Tarix ayrı-ayrı zamanlarda dahi şəxsiyyətlər yetişdirmişdir. Belə şəxsiyyətlər zəkalarının və iradələrinin gücü ilə mənsub olduqları xalqı, milləti ən ağır dövrlərdə çətin sınaqlardan müvəffəqiyyətlə çıxarmaqla, həmin xalqın tarixinə yeni parlaq səhifələr yazmışlar.
15 iyun tarixdə böyük hadisədir. Milli Qurtuluş Günü - respublika əhalisinin yaddaşında əbədi məskən salan tarixi bir gündür. Bu günü xalqa Ulu Öndər Heydər Əliyev bəxş edib. Ulu Öndər çıxışlarının birində demişdir: "Mənim həyatımın məqsədi Azərbaycandır, Azərbaycan xalqıdır, Azərbaycan Respublikasıdır, Azərbaycan vətəndaşıdır. Əgər mən buna nail ola bilsəm, ən xoşbəxt adam kimi həyatımı başa çatdıracağam. Buna da nail olmağa çalışıram və çalışacağam".
1993-cü ilin iyununda xalqın çox böyük istəyi ilə dünya şöhrətli siyasət və dövlət xadimi, Ulu Öndər Heydər Əliyev ölkəmizdə yenidən hakimiyyətə qayıtdı. Heydər Əliyevin böyük müdrikliyi və zəngin siyasi təcrübəsi nəticəsində Azərbaycan vətəndaş müharibəsi təhlükəsindən xilas oldu, hakimiyyət vakuumu aradan qaldırdı. Heydər Əliyevin siyasi iradəsi və böyük səyləri nəticəsində hər tərəfdən üstümüzə baş qaldıran separatçı qüvvələr, müstəqilliyimizə, ərazi bütövlüyümüzə qənim kəsilmiş cinayətkar dəstələr zərərsizləşdirildi, xalqla dövlətin birliyi, yekdilliyi təmin edildi, Milli Ordumuzun formalaşdırılması, onun döyüş qabiliyyətinin yüksəldilməsi və torpaqlarımızın müdafiə olunması üçün genişmiqyaslı tədbirlərin həyata keçirilməsi nəticəsində hərbi qarşıdurmada tarazlıq yarandı, 1994-cü ilin mayında atəşkəs haqqında razılaşma əldə edildi. Ulu Öndərin qətiyyəti və iradəsi sayəsində respublikamızda möhkəm daxili ictimai-siyasi sabitliyin təmin edilməsi beynəlxalq aləmdə Azərbaycana marağın artmasına səbəb oldu. 1994-cü il sentyabrın 20-də dünyanın iri neft şirkətləri ilə Azərbaycana böyük iqtisadi və siyasi dividend gətirən "Əsrin müqaviləsi" imzalandı. Ulu Öndərin yeni neft strategiyası nəticəsində Bakı-Tbilisi-Ceyhan neft kəməri və Bakı-Tbilisi-Ərzurum qaz kəməri fəaliyyətə başladı. Azərbaycanın çoxsaylı sosial-iqtisadi problemlərinin həlli istiqamətində tədbirlər həyata keçirilməyə başlandı. 1995-ci il noyabrın 12-də müstəqil respublikamızın ilk milli Konstitusiyası ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edildi və noyabrın 27-də həmin Konstitusiya qüvvəyə mindi. Azərbaycanda demokratik islahatlar kursu dönməz xarakter aldı. Azərbaycanın Avropaya və dünyaya inteqrasiyası istiqamətində ciddi işlər görüldü. 2001-ci il yanvar ayının 2-də Azərbaycan Avropa Şurasına tamhüquqlu üzv qəbul edildi.
