PDF Oxu

Əsas

  • 79

QURTULUŞA GEDƏN YOL

QURTULUŞA GEDƏN YOL

(Əvvəli ötən sayımızda)


Tariximizə Milli Qurtuluş Günü kimi daxil olmuş 1993-cü ilin 15 iyun günü onu qiymətləndirənlər, dərindən dərk edənlər üçün çox əzizdir. Bu günü bizə bəxş edən Ulu Öndərimiz Heydər Əliyev dövlətimizin adını müstəqillik tarixinə qızıl hərflərlə yazıb. Nə qədər Azərbaycan xalqı və dövləti var, Ulu Öndərimiz Heydər Əliyev də yaşayacaq.

"Səs" qəzeti, ənənəvi olaraq, keçirdiyi dəyirmi masanın mövzusunu da məhz Dahi Öndərimizin xalqımıza və dövlətimizə bəxş etdiyi 15 İyun Milli Qurtuluş Gününə həsr etmişdir. Dəyirmi masada Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü Kərim Kərimov, YAP İdarə Heyətinin üzvü, Səbail rayon təşkilatının sədri Zahid Qaralov, siyasi elmlər doktoru, ETM "Təfəkkür" Universitetinin professoru Cümşüd Nuriyev, YAP Siyasi Şurasının üzvü, partiyanın Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov iştirak edirdilər.


ZAHİD QARALOV: "HƏMİN DÖVRLƏ İNDİKİ AZƏRBAYCANIN ARASINDAKI FƏRQƏ DİQQƏT YETİRMƏK KİFAYƏT EDİR Kİ, ÖLKƏMİZ HANSI SÜRƏTLƏ BÜTÜN SAHƏLƏR ÜZRƏ YÜKSƏLİB"


- Biz nədən qurtulduq? İlk öncə Azərbaycanda baş qaldıran separatçı qüvvələrin təxribatına son qoyuldu, ölkə parçalanmadan xilas oldu, vətəndaş müharibəsinin qarşısı alındı, ölkədə yaranmış xaosa son qoyuldu. Bütünlüklə Azərbaycan məhv olmaqdan qurtuldu. Hər birimizin yaxşı yadındadır ki, o vaxt əlisilahlıların əlindən heç bir yerə çıxmaq olmurdu. Ölkədə özbaşınalıq hökm sürürdü. Həmin dövrlə indiki Azərbaycanın arasındakı fərqə diqqət yetirmək kifayət edir ki, ölkəmiz hansı sürətlə bütün sahələr üzrə yüksəlib. Bu uğurlar Ulu Öndər Heydər Əliyevin 1993-cü il 15 iyun tarixli gündə Azərbaycana ikinci dəfə ali siyasi hakimiyyətə qayıdışından sonra əldə olunub. Sevindirici haldır ki, müstəqil Azərbaycan böyük addımlarla yüksək inkişafa doğru getmiş, Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı, ölkə Prezidenti İlham Əliyevin düzgün və məqsədyönlü siyasəti ilə lider dövlətə çevrilmişdir.


CÜMŞÜD NURİYEV: "HAKİMİYYƏTDƏ TƏMSİL OLUNAN SƏRİŞTƏSİZ RƏHBƏRLƏR HEYDƏR ƏLİYEVƏ OLAN İNAMI QISQANIR VƏ QƏBUL EDƏ BİLMİRDİLƏR"


- 15 İyun Milli Qurtuluş Günü tariximizin ən şanlı səhifələrindən biridir. 1992-ci il mayın 18-də Azərbaycan Xalq Cəbhəsi və Müsavat cütlüyü hakimiyyətə gəldikdən sonra ölkədə ağır böhran şəraiti yarandı. Bu gərgin vəziyyətin nəticəsi idi ki, xalq hakimiyyətdən üz döndərirdi. Mənə elə gəlir ki, o hadisədən 19 il deyil, 19 dəqiqə belə keçməyib. Yəni hadisə bütün təfərrüatları ilə mənim yadımdadır. AXC-Müsavat hakimiyyəti bunu ona görə edirdi ki, özləri çox səriştəsiz və qabiliyyətsiz siyasətçilər idilər. Hakimiyyətdə təmsil olunan səriştəsiz rəhbərlər Heydər Əliyevə olan inamı qısqanır və qəbul edə bilmirdilər.

15 iyun, deyərdim ki, Azərbaycan tarixinin ulduzlu anıdır. Həmin an Heydər Əliyevin qayıdışı tarixi dəyişdi. Həmin vaxt nəinki Azərbaycanda, eləcə də, regionda tarixi dəyişikliklər baş verdi. Heydər Əliyevin Azərbaycana rəhbərliyi dövründə də ölkəmiz müxtəlif sahələrdə uğurlar əldə etdi.


