\"Azərbaycanın 20 faiz ərazisi işğal altındadır və işğal olunmuş ərazidə hansısa seçkinin keçirilməsi beynəlxalq hüquq norma və prinsiplərinə ziddir\" fikrini söyləyən YAP İcra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı onu da vurğuladı ki, dünyada mövcud qanunlar və qaydalar var və Azərbaycanın ərazilərindən başqa da ayrı-ayrı ölkələrdə də işğal olunmuş ərazilər mövcuddur: \"BMT-nin və digər beynəlxalq təşkilatların qəbul etdiyi konvensiyalar və sənədlər var ki, həmin sənədlər işğal olunmuş ərazilərdə hər hansı bir seçkinin keçirilməsini qəbul etmir. Bildiyiniz kimi, BMT-nin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı dörd qətnaməsi, ATƏT-in, Avropa Şurasının, İslam Əməkdaşlıq Təşkilatının müvafiq sənədləri var. Ona görə də hesab edirəm ki, Yerevan rejimi tərəfindən Dağlıq Qarabağda keçirilən seçki heç kim tərəfindən tanınmır və heç zamanda tanınmayacaq. Çünki Dağlıq Qarabağ Azərbaycan ərazisidir və hazırda işğal altındadır. Bu fakt beynəlxalq sənədlərdə öz təsdiqini tapıb\".
M.Qurbanlı onu da vurğuladı ki, ona görə də orada hər hansı bir qondarma, oyuncaq rejimin yaradılması Azərbaycan, eləcə də, beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmir, orada keçirilən seçkilərdə qanunazidd sayılır: \"Dağlıq Qarabağ münaqişəsi ATƏT-in Minsk Qrupunun himayəsindədir. Biz ATƏT-in Minsk Qrupunda hər dəfə oyuncaq rejimdə keçirilən seçkilərlə bağlı mənfi rəylər eşidirik. Ancaq zamanı çatıb ki, beynəlxalq təşkilatlar Qarabağda keçirilən seçkilərlə bağlı sərt mövqe ortaya qoyub, siyasi xarakterli sanksiyalar tətbiq etsinlər. Belə olarsa, hesab edirəm ki, gələcəkdə Ermənistan bu cür saxta seçkilərin keçirilməsinə yol verməyəcək\".
R.HÜSEYNOVA