PDF Oxu

Əsas

  • 55

Azərbaycan ordusunun gücü imkan verir ki, torpaqlarımız işğaldan azad edilsin

Azərbaycan ordusunun gücü imkan verir ki, torpaqlarımız işğaldan azad edilsin

Hər il olduğu kimi, bu il də Azərbaycanda 26 İyun Silahlı Qüvvələr Günü kimi qeyd edilir. 1918-ci ildə Azərbaycan Demokratik Cümhuriyyəti yarandıqdan sonra ordu quruculuğuna başlanılıb. 23 ay müstəqilliyini qoruyub saxlayan Azərbaycan Rusiyanın işğalına məruz qalıb. Lakin 1991-ci ildə Azərbaycan öz müstəqilliyini yenidən qazandı. 90-cı illərin ilk illərində Azərbaycanı bir dövlət kimi məhv etmək istəsələr də, xalq yenidən bir araya gələrək, qan bahasına öz müstəqilliyini qoruyub, saxlayıb. 22 may 1998-ci il Ulu Öndər Heydər Əliyevin fərmanı ilə 26 iyun tarixi Silahlı Qüvvələr günü elan edilib. Artıq Azərbaycan Silahlı Qüvvələrinin yaranmasından 94 il keçir. Bu münasibətlə "Səs" qəzetinin redaksiyasında dəyirmi masa təşkil olunub.

Tədbirdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ehtiyatda Olan Zabitlər Birliyinin sədri general-mayor Dadaş Rzayev, "Tərxis olunmuş hərbçilərin gəncləri maarifləndirmə" İctimai Birliyinin sədri Emin Həsənli, "Hərbi and" qəzetinin əməkdaşı Məhəmməd Əliyev, Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyinin sədri Füzuli Rzaquliyev, Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyinin Ali Məclisinin üzvü Oruc Məmmədov iştirak edib.


"Səs" qəzetinin əməkdaşı:


- Dadaş müəllim, Milli Ordunun yaradılmasının ildönümüdür. Azərbaycanın şərəf yeri, qürur mənbəyi olan ordunun tarixi və bu günü ilə bağlı nə deyə bilərsiniz?


Dadaş Rzayev: "BİZDƏ OLAN "T-90" TANKINI HƏLƏ ERMƏNİLƏR GÖRMƏYİB"


- İlk öncə son vaxtlar cəbhə bölgəsindəki vəziyyətə toxunmaq istəyirəm. Hamıya bəllidir ki, ermənilər bir neçə müddətdir ki, intensiv olaraq atəşkəsi pozurlar. Azərbaycan ordusu onlara layiqli cavab verir və verməkdədir. Eyni zamanda, bizim silahlı qüvvələrimiz elə bir ordudur ki, nəinki Qafqaz, hətta MDB dövlətləri içərisində ən güclü ordulardan biridir. Bizim ordumuz bu gün tam müasir standartlara cavab verən hərbi texnika ilə təchiz olunub. Yeni tanklar, təyyarələr, müasir silah-sursat və digərlərini buna misal göstərmək olar. Təkcə bir faktı qeyd edim ki, bizdə olan "T-90" tankını hələ ermənilər görməyib. Həmin tanklar tam avtomatlaşdırılıb və döyüş mövqeyi tutublar. Hər vaxt düşmənə cavab verməyə hazırdırlar.

Hər bir ordu, ilk növbədə, elm əsasında qurulur. Ulu Öndər Heydər Əliyev hələ 1994-cü ildə keçirdiyi müşavirədə qeyd etmişdi ki, birinci növbədə qabaqcıl dövlətlərin təcrübəsindən istifadə edib, Azərbaycanda hərbi elm yaratmaq lazımdır. Bu gün Azərbaycanda ali hərbi akademiya fəaliyyət göstərir. Onu da diqqətinizə çatdırım ki, MDB dövlətlərinin bir çoxunda hazırda ali hərbi akademiya yoxdur. Azərbaycana gələn hərbi mütəxəssislər, digər rəsmi qonaqlar bizim orduda olan inkişafı, kadr potensialını gördükdən sonra, hər zaman öz müsbət rəylərini bildiriblər. Bəzi ölkələr Azərbaycan Ordusundan nümunə götürür, onun təcrübəsindən yararlanmaq üçün əməkdaşlıq edirlər. Ulu Öndərin adını daşıyan ali hərbi məktəb, daha sonra, eyni zamanda, hərbi təyyarəçilər yetişdirən Milli Aviasiya Akademiyası və digər hərbi məktəblər var ki, müasir tələblərə cavab verən kadrlar hazırlayır.

