Dünən Xızı rayonunda 15 İyun Milli Qurtuluş Günü ilə bağlı möhtəşəm bayram tədbirləri keçirilib. İlk olaraq tədbir iştirakçıları rayonun mərkəzində əbədiyaşar Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət etmiş, abidənin önünə gül-çiçək dəstələri düzmüşlər.
YAP Xızı rayon təşkilatının fəal gənclərinin və Xızı rayon icra hakimiyyətinin təşkilatçılığı ilə keçirilən tədbirdə çıxış edən rayon rəhbəri Xəzər Aslanov Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə bağlı olan Qurtuluş Günü Azərbaycanın milli müstəqilliyini, suverenliyini əbədiləşdirən tarix olduğunu söylədi. X.Aslanov bu tarixin hər birimiz üçün əziz və müqəddəs olan 15 iyun müasir Azərbaycanın milli müstəqilliyinin, hüquqi dövlət quruculuğunun başlanğıcı olduğunu da dilə gətirdi: "Azərbaycan tarixində ən önəmli məqamlarından olan 1993-cü ilin 15 iyunu xalqın böyük öndəri, Ümummilli Lider Heydər Əliyevin siyasi hakimiyyətə ikinci dəfə qayıdışı ilə əlaqədardır. Bu tarix Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısında yenidən böyük bir missiyasının başlanğıc tarixi kimi də qiymətləndirilir. Çünki 1990-cı illərin əvvəllərində Azərbaycan dövlətinin başı üzərini almış böyük təhlükələr və xarici işğal faktoru xalqın Ulu Öndər Heydər Əliyev zəkasına üz tutması ilə sona yetdi, respublikada siyasi sabitlik təmin olunmaqla iqtisadi-siyasi və sosial inkişafın keyfiyyətcə yeni mərhələsi başlandı".
Tədbirdə çıxış edən YAP Xızı rayon təşkilatının sədri Fərrux Haqverdiyev dövlətçiliyimizin müasir tarixi üçün əlamətdar olan Qurtuluş Gününün əhəmiyyəti barədə danışdı. Bildirdi ki, Milli Qurtuluş Günü kimi qeyd olunan bu tarix həqiqətən bir xalqın azadlığa qovuşması ilə əlamətdardır: "Xalqını ən mütərəqqi həyat tərzi keçirən dövlətlər səviyyəsinə qaldırmaq üçün Ulu Öndər Heydər Əliyevin xidmətləri barədə danışmaq üçün qərinələr lazımdır. Çünki Ümummilli Lider Heydər Əliyevin həyatının hər saatının Azərbaycanın gələcəyi naminə hesablanmış ideyalarla zəngin illərdir".
F.Haqverdiyev onu da söylədi ki, Azərbaycanın rəsmən qazandığı müstəqilliyinin itirilməsi təhlükəsi ilə üz-üzə dayandığı bir zamanda hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev respublikanı xəritədən silinmək təhlükəsindən qurtaran xilaskar kimi xalqın imdadına çatdı. Rayon təşkilatının sədri, həmçinin, Ulu Öndər Heydər Əliyevin Azərbaycan üçün göstərdiyi xidmətlərdən bəhs edərək, tarix, cəmiyyət üçün yaranmış müdrik və zəka sahibinin əvəzsiz əməllərindən söhbət açdı. Qeyd etdi ki, Ulu Öndər yalnız yaşadığı dövr üçün xarakterik olan vəzifələri deyil, bir neçə onilliklər üçün inkişaf strategiyasını planlaşdıran şəxsiyyət olmuşdur.
"Ulu Öndər Heydər Əliyev həmişə öz xalqı və dövləti üçün əlindən gələn heç bir işi əsirgəməyib. O dövr Naxçıvanda Ali Məclisə Sədrlik edən Ulu Öndər, ilk dəfə olaraq, Azərbaycan bayrağını müstəqil dövlətin rəmzi kimi təqdim etməklə, ilk konkret addım atmış oldu. Beləliklə də, Ulu Öndər, Heydər Əliyevə qarşı xalqın böyük inamı və məhəbbəti daha da güclənməyə başladı" deyən F.Haqverdiyev 1993-cü ilin məlum hadisələrindən sonra xalq öz liderini yenidən rəhbər görmək arzusu ilə Ulu Öndər Heydər Əliyevə müraciət etdi. Xalqın təkidi ilə siyasi hakimiyyətə yenidən qayıdan Ümummilli Lider Heydər Əliyev Azərbaycanı düşmüş olduğu bütün bəlalərdan xilas etdi və xalqı xoşbəxt gələcək naminə böyük ideyalar ətrafında birləşdirdi.
Tədbirin digər çıxışçıları da Ulu Öndərimiz Heydər Əliyevin xalqımız və dövlətimiz qarşısındakı misilsiz xidmətlərindən bəhs etdilər.
Tədbir incəsənət ustalarının konsert proqramı ilə davam etdi.
RƏFİQƏ