Adı uca tutulan fenomen
XX əsrin fenomen şəxsiyyəti olan Heydər Əliyev müdrik lider kimi xalqı tarixən can atdığı müstəqillik idealına qovuşdurmuş, mütərəqqi tarixi ənənə əsasında yeni dövlətçilik konsepsiyasını irəli sürmüşdür. Respublikamızın son 20 ildə demokratik inkişaf, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu istiqamətində qazandığı böyük nailiyyətlər də məhz Ümummilli Lider Heydər Əliyev tərəfindən formalaşdırılmış möhkəm təmələ əsaslanır. Xalqın qanı, canı bahasına əldə olunmuş dövlət müstəqilliyi qorunub saxlanılmış, möhkəmləndirilmiş, Azərbaycan xaos və anarxiyadan davamlı inkişafa doğru böyük yol qət etmişdir. Ötən əsrin 70-80-ci ilindən respublikamızda milli müstəqilliyə etibarlı zəmin formalaşdıran sosial-iqtisadi, hüquqi və mənəvi-intellektual mühit yaradan Ulu Öndər məhz bu möhkəm bünövrə üzərində xalqını azadlıq, istiqlaliyyət və müstəqillik ideallarına qoşulmasını təmin etmişdir. Həmin illərdə Heydər Əliyev xalqının hüquqlarını müdafiə edən, ziyalı elitasını sərt təqiblərdən qoruyan fenomenal lider keyfiyyətləri daha qabarıq seçilir. Azərbaycan xalqı dahi liderin rəhbərliyi sayəsində yüksək iradə göstərməklə milli yaddaşını, mənəvi, əxlaqi dəyərlərini, tarixi-dövlətçilik ənənələrini qorumaq əzmini toplaya bilmiş, dövlət müstəqilliyi üçün zəruri potensial formalaşdırmışdır. Ümummilli Lider Heydər Əliyev Azərbaycanın həqiqi müstəqilliyinin təmin edilməsi üçün hər bir fərdin mənafeyinə cavab verən hüquqi islahatların aparılmasını da təmin etmişdir. Ölkəmizin daxili və xarici siyasət konsepsiyası beynəlxalq hüquq normalarına uyğun olaraq quruldu. Bu illər ərzində Azərbaycanda bütün istiqamətlərdə dövlət quruculuğu prosesi uğurla həyata keçirilmiş, dövlətçilik ənənələri zənginləşdirilmişdir.
Müstəqil Azərbaycan dövləti Ulu Öndərin şah əsəridir. Bunu görkəmli şəxsiyyət Heydər Əliyevin uğurlu siyasətinin məntiqi nəticəsi kimi qəbul etmək lazımdır. Liderlik ali idarəçilik yüksələn şəxsiyyətin əməli fəaliyyəti ilə tam ərsəyə gələn keyfiyyətlərdir. Öz xalqına, ana vətəninə bağlılıq onun uğrunda canı naminə əsaslı fəaliyyət göstərmək, real və gərgin tarixi şəraitdə lazımi tədbirlər görmək Ulu Öndər şəxsiyyətinin təsdiqinin kulminasiya nöqtəsidir. Belə şəxsiyyətlər, təbii ki, dünya miqyasında çox azdır. Tanrı tərəfindən seçilən şəxsiyyət türk dünyasının ali nümayəndəsi, sivil dünyanın tarix yazmış fenomenidir. Ulu Öndər xalqının, ana vətəninin nicatı, istiqlalı naminə mübarizə aparmış, meydanlarda əsil xalq qəhrəmanı kimi savaşmış, lazım gələrsə canı bahasına belə olsa da, bunu reallaşdırmağa nail olmuşdur ki, Ulu Öndər türk dünyasının, türk xalqının taleyində və qəhrəmanlıq tarixində dönüş yaratmaqla, ümumdünya tarixinə silinməz, əbədi iz buraxmaqla, Ümummilli Liderimizin siyasi xəttini böyük bacarıqla, ardıcıllıqla, qətiyyətlə yeni dünyəvi dəyərlərə uyğun şəkildə həyata keçirən Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev, inanırıq ki, bütövlükdə ölkəmizi qüdrətli dövlətlərdən birinə çevirəcəkdir.
Almara Hümbətova,
Səbail rayon Qadınlar Cəmiyyətinin sədri