PDF Oxu

Əsas

  • 38

"Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasında gənclərin rolu"

"Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasında gənclərin rolu"

Bir neçə gündür ki, Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə Azərbaycanın dilbər guşələri olan Oğuz və Lerik rayonlarında "Yay məktəbi" layihəsi çərçivəsində tədbirlər həyata keçirilməkdədir. Maraqdoğurucu və əhəmiyyəti ilə seçilən həmin tədbirlərdə gənc nəslin nümayəndələri müxtəlif mövzularda dəyirmi masalar, diskussiyalar keçirirlər. Onu da xatırladaq ki, bu kimi tədbirlər artıq ənənə halını almışdır.

Belə ki, Yeni Azərbaycan Partiyasının (YAP) təşkil etdiyi "Yay məktəbi" öz işini Lerik rayonu davam etdirib. Partiyanın Sədr müavini-İcra katibi Əli Əhmədov İcra katibinin müavini Mübariz Qurbanlı, Milli Məclisin deputatı Hadi Rəcəbli, Beynəlxalq əlaqələr şöbəsinin müdiri, millət vəkili Asəf Hacıyev Lerik rayonunda partiyanın fəal gəncləri ilə "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasıda gənclərin rolu mövzusunda dəyirmi masa keçiriblər.


Əli Əhmədov: "Dövlətimiz Azərbaycan gəncliyinin inkişafına xüsusi diqqət yetirir"


Tədbirdə çıxış edən YAP İcra katibi, millət vəkili Əli Əhmədovun sözlərinə görə, Azərbaycanda həyata keçirilən dövlət siyasətinin prioritet istiqamətlərindən biri gənclərin müxtəlif dövlət proqramlarının hazırlanmasında iştiraka cəlb etməkdir. YAP-ın Sədr müavini - İcra katibi Azərbaycan gənclərinin potensialının üzə çıxarılmasının, onlara ölkə daxilində və beynəlxalq səviyyədə geniş yer verilməsinin vacibliyini vurğulayıb. Belə ki, o, Azərbaycan dövlətinin uğurlu gənclər siyasəti həyata keçirdiyini bildirib: "Prezident İlham Əliyev Azərbaycan gəncliyi ilə bağlı 2011-2015-ci illəri əhatə edən Dövlət Proqramının hazırlanması ilə bağlı Sərəncam verib. Bu fakt bir daha təsdiqləyir ki, dövlətimiz Azərbaycan gəncliyinin inkişafına xüsusi diqqət yetirir".


"Azərbaycanın firavan gələcəyinin təmin edilməsində, bu gələcəyin qurulmasında yaxından iştirak edən ən mühüm təbəqələrdən biri gənclər olacaq"


YAP İcra katibi Əli Əhmədov, eyni zamanda, gənclərin Azərbaycanın ictimai-siyasi həaytında yaxından iştirak etdiklərini qeyd edərək, bildirib ki, bütövlükdə YAP-ın həyata keçirdiyi siyasətdə gənclərə qayğı, diqqət, onların əməyindən istifadə edilməsi, gənclərə geniş meydanın açılması əhəmiyyətli yer tutur:"Azərbaycanın firavan gələcəyinin təmin edilməsində, bu gələcəyin qurulmasında yaxından iştirak edən ən mühüm təbəqələrdən biri gənclər olacaq. Bunun iki səbəbi var: Birinci səbəb ondan ibarətdir ki, təbii ki, gənclər Azərbaycanda say etibarı ilə də çoxdur, onlar proseslərdə öz yüksək fəallıqları ilə də seçilirlər. Bu mənada, Azərbaycanda ictimai-siyasi proseslərdə, quruculuq işlərində gənclər yaxından iştirak edir. Azərbaycan hökuməti də gənclərin, bütövlükdə, dövlət siyasətində, quruculuq işlərində yaxından iştirak etməsinə həm imkan yaradıb, həm də bunu diqqət mərkəzində saxlayıb. İkinci səbəb, ondan ibarətdir ki, gənclər gələcəyə meyilli olan təbəqədir. Gələcəyi daha çox duyan və yenilikçilik təfəkkürü ilə seçilən gənclər, təbiidir ki, cəmiyyətimizin inkişafında, tərəqqisində daha çox maraqlıdır".


"2012-ci ildə Azərbaycanın ictimai-siyasi həyatında YAP-ın gənc üzvləri daha yaxından, daha yüksək fəallıqla iştirak edəcəklər"


Millət vəkili Əli Əhmədov, xüsusilə, vurğulayıb ki, YAP gənclərə xüsusi önəm verir və mütəmadi olaraq, gənclərlə müxtəlif toplantılar keçirir. Gənclərimizin özləri də çox maraqlı və əhəmiyyətli layihələr həyata keçirirlər: "2012-ci ildə Azərbaycanın ictimai-siyasi həyatında YAP-ın gənc üzvləri daha yaxından, daha yüksək fəallıqla iştirak edəcəklər. Daha maraqlı layihələri həyata keçirərək, bütövlükdə, Azərbaycan gəncliyini öz ətrafında toplamaq istiqamətində səylərini artıracaqlar".

Dəyirmi masada çıxış edən gənclər də, öz növbələrində, Yeni Azərbaycan Partiyasının bu kimi əhəmiyyətli tədbirlərində iştirak etdiklərinə görə sevinc hisslərini və məmnunluqlarını ifadə ediblər. Onlar bundan sonra da Azərbaycanın ictimai-siyasi həyatında yaxından iştirak edəcəklərini, fəallıq göstərəcəklərini bildiriblər. Dəyirmi masa maraqlı fikir mübadilələri və diskussiyalarla davam edib.


RƏFİQƏ KAMALQIZI

Digər xəbərlər