmlər doktoru, ETM "Təfəkkür" Universitetinin professoru Cümşüd Nuriyev, YAP Siyasi Şurasının üzvü, partiyanın Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov iştirak edirdilər.
Dəyirmi masanı giriş sözü ilə açan "Səs" qəzetinin baş redaktoru, SİA-nın baş direktoru Bəhruz Quliyev Vətənini, xalqını sevən o dövrün çətin, ağrılı günlərin dəhşətlərini yaşayan, hadisələri gözləri ilə görən insanlar üçün 15 iyunun əsil qurtuluş tarixi, Azərbaycanda ölüm-dirim mübarizəsinin tarixi olduğunu bildirdi. Qeyd etdi ki, bu tarixi yaradan isə yenə də Azərbaycanın inkişafında, müstəqilliyində, gələcəyində müstəsna rol oynayan, daim xalqına arxalanan və xalqa arxa olan Ulu Öndərimiz Heydər Əliyevdir.
Baş redaktor Milli Qurtuluşa gedən yol və Azərbaycanın o zaman üzləşdiyi ağır, çətin proseslərdən geniş və əhatəli fikirlər səsləndirdi. B.Quliyev onu da bildirdi ki, Ulu Öndərimizin xalqın çağırışı ilə ikinci dəfə hakimiyyətə gəlişi xalqın sabaha olan inamı özünə qayıtdı: "Azərbaycan xalqı bu gəlişi böyük ümid və sevinclə qarşıladı. 1993-cü il iyunun 15-də Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçildi. Bu gün tariximizə Milli Qurtuluş Günü kimi daxil oldu. Xalqın tələbi ilə Milli Məclis 1997-ci ilin iyununda bu günü bayram elan etdi. Ümummili Liderimiz Heydər Əliyevin xalqımızın və tariximizin qarşısında ən böyük xidmətləri kəskin geosiyasi ziddiyyətlərin mövcud olduğu bir şəraitdə Azərbaycan dövlətçiliyini xilas etməsində, Azərbaycan varlığını parçalanıb yox olmaq təhlükəsindən qurtarması idi. Dövlətimizin qorunub saxlanılması isə azadlığımızın, müstəqilliyimizin qorunub saxlanması deməkdir".
B.Quliyev 15 İyun Milli Qurtuluş Günü ətrafında fikir mübadiləsinin aparılmasının və Ulu Öndərimizin dövlət, xalq qarşısındakı tarixi xidmətlərindən bəhs etmələrinin vacibliyini bildirdi.
KƏRİM KƏRİMOV: "HEYDƏR ƏLİYEV DAİM AZƏRBAYCAN XALQINA QARŞI HAQSIZLIQLARA CİDDİ MÜBARİZƏYƏ QOŞULARAQ, BU MÜBARİZƏNİ QƏTİYYƏTLƏ DAVAM ETDİRİB"
- Ulu Öndərimiz Heydər Əliyevin həyat və fəaliyyəti o qədər genişdir ki, onu ifadə etmək çətin və məsuliyyətli işdir. İlk öncə, mən gənclərə Heydər Əliyev irsinin öyrənilməsi ilə bağlı bəzi məsləhətlərimi vermək istərdim. Çünki Heydər Əliyevin həyatı yüksələn xətlə inkişaf etməklə bərabər, həm də keşməkeşli olub. 1987-1993-cü illərə nəzər yetirsək, bu illər Heydər Əliyevin həyatının, keşməkeşli illəri hesab etmək olar. Ulu Öndər Heydər Əliyev bütün bu çətinliklərə baxmayaraq, Ona həmişə xalqının, millətinin, vətəninin dərdini çəkmək nəsib olub. 1990-cı il 20 yanvar faciəsi zamanı Ulu Öndərimiz Heydər Əliyev ailəsi ilə birlikdə Moskvada yerləşən Azərbaycan nümayəndəliyinə gedərək, Qorbaçov siyasətinə etirazını bildirdi və bu cinayətlərə görə cavab vermələrini tələb etdi. Qurtuluş Gününün tarixi həqiqətləri də bu silsilədəndir. Heydər Əliyev daim Azərbaycan xalqına qarşı haqsızlıqlarla ciddi mübarizə aparıb və bu mübarizəni qətiyyətlə davam etdirib. Bu gün həmin qətiyyətli mübarizənin nəticəsidir ki, Azərbaycan xalqı azad, müstəqil dövlətdə yaşayır. Bu müstəqillik Ulu Öndər