Dağıdıcı müxalifət ünsürlərinin davamlı xarakter alan xəyanətkar obrazları Azərbaycan xalqı tərəfindən kəskin olaraq qınanılmaqdadır. Belə ki, hazırda düşərgədəki parçalanmanın qarşısını ala bilməkdə aciz olan partiya "liderləri" ayaqda qalmaqdan ötrü istənilən satqınçılığa gedirlər. Onlar ümid edirlər ki, xaricdəki havadarları maliyyələr hesabına onların siyasi arenada qalmalarına kömək edəcəklər. Əslində, dövlətçiliyə, millətçiliyə qarşı çıxan "liderlərin" daxili savaşları onların məhvolma tandemini daha da sürətləndirir. Bu baxımdan, sözdə guya Vətənə, xalqa, demokratik dəyərlərin qorunmasına xidmət etdiklərini bəyan edən AXCP (i), Müsavat, "ACP" kimi siyasi təşkilatların rəhbərləri öz hərəkətləri ilə arxivdə formalaşmış yerlərini daha da dərinləşdirmiş olurlar.
Məhz bu kimi tendensiyalara münasibət bildirən Yeni Azərbaycan Partiyası İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov ötən günlərdə verdiyi açıqlamasında maraqlı amillərə toxunaraq, qeyd edib ki, müxalifət partiyaların bəyanatları və hansı addım atmaları heç kimi narahat etmir. Sadəcə olaraq, xalq onların nəyə qadir olduqlarını və kim olduqlarını bir daha müəyyən edib. S. Novruzov bildirib ki, radikal müxalifət üçün vətən, dövlət, millət marağı yoxdur: "Bu dairələr yalnız özlərinin və qulluq etdikləri ağalarının marağını güdürlər. Təbii ki, onlar siyasətin arxivindədir və son hərəkətləri ilə arxivdəki yerlərini daha dərinləşdirirlər. Ölkə vətəndaşları, cəmiyyətimiz ümummilli məsələlərdə müxalifət düşərgəsinin həmrəyliyinin şahidi olmayıb. Xüsusilə, "Eurovision" mahnı müsabiqəsi ərəfəsində əllərindən gələni etdilər ki, ölkəmizin imicinə zərbə vursunlar".
Millət vəkili daha bir maraqlı nüansa da toxunaraq, vurğulayıb ki, əgər Azərbaycan xalqı işğal altında olan torpaqlarını azad etməyə qalxacaqsa, məhz həmin bu müxalifət yaxasını kənara çəkərək, düşmən dövlətin maraqlarına xidmət edəcək. Çünki belə hallar dəfələrlə baş verib. Məsələn, Müsavat başqanı İsa Qəmbərovun məlum Potsdam görüşü və həmin görüşdə ermənilərlə saziş imzalaması, AXCP (i) sədri Əli Kərimovun dəfələrlə erməni mətbuatına düşmənlərə lazım olan açıqlamalar və müsahibələr verməsi də bu kontekstdəndir. Eyni zamanda, xarici jurnalistlər ordusu Azərbaycana gələndə, dağıdıcı müxalifət "liderlərindən" biri də Dağlıq Qarabağ məsələsi barədə onlara məlumat vermədilər və ümumiyyətlə, ümummilli problemlə bağlı münasibət sərgiləmədilər. Əksinə, tamamilə zidd mövqe nümayiş etdirərək, böhtan, şantaj və yalan yolunu tutub, anti-Azərbaycan mövqelərini ortaya qoymuş oldular. Çünki xarici ağalarından kifayət qədər maddi vəsait və tapşırıqlar almışdılar : "Belə qənaətə gəlmək olur ki, sabah ordumuz torpaqlarımızı azad etməyə başlayanda, bu cür arxadan xəncər vuranlar nə oyundan çıxa bilərlər. Bir müddət əvvəl, xeyli əcnəbi jurnalist ölkəmizdə səfərdə oldu. Bu, Qarabağ həqiqətlərinin onlar vasitəsilə dünya ictimaiyyətinə çatdırılması üçün yaxşı fürsət idi. Amma müxalifət təmsilçiləri Qarabağla bağlı bir kəlmə də danışmadılar. Bunu ona görə etmədilər ki, xarici havadarlarının xoşuna gəlməzdi. Axı onlara belə tapşırıq verilməmişdi. Radikal müxalifət partiyaları yalnız xarici havadarları üçün canfəşanlıq etdi. Sözsüz ki, həmin partiyaların rəhbərləri bunun müqabilində pul alıb, yay istirahətinə gedəcəklər. Yəni bu müxalifət üçün xalqın taleyi vacib deyil, onlar üçün əsas məsələ öz mədələridir".
Sonda isə bir daha belə bir nəticəyə gəlmək mümkündür ki, bu gün özərini "ənənəvi müxalifət" qismində xalqa sırımağa çalışan dağıdıcı və aqressiv müxalifət ünsürlərinin sonluqları heç də onların xəyal etdikləri kimi olmayacaq. Çünki xalq bütövlükdə dağıdıcı ünsürlərdən imtina edib.
R.RƏSULOV