AYDIN HÜSEYNOV: "BU GÜN AZƏRBAYCAN XALQI ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEVİN SİYASİ KURSUNU LAYİQİNCƏ, QƏTİYYƏTLƏ VƏ UĞURLA DAVAM ETDİRƏN PREZİDENT İLHAM ƏLİYEVİN ƏTRAFINDA SIX VƏ MÜTƏŞƏKKİL ŞƏKİLDƏ BİRLƏŞİB


- Bu gün Azərbaycan cəmiyyəti üçün "Biz nədən qurtulduq" sualı artıq mövcud deyil? Artıq bu suala kifayət qədər cavab tapılıb ki, Azərbaycan 15 iyun 1993-cü ildən özünün ən müasir tarixini başlayıb. Beləliklə, Azərbaycan tarixi 15 iyun 1993-cü ildən bitib və 1993-cü il 15 iyundan yenidən başlayıb. Dağlıq Qarabağ probleminə gəldikdə isə, bu məsələ, ümumilikdə, Azərbaycanın qarşılaşdığı böyük problemlərdən biridir. Yəni bu məsələ problemlərin içindən doğan bir problem idi. Çünki Dağlıq Qarabağ problemi ayrıca mövcud olan bir problem deyildi. Ulu Öndər Heydər Əliyev istər təhlükəsizlik orqanlarında işlədiyi dövrlərdə, istərsə də, Azərbaycana rəhbərlik etdiyi ilk dövrlərdə Azərbaycan cəmiyyəti üçün Dağlıq Qarabağ problemi mövcud deyildi. Çünki Ümummilli Liderimiz yarana biləcək hər hansı bir problemi o dövrün məhdud imkanları çərçivəsində həll edirdi. Beləliklə də, Azərbaycanın milli maraqlarına uyğun olaraq, cəmiyyətimizin bu torpaqlara sahib olmasına dair kifayət qədər aydın faktlar ortalığa qoyuldu. Heç də təsadüfi deyil ki, 1987-ci ildə Ulu Öndər Heydər Əliyev sovet siyasi bürosundan istefa verdikdən sonra Dağlıq Qarabağ problemi günü-gündən şişirdilməyə başladı. 1988-ci ildə artıq separatçı hərəkətlərin başlanması və bunun ardınca Ermənistanın Azərbaycan ərazilərini işğal etməsi faktları bunu bir daha təsdiqləmiş oldu. Buna görə də, Azərbaycan cəmiyyətində Dağlıq Qarabağ probleminin Ulu Öndər Heydər Əliyevin siyasi baxışları və birbaşa iştirakı ilə həll olunacağına əminlik yarandı. Onu da qeyd edim ki, Dağlıq Qarabağ problemi bir gündə yaranmayıb. Bu problem ancaq ərazi iddiasının əsasında yaradılmış problemdir. Amma bu problem tək Azərbaycanın deyil, dövrün, türk dünyasının, bütövlükdə, Şərqin problemidir. Bu baxımdan da, Ulu Öndərimiz Heydər Əliyev Dağlıq Qarabağ probleminin həllinə kompleks şəkildə yanaşırdı. Bu gün Ulu Öndər Heydər Əliyevin qurmuş olduğu dövlət yaşayır, dövrün problemlərinə cavab verərək, günü-gündən qüdrətlənir. Ona görə də, məhz yeni dövlət modelinin Ulu Öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilməsi böyük uğurun məntiqi nəticəsidir. Təkcə bir amilə diqqət yetirək. AXC-Müsavat hakimiyyəti dövründə ölkənin dövlət büdcəsi formalaşdırılmamış, valyuta ehtiyatları isə, ümumiyyətlə, mövcud deyildi. Ancaq hazırkı dövrdə valyuta ehtiyatlarımız 50 milyard dollara yaxındır ki, həmin rəqəm yaxın illərdə daha da artacaq. Eləcə də, dövlət büdcəmizin 16 milyard dollardan artıq olması, onu deməyə əsas verir ki, bu gün Azərbaycan nəinki post-sovet ölkələri arasında, bütövlükdə dünya dövlətləri arasında inkişaf həddinə görə öz liderliyini qoruyub saxlamaqdadır. Bəli, bu gün Azərbaycan Ulu Öndər Heydər Əliyevin bəxş etdiyi inkişafını yaşayır. Bu gün Azərbaycan xalqı Ümummilli Lider Heydər Əliyevin siyasi kursunu layiqincə, qətiyyətlə və uğurla davam etdirən Prezident İlham Əliyevin ətrafında sıx və mütəşəkkil şəkildə birləşib. Bu gün Azərbaycan xalqı öz Qurtuluş Gününü qeyd etməklə, Ulu Öndər Heydər Əliyevi qəlblərdə əbədi olaraq yaşadır.


RÖVŞƏN NURƏDDİNOĞLU,

RƏFİQƏ KAMALQIZI

Digər xəbərlər