Heydər Əliyevin 1993-cü il iyunun 15-də Azərbaycana ikinci dəfə ali siyasi hakimiyyətə qayıdışı ilə bərqərar oldu. Bu gün gənclərimiz bu müstəqilliyin qədrini bilməli və Ümummilli Liderimiz Heydər Əliyevin bizlərə miras qoyduğu müstəqil Azərbaycana rəhbərlik edən ölkə Prezidenti İlham Əliyevin uğurlu siyasəti ətrafında sıx birləşməlidir. Digər bir məsələyə də toxunmaq istərdim. Bu gün iqtidarda olan Yeni Azərbaycan Partiyasının həmin çətin dövrlərdə yaranması və bu partiyanın artıq dünya dövlətləri ilə sıx əlaqələr yaratmasıdır. Partiya yarandığı gündən bu günə kimi mən YAP-ın İdarə Heyətinin üzvüyəm. Ulu Öndər Heydər Əliyev partiyanın fəaliyyətinə çox ciddi yanaşaraq, tez-tez yığıncaqlar keçirir və yaranmış məsələlər və problemlər barədə müzakirələr aparırdı. Məhz həmin bu yığıncaqlar bizlərdə partiyanın quruculuğu işində daha məsuliyyətlə yanaşmağımıza müsbət təsir göstərirdi.
GÖVHƏR BAXŞƏLİYEVA: "ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEV BÜTÜN HALLARDA AZƏRBAYCANLILARA DAYAQ OLUB"
- İlk öncə, onu əlavə edim ki, burada səslənən bütün fikirlərə mən də qoşuluram. Çünki burada əyləşənlərin hamısı eyni düşüncəli və eyni əqidəli insanlardır. Şəxsi həyatımdan irəli gələn bir sıra məqamları sizinlə bölüşmək istərdim. Qurtuluşa gedən yolun istər əvvəlki, istərsə də sonrakı prosesləri hər birimizin yaddaşında həkk olunub. Sovetlər birliyi dağıldıqdan sonra ölkə dərin bir siyasi-iqtisadi böhran keçirdi. Bu vəziyyət sovetlər birliyində olan respublikaların hər birində baş verirdi. Lakin bizim üçün həmin dövr çox ağır idi. Çünki həmin vaxtlarda Qarabağ münaqişəsinin alovlanması getdikcə artmaqda idi. Həmin dövrlərdə hakimiyyətə gələn səriştəsiz rəhbərlər ölkədə vəziyyəti daha da gərginləşdirirdilər. Nəticədə, ölkə böyük bir xaos içərisində yaşayırdı. Həmçinin, orduya da naşı adamlar rəhbərlik edirdi. Bütün bunlar ölkənin siyasi vəziyyətinin daha gərgin olmasına gətirib çıxarırdı. Həmin vaxtlarda xalq Naxçıvanda yaşayan böyük şəxsiyyət Heydər Əliyevə ümid etdi. Ölkədə yaranmış bu çətin anında - 1993-cü il iyunun 15-də xalqın təkidli tələbi ilə Ulu Öndər Heydər Əliyev Azərbaycana ikinci dəfə siyasi hakimiyyətə qayıdışı ilə yaranmış vəziyyəti stabilləşdirməyə nail oldu. Ulu Öndər Heydər Əliyevin Azərbaycana qayıdışı zamanı ictimaiyyətlə ilk görüşü Elmlər Akademiyasında oldu. Həmin görüşdə mən də iştirak edirdim. Böyük şəxsiyyət Heydər Əliyevin həmin görüş zamanı söylədiyi nitqi məni Azərbaycan tarixinin dərindən öyrənilməsinə yönəltdi. Heydər Əliyevin görüş zamanı "Elmlər Akademiyası böyük sərvətimizdir, bu sərvəti qoruyub yaşatmalıyıq" deməsi, bu gün həmin elm ocağında geniş tarixi hadisələr qeyd olunur. Digər bir məsələni də qeyd edim ki, Ümummilli Lider Heydər Əliyev hakimiyyətə gəldikdən sonra Azərbaycana və azərbaycanlılara qarşı münasibətin dəyişməsi ilə yanaşı, ölkəmizə ayrılan vəsaitlərin də göndərilməsində müəyyən dərəcədə köklü dəyişikliklər yarandı. Hələ sovet dövründə Ulu Öndər Heydər Əliyev gördüyü böyük işlərin nəticəsində Azərbaycan sürətlə inkişaf etməyə başladı.
