PDF Oxu

Əsas

  • 42

"Yay Məktəbi" layihəsi uğurla davam edir

"Yay Məktəbi" layihəsi uğurla davam edir

Dünən Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin "Yay Məktəbi" layihəsi Lerik rayonunda növbəti tədbirini keçirib. Ölkəmizin bir sıra rayonlarını təmsil edən Yeni Azərbaycan Partiyasının 73-dən çox gənc üzvü Lerik rayonuna səfər çərçivəsində burada müxtəlif görüşlər keçirib, aktual mövzulara aid müzakirələr aparıb, diskussiyalar təşkil ediblər. Lerik rayonunun ən səfalı guşələrindən olan "RELAX" istirahət mərkəzində toplaşan gənclər görüşün üçüncü günü "Siyasi partiyaların KİV-lə əməkdaşlıq - təbliğat, təşviqat işi" mövzusunda növbəti treninqini keçirdi. Tədbirdə YAP Nizami rayon təşkilatının sədri, millət vəkili Sədaqət Vəliyeva, YAP Mərkəzi Aparatının məsul işçisi Ramil Mirzəyev iştirak edib. Layihənin müəllifi YAP Gənclər Birliyinin sədr müavini Aytac Əliyevadır. Layihənin icrasına rəhbərlik edən YAP Gənclər Birliyi ofisinin rəhbəri Sərraf Hüseynov tədbirlə bağlı məlumat verdi. Bildirdi ki, "Yay Məktəbi" layihəsi əsasında gənc siyasətçilər "Azərbaycan 2020 gələcəyə baxış inkişaf konsepsiyasında gənclərin nəzəriyyəsi", "İnformasiya texnologiyaları imkanlarından səmərəli istifadə, sosial şəbəkələr", "Siyasi partiyaların KİV-lə əməkdaşlığı - təbliğat-təşviqat işi" mövzuları vasitəsilə maarifləndiriləcəklər: "İyul ayının bütün həftələrini əhatə edəcək layihədə hər 5 gündən bir tərkib dəyişəcək və bu minvalla 200 nəfəri regionlardan, 400 nəfəri isə Bakından olmaqla 600-dən artıq gənc iştirak edəcək. Layihənin məqsədi gənclərin istirahətinin səmərəli təşkil edilməsi və maarifləndirlməsidir".

S.Hüseynov çıxış edərək, bugünkü mətbuatda müasir texnologiyalardan istifadə etməklə davamlı inkişafın əhəmiyyətindən danışıb və bildirib ki, keçirilən tədbirin, mühüm və aktual mövzunu əhatə etdiyindən, təqdirəlayiq olduğunu bildirib. Əsrin əvvəllərində, Cümhuriyyət dövründə və sovet dönəmində mətbuatın inkişafından, onun rolundan danışan S.Hüseynov Ulu Öndər Heydər Əliyevin Azərbaycan mətbuatına göstərdiyi diqqət və qayğının əvəzsiz olduğunu vurğulayıb: "Azərbaycanda azad mətbuatın inkişafında Ulu Öndər Heydər Əliyevin müstəsna rolu olub. Mətbuat üzərindən senzura götürüldü. Nəşriyyata olan borclar donduruldu, daha sonra ləğv edildi".

Qrupun rəhbəri YAP Nizami rayon təşkilatının sədri, millət vəkili Sədaqət Vəliyeva bildirdi ki, sözügedən mövzunu, həmin mövzu ətrafında aparılan qarşılıqlı dialoqları, fikir mübadilələrini yüksək qiymətləndidirir: "Demək istərdim ki, "Yay Məktəbləri" kampaniyası çərçivəsində bir çox mövzularda treninqlər, layihələr keçirilməkdədir. Nəticədə, kampaniyada iştirak edən gənclər dünya baxışlarını artırır, gələcəkdə əldə etdikləri biliklərini cəmiyyət arasında istifadə edirlər. Bu, onların intellektlərinin artmasında da əhəmiyyət kəsb edən faktor kimi dəyərləndirilir. Siyasi partiyalarla KİV-lərin əməkdaşlığı mövzusu da olduqca maraqlı və genişdir. Həmin mahiyyətə nəzər saldığımız zaman nəzərə almaq lazımdır ki, ölkədə eləcə də, cəmiyyət arasında müəyyən nüfuza malik olan digər siyasi partiyalar da fəaliyyət göstərir. Həmin partiyaların mətbuat xidmətləri davamlı olaraq, fəaliyyətləri barədə məlumatlar verirlər. Yeni Azərbaycan Partiyası, təbii ki, hər zaman KİV-lərlə əlaqəsini ən yüksək demokratik dəyərlərlə inkişaf etdirib. Ona görə də digər partiyalar, düşünürəm ki, YAP-ın bu kimi önəmli fəaliyyətindən örnək götürməlidirlər. Bu amil isə ölkə əhalisinin, cəmiyyətin informasiya almalarında, digər partiyaların funksiyalarının nədən ibarət olmasında, baş verən yeniliklərdə xüsusiyyət təşkil edir".

Sonra siyasi partiyalar və KİV nümayəndələrindən ibarət qruplar yaradıldı və hər qrup ayrı-ayrılıqda öz layihələrini təqdim etdilər. Sonra müvafiq layihələr münsif heyətləri tərəfindən qiymətləndirildi.

İştirakçı gənclərin asudə vaxtının səmərəli təşkil olunması məqsədi ilə proqramın davamı olaraq YAP-ın Lerik rayonundakı "Yay Məktəbi"nin iştirakçıları arasında "İki fəxr, bir təəssüf" intellektual yarışı keçirildi.

Həmçinin, günün sonunda gənclərin iştirakı ilə diskussiya təşkil edildi və müxtəlif məsələlərə dair fikir mübadilələri aparıldı. Çıxış edən gənc fəallar bildirdilər ki, Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin hər il təşkil etdiyi "Yay Məktəbi" gənclərin bilik və bacarıqlarını artırmaq və nümayiş etdirmək üçün mühüm əhəmiyyət kəsb edir.


RƏFİQƏ KAMALQIZI

Digər xəbərlər