Azərbaycan ordusu tam ştat üzrə formalaşıb. Kadrlar həm müasir biliyə, elmə malikdirlər, NATO standartlarına tam cavab verirlər. Bizim zabitlər hazırda Türkiyədə, Ukraynada, Rusiyada, Polşada, Almaniyada və bir neçə ölkədə biliklərini və təcrübələrini artırırlar. Onlar vətənə qayıtdıqdan sonra öz təcrübələrini həmkarları və əsgərlərlə bölüşürlər. Eyni zamanda, biz NATO ilə Sülh Naminə Tərəfdaşlıq Proqramında iştirak edirik. Bunun özü də çox müsbət haldır və onu deməyə əsas verir ki, ola bilsin, biz gələcəkdə bu təşkilata üzv olaq. Azərbaycan ordusu o zirvəyə çatıb ki, Ali Baş Komandan bu gün torpaqlarımızın azadlığı uğurunda döyüş əmri versə, silahlı qüvvələr bunu təmin edəcək və öz borcunu xalqın və dövlətin qarşısında yerinə yetirəcək.

"Səs" qəzetinin əməkdaşı:


- Ulu Öndər Heydər Əliyevin yaradıcısı olduğu milli ordu quruculuğunu ümumilikdə necə dəyərləndirmək olar?


Məhəmməd Əliyev: "Azərbaycan Ordusunun formalaşması 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlişindən sonrakı mərhələdə baş verib"


- Azərbaycan ordusunun yaranması tarixi 94 il bundan öncəyə təsadüf etsə də, ötən əsrin 90-cı illərinin əvvəllərində müstəqillik qazanan Azərbaycanda Ali Sovetinin qərarı ilə oktyabr ayının 9-u Milli Ordu Günü kimi qəbul olundu. Lakin Azərbaycan ordusunun formalaşması 1993-cü ilə Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlişindən sonrakı mərhələdə baş verib.

Azərbaycan elə bir geosiyasi məkanda yerləşir ki, ölkəmizin müasir standartlara malik ordusunun olması çox vacib məsələdir. Onu da qeyd etmək yerinə düşər ki, ordumuzun bugünkü səviyyəyə gəlib çıxması əsasən ölkəmizin siyasi potensialından asılıdır. Bir məsələni də vurğulamaq istəyirəm ki, Londonda yerləşən strateji araşdırmalar mərkəzinin dünya ölkələri ordularının açıqladığı statistikada Azərbaycan ordusu ilə Ermənistan ordusu müqayisə edilir. Hesabatda qeyd edilir ki, Azərbaycan ordusu nəfər sayına görə, 67 min nəfər, Ermənistan Ordusu 42 min nəfərdir. Yəni 35 faiz bizdən geri qalır. Bütövlükdə tankların, texnikanın sayına görə, 3 dəfə, "BMP"-lərin sayına görə 2 dəfə geridə qalır. Hətta Azərbaycan ordusunun malik olduğu texnikalar var ki, Ermənistan ordusunda mövcud deyil. Bundan başqa, Azərbaycanda müdafiə sənayesi yaradıldı. Bununla da silahlı qüvvələrimiz yeni bir mərhələyə qədəm qoydu. Bu nazirliyin istehsal etdiyi 6 pilotsuz qurğu vardır ki, onlardan düşmən ordusunda yoxdur. Bu müqayisə onu göstərir ki, Azərbaycan ordusu ölkəsini, dövlətini və xalqını müdafiə etmək gücünə malikdir.


"Səs" qəzetinin əməkdaşı:


- Azərbaycan Xalq Cümhuriyyətinin ordusu ilə bugünkü müasir Azərbaycan ordusunu müqayisə edərkən fərqləri, xüsusilə, hansı sahədə görmək olar?


