Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin təşkilatçılığı ilə həyata keçirilən \"Yay Məktəbi\" layihəsi uğurla davam etdirilməkdədir. Dünən \"Yay Məktəbi\" növbəti tədbirini keçirib. \"Yay Məktəbi\" layihəsinin proqramına uyğun olaraq \"İdeya, layihə, uğurlu nəticə\" devizi altında \"Bilik və bacarıqların inkişaf etməsi\" mövzusunda menecerlik treninqi keçirilib. Layihənin müəllifi Təkan Tələbə Gənclər Birliyinin sədri Leyla Kərimovadır. Tədbirdə \"Yay Məktəbi\" layihəsinin birinci qrupuna rəhbərlik edən YAP Nizami rayon təşkilatının sədri, millət vəkili Sədaqət Vəliyeva, YAP Mərkəzi Aparatının məsul işçisi Ramil Mirzəyev iştirak edib. Layihənin icrasına rəhbərlik edən YAP Gənclər Birliyi ofisinin rəhbəri Sərraf Hüseynov gənclərə tədbirlə bağlı geniş məlumat verib. Treninqdə uğurlu layihələrini necə hazırlanması və təqdimatı üsulları ilə bağlı geniş məlumatlar verildi. Bildirildi ki, bu gəncləri yeni, mütərəqqi ideyalarla silahlandırmağa kömək edir. Bu isə Azərbaycan gəncliyinin dünyagörüşünü, elmi-praktiki potensialını daha da zənginləşdirir, onların ölkəmizin tərəqqisi və inkişafı naminə fəal, təşəbbüskar, mütərəqqi fəaliyyətə ruhlandırır.
Treninqdə 10 nəfərdən ibarət 4 qrup müəyyənləşib. Hər qrup ayrı-ayrılıqda öz layihələrini təqdim etdi. Sonra müvafiq layihələr münsiflər heyəti tərəfindən qiymətləndirildi. Treniqdə o da vurğulanıb ki, qalib layihə növbəti ildə \"Yay Məktəbi\" tərəfindən icra olunacaq və hər il bu ənənə davam etdiriləcək.
Günün ikinci yarısı qrupa rəhbərlik edən YAP Nizami rayon təşkilatının sədri, millət vəkili Sədaqət Vəliyevanın \"Gənclərə gigiyenik tərbiyənin aşılanması\" mövzusunda mühazirəsini dinlənilib. S.Vəliyeva vurğuladı ki, YAP sıralarında təmsil olunan gənclər arasında ünsiyyət və qarşılıqlı əlaqələrin inkişaf etdirilməsi baxımından bu cür istirahət xüsusi önəm kəsb edir: \"Bütün bunları nəzərə alaraq, demək olar ki, bu gün ölkəmizdə gənclərə yüksək diqqət və qayğı müşahidə olunmaqdadır. Dövlət başçısı tərəfindən aparılan bu siyasət yüksək səviyyədə davam etdirilməkdədir. İctimai-siyasi proseslərdə fəal iştirak edən Azərbaycan gəncliyi müstəqil dövlətçilik ənənələrini yüksək tutur. Dövlət başçısı İlham Əliyevin \"Azərbaycan gəncliyi 2011-2015-ci illərdə Dövlət Proqramı haqqında\" Sərəncamı gənclər siyasətinin davamıdır. Gənclik cəmiyyətin ictimai-siyasi həyatında yaxından iştirak edən aparıcı təbəqə olduğundan, dövlət tərəfindən gənclərin qabiliyyət və intellektual imkanlarının üzə çıxarılmasına geniş imkanlar açılır. Bu bir daha \"Yay Məktəbi\"ndə təsdiqini tapdı. Hakim partiyanın da bu istiqamətdə gördüyü işlər, təşkil etdiyi tədbirlər təqdirəlayiqdir. YAP GB-nin \"Yay Məktəbi\" layihəsi çərçivəsində ölkəmizin bölgələrinə təşkil etdiyi səfərlər də bu qəbildəndir. Gənclərin inkişaf etdirilməsi baxımından, davamlı olaraq, bu cür səfərlərin təşkil olunması yüksək əhəmiyyət daşıyır.\"
S.Vəliyeva onu da bildirib ki, bu gün cəmiyyətimizdə gənclərin fəallığı olduqca yüksək səviyyədədir və gənclər milli maraqların etibarlı müdafiəsi naminə sıx birləşib: \"Bu gün Yeni Azərbaycan Partiyasının həyata keçirdiyi gənclər siyasəti sayəsində gənclərin potensialından səmərəli istifadə edilməkdədir\".
Daha sonra gənclərin iştirakı ilə diskussiya təşkil edildi və müxtəlif məsələlərə dair fikir mübadilələri aparıldı. Çıxış edən gənc fəallar bildirdilər ki, Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin hər il təşkil etdiyi \"Yay Məktəbi\" gənclərin bilik və bacarıqlarını artırmaq və nümayiş etdirmək üçün mühüm əhəmiyyət kəsb edir. YAP-ın gənclər siyasətinin əhəmiyyətinin vurğulandığı müzakirələrdə gənclərin partiya ətrafında sıx birləşdiyi qeyd edildi. Bildirilib ki, əsasını Ulu Öndər Heydər Əliyevin qoyduğu gənclər siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir ki, bu da milli həmrəylik və bütövlüyə əhəmiyyətli töhfələr bəxş edir. İctimai müzakirələrdən sonra gənclərin iştirakı ilə interaktiv oyunlar, əyləncə xarakterli tədbirlər keçirildi.
RƏFİQƏ KAMALQIZI