PDF Oxu

Əsas

  • 71

\"Azərbaycan 2020: gələcəyə baxış\" İnkişaf Konsepsiyasının hazırlanması ilə bağlı \"İKT: reallıqlar və perspektivlər\"

\"Azərbaycan 2020: gələcəyə baxış\" İnkişaf Konsepsiyasının hazırlanması ilə bağlı \"İKT: reallıqlar və perspektivlər\"

Dünən \"Hilton\" otelində Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə \"Azərbaycan 2020: gələcəyə baxış\" İnkişaf Konsepsiyasının hazırlanması ilə əlaqədar \"İKT: reallıqlar və perspektivlər\" mövzusunda dəyirmi masa keçirli. Dəyirmi masada çıxış edən YAP Sədrinin müavini-İcra katibi, millət vəkili Əli Əhmədov Azərbaycanın bugünkü iqtisadiyyatının sürətlə modernləşdiyini bildirdi. Modernləşmənin səbəblərini açıqlayan Əli Əhmədov bildirdi ki, səbəblərdən birincisi Azərbaycan iqtisadiyyatının keyfiyyəftcə yeni bir inkişaf mərhələsinə çatmasıdır ki, bu mərhələnin sonrakı inkişafı yeni struktur dəyişikliklərinin həyata keçirilməsini tələb edir: \"Digər səbəb Azərbaycan iqtisadiyyatının daha qətiyyətlə dünya iqtisadiyyatına inteqrasiya etməsidir. Azərbaycan iqtisadiyyatının lokomotivi rolunu uğurla yerinə yetirən neft amili son illər ərzində ölkəmizdə yeni bir iqtisadi və sosial modelin formalaşmasına gətirib çıxarıb. Azərbaycanın iqtisadi inkişafı həyatımızın bütün sferalarındakı dəyişikliklər bütövlükdə, ölkəmizin yeni bir inkişaf mərhələsinə gəlib çatması, təbii ki, bu amilin bilavasitə təsirinin altında baş verib\".

YAP İcra katibi Əli Əhmədovun sözlərinə görə, inkişaf elə bir mərhələyə gəlib çatıb ki, sonrakı mərhələnin həyata keçirilməsi çox əhəmiyyətli və müasir tələblərə cavab verən struktur dəyişikliklərinin həyata keçirilməsini çox vacib tələbat kimi qarşıya qoyub. O, vurğuladı ki, bununla əlaqədar olaraq Azərbaycan Prezidenti İlham Əliyev \"Azərbaycan 2020: gələcəyə baxış\" İnkişaf Konsepsiyasının hazırlanması ilə bağlı çox əhəmiyyətli Sərəncam imzalayıb: \"Bu Sərəncamın qarşıya qoyduğu başlıca vəzifə Azərbaycanın gələcək inkişaf perspektivlərini, o cümlədən də, iqtisadi inkişaf perspektivlərini müəyyənləşdirmək, son illərdə formalaşmış Azərbaycanın iqtisadi inkişaf modelini təkmilləşdirmək, dünya iqtisadiyyatına inteqrasiyanı sürətləndirmək üçün daha qabaqcıl, müasir iqtisadi çağırışlara cavab verən iqtisadiyyatın sahələrini formalaşdırmaqdan ibarətdir. Hazırda bu konsepsiya üzərində iş aparılmaqdadır\".

YAP Sədrinin müavini Əli Əhmədov söylədi ki, Yeni Azərbaycan Partiyası cəmiyyətimizi bu konsepsiyanın hazırlanmasilə əlaqədar aparılan işlərlə tanış etmək niyyəti ilə bu cür dəyirmi masalar keçirir, təqdimatlar aparılır: \"Bu gün biz Azərbaycan iqtisadiyyatının aparıcı sahəsinə çevrilməli olan və bu iddianı açıq şəkildə ortaya qoymuş çox vacib sahəsi ətrafında söhbət aparacağıq. Bu da İKT sahəsidir ki, həm hörmətli Prezidentimizin dəfələrlə qeyd etdiyi kimi, həm də bütövlükdə, iqtisadi strukturda baş verən dəyişikliklərin ortaya qoyduğu reallıqlardan çıxış edərək, deyə bilərik ki, bu sahənin inkişaf potensialı və perspektivləri gələcək Azərbaycan iqtisadi modelinin ümumi görüntüsünün və mahiyyətinin yaranmasında əhəmiyyətli rol oynayır. Təbii ki, İnkişaf Konsepsiyasının əsas sahələrindən biri də məhz İKT-nin sürətli inkişafı təşkil edir. Bu istiqamətdə Azərbaycanda çox böyük layihələr həyata keçirilməkdədir. Bu layihələrin müəyyən hissəsi ilə əlaqədar Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən cəmiyyətə mütəmadi məlumatlar verilir. Bu tədbirimizdə də İKT sahəsində gələcəyə hesablanmış işlərlə bağlı geniş təqdimat olacaq\".