Emin Həsənli: "Xüsusilə Ulu Öndərin ikinci dəfə hakimiyyətə qayıdışından sonra ölkədə ordu quruculuğuna diqqət yetirildi"


- 1813-cü il və 1828-ci illərdəki "Gülüstan" və "Türkmənçay" müqaviləsindən sonra Azərbaycan İran və Rusiya imperiyaları arasında 2 yerə parçalandı. Rus imperiyasının işğalı altında qalan Azərbaycan torpaqları da yavaş-yavaş bölgəyə köçürülən ermənilərə verilməyə başladı. Eyni zamanda, şimaldakı torpaqlarımızın bir qismi Gürcüstana və Dağıstana verildi. Fars rejimi altında olan azərbaycanlılar üzərində farslaşdırma siyasəti aparıldı. Rusiya imperiyasının işğalında olan Şimali Azərbaycan sakinləri hərbi xidmətə çağırılmır, dövlət qulluğunda xidmətinə imkan verilmirdi. Ümumiyyətlə, bir çox hüquqlar azərbaycanlıların əlindən alınmışdı. Ən əsas isə, onlar hərbi xidmətə çağırılmırdılar. Azərbaycan 1918-ci ildə Tbilisidə müstəqilliyini elan edəndə, paytaxt olaraq müvəqqəti Gəncəni seçdi, çünki Bakı erməni və rusların nəzarət altında idi. O zaman dövlət müstəqilliyini qorumaq üçün özünün ordusu yox idi. Ordu 26 iyunda yaradılsa da, milli hərbi kadrlara böyük ehtiyacımız var idi. Çox az sayda çar ordusunda xidmət edən generallarımız var idi. Səməd bəy Mehmandarov, Əliağa Şıxlinski kimi tək-tük peşəkar zabitlərimiz milli orduya cəlb edilmişdi. O zaman qardaş Türkiyədə, Osmanlı İmperiyası Birinci Dünya müharibəsinə cəlb edilsə də, Azərbaycana Nuru paşa vasitəsilə dəstəyi olmasaydı, Bakı işğaldan azad edilə bilməzdi. 1918-ci il iyul ayının 4-də bağlanan müqavilədən sonra Osmanlı ordusu Azərbaycana kömək etdi. Bu gün Azərbaycanın bir çox bölgəsində türk şəhidlərinin qəbirləri vardır. Ümummilli Liderimiz hər zaman onların xatirəsini əziz tutur. Paytaxtda onlara Şəhidlər Xiyabanında böyük bir abidə qoyulub.

