"Səs" qəzetində 15 İyun Milli Qurtuluş Günü ilə bağlı Yeni Azərbaycan Partiyasının gənc fəallarının iştirakı ilə dəyirmi masa keçirilib. Ənənəvi keçirilən dəyirmi masada Ulu Öndərimizin Azərbaycan xalqına mütərəqqi xidmətləri qeyd olunub. Bildirilib ki, 1993-cü ildə Dahi Öndərin hakimiyyətə tarixi qayıdışı ölkədə bütün sahələrin inkişafına öz layiqli töhfələrini verdi.
Dəyirmi masanı giriş sözü ilə açan "Səs" qəzetinin əməkdaşı Cabir Məmmədov Dahi Öndər Heydər Əliyevin o dövrün zəruriyyətindən hakimiyyətə qayıdışını vurğuladı. O bildirdi ki, 1993-cü ildə xalq xilaskar kimi yalnız Heydər Əliyevi görürdü. Çünki məhz o dövlər xalqı düşdüyü çətin vəziyyətdən yalnız Ulu Öndər Heydər Əliyev çıxara bilərdi.
Daha sonra dəyirmi masada iştirak edən YAP-ın gənc fəalları çıxış etdilər.
YAP Gənclər Birliyi Ofisinin rəhbəri Sərraf Hüseynov: "Ulu Öndər Heydər Əliyevin hakimiyyətə tarixi qayıdışına qədər ölkədə problemlər çox idi."
- Qeyd olunduğu kimi, həmin illərdə Azərbaycan dövləti və dövlətçiliyi üçün təhlükəli məqamlar var idi. Lakin Heydər Əliyevin qətiyyəti bütün bunları məhv edə bildi. Xüsusilə, o dövrlərdə biz baş verənlərin əyani şahidləri olmasaq da, həmin dövrlərdən bəhs edən kifayət qədər videomateraillar və kitablar var ki, biz onları oxuyub izləmişik. Xüsusilə, həmin dövrün canlı şahidlərinin ifadələri vasitəsilə hər şey açıq-aydın ifadə olunur. Həqiqətən də, görünür ki, həmin dövrdə xalq çətin bir vəziyyətdə idi. Xüsusilə, ölkədə ərzaq çatışmazlıqları ilə bağlı problemlər var idi. Əsas olaraq, deyim ki, indiki Qarabağ məsələsi məhz o dövrün problemidir ki, bu gün də biz onu yaşayırıq. Ulu Öndər Heydər Əliyevin hakimiyyətə tarixi qayıdışına qədər ölkədə problemlər çox idi. Ölkədə vəziyyət elə bir həddə çatmışdı ki, böhran baş alıb gedirdi. Bunun qarşısını almaq üçün səriştəli və qətiyyətli, düzgün bir siyasət yeritməyi bacaran bir liderə ehtiyac var idi. Və həmin situasiyada xalq düşünürdü ki, yalnız Heydər Əliyevin hakimiyyətə qayıdışı nəticəsində bu problemlərdən azad olmaq olar. Elə Heydər Əliyevin işıqlı ideyaları və addımları sayəsində xalq bu çətin vəziyyətdən çıxa bildi. Daha sonra Heydər Əliyev beynəlxaq siyasəti də önəmli idi. Onun beynəlxaq təşkilatlarla əməkdaşlıq etməsi Azərbaycanı dünya arenasına tanıtdı. Ən ümdə məsələlərdən biri də Azərbaycan iqtisadiyyatının daha da inkişaf etdirilməsi məsələsi idi ki, Heydər Əliyev bu sahədə fundamental işlər gördü. 1993-cü ildən sonra Azərbaycanın dövlətçiliyinin möhkəmləndirilməsində, iqtisadiyyatının dirçəldilməsində, xüsusilə, qanunvericiliyində xeyli mütərəqqi addımlar atıldı. Yeni mərhələdə Ulu Öndərin layiqli davamçısı İlham Əliyevin Azərbaycana rəhbərlik etməsi elə məhz Heydər Əliyev ənənələrinin davamı kimi qiymətləndirilir.
YAP Gənclər Birliyinin üzvü Riyad Məmmədzadə: "1993-cü ildə Heydər Əliyevin Azərbaycan Respublikasının Milli Məclisinə sədr seçilməsi tariximizdə dönüş oldu"
- Demək istəyərdim ki, Heydər Əliyev kimi şəxsiyyət barəsində danışmaq çətin və məsuliyyətlidir. 1991-ci ilin oktyabrında Azərbaycan tarixində ikici dəfə müstəqilliyini qazanmışdı. O illərdə də ermənilərin elan olunmamış hərbi təcavüzünə məruz qamış qırğınların başlanması, vətəndaş müharibəsinə zəmin yaranması, ayrı-ayrı bölgələrdə separatçılıq və parçalanma meyillərinin baş qaldırması Azərbaycanın bir dövlət kimi varlığına son qoyulması planını işə salmışdı.
