Dünən Səbail rayon icra hakimiyyətinin rəhbərliyi və rayon ictimaiyyətinin bir qrup nümayəndəsi 26 İyun - Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü münasibəti ilə Səbail rayonunun ərazisində yerləşən "N" saylı hərbi hissədə xidmət edən əsgər və zabitlərin qonağı oldular. Əvvəlcə rayonun nümayəndələri hərbi hissə komandanlığı ilə birlikdə hərbi hissənin ərazisini gəziblər. Onlar Səbail rayon icra hakimiyyətinin köməyi ilə həyətə və hərbi hissəyə uzanan yola salınmış asfalt örtüyünün keyfiyyəti, yeni inşa olunmuş yeməkxanaya baxmış, əsgərlərin xidməti və məişət şəraiti ilə yaxından tanış olublar.
Bayram tədbirində çıxış edən Səbail rayon icra hakimiyyəti başçısı Asif Əsgərov 26 İyun - Silahlı Qüvvələr Günü münasibəti ilə şəxsi heyəti, ordumuzun bütün əsgər və zabitlərini təbrik etdi, onlara çətin və şərəfli xidmətlərində müvəffəqiyyətlər arzuladı. A.Əsgərov hərbi hissənin şəxsi heyətini Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən ordumuz üçün yaradılmış şərait müqabilində daha yaxşı xidmət etməyə çağırdı və ölkə başçısının apardığı məqsədyönlü siyasət nəticəsində işğal altında olan bütün Azərbaycan torpaqlarının düşməndən azad olunacağına, ölkəmizin ərazi bütövlüyünün bərpa ediləcəyinə əmin oluduğunu, lazım gələrsə Prezidentimizin əmri ilə silaha sarılaraq müharibə yolu ilə torpaqlarımızın azad olunması üçün bütün qüvvələrin səfərbər ediləcəyini bildirdi: "Bu gün Azərbaycan Ordusu Qafqazda ən güclü və hazırlıqlı ordu hesab edilir. Dövlət büdcəsindən müdafiə xərcləri üçün ayrılan vəsait ilbəil artırılır və düşmənimiz Ermənistanın ümumi dövlət büdcəsini üstələyir".
A.Əsgərov onu da bildirdi ki, son günlərdə düşmən Ermənistan tərəfindən cəbhənin bir çox istiqamətlərində, o cümlədən, bu gün Səbailli qonaqların görüşə gəldiyi hərbi hissənin xidməti ərazilərində atəşkəsi pozmuşdur. Əsgər və zabitlərimizin fədakarlığı nəticəsində düşmənə layiqli cavab verilmiş, o, tələfat verərək mövqelərinə çəkilmişdir. Düşmən tərəfindən hər gün atəşkəsin pozulmasına baxmayaraq, ordumuz mətinliklə öz xidmətini davam etdirir.
Sonra respublikamızın tanınmış incəsənət ustaları əsgərlərimiz qarşısında böyük bayram konserti ilə çıxış etdilər. Gənclərin sevimlisi Mina, "Vüqar" nəfəs qrupu, populyar müğənnilərimiz Azəri qızı Günel və Tünar, estradamızın ən populyar müğənnilərindən olan Röyanın gözəl ifaları əsgərlər tərəfindən xususi rəğbətlə və sürəkli alqışlarla qarşılandılar.
Tədbirdə Səbail rayon icra hakimiyyətinə və incəsənət xadimlərinə hərbi hissənin Fəxri Fərmanları təqdim olundu, bayram münasibəti ilə xidmətdə fərqlənən 6 nəfər əsgər 10 günlük məzuniyyətlə mükafatlandırıldı və Səbailli qonaqlar həmin əsgərləri evlərinə çatdırdılır.
R.HÜSEYNOVA