Burada səslənən "Gənclər Heydər Əliyevdən nə öyrənməlidir" sualına cavab olaraq, demək istərdim ki, gənclər ilk öncə, Ulu Öndərdən vətənpərvərliyi öyrənməlidir. Azərbaycanı böyük şəxsiyyət Heydər Əliyev qədər sevməyi öyrənməlidir. Bu gün məhz buna görə də xalqımız öz keçmişi ilə qürur duymalıdır. Çünki keçmişi olmayan xalq məhvə məhkumdur. Bu baxımdan, Ümummilli Liderimiz Heydər Əliyev daim Azərbaycan xalqının milli-mənəvi dəyərlərini qoruyub saxlamaq və millətimizin ucalığını təmin etmək üçün əlindən gələn bütün imkanlardan istifadə edib. Azərbaycan ziyalılarının dünyada tanınması, incəsənət xadimlərinin, təhsil və səhiyyə işçilərinin, bütünlüklə, xalqının daha yüksək səviyyəyə çatması üçün Ulu Öndər Heydər Əliyev ömrünün sonuna qədər çalışmışdır. Bu gün gənclərimiz, ümumiyyətlə, bütün Azərbaycan xalqı müstəqil dövlətimizin inkişafı və yüksəlməsi yolunda Ulu Öndər Heydər Əliyevin apardığı uğurlu siyasətin layiqli davamçısı, ölkə Prezidenti İlham Əliyevin ətrafında sıx birləşməlidir.
"Səs" qəzetinin əməkdaşı:
- Qurtuluşa gedən yol çətin və keşməkeşli yol idi. AXC-Müsavat cütlüyünün səriştəsizliyi nəticəsində ölkədə xaos və özbaşınalıq hökm sürürdü. Bu cütlüyün hakimiyyətə gəlməsi ilə ölkədə istər siyasi, istərsə də iqtisadi problemlərlə yanaşı, Dağlıq Qarabağ məsələsi də getdikcə kəskinləşməkdə idi. Belə ki, ardıcıl olaraq torpaqlarımız işğalçı Ermənistan tərəfindən zəbt edilməkdə davam edirdi. Belə bir zamanda, praqmatik liderə ehtiyac var idi. Məhz buna ehtiyacı olan xalq Ulu Öndər Heydər Əliyevə müraciət ünvanladı. Zahid müəllim, həmin dövrü necə xatırlayırsınız?