1993-cü il iyunun 4-də Gəncədə Surət Hüseynovun nəzarətində olan hərbi hissənin hakimiyyətə itaətsizliyi ölkəni tamamilə xaosa sürükləyirdi. Bu ərəfədə Azərbaycan ziyalılar və ümumilikdə, Azərbaycan xalqı Heydər Əliyevə üz tutdu. 1993-cü ildə Heydər Əliyevin Azərbaycan Respublikasının Milli Məclisinə sədr seçilməsi tariximizdə dönüş oldu. Azərbaycanın ictimai-siyasi, iqtisadi sahələrində çox güclü yolun başlanğıcı qoyuldu. Biz illər keçəndən sonra Heydər Əliyevin şəxsiyyəti barədə mütaliə edirik, araşdıranda görürük ki, Ümummilli Lider zəngin mənəvi irs qoyub gedib. Yeni Azərbaycan Partiyasının Gənclər Birliyi Ulu Öndərin zəngin ictimai irsinin öyrənilməsində məqsədyönlü işlər aparır. Bu, sadəcə, YAP üzlərinin deyil, bütövlükdə, Azərbaycan xalqının vəzifəsidir. Mən üzümü bu günün gənclərinə tutaraq, bildirmək istərdim ki, biz əsil azadlıq çağlarını yaşayırıq. Gəlin bu müqəddəs amallar, hədəflər uğrunda bütün potesialımızı səfərbər edək. Ulu Öndər Heydər Əliyevin layiqli varisi Ölkə Prezidenti İlham Əliyevin ətrafında möhkəm birləşək və müqəddəs amallar uğrunda fəaliyyət göstərək.
YAP Gənclər Birliyinin üzvü Məmmədbağır Məmmədov: "Xalq düşünürdü ki, Heydər Əliyev də hər zaman xalqın yanında olacaq"
- Əlbəttə, biz gənclər olaraq o dövrü daha çox tarixi materiallardan oxumuşuq. Tarixə nəzər saldıqda, hər şəy məlum olur, Heydər Əliyevin Azərbaycan xalqına xidmətləri açıq-aydın görünür. Müstəqilliyi əldə etmək çətin olduğu qədər, o müstəqilliyi qoruyub- saxlamaq, daha da inkişaf etdirmək ondan da çətin və məsuliyyətli məsələdir. O dövrün hadisələri tələb edirdi ki, Heydər Əliyev kimi bir şəxsiyyət hakimiyyətə gəlsin. Sevindirici haldır ki, 1993-cü ildə Azərbaycanda sıravi vətəndaşdan tutmuş, bütün ziyalılara qədər hər kəs Heydər Əliyevin qətiyyətinə, iradəsinə inanırdı. Xalq düşünürdü ki, Heydər Əliyev də hər zaman xalqın yanında olacaq. Ümumiyyətlə, biz artıq qurtuluşu yaşayırıq. Ölkədə formalaşan möhkəm ictimai-siyasi sabitlik bunu deməyə əsas verir. Biz, hər birimiz fəxr edirik ki, Azərbaycanlıyıq. Bu müqəddəsliyi Heydər Əliyev bizə aşılayıb. Bu müqəddəslik bu gün hər bir gəncin ruhunda və amalında var.
YAP Gənclər Birliyinin üzvü Aliyə Ağrılı: "Azərbaycan qadınları ölkədə gedən geniş quruculuq, ictimai-siyasi işlərdə fəallıq göstərir"
- Məncə Heydər Əliyev irsinin öyrənilməsi hər bir gənc üçün vacib və əhəmiyyətlidir. Ümumilikdə, Heydər Əliyev bütün sahələrə diqqət ayırırdı. Mən Ulu Öndərin ölkədə qadın siyasətinə verdiyi dəyəri qeyd etmək istəyirəm. Bildirmək istərdim ki, ölkədə qadınların fəallığının artırılması istiqamətində atdığı addımlar xüsusilə qeyd olunmalıdır. Azərbaycanda birmənalı olaraq, qadınlar ölkənin nüfuzu dəstəkləyir və hər zaman öz töhfələrini verməyə hazırdır. 1995-ci ildə Böyük Öndərin tövsiyəsi ilə YAP-ın tərkibində qadın şuralarının yaradılması Azərbaycanın milli mentalitetinə uyğun bir hadisə idi. 1993-1996-cı illərdə YAP-ın sıralarına minlərlə qadın daxil oldu. Elə bu gün YAP-ın 43,5 faizi məhz qadındır. Bu, böyük hadisədir və qadınlara diqqət və qayığının nümunəsidir. Azərbaycan qadınları ölkədə gedən geniş quruculuq, ictimai-siyasi işlərdə fəallıq göstərir. Bu məsələdə ölkə Prezidentinin silahdaşı Mehriban xanım Əliyevanın böyük zəhməti, əməyi var. Düşünürəm ki, Mehriban Əliyevanın fəaliyyəti Azərbaycanda qadın hərəkatını nəinki canlandırdı, hətta deyərdim ki, onların həyatında yeni bir mərhələ açdı.
