2013-cü ilə yaxınlaşdıqca, dağıdıcı müxalifətin hakimiyyət
hərisliyi müxtəlif vasitələrlə özünü nümayiş etdirməkdədir. Aqressiv
açıqlamalar, iddialar və fəaliyyətlər fonunda çıxış edən müxalifət
"liderlərinin" qeyri-müəyyənlikləri özünü daha çox büruzə verir. Belə
ki, dağıdıcı düşərgədə hələ də kimsə bilmir ki, seçkilərdə hansı müxalifət
namizədi, yaxud da "vahid namizədi" iştirak edəcək.YAP İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov
dağıdıcı müxalifətin bir araya gələ bilməməsi ilə bağlı bildirib ki, bu amil,
təbii ki, iqtidarın uğuru kimi də qiymətləndirilə bilər: "Çünki davamlı
xalq dəstəyi faktoru iqtidarın mövqeyinin güclülüyünü, aqressiv müxalifətin isə
zəifliyini sübut edir. Həmçinin, iqtidar seçkilərdə namizədinin hesabat xarakterli
çıxışını hazırlamaq üçün ortaya kifayət qədər tutarlı arqumentlər toplamağa
müvəffəq olub".Millət vəkili onu da deyib ki, hazırda onlar yenidən vahid
namizəd məsələsini ortaya atıblar: "Amma razılığa gələ bilmirlər. Həmişə
deyirdilər ki, biz Rəsulzadə, Elçibəy yolu ilə gedirik. Amma 1998-ci ildə
seçkilər ərəfəsində Elçibəy onlardan xahiş etmişdi ki, onun vahid namizəd
olmasını dəstəkləsinlər. Heç biri güzəştə getmədi. Halbuki hər biri Elçibəyin
tələbəsi olduğunu deyirdi. Onlar yenə də, bir-birilərinə heç vaxt güzəştə
getməyəcəklər. Hər biri özlərini iddialı hesab edirlər. Amma bilmirlər ki,
arxalarında heç kim yoxdur".
"Artıq xarici qüvvələr də onlara heç bir etimad
göstərmir"
YAP İcra katibinin müavini Siyavuş Novruzov müxalifətin
keçirdiyi mitinqlərin iflasa uğradığını, aksiyalarda 700-800 nəfərdən artıq
adamın iştirak etmədiyini deyib. Onun sözlərinə görə, mitinqdə iştirak edən az
qisim insanlar isə ancaq müxalifətçilərin qohum-əqrəbalarıdır və ya muzdla
tutulan insanlardır. Siyavuş Novruzov, həmçinin, bildirib ki, müxalifətçilər
ümid edirlər ki, namizəd olub xaricdən yenə 5-10 manat alacaqlar, sonra öz
istirahətlərini təşkil edəcəklər: "Amma bu arzu çətin ki baş tutsun. Çünki
artıq xarici qüvvələr də onlara heç bir etimad göstərmir. ABŞ dövlət katibi də
ölkəmizə gələndə belə hadisə baş vermişdi. Onun ardınca Avropa Birliyi
Şurasının prezidenti də müxalifətlə görüşmədi. Bu, onu göstərir ki, mötəbər
xarici qonaqlar da bu müxalifətin ölkəmizdə heç bir nüfuzunun olmadığını bilir
və onları "siyasi meyit" hesab edirlər. Belə partiyaların rəhbərləri
ilə görüşə əhəmiyyət vermirlər. Müxalifət düşərgəsinin bugünkü funksiyası
müxtəlif mətbuat orqanlarına, beynəlxalq təşkilatlara donos yazmaqdan
ibarətdir. Onlar artıq bilirlər ki, bu düşərgə heç bir ictimai dəstəyə malik
deyil, xalq onlara inanmır. Ona görə də mötəbər qonaqlar müxalifətçilərlə
görüşməyə ehtiyac duymurlar".Siyavuş Novruzov onu da bildirib ki, həmin adamlar heç öz
partiyalarının qurultayını keçirə bilmirlər, qorxurlar ki, qurultay zamanı
özlərinə qarşı daxildən etiraz səsləri ucalacaq: "Arxasınca beş adam apara
bilməyənlər necə prezidentliyə namizəd ola bilər? Çünki bu şəxslər öz
partiyalarını geriyə aparırlar, islahatlar həyata keçirmirlər, kürsülərində
oturmaq üçün daxili intriqa yaradırlar. Bütün bu səbəblərdən qurultay keçirə
bilmirlər. Belə olan halda, hansı məntiqlə prezident seçkilərində iştirak etmək
istəyirlər? Bir daha qeyd edirəm, arxasınca beş adam apara bilməyənlər necə
prezidentliyə namizəd ola bilər?"
R.Hüseynova