ZAHİD QARALOV: "HƏMİN İLLƏRDƏ "SƏS" VƏ "İKİ SAHİL" QƏZETLƏRİ ULU ÖNDƏR HEYDƏR ƏLİYEVİN FİKİRLƏRİNİ İCTİMAİYYƏTƏ ÇATDIRMAQDA BÖYÜK İŞLƏR GÖRDÜ"
- Bilirsiniz ki, II Dünya müharibəsi qurtarmamışdan öncə, 1945-ci ilin mart ayında imperiyaya qarşı soyuq müharibə başladı. Bu müharibə bütün sahələri əhatə elədi. 1987-ci illərə qədər müharibənin törətdiyi problemlər öz nəticəsini göstərməkdə idi. Belə ki, həm mənəvi, iqtisadi, həm də siyasi böhranlar davam etməkdə oldu. Xüsusilə, Mixail Qorbaçovun hakimiyyətə rəhbərlik etdiyi illərdə bu böhranlar daha da kəskinləşdi. Qorbaçovun ən böyük səhvi isə həmin illərdə Heydər Əliyev kimi təcrübəli, görkəmli, dövlətə, xalqa sadiq olan böyük şəxsiyyəti vəzifədən uzaqlaşdırması oldu. Qorbaçovun bu düşünülməmiş addımı digər rəhbərlərə də şamil olunduğu üçün, həmin ölkələrdə vəziyyət daha kəskin hal aldı. Azərbaycanda isə bu, çox böyük problemlərin yaranmasına səbəb oldu. Belə ki, erməni separatçılarının yolu açıldı, nəticədə, həmin qüvvələr Dağlıq Qarabağda yığıncaq keçirərək, özlərini müstəqil elan etdilər. Sözsüz ki, onların arxasında ruslar dayanırdı. Belə bir zamanda meydanlara bir qrup gənclər yığışaraq, özlərini bir lider kimi göstərməyə çalışdılar. Əlbəttə, bu, yaranan xalq hərəkatı idi, lakin bu hərəkatda olanların məqsədləri müxtəlif idi. Eyni zamanda, tutduqları yol da aydın və düzgün deyildi. Keçirilən həmin mitinqlərin həmişə iştirakçısı olmuşam. Həmin keçirilən mitinqlərdə daha çox çıxış edən mərhum akademik Ziya Bünyadov idi ki, onu da fitə basırdılar. Baş verən bu hadisələri, həmişə fikirləşirdim ki, əgər belə böyük bir akademikin sözünü eşitmirlərsə, o zaman biz, görəsən, hara gedirik? Bu gün də həmin düşüncə ilə hərəkət edən şəxslər öz köhnə vərdişlərindən əl çəkməyərək, mitinq və toplantı keçirməyə cəhd edirlər. Lakin əvvəllər olduğu kimi, bu gün də uğursuzluqla üzləşirlər. Çünki bu yolu gedən həmin nankorların çirkin niyyətli məqsədləri xalq tərəfindən qəbul edilmədi.
Ölkədə yaranmış gərgin xaos vəziyyətində xalq ümid yolunu Ulu Öndər Heydər Əliyevin Azərbaycana qayıdışında gördü. Ulu Öndər Heydər Əliyev xalqın ağır, çətin günündə Naxçıvandan Bakıya qayıdaraq, ölkəni düşdüyü xaotik vəziyyətdən çıxardı. Ulu Öndər Heydər Əliyev qayıdışı zamanı bildirdi ki, "mən yenidən siyasətə qayıtmaq niyyətində deyiləm. Ancaq Azərbaycan ziyalılarının mənə ünvanladığı ümidlərini sındırmamaq üçün Bakıya qayıdıram". Ulu Öndər Heydər Əliyev xalqın Ona ünvanladığı müraciətə on gündən sonra cavab verdi və həmin cavab bu gün Konstitusiyamızda öz əksini tapıb. Həmin illərdə "Səs" və "İki sahil" qəzetləri Ulu Öndər Heydər Əliyevin fikirlərini ictimaiyyətə çatdırmaqda böyük işlər gördü. Yaranmış vəziyyət tələb edirdi ki, cəmiyyətə siyasi mədəniyyət və demokratiya gətirən partiya yaradılmalıdır. Bu partiya xalqı mütəşəkkilliyə, fəlakətə aparan yolları kəsməlidir. 1992-ci il noyabr ayının 21-də Naxçıvanda keçirilən təsis konfransında iştirak etmək üçün Bakıdan 50 nəfərə yaxın nümayəndə getdi. Partiya yaranandan sonra respublikamızın ayrı-ayrı rayonlarına səfərlər etdik. Həmin illərdə çox çətin bir şərait yaranmışdı. Yerlərdə partiyanın ilk təşkilatlarını yaratağa imkan verilmirdi. Lakin buna baxmayaraq, Yeni Azərbaycan Partiyasına kütləvi şəkildə axın başlandı.
(Ardı var)
Rəfiqə KAMALQIZI,
Rövşən NURƏDDİNOĞLU