Dünən Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin "Yay məktəbi" layihəsi çərçivəsində Lerik rayonunda növbəti tədbirini keçirib. Ölkəmizin bir sıra rayonlarını təmsil edən Yeni Azərbaycan Partiyasının 73-dən çox gənc üzvü Lerik rayonuna səfər çərçivəsində 5 gün ərzində müxtəlif görüşlər keçirib, aktual mövzulara aid müzakirələr aparıb, diskussiyalar təşkil ediblər. Lerik rayonunun ən səfalı guşələrindən olan "RELAX" istirahət mərkəzində toplaşan gənclərin görüşünün sonuncu günü də maraqlı olub. Belə ki, "Yay məktəbi" layihəsi çərçivəsində Lerik rayonunda keçirilən son gün "Siyasi partiyaların KİV-lə əməkdaşlıq - təbliğat, təşviqat işi" mövzusunda növbəti treninqinin keçirilməsi ilə öz işinə başlayıb. Tədbirdə YAP Nizami rayon təşkilatının sədri, millət vəkili Sədaqət Vəliyeva və YAP Mərkəzi Aparatının məsul işçisi Ramil Mirzəyev iştirak ediblər. Tədbirdə YAP Gənclər Birliyi ofisinin rəhbəri Sərraf Hüseynov bildirib ki, layihənin müəllifi YAP Gənclər Birliyinin sədr müavini Aytac Əliyevadır. S.Hüseynov ilk öncə vurğulayıb ki, iyul ayının bütün həftələrini əhatə edəcək layihədə hər 5 gündən bir tərkib dəyişəcək və bu minvalla 200 nəfəri regionlardan, 400 nəfəri isə Bakından olmaqla 600-dən artıq gənc iştirak edəcək. Layihənin məqsədi gənclərin istirahətinin səmərəli təşkil edilməsi və maarifləndirilməsidir. Sonra S.Hüseynov müzakirə olunan mövzu ilə bağlı çıxış edərək, bugünkü mətbuatda müasir texnologiyalardan istifadə etməklə davamlı inkişafın əhəmiyyətindən danışıb. Keçirilən tədbirin, mühüm və aktual mövzunu əhatə etdiyini vurğulayan S.Hüseynov Ulu Öndər Heydər Əliyevin Azərbaycan mətbuatına göstərdiyi diqqət və qayğının qiymətsiz olduğunu və mətbuatın inkişafında Prezident İlham Əliyevin xidmətlərinin əvəzsiz olduğunu söyləyib.
Qrupun rəhbəri YAP Nizami rayon təşkilatının sədri, millət vəkili Sədaqət Vəliyeva sözügedən mövzunu, həmin mövzu ətrafında aparılan qarşılıqlı dialoqları, fikir mübadilələrini yüksək qiymətləndirib: "Demək istərdim ki, "Yay məktəbləri" kampaniyası çərçivəsində bir çox mövzularda treninqlər, layihələr həyata keçirilməkdədir. Nəticədə, kampaniyada iştirak edən gənclər dünya baxışlarını artırır, gələcəkdə əldə etdikləri biliklərini cəmiyyət arasında istifadə edirlər. Bu, onların intellektlərinin artmasında da əhəmiyyət kəsb edən faktor kimi dəyərləndirilir. Siyasi partiyalarla KİV-lərin əməkdaşlığı mövzusu da olduqca maraqlı və genişdir. Həmin mahiyyətə nəzər saldığımız zaman, nəzərə almaq lazımdır ki, ölkədə, eləcə də, cəmiyyət arasında müəyyən nüfuza malik olan digər siyasi partiyalar da fəaliyyət göstərir. Həmin partiyaların mətbuat xidmətləri davamlı olaraq, fəaliyyətləri barədə məlumatlar verirlər. Yeni Azərbaycan Partiyası, təbii ki, hər zaman KİV-lərlə əlaqəsini ən yüksək demokratik dəyərlərlə inkişaf etdirib. Ona görə də, digər partiyalar, düşünürəm ki, YAP-ın bu kimi önəmli fəaliyyətindən örnək götürməlidirlər. Bu amil isə ölkə əhalisinin, cəmiyyətin informasiya almalarında, digər partiyaların funksiyalarının nədən ibarət olmasında, baş verən yeniliklərdə xüsusiyyət təşkil edir".
Sonra ayrı-ayrı qruplarla iş aparılıb.
Günün ikinci yarısı "Siyasi nəzəriyyə siyasətin tərkib hissələrinin hərəkət mexanizmidir" mövzusunda növbəti treninq keçirilib. Layihənini müəllifi YAP Gənclər Birliyi ofisinin rəhbəri Sərraf Hüseynov adıçəkilən mövzu ilə bağlı məlumat verərək, bildirib ki, bu mexanizmlər sözügedən məsələnin nəzəri hissəsi olmaqla bərabər, həm də cəmiyyət üçün yararlı mexanizmdir. Çünki bu mexanizm siyasət elmində başlıca rollardan biri kimi dəyərləndirilir.
Sonra mövzu ətrafında interaktiv mühazirə keçirilib. Həmçinin, günün sonunda gənclərin iştirakı ilə intellektual diskussiyalar təşkil edilib və müxtəlif məsələlərə dair fikir mübadilələri aparılıb. Çıxış edən gənc fəallar bildiriblər ki, Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin hər il təşkil etdiyi "Yay məktəbi" gənclərin bilik və bacarıqlarını artırmaq və nümayiş etdirmək üçün mühüm əhəmiyyət kəsb edir.
RƏFİQƏ KAMALQIZI