YAP Gənclər Birliyinin üzvü Nigar Aslanova: "Bu gün YAP sıralarında qadınların çoxluq təşkil etməsi sevindirici haldır"
- Ümumilikdə, Heydər Əliyevin Azərbaycan dövlətinə və dövlətçiliyinə xidməti geniş və əhatəlidir. Böyük Öndər bütün sahələrə bərabər şəkildə diqqət ayırırdı. Mən demək istərdim ki, Azərbaycanda qadın siyasəti bu gün inkişaf yolundadır. Və bu gün Azərbaycan qadını nəinki Azərbaycanı daxildə, hətta xarici təşkilatlarda da təmsil etmək iqtidarındadır. Bu, Ulu Öndərin irsi və mütərəqqi siyasətinin tərkib hissəsidi. Faktdır ki, Böyük Öndər Heydər Əliyev 1995-ci ildən etibarən tənha qadınların sosial vəziyyətinin yaxşılaşdırılması, onların övladlarının təhsili məsələlərinin həllinə xüsusi diqqət ayırmışdır. Bu gün isə YAP sıralarında qadınların çoxluq təşkil etməsi sevindirici haldır. Xüsusilə, qadınların seçkili orqanlarında iştirakı və seçilməsi də ən vacib məsələlərdən biridir. Ulu Öndərin Azərbaycan gənclərinə böyük diqqət və qayğısı da, xüsusilə, qeyd olunmaldır. Gənclərin xarici ölkələrdə təhsil alması məsələsi də prioritet məsələlərdən olmalıdır ki, bu gün həmin gənclər öz töhfələrini verir.
YAP Gənclər Birliyinin üzvü Tərlan Səfərov: "Mən bir Azərbaycan gənci kimi Heydər Əliyev şəxsiyyətinə böyük dəyər verirəm"
- Heydər Əliyevin Azərbaycana dəvət olunması və xalqa rəhbər seçilməsi önəmli hadisədir. Mən bir Azərbaycan gənci kimi Heydər Əliyev şəxsiyyətinə böyük dəyər verirəm və bildirmək istəyirəm ki, Ulu Öndərin böyük ənənələri bu gün layiqincə davam etdirilir. Ölkədə bütün sahələrdə gedən surətli inkişaf bunu deməyə əsas verir. Ölkədə gənclərə göstərilən diqqət və qayğı xüsusilə qeyd olunmalıdır. Biz YAP gənc fəallarıyıq və bu partiyada təmsil olunmağımızla qürur hiss edirik. Çünki bu partiyanın qurucusu elə məhz Heydər Əliyev dühasıdır. Onun irsini öyrənmək və təbliğ etmək bizim borcumuzdur.
YAP Gənclər Birliyinin üzvü Bəxtiyar Budaqlı: "Heydər Əliyevin qətiyyəti ilə qısa zamanda ölkədəki vəziyyət düzəldi"
- Mən "Əsrin müqaviləsi"nə toxunmaq istərdim. Bu, Azərbaycan tarixində önəmli səhifədir. Bunu reallaşdırmağa yalnız Heydər Əliyev siyasəti gərək idi. Çünki hələ yenicə Azərbaycana rəhbər təyin olunan və ölkədə kifayət qədər problemləri həll etmək məqamında belə bir addımın atılması çətin idi. Heydər Əliyevin qətiyyəti ilə qısa zamanda ölkədəki vəziyyət düzəldi. "Əsrin müqaviləsi"ndən sonra onlarla layihələr sadalaya bilərik ki, bunlar da Azərbaycan iqtisadiyyatının güclənməsinə hesablanmış addımlar idi.
BABƏK HACIYEV