Çox təəssüf ki, sovet dövründə də eyni siyasət aparılırdı. Azərbaycanlılar orduya çağırılsa da, zabit sıralarına qəbul olunmurdu. Baxmayaraq ki, İkinci Dünya müharibəsindəki qələbədə azərbaycanlıların böyük rolu olub. Təyyarələrin, hərbi texnikanın yanacağa olan tələbatının 75 faizini Azərbaycan ödəyirdi. Azərbaycanlılar bütün cəbhə boyu döyüşürdülər. Eyni zamanda, arxa cəbhədə çalışırdılar. Azərbaycanın bütün vətəndaşları bu prosesdə iştirak edirdilər. Nəticə olaraq, həmin müharibədə 300 mindən çox azərbaycanlı şəhid olub. Amma yenə də bizə qarşı haqsızlıq hər zaman davam edib. Həzi Aslanova, Mehdi Hüseynzadəyə və digər igid hərbiçilərimizə qarşı olan haqsızlıq göstərir ki, sovet imperiyası Rusiya imperiyasından heç də fərqlənməyib. Hətta bir az da irəli gedərək, 1937-ci ildə azərbaycanlıların üzdə olan hərbçilərini, mədəniyyət adamlarını sürgün etdilər, öldürdülər, bir sözlə, cəmiyyətin söz sahibi olan ziyalıları məhv edildi. Ondan sonra da azərbaycanlılar hərbi xidmətə aparılanda tikinti batalyonlarında işlədilirdi. Azərbaycanlıları yenə də hərbidən kənar tutmağa çalışırdılar. Bizim xalqın milli təfəkküründə orduya bağlılıq çox yüksək səviyyədə olub. Bir ailəyə övlad diləyəndə, yeddi oğul, bir qız arzu edərdilər. Sözsüz ki, doğrudan da, bu cür olsaydı, gender bərabərliyi pozulardı. Sadəcə, hər ailə yeddi oğulun altısını vətən üçün istəyirdi. Xalq hər bir övladını sevə-sevə şəhid verirdi. 1990-cı ilin yanvarında, Qarabağ müharibəsində xalqımızın yüzlərlə şəhid verdi. Bu gün bizim hər kəndimizdə, qəsəbəmizdə, şəhərimizdə bizim şəhidlərimiz var. Bu mübarizədə ən çox haqqı olan bizim şəhid ailələrimizdir. Bu gün ordu günüdür. İnşallah, torpaqlarımız işğaldan azad olunacaq və biz qələbə gününü də qeyd edəcəyik. Bizi istəməyənlər belə bir fikir yaratmaq istəyirlər ki, guya biz döyüşməmişik. Bizim xalq mərd, qəhrəman və döyüşkən, mübariz xalqdır. Bizim ordunun Cümhuriyyət dövründəki ordudan güclü olmasının səbəbi ondan ibarətdir ki, Ümummilli Liderimiz bununla bağlı hərbi məktəblər yaratdı. Ölkədə zabit kadr potensialının hazırlanmasını təmin etdi. Azərbaycanın zabitlərini başqa ölkələrə hərbi kurslara gÖndərməklə yanaşı, ölkədə bununla bağlı hərbi məktəblər təsis olundu və artıq Azərbaycan zabit hazırlığına başlanıldı. Hətta Heydər Əliyevin Moskvada işlədiyi dövrlərdə Azərbaycana səfərində Cəmşid Naxçıvanski adına Hərbi Litseyə baş çəkirdi. Hərbi hissələrdə olan vəziyyətlə yaxından maraqlanırdı. Bütün bunlar orduda ruh yüksəkliyinin artmasına hesablanmışdı. Xüsusilə, Ulu Öndərin ikinci dəfə hakimiyyətə qayıdışından sonra ölkədə ordu quruculuğuna diqqət yetirildi. Ordu quruculuğu sahəsində ardıcıl olaraq fundamental addımların atılması önəmli hadisələrdən idi. Yeni mərhələdə Ali Baş Komandanın bu xətti daha da irəli aparmaq istiqamətində ordunun maddi-texniki təminatının yüksəldilməsinə, hərbiçilərin sosial vəziyyətinin yaxşılaşıdırılmasına yönəldilmiş addımları da qeyd etməliyik. Elə orduya göstərilən diqqət və qayğının nəticəsidir ki, bizim Mübariz İbrahimov kimi oğullarımız var. Bu gün orduda hərbi vətənpərvərlik ruhunda və xüsusilə, yüksək döyüş hazırlığında yetişən hərbçilərimiz istənilən vaxtda Ali Baş Komandanın Əmrini yüksək səviyyədə yerinə yetirməyə hazırdır. Bu sözü bu günkü Azərbaycan ordusunun qüdrəti deməyə əsas verir. Arzu edirik ki, bizim işğalda olan torpaqlarımız azad olsun və biz bu bayram tədbirlərini işğaldan azad olan doğma yurd-yuvalarımızda qeyd edək. Düşünürəm ki, bu gün Azərbaycan elə gəncliyi formalaşıb ki, bu işğal faktı ilə barışmayacaq.


"Səs" qəzetinin əməkdaşı:


- Azərbaycan müharibə şəraitindədir. Hər an Dağlıq Qarabağda müharibə başlaya bilər. Azərbaycan Silahlı Qüvvələri işğal altında olan torpaqlarımızı azad edib, qaçqın və köçkünlərin ev-eşiyinə qayıtmasını təmin etməyə hazırdırmı?


Füzuli Rzaquliyev: "İstənilən vaxtda öz torpaqlarımızı azad etməyə hazırıq"


- Fürsətdən istifadə edib bütün hərbi xidmətdə olanları bu bayram münasibətilə təbrik edirəm, onlara vətənə xidmətlərində uğurlar arzulayıram. Təbi ki, qeyd olunan fikirlər reallıqdır. Bütün ordumuzun gücü-qüdrəti göz önündədir. Bütün bu uğurlarla biz istənilən vaxtda öz torpaqlarımızı azad etməyə hazırıq. Lakin müxtəlif qüvvələr mövcuddur ki, onlar ermənilərə havadarlıq edirlər. Biz müstəqil və balanslı siyasət yeridən dövlətik. Güclü ordumuz var. Lakin sülhün tərəfdarıyıq. İstəyirik ki, torpaqlarımızı sülh yolu ilə azad edək.


(Ardı var)


Babək Hacıyev,

Cabir Məmmədov

Digər xəbərlər