Əli Abbasov: \"2020-ci ilədək ölkəmizdə İKT sektorunun beş dəfə artması gözlənilir\"


Dəyirmi masada rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov ölkəmizdə İKT-nin inkişafı və gələcəkdə bu sahə ilə bağlı həyata keçriləcək layihələr haqqında geniş məlumat verdi. Ə.Abbasov İKT-nin iqtisadiyyatın sürətli irnkişafı üçün böyük təsirə malik olduğunu bildirdi. Nazir konsepsiya çərçivəsində Azərbaycan ÜDM-in 2020-ci ilədək 2 dəfə artıraraq, hazırkı 50 mlrd. manatdan 100 mlrd. manata çatacağını vurğuladı: \"Artımın əsasən qeyri-neft sektoru hesabına olması nəzərdə tutulub. Bu artıma çatmaq üçün Azərbaycanda ÜDM-in orta illik artım tempi 5,5-6 faiz olmalıdır. Ümumiyyətlə, İKT-nin 10 faiz inkişafı iqtisadiyyatın 1 faiz inkişafına səbəb olur\".

Azərbaycanda rabitə və İKT-nin inkişafından danışan nazir vurğuladı ki, bu sahədə əsas hədəflər innovasiya yönümlü iqtisadiyyatın yaradılması, informasiya cəmiyyətinə tam keçid, elektron idarəetmə sahəsində yeni xidmətlərin göstərilməsi və gələcəyə hesablanmış infrastrukturun yaradılmasıdır: \"2011-ci ildə İKT sahəsindən 1,8 mlrd. manat gəlir əldə olunub, 2020-ci ildə isə bu rəqəmin 9,3 mlrd. manata çatacağı gözlənilir. 2011-ci ildə sahənin ümumi artım tempi 13 faiz olub. Bu gəlirlərə çatmaq üçün orta illik artım tempi 20 faiz olmalıdır. Hazırda Azərbaycan bu sahədə orta dünya göstəricilərinin səviyyəsini keçib və inkişaf edən ölkələrlə inkişaf etmiş ölkələr arasında yer tutur. Ümumiyyətlə, 2020-ci ilədək İKT sektorunun 5 dəfə artması gözlənilir\".

Ə.Abbasov İKT-nin inkişafı üzrə 3 əsas komponenti açıqladı: \"Bunlar infrastrukturun inkişafı, xüsusi iqtisadi zonaların yaradılması və İKT-nin digər sektorlarda katalizator rolunun artırılmasıdır. Bu səviyyəyə çatmaq üçün, ilk növbədə, telekommunikasiya, əsasən də, genişzolaqlı internet inkişaf etdirilməlidir. Artıq Azərbaycan 4G xidmətini istifadəyə vermək üzrədir. Bütün mobil rabitə operatorları bu xidməti göstərməyə başladıqdan sonra Azərbaycan 4G-nin tətbiq olunduğu 40-cı ölkə olacaq\".

Nazir İKT üzrə ixrac yönümlü istehsalı məhdudlaşdıran amillərlə də bağlı açıqlama verdi. Onun sözlərinə görə, bunlar İKT sahəsində vergi güzəştlərinin tətbiq olunmaması və bu sahədə fəaliyyət göstərən şirkətlərin maliyyələşdirilməsində mövcud olan problemlərdir: \"Gömrük rüsumlarının yüksək olmaması idxalı təşviq edir. Əslində isə, ixracı təşviq etmək lazımdır\".

Ə.Abbasov, həmçinin, bu ilin sonuna Azərbaycanda İKT-nin artım tempinin 15,4 faiz, 2013-cü ildə 14,8 faiz, 2014-cü ildə 14,4 faiz, 2015-ci ildə 14,3 faiz, 2016-cı ildə 12,8 faiz təşkil edəcəyini söylədi. Nazir onu da vurğuladı ki, Azərbaycan 2015-ci ilədək fiberoptik infrastrukturun inkişafına 342 mln. dollar investisiya yatıracaq. Onun sözlərinə görə, İnvestisiya Azərbaycan Dövlət Neft Fondu tərəfindən qoyulacaq: \"Bu sahə rentabelli olduğundan, investisiya məbləğinin 40 faizi reinvestisiya olunacaq. Hazırda Azərbaycanda fiberoptik kanallar ölkə ərazisinin 75 faizini əhatə edir\".

Ə.Abbasov 2020-ci ildə Azərbaycanda İKT sahəsinə qoyulan sərmayələrin həcminin 7,2 mlrd. dollara çatacağını bildirdi. Nazir onu da qeyd etdi ki, 2020-ci ildə Azərbaycan hökumətinin İKT xərcləri kosmik sənayenin inkişafına 1 mlrd. dollar, yerüstü və simsiz rabitə şəbəkəsinin inkişafına 1 mlrd. dollar, elektron hökumət və kibercinayətkarlıqla mübarizəyə 1 mlrd. dollar, regional iqtisadi zonaların yaradılmasına 500 mln. dollar, rəqəmsal TV-nin inkişafına 100 mln. dollar təşkil edəcək. Nazirin sözlərinə görə, Azərbaycanın İKT, rabitə və poçt sahələrində ümumi gəlir 2011-ci ildə 1,7 mlrd. dollar idisə, 2012-ci ildə 2 mlrd. dollar, 2013-cü ildə 2,4 mlrd. dollar, 2014-cü ildə 2,9 mlrd. dollar, 2015-ci ildə 3,5 mlrd. dollar, 2016-cı ildə 4,2 mlrd. dollar, 2017-ci ildə 5,1 mlrd. dollar, 2018-ci ildə 6,2 mlrd. dollar, 2019-cu ildə 7,6 mlrd. dollar, 2020-ci ildə 9,3 mlrd. dollar, 2021-ci ildə 11,4 mlrd. dollar, 2022-ci ildə 14 mlrd. dollar təşkil edəcək: \"Ümumiyyətlə, Azərbaycan iqtisadiyyatında istehsalın İKT-dəki payının 2020-ci ildə hazırkı 9,54 faizdən 25 faizdək, İKT-nin ÜDM-dəki payının isə hazırkı 2,5 faizdən 10 faizdək çatacağı gözlənilir\".

Nazir Azərbaycanda internetin qiyməti və sürəti ilə bağlı fikirlərini söylədi: \"Azərbaycanda internetin qiyməti Şərqi Avropa ölkələrində olan qiymətlərə uyğundur. İnternetin sürəti bu xidmətə görə ödənilən vəsaitdən asılıdır. İnternet istifadəçilərinin 50-60 faizi üstünlüyü aşağı qiymətlərə verir və bununla da sürəti itirir. Lakin hazırda Azərbaycanda internetin sürəti və qiymətinə görə çeşid çoxdur\".

Nazir, həmçinin, bildirdi ki, ümumiyyətlə, internet xidmətlərinə görə qiymətlər nazirlik tərəfindən deyil, bazar tərəfindən tənzimlənir: \"Sürətli internetə yüksək tələbatın olması bu xidmətlərə görə qiymətin aşağı düşməsinə mane olur\".

Tədbirdə, həmçinin, Azərbaycan Texniki Universitetinin rektoru Havar Məmmədov, AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun direktoru Rasim Əliquliyev, Milli Məclisin deputatı Asəf Hacıyev, AMEA-nın Kibernetika İnstitutunun direktoru Telman Əliyev və YAP İdarə Heyətinin üzvü, professor Şahlar Əsgərov çıxış edərək, ölkəmizdə İKT-nin inkişafı ilə bağlı fikirlərini bildirdilər.


RƏFİQƏ KAMALQIZI

